“Yüz illik həsrət” – Pərviz Cəbrayılzadənin hekayəsi

25 Baxış

 cum-10012

Senet.az oxucularına ““Ustad” dərgisinin təşkil etdiyi “Cümhuriyyət – 100” hekayə müsabiqəsində yüksək xalla qiymətləndirilmiş Pərviz Cəbrayılzadənin “Yüz illik həsrət” hekayəsini təqdim edir.

Dünya yarandığı gündən səngimək bilməyən çəkişmə və müharibələr neçə əsrlərdir davam etdiyi kimi,XX əsrdə də bir an belə nəfəsini dərmədən davam edirdi. İnsan övladının var olduğu müharibəsiz bir dünya arzulamaq belə, xülyadan başqa bir şey ola bilməzdi. Yeni əsr qədəmlərini qoyan kimi insanların şeytani hisləri yenidən cücərməyə başlamışdı. Yenə qanlı döyüşlər başlayacaq, yenə minlərlə, hətta milyonlarla insan cəsədiüst-üstə qalaqlanacaqdı. Hansısa naşükürün ərazi iddiaları, əlindəkilərlə keçinə bilməyərək qonşularına göz dikən hansısa namərdin nəfsinin ucbatından neçə-neçə ailə başsız qalacaqdı yenə. Hamısı da heç nəyin üstündə. Gələcək dövrün insanları isə bu müharibələri xatırlayaraq onlara xoşagəlimli adlar seçməyə çalışacaqdılar.

Yeni əsrin ilk müharibəsi də yavaş-yavaş başa çatmaq üzrə idi. Bu müharibəni “Böyük müharibə” adlandıran şəxslər heç ağıllarına da gətirməzdilər ki, nəvaxtsa bundan da böyük – ikinci müharibə başlanacaqdı. Səbəb yenə də eyni – torpaq iddiaları olaraq qalacaqdı.

“Böyük müharibə” bir çox dövlətləri möhkəmcə sarsıtmışdı. Bu sıraya müharibənin məğlub tərəfində dayananlarla yanaşı, qalib tərəfdəki bir çox dövlətlər də daxil olmaqdan xilas ola bilmədi. Sovet Sosialist Respublikası süqut dövrünü yaşayırdı. Onun bu vəziyyətini kəsilmək üçün qəssabxanaya gətirilərək tövləyə salınmış öküzə bənzətmək olardı. Əvvəlcə bu harınlamış öküzü tövlədən çıxararaq ayaqlarını bağlamaq lazım idi. Bundan sonra yalnız bir şey qalırdı, yaxşı itilənmiş bir bıçaq taparaq onun başını bədənindən ayırmaq. Amma əvvəlcə həmin bıçağı tuta biləcək qüvvəli bir bilək də tapılmalı idi.

– Xan, səncə də, tam zamanı deyilmi? – Eyvanda Fətəli xanla üz-üzə oturan Məhəmməd bəy uzaqlara zillədiyi gözlərini, nəhayət, Fətəli xana yönəldərək dilləndi.

– Doğrudur, vaxt-vədə gəlib yetişdi, Məhəmməd bəy. Gözümüz aydın olsun. Vaxt itirmədən hərəkətə keçmək lazımdır. Yoxsa gecikə bilərik. – Fətəli xan çayından bir neçə qurtum alıb, stəkanı yenidən masanın üstünə qoydu.

– Bu gün Gürcüstan da Zaqafqaziya seymindən ayrıldığını bəyan etdi. Gərək biz günü sabah bu barədə iclas keçirək. Təcili qərar qəbul etmək lazımdır.

– Ağlınızda nəsə var, bəy?

– Hələlik heç nə. Amma müvəqqəti şura yaratmaq lazımdır. Sonra nə edəcəyimizi iclasda müzakirə edərək, qərar qəbul edə bilərik.

Səhəri gün iclasda mövcud vəziyyət müzakirə olunaraq müvəqqəti Milli Şura yaradılması haqqında qərar qəbul edildi. Səs çoxluğu ilə Məhəmməd bəy Şuranın sədri, Fətəli xan isə İcra Komitəsinin sədri seçildi. Beləliklə, həmin böyük, tarixi günün başlanğıcı qoyulmuş oldu. Bir gün sonra –28 may tarixində Milli Şuranın ilk iclası keçirildi və Azərbaycanın müstəqil dövlət olması haqqında qərar qəbul edildi. Nəhayət, düz yüz il sonra Azərbaycan yenidən müstəqilliyinə qovuşdu. Elə həmin iclasda Azərbaycanın istiqlaliyyəti haqqında akt qəbul edildi.

