Yusif Vəzir Çəmənzəminlinin dəlicəsinə vurulduğu qız

163 Baxış

yusif vezirSenet.az ədəbiyyat və sənət dərgisində şənbə günləri “Memuar notlar” layihəsi

Layihənin birinci yazısı

Layihənin ikinci yazısı

Layihənin üçüncü yazısı

 

Bakıda Çarli Çaplinin filmləri təzə gedəndə, uşaqlar küçədə Yusif Vəziri Çaplinə oxşadır, bəzən də arxasınca düşürdülər. Bu hadisə yazıçıya xoş gəlir, onu əyləndirirdi. Bir gün o, işlədiyi “Azərnəşr”ə gələndə, görürlər ki, öz-özünə gülür. Səbəbini soruşanda belə cavab verir:

− İndi küçə ilə gedəndə, gördüm bir uşaq mənə diqqətlə baxır. Yerişimi dəyişib, Çaplin kimi yeriməyə başladım. Uşaq gülmək əvəzinə ağladı. Anası da çalışdı, onu sakit edə bilmədi. Mən yazıq arvada kömək eləməkçün onlara yanaşdım, Çaplinsayağı şlyapamı çıxarıb oğlana salam verdim, bığlarımı da oynatdım. Uşaq bir az da bərkdən ağladı. Anası oğlunu qucaqlayıb dedi:

− Ağlama bala, qorxma, əmi dəli deyil, yəqin bekardır, işi yoxdur, özünü Çarli Çaplinə oxşatmağa çalışır.

 

***

 

Yazıçı xatirələrində yazır: “Anam çocuqluğumda məni atıb-tutar, mənə bəslədiyi məhəbbətini  yalnız bu sözlərlə təkrar-təkrar ifadə edərdi:

 

“Mən anamın ilkiyəm,

Ağzı qara tülküyəm”

 

***

 

Uşaq çağlarında Yusif Vəzir atasının kasıblıqdan şikayətini aşağıdakı şəkildə xatırlayır:

− Ədə, pələcək vurma, başmaq yırtıldı!

− Ədə, ağaca dırmanma, şalvar yırtıldı!

− Ədə, az ye, çörək qurtardı!

 

***

 

Atası Yusif Vəziri uşaq ikən Molla Səlim adlı bir nəfərə mürid etmək istəyir. Lakin uşaq Molla Səlimin yanına getmir. Səbəbini soruşduqda, uşaq atasına qətiyyətlə deyir:

− Getmirəm, çünki mənim boynuyoğun və insafsız adamla işim yoxdur.

 

***

 

Yusif Vəzir gənc ikən Aşqabadda Asiya adlı bir qıza dəlicəsinə vurulur. Qız da onu sevir. Bu əhvalatdan yoldaşları da xəbər tutur.

Bir gün cavan dostlar xəlvəti bir otağa çəkilib Kaxetiya şərabı içirlər. Yusif Vəzirə nə qədər təkid edirlərsə, içmir:

− Fanatik olma, iç.

− Fanatik deyiləm, amma ömrümdə heç içmədiyim üçün, adətimi pozmaq istəmirəm.

Nəhayət, yoldaşlarından biri qədəhi ona uzadıb gülümsəyərək deyir:

− Asiyanın sağlığına!

Yusif Vəzir də gülümsəyərək, qədəhi alır:

− Yaşasın! – söyləyib ilk dəfə şərab içir.

 

***

 

Yusif Vəzirin atası namaz qılmazmış. Bir səhər onlarda qonaq qalmış bir Hacı namaza başlar-başlamaz, atası da canamazı çıxarıb namaza durur. Qonaq gedəndən sonra, canamaz da ortadan götürülür. Yusif Vəzir atasına sual verir:

− Ata, bəs niyə həmişə namaz qılmırsan?

Atası isə cavabında deyir:

− Allah mənə patronu onun üçün verməyib ki, atıb korlayım, eşşək görəndə atıram.

 

***

 

Yusif Vəzirin atasının dükan qonşuluğunda Hacı Məlik adlı riyakar bir sövdəgər vardı. Axşamlar namaz qılanda səsi karvansaranı bürüyərdi. Gündüzlər isə qonşularının toyuqlarını dükanın dalına salar, yumurtladıb buraxardı. Bir gün Yusif Vəzir atasına sual verir:

− Ata, sən ki sofiməzhəbsən, bəs oruc niyə tutursan?

− Elə bilirsən, Allahdan qorxuram?! Qorxum bu köpək oğlu Hacı Məlikdəndir … – deyir.

***

 

Yusif Vəzir Fransada mühacirətdə yaşayarkən vəziyyəti son dərəcə ağırlaşır. Hətta gündəlik çörək pulunu belə qazana bilmir. Günlərin bir günü Parisdən kənarda kiçik bir şəhərin küçələrini dolanarkən, Rusiyada bərabər tələbəlik etdiyi Xristofor adlı birinə rast gəlir. Görüşüb, öpüşürlər:

− On yeddi il əvvəl desəydilər ki, bir zaman Parisin kənarında, kiçik bir şəhərdə görüşəcəyik, – inanmazdıq. Gör həyat nə qəribədir…

Xristoforun da vəziyyəti çox pis imiş. Hər ikisinin cibi boş, qarnı ac.

Dostu Yusif Vəzirdən pul almağa ümid yeri olub-olmadığını soruşduqda, o, cavab verir:

− Var, burada bir rus mühərriri var, qaçqınlardandır. Bir qəzetə “Şərq məktubları” yazır. Məlumatın çoxunu məndən alır, əvəzinə qazandığının 25 faizini mənə verir.

Beləliklə, onlar həftədə bir dəfə görüşüb, bir dəfə doyunca çörək yeyərmişlər…

 

Bölmə : Manşet, Nəsr, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10