Yusif Seyidovun “5”i – Məti Osmanoğlu

131 Baxış

meti

Senet.az oxucularına Ustad juranlının “Xatirələr” rubrikasından “Yusif Seyidovun “5”i adlı yazını təqdim edir.

Bu qeydlər xatiri mənə dünyalar qədər əziz olan professor Yusif Seyidov haqqında xatirədən daha çox, mənim özümün kiçik bir ömür hekayəm, tale nağılımdır…

1975-ci ildə Bakı Dövlət Universitetinin (o vaxt Azərbaycan Dövlət Universitetinin) filologiya fakültəsinə sənədlərimi Allaha sığınıb vermişdim. Gizlətməyin yeri yoxdur ki, o vaxt güclü və nüfuzlu tanışlıq olmadan, rüşvət vermədən universitetə daxil olmaq möcüzə kimi əlçatmaz, ünyetməz bir şey idi…

1975-ci ilin yayında (sonradan məlum oldu ki, XX əsrin ən isti yayı olub) universitetin filologiya fakültəsinə sənəd verənlərin sayı 1000-dən çox olmuşdu. Başqa sözlə desək, bir yerə 20-dən artıq iddiaçı abituriyent qeydə alınmışdı. Mənim sənəd (və sıra nömrəm) isə 929-cu idi: 31-ci qrupda 29-cu adam…

Birinci imtahandan (Azərbaycan dili və ədəbiyyatdan yazılı) “4” almışdım. İkinci imtahandan da “4” alsaydım, məntiqə və təcrübəyə əsasən,  müsabiqədən keçə bilməyəcək, doğma kəndə böyük təsəlli ilə qayıdacaqdım.

İkinci imtahanı (Azərbaycan dili və ədəbiyyatdan şifahi) BDU-nun indiki əsas korpusunun dördüncü mərtəbəsində verirdik. Bizi günorta saat 2-də imtahan otağına dəvət etsələr də, məlum oldu ki, imtahan verən tələbələrin sayı çox olduğuna görə bizdən nə vaxt imtahan götürüləcəyi hələ məlum deyil.

Həmin gün mən gecə saat 10-dan sonra bilet çəkdim. İmtahan götürən müəllimləri – professor Şamil Qurbanovu və professor Elbrus Əzizovu sonradan daha yaxından tanıyacaqdım, hər ikisi universitetdə müəllimim olacaqdı. O imtahan günü isə mənim aləmimdə taleyimin qələmi tanımadığım bu iki insanın əlində idi. Onlar nə yazsalar, mənim taleyim də elə müəyyənləşəcək, o cür yön alacaqdı.

Suallara verdiyim cavablar müəllimlərin hər ikisinin xoşuna gəldi. Məni xeyli tərifləyəndən sonra təəssüflə bildirdilər ki, rektorun yaratdığı xüsusi komissiyanın rəyi və razılığı olmadan mənə “5” yazmağa ixtiyarları yoxdur. Onu da açıq-aydın hiss edirdim ki, müəllimlərin mənə aşağı qiymət yazmağa əlləri gəlmir, əlavə suallar verir, hər cavabdan sonra bir daha təəssüflərini bildirirdirlər ki, komissiya artıq gedib…

Artıq gecə saat 11-ə qalırdı, o vaxta yəqin ki komissiya qalmazdı. Uzun çək-çevirdən sonra “taleyin hökmü”nü qəbul etmək məcburiyyətində idim. Birdən qapı açıldı. Saçlarına dən düşmüş ortayaşlı, xoşsimalı bir insan sinfə daxil oldu. İmtahan götürən müəllimlərdən nə vaxt qurtaracaqlarını soruşdu. Onlar da məndən “şikayət elədilər” ki, savadlı oğlandır,  ancaq qiyməti ilə razılaşmaq istəmir və bizi də işləməyə qoymur…

Sinfə təzə gələn xoşsima müəllim yazılı cavablarıma göz gəzdirdi. Suallar verməyə başladı. Dərhal ünsiyyətimiz tutdu. “Qoy müəllimlər imtahanlarını götürsünlər, sən bu partaya keç”, – deyib yandakı partanı göstərdi. Dediyi yerə keçdim. “Nə yaman ləhcə ilə danışırsan, – gülümsündü. – Qazaxlısan?”.

Tez sualı həm təsdiqlədim, həm də tamamladım: “Qazax rayonunun Sadıqlı kəndindənəm”, – dedim. Yenə gülümsünə-gülümsünə: “Oranı tanımıram”, – dedi.

Yazdığım cavabları bir-bir yoxladı. Yiyəlik halın və təsirlik halın xüsusiyyətlərinə dair misallar soruşdu. Biletdəki sonuncu sual  cümlənin sintaktik təhlilinə aid tapşırıq idi. Həmin cümlə indiyə qədər də yadımdadır: “Sən istəsən də, istəməsən də, lazım olan mətləbi elmin ecazkar qüdrəti ilə fəhmimlə vaxtında dərk etdim”…

Gümüşü saçlı müəllim mənim təhlil versiyamla diqqətlə tanış oldu. Birdən gözlərini cavab vərəqindən ayırıb, gözlərimin içinə baxdı: “Bir sual verəcəm, cavabın düz olsa, sənə özüm “5” yazacam, – dedi və yenə gülümsündü. – Yazdıqların hamısı düzdür. Tabeli mürəkkəb cümlədə budaq cümlənin qarşılıq-güzəşt budaq cümləsi olduğunu qeyd etmisən, bununla da razıyam. Ancaq konkret deyə bilərsənmi buradakı budaq cümlə qarşılıq budaq cümləsidir, yoxsa güzəşt?”

Fikirləşmədən: “Hər ikisi!” – dedim.

Onun üzünə sərt bir ciddiyyət çökdü. Qiymət vərəqini götürüb, mənə öz əli ilə “5” yazdı və imtahan götürən müəllimlərdən xahiş etdi ki, vərəqə qol çəksinlər. “Məsuliyyəti mən üzərimə götürürəm, – deyib sərt əda ilə əlavə etdi. – Bizə tələbə də lazım olacaq!”

Şamil müəllimlə Elbrus müəllim tərəddüd etmədən imtahan sənədimə imza qoydular. Şamil müəllim: “Professor Yusif Seyidov fakültəmizin partkomudur, –   dedi. – Ona təşəkkür edərsən”.

Müəllimlərə necə təşəkkür etdiyim, universitetin dəhlizindən necə keçdiyim, dördüncü mərtəbədən üzü aşağı pilləkənləri necə endiyim dəqiq yadımda deyil. Gün  boyu qələbəlik olan universitetin qarşısında adamlar lap seyrəlmişdi. Səbirsizlikdə tayı-bərabəri olmayan atam həyəcanla yolumu gözləyirdi. Üstünə yüyürüb boynuna sarıldım. Var səsimlə: “5” almışam!” – bağırdım.

Ata-bala xeyli müddət Milli Elmlər Akademiyasının parkında gəzindik. Nə baş verdiyini bir-bir gözümün qarşısına gətirib, bütün təfərrüatları ilə atama danışdım. Gecə yarıdan keçmişdi. Həyəcanım səngimişdi. Getmək lazım idi. O boyda Bakı şəhərində ürəyimizə sığmayan sevincimizi bölüşmək üçün üz tutub gedəcəyimiz ünvan isə yox idi…

Yusif müəllimin verdiyi “5” sonrakı imtahanlarda mənim qoruyucu mələyimə çevrildi. Xarici dildən və tarixdən imtahan verərkən qiymətimin birinin ən yüksək olması müəllimləri mənə qarşı həssas davranmağa məcbur edirdi. Çox sorğu-suala tutmadan “Onsuz da keçəcəksən”, – deyib mənə hər iki imtahandan “4” yazdılar və həmin yay kəndimizə universitet tələbəsi kimi qayıtdım.

Birinci kursda Yusif müəllimin bizə dərsi olmadı. Hər dəfə dəhlizdə onu görəndə ehtiramla salam verirdim və gözləyirdim ki, Yusif müəllim qəbul imtahanını xatırlayacaq, məndən nəsə soruşacaq. Ancaq heç bir səs-səda çıxmırdı. Bir dəfə cəsarətimi toplayıb özüm ona yaxınlaşdım. “Mənə imtahandan siz “5” yazmışdınız”, –  dedim. Təəccüblə üzümə baxıb: “Hansı imtahandan?” – soruşdu. “Qəbul imtahanından” – dedim. “Ola bilər. Təbrik edirəm. Dərslərini yaxşı oxu”, – deyib gülümsündü. Gümüşü saçlarının işığı sifətindəki təbəssümə yayıldı və mən hər dəfə onu bu işıqlı təbəssümü ilə xatırlayıram…

Sonradan universitetə müəllim gəldim. Yusif müəllimlə dost olduq, dərs yükümün yarısı onun kafedrasından olurdu. Fürsət düşəndə  bir neçə dəfə 1975-ci ilin qaynar avqust gecəsində baş vermiş tale hekayəmi xatırlatmışdım. Hər dəfə də sözün üstündən gülümsünərək keçmişdi…

Bölmə : Yazarlar, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10