2

Pinəçi Əli öz kiçik dükanında ayaqqabı hazırlamaqla məşğul idi. Radionun səsini münasib həddə qədər artıraraq musiqi sədaları altında işini görürdü. Qəflətən musiqi yarıda kəsildi. Bütün diqqətini işdən ayıraraq gözlərini radioya zilləmişdi.

“Diqqət! Diqqət! Müvəqqəti Milli Şura bu gün “Azərbaycanın istiqlaliyyəti haqqında akt” qəbul etdi. Nəhayət ki, Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu…”

Bundan sonra deyilənləri eşidə bilmədi. Çünki artıq dükanı tərk edərək evə sarı qaçmağa başlamışdı. Həm də yol boyu “Biz yenə də müstəqil dövlətik! Biz müstəqilik! Azadıq biz!” deyə qışqıraraq hamını ayağa qaldırmışdı.

Əli iyirmi beş yaşlarında, cüssəli bədən quruluşuna malik, boy-buxunlu və yaraşıqlı gənc idi. Gəncə şəhərində yaşayan pinəçi Xudayar kişinin ailəsində dünyaya gəlmiş, onun tərbiyəsini almışdı. Atası yaşlandığına görə, indi onu işləməyə qoymur, əvəzində özü pinəçiliklə məşğul olurdu. Əli yeniyetməlik illərindən öz düşüncələri, fikirləri ilə digərlərindən fərqləndiyini göstərməyə başlamışdı. Kim soruşsa, fəxrlə deyərdi ki, mən azəri türküyəm. Bir gün azad olacaqlarını, özlərinin dövlətini yenidən quracaqlarını söyləyərdi həmişə. Xudayar kişi də buna görə onu dəfələrlə danlamış, “Bir gün gəlib səni də aparacaqlar, bir də üzünü görə bilməyəcəyik. Özünə yazığın gəlmir, bizə yazığın gəlsin, bala” – demişdi. Amma nə xeyri?!

Bu dəfə daha yüksək səslə və inamla qışqırırdı Əli:

– Biz müstəqil dövlətik! Gördünüz? Demişdim sizə. Bir gün öz dövlətimiz olacağını demişdim. Baxın, bu gün o gündür. İyirmi səkkiz may bizim müstəqillik günümüzdür.

Beləcə, evə kimi o qədər yüksək səslə bağırmışdı ki, az qala səsi tutulmuşdu. Həyəcanla evə daxil oldu. Divanda oturan Xudayar kişi təəccüblə onu süzməyə başladı. İri addımlarla atasına yaxınlaşaraq əlini ovcuna aldı. Atasının yavaş-yavaş titrəməyə başlayan əlini öpərək alnına qoydu. Xudayar kişini qucaqlayaraq:

– Ata, biz müstəqilik, azadıq. Bizim öz dövlətimiz var. – Titrəyən dodaqlarından süzülən bu sözlər necə də müdhiş səslənirdi.

– Sus, bala. Eşidən olar. Bu dəfə gəlib apararlar səni. Qurban olum, yavaş… – hələ heç nədən xəbəri olmayan kişi and-amanla oğlunu susdurmağa çalışdı.

– Eşidən olur, qoy olsun. Hamı eşitsin. Daha qorxmağa gərək yoxdu, ata. Artıq biz bir dövlətin vətəndaşlarıyıq. Öz dövlətimizin!

Sevincindən özünə yer tapa bilmirdi. Evdə daha çox dayana bilməyərək küçəyə çıxdı. Qürurla sinəsini qabağa verərək addımlayırdı. Sanki, bu dövləti özü qurmuşdu. İyirmi dəqiqə sonra fikrində tutduğu ünvana yetişdi. İndi həmin yaşıl darvazalı evin qarşısında dayanmışdı. Bu evdə onun ilk eşqi, ilk məhəbbəti yaşayırdı. Xırda daş qırıqları götürərək evin yol tərəfə açılan pəncərəsinə sarı atmağa başladı. Bir neçə zərbədən sonra pəncərə açıldı. Kürən saçlı Elnaz pəncərədə göründü. Əli göz-qaş edərək onu evin digər tərəfindəki divarın arxasında həmişə görüşdükləri yerə çağırdı.

– Əli, buradasan? – beş dəqiqə keçməmiş Elnaz divarın o tayından onu səslədi.

– Bilirsən, bu gün nə olub? – birbaşa mətləbə keçdi, – Bu gün tarixi gündür. Bu gün biz yenidən müstəqillik qazandıq.

– Bilirəm, Əli. Buna ən azı sənin qədər sevinirəm.

– Onlara qoşulacağım günü səbirsizliklə gözləyirəm. Mütləq onlara ordu gərək olacaq. Bizim kimi gənclərə ehtiyacları var.

– Bəs mən? Birdən sənə nə isə oldu, onda mən necə edəcəm? Məni tək qoymaq istəyirsən?

Onun bu fikrindən yamanca narahat oldu.

– Narahat olma, mənə heç nə olmayacaq. Bağışla məni, dayana bilmərəm.

Bu söhbətdən təxminən bir ay keçdi. Əli bilirdi ki, ilk zamanlar çətin keçəcək. Yenidən dirilən bu dövləti beşikdəcə məhv etmək istəyənlər olacaq. Odur ki, hər vəchlə bu dövləti ayaqda saxlamaq üçün dövlətin qurucuları ilə əlaqə yaratmağa çalışırdı. Amma birşey alınmırdı ki, alınmırdı.

Artıq Azərbaycan Cümhuriyyəti hökuməti Tiflisdən Gəncəyə köçmüşdü. Bağlanmış müqaviləyə əsasən, on beş minə qədər türk əsgəri də Azərbaycana gəlmişdi. Məşhur komandir Nuru paşa Azərbaycana ordu quruculuğu işində yardım edəcəkdi. Artıq hər yerə elanlar verilmiş, yaşı on doqquzdan yuxarı olan gənclər ordu sıralarına çağırılmağa başlamışdı. Bunu eşidən Əli bir dəqiqə belə gecikmədən orduya müraciət etdi. Tezliklə onu orduya qəbul etdilər. Həmin an o əvvəlkindən də çox sevinc hissi keçirir, qürrələnirdi.

– Elnaz, məni qəbul etdilər. Orduya qəbul olundum bu gün! – həmin divara söykənərək digər tərəfdən Elnazın səsinin gəlməsini gözlədi.

– Bəlkə getməyəsən? Təkcə sən nəyi dəyişə biləcəksən ki? – handan-hana Elnazın həzin səsi eşidildi.

– Məndən bunu istəmə, Elnaz. Getməliyəm, vətənin dar günündə yanında olmalıyam. Qorxma, geri dönəcəm. – Bir anlıq sükutdan sonra davam etdi. – Sabah mühüm gündür. Mənim üçün dua et! Hər şey yaxşı olacaq!

Səhəri gün –27 iyun Göyçay yaxınlığında Bakı Soveti qoşunları ilə güclü döyüş başlandı. Əli də bu döyüşdə iştirak edirdi. Döyüş Azərbaycan ordusu qüvvələrinin qələbəsi ilə başa çatdı. Əli də daxil olmaqla, ona qədər əsgər qəhrəmanlıqlarına görə medalla təltif edildilər. Daha sonra Məhəmməd bəy onların hər birini ayrı-ayrılıqda qəbul etdi.

– Vətən səninlə fəxr edir, oğlan. Bizim sənin kimi vətənini sevən oğlanlara indi daha çox ehtiyacımız var.

– Vətən sizin kimi övladları ilə fəxr edir, ağa. Vətənin sizə daha çox ehtiyacı var. Bizim kimi cavanlardan çox tapılar.

****************************************************************************************************

3

Xədicə xanım Bakıdakı evində nəvələrini ətrafına toplayaraq Azərbaycan Xalq Cümhuriyyəti haqqında danışırdı. Bu il cümhuriyyətin yüz illiyi qeyd ediləcəkdi. Doxsan doqquz yaşlı Xədicə xanım o günləri yalnız anasının danışdıqları əsasında xatırlaya bilirdi. Danışdıqca uşaqların gözündəki həyəcanı, qəzəbi rahatlıqla sezə bilirdi. Xədicə xanımın o illərdən söhbət açması ilk dəfə deyildi. Dəfələrlə nəvələri israr edərək yenidən həmin dövrdə baş verənləri eşitmək istədiklərini söyləmiş, yaşlı arvadın da danışmaqdan başqa çarəsi qalmamışdı. Bu dəfə də nəvələrinin qəlbini qırmaq istəməyib danışmağa başlamışdı.

Olanları yenidən ərz edib bitirdikdən sonra nəvələrinin köməyilə öz otağına keçdi. Buradakı qırmızı rəngli sandığın qarşısında oturaraq qapağını açdı. Sandıqda anasında qalma əşyaları, şəkilləri, qəzetləri saxlayırdı. Bir-bir hər birinə nəzər yetirməyə, həmin dövrü xəyalında canlandırmağa başladı.

Titrəyən əlləri ilə köhnə, yaşıl üzlü dəftəri əlinə aldı. Dəfələrlə oxunduğu üçün artıq cırılmaq üzrə olan dəftərin vərəqlərini ehtiyatla açdı. Və yenidən oxumağa başladı.

“1 avqust 1918-ci il.

Bu gün gündəlik yazmaq qərarırına gəldim. Çünki bu gün, nəhayət ki, onunla bir-birimizə qovuşduq. Bir həftə əvvəl Əli öz ailəsi ilə məni istəməyə gəlmişdi. Bu gün isə bizim toyumuz baş tutdu. Elə sevincliyəm ki! Uzun müddət bu günün xəyalı ilə yaşamışdım. Bu gün isə onlar gerçəkliyə çevrilməyə başlamışdı…”

Səhifəni yarıda qoyaraq dəftəri vərəqləməyə başladı.

“5 avqust 1918-ci il.

Bu gün evliliyimizdən dörd gün keçir. Onun üçün çox narahatam. Axı o əsgərdi. İslam ordusunun ən qabiliyyətli əsgərlərindən biri. Nuru paşanın başçılıq etdiyi türk ordusu ilə birlikdə Bakını azad etmək üçün hücuma keçdilər. Onlar üçün dua etməkdən başqa əlimdən heç nə gəlmir. Getməməsini istəyə də bilməzdim. Çünki bilirəm, heç nə ilə saxlaya bilməyəcəkdim onu…”

Növbəti səhifəyə keçdi.

“7 avqust 1918-ci il.

Nəhayət ki, ondan məktub aldım. Elə narahat olmuşdum ki. Həyəcanla məktubu açaraq oxumağa başladım:

“Elnaz, bizimlə hər şey qaydasındadır. Heç narahat olma. Tezliklə qələbə xəbərilə dönəcəyik.

Dünən bilirsən nə oldu? Türklər də bizimlə birlikdə döyüşür axı. Onlardan biri dünən mənim həyatımı xilas etdi. Adı Onurdu. Özünü qarşıma atdı ki, güllənin qabağını kəssin. Yaxşı ki, çiynindən yaralandı, vəziyyəti yaxşıdı. İndi ona bir can borcum var.

Mənim üçün narahat olma. Hər şey yaxşı olacaq. Şəhid olsam belə ağlayıb eləmə, başını dik tut həmişə.

Səni sevən, Əli”

Yenə də bir neçə vərəq ötürərək oxumağa davam etdi.

“30 sentyabr 1918-ci il.

Uzun müddətdir ki, ondan bir xəbər ala bilmirəm. Son dəfə on altı gün əvvəl məktubunu almışdım. Tezliklə qələbə xəbəri alacağımı söyləyirdi. Sonradan öyrəndim ki, 15 sentyabrda Bakıya yeni hücum başladılıb. Türklərin də yardımı ilə Bakı, nəhayət ki, azad edilmişdi. Buna həddindən artıq sevinsəm də, bir tərəfdən Əlini düşünürdüm. “Görəsən, ona birşey olmayıb ki? Görəsən, indi haradadır?” kimi fikirlər düşüncələrimi ələ keçirmişdi…”

 

“1 oktyabr 1918-ci il.

Bu gün Bakıdan bir məktub aldım. Ürəyim titrəməyə başladı. Çünki məktub Əlidən deyildi. Həyəcanla açdım məktubu.

“Elnaz xanım. Mən Əlinin əsgər yoldaşı Fikrətəm. Bu xəbəri sizə bildirmək mənim üçün çox çətin olsa da bunu etməliyəm. Çünki Əli ilə şərt kəsmişik. Birimizə nə isə olsa yaxınlarımıza xəbər verməli idