Senet.az görkəmli yazıçı Yusif Vəzir Çəmənzəminlinin 1934-cü ildə “Ədəbiyyat qəzeti”ndə çap olunmuş “Yeni yazanlar nəyi bilməlidir?” adlı məqaləsini təqdim edir:
Yeni yazanlar nəyi bilməlidir?
Axır vaxtlar idarəmizə yeniyetmələr məhsulu olaraq bir çox hekayələr və şeirlər gəlir. Yeni nəslin geniş kütləsində ədəbiyyata qarşı oyanan maraq diqqət və sevgiləndirməyə layiqdir. Biz yeniyetmələrin əsərlərini ciddiyətlə oxuyur və bir çoxlarına bilavasitə göstəriş veririk. Bununla kifayətlənməyərək ara-sıra məqalələrlə məsləhət və tövsiyələrimizi bildirmək gərəkdir…
Gənclərin yazılarında başlıca nöqsanlar nədən ibarətdir?
Hər şeydən əvvəl, bizcə, savada riayət etmək lazımdır. Savadsız yazıçı ola bilməz! Yazıçının ilk vəzifəsi dilin qanunlarını qrammatik vasitəsilə öyrənib, ədəbi dili mənimsəməkdir. Halbuki bir çoxları buna əhəmiyyət vermirlər. Xüsusi isimləri kiçik hərflə yazırlar, -da, -də, kı, ki nə vaxt ayrı, nə vaxt biryerdə yazıldığına əhəmiyyət vermirlər, ahəng qanunu nəzərə alınmır, cümlə düzgün qurmayırlar… və ilaxir və i.a.
Gənc yazıçılarımızın böyük qüsurlarından biri budur. Bu qüsuru yox etmək çətin deyil, ancaq zəhmətə qatlaşıb, məktəblər üçün yazılmış sərf-nəhv kitablarını diqqətlə tədqiq etməlidir.
İmla savadsızlığından başqa, texnika savadsızlığı da gözə çarpır, yazı müəllifi məqaləni oçerkdən, oçerki hekayədən ayıra bilmir. Bunların xüsusiyyətini, quruluşunu, texnikasını mənimsəyə bilmirlər. Bəzi gənclərin az oxuduğu, az mütaliə etdiyi bəlli olur. Bu sahədə gənclərə kömək etmək məqsədilə yaxşı parçalarını qəzetəmizdə çap edəcəyik. Hekayə və şeir texnikasına dair məqalələr nəşr edəcəyik. Lakin yazıçılığa həvəslənən bununla yetinməməlidir. Qrammatikadan sonra poetika ilə məşğul olmalıdır.
Yazıçı ruh injeneri olduğu üçün üzərinə düşəcək böyük vəzifəni bilməlidir. Böyük vəzifə daşıyanın böyük hazırlığı olmalıdır, müəyyən dünyagörüşünə malik olmalıdır. Marks-Engels-Lenin və Stalin nəzəriyyəsini incədən-incəyə öyrənməlidir. Bu sahədə də gənclər az çalışırlar.
Deməli, yazıçılığa başlamazdan əvvəl müəllif öz üzərində ətraflı olaraq çalışmalıdır. Hər bir sahədə savadsızlıq ləğv olunmalıdır. Yalnız bilgi ilə silahlanmış bir adam yazıçılığa başlaya bilər.
Yazıçını həqiqi yazıçı edən qüvvələrdən biri də müşahidədir. Görücü bir gözə malik olmayan yazıçı ola bilməz.
Burada da qüsurların çoxu məlumatsızlıqdan irəli gəlir. Götürülən mövzu ətraflı öyrənilmir. Bir məsələ ətraflı öyrənilməsə, necə yazıla bilər? Böyük yazıçıların tərcümeyi-halı onların bir alim kimi çalışmalarını göstərir. Maksim Qorki, Tolstoylar – Aleksey və Lev, Zola, Anatol Frans, Balzak və başqaları bizə örnək olmalıdır. Puşkin “Boris Qodunov” üçün tarixi tədqiq edir, Puqaçov tarixini öyrənmək üçün Orenburqa qədər səyahət edir, Dostoyevski xəstə tipləri təsvir etmək üçün tibbi kitablar oxuyur, Lev Tolstoy “Müharibə və sülh” adlı romanını yazmadan əvvəl Napoleon dövrünü öyrənir, Anatol Frans tarix və incəsənəti bir alim qədər bilir, Emil Zola arxivdə oturub, bir sıra fransız ailələrinin otuz illik tarixini tədqiq edir… Bu gün şura yazıçılarının bayrağını yüksəklərdə saxlayan Maksim Qorki heç bir məktəb görmədiyinə baxmayaraq, mütaliəsi sayəsində aləmşümul bir yazıçı deyilmi?..
Yazıçı alim və geniş məlumatlı adam olmalıdır. Məlumat olmasa, yazıçı yüksələ bilməz. Bizim bir çox köhnə şairlər təblərinin qüvvətinə baxmayaraq, sönüb gedirlər. Bunun başlıca səbəbi onların məlumatsızlıqlarıdır. Yeni qaydalara alışa bilməyib, köhnə dar çərçivədə boğulurlar.
Məsələ belə mühüm olduğu halda, bəzi gənclərin klassik yazıçılardan heç də xəbərləri yoxdur. Dünya klassikləri kənarda dursun, bizdə yazılan əsərlərin belə çoxunu oxumamışlar. Tənbəllik və xüdpəsəndliklə irəli getmək olmaz, yazıçı həmişə mütaliə etməlidir. Türk dilində çox əsər olmadığı üçün ruscanı öyrənib, rus dilində oxumalıdır.
Unutmamalıdır ki, yazıçılıq asan peşə deyil. Bəzi gənclər ilk ədəbi təcrübələrinin çap olunmasına çox can atırlar. Halbuki uzaqgörən adam bunu etməməlidir, çünki birinci müvəffəqiyyətsizlik oxucular arasında etibarsızlıq vücuda gətirir, irəlidə müəllif daha bir əsər də yazsa, bağışladığı ilk təsirin fəna izlərini silə bilməyir. Biləks, yaxşı bir əsərlə meydana çıxan yazıçı oxucular arasında möhkəm mövqe qazanır.
Məsələ tələsməkdə deyil, yaxşı əsər olsun, gec olsun.