Yuxarıdan Tanrı baxır Asimana… – Fikrət Qoca – şeirlə

14 Baxış

16

Yuxarıdan Tanrı baxır Asimana

Yuxarıdan Tanrı baxır Asimana…

Kainatda ulduz axır

yana-yana.

Hər Günəşin ətrafında səyyarələr…

Dolanırlar, yaşayırlar, qızınırlar.

Səyyarədə yaşayanlar

İtirirlər, qazanırlar.

Əlbət ki, biz kainatda tək deyilik.

Gələn yoxdu, gedən yoxdu,

Öyrənən, öyrədən yoxdu.

Adamıq – mələk deyilik.

Heyif ki, düşünən yoxdu

Yer üzündə tək deyilik.

Ağlımızı sərf etmişik silahlara

Dənizlərdə, torpaqlarda,

Canlılarda, cansızlarda sınaqlara…

Hər silahla, hər sınaqla,

Yol açırıq günahlara.

Canlıları öyrətmişik

Bizim üçün çalışmağa…

Bəzi quşlar, itlər belə

Öz dilini unudubdu,

Başlayıbdı bizim dildə danışmağa.

Xəstəliyi qurda-quşa yeridirik…

İnsanlara yaymaq üçün,

İnsanların güzəranın

Yaman günə qoymaq üçün,

İşlər görürük çətin, asan

Belə çıxır insanın bir düşməni var

Bu dünyada o da – insan!

İnsan Allahın kəşfidi,

Əməyidi, övladıdı.

Bəli, “İnsan” ilk İnsanın ilk adıdı.

Biz yaradan silahlarla,

Biz törədən günahlarla

Cəhənnəmin qazanını qaynadırıq.

Yer kürəsin məhvərindən oynadarıq.

Ulduz olub axar gedər yana-yana

Unutmayın,

Yuxarıdan Tanrı baxır Asimana.

06.01.2020

Xəbərsiz vaxtı

Zarafatyana

Oğurluq etmədim qonşu bağından,

Şamama! Yetişdin, qopdun tağından

Bir öpücük aldım al yanağından

Gözünün üzündən xəbərsiz vaxtı.

Hüseyn Arif demiş: “Hə, olub, olub…”

Səni yad etmişəm, gözlərim dolub,

Qoynuna yuxutək girdiyim olub,

Özünün, özündən xəbərsiz vaxtı.

Sən sildin gözümdən dumanı-çəni…

Bir sözün saçımın oldu ağ dəni.

Çox sonra dedin ki, “sevirəm səni”

Dilinin sözündən xəbərsiz vaxtı.

Özüm öz canıma qəniməm, qənim.

Səmavi eşqidir imanım, dinim.

Bir sözlə, atamı yandırdın mənim.

Dodağın közündən xəbərsiz vaxtı.

Başında ağ örpək – bu ağ bayrağın…

Baxtını sınamaq istədin, yəqin…

Ayağın gətirib səni, ayağın!

Ayağın izindən xəbərsiz vaxtı.

Mən də əkdiyimi bir vaxt biçəcəm

Ayrılıq şərbətin mən də içəcəm.

Bir gecə dünyadan mən də köçəcəm

Özümün özümdən xəbərsiz vaxtı,

Uzun bir gecənin səhərsiz vaxtı.

07.01.2020

Sevgilim Rayanın 70 yaşına

Gəldin Günəş kimi yox oldu axşam.

Özüm də bilmədim nə vaxt yanmışam.

Bu necə qaydasız oyundu canım

Sən “mat” deməmisən, mən mat qalmışam!

Eşqimə gülməyin, siz yanarsınız!

Heç kimə gülməyin, dayanarsınız…

Səksən beş yaşımda hələ sevirəm,

Başınıza gəlsin inanarsınız!

08.01.2020

Raya – Banu xanıma

Yetişdin yetmiş yaşına

Nəvələr yığılıb başına,

Çıxıb baxça-bağda gəzmə!

Tək canına, tək başına.

Baxmaram ha göz yaşına…

Əlli il əvvəlki kimi

Mən yenə də qısqanıram.

Səni sənə də qısqanıram,

Ayaqlarına sərilmiş

Kölgənə də qısqanıram,

Yarım mən səni, mən səni.

Ağbirçəkli, qara gözlü,

Qarım mən səni, mən səni!!!

10.01.2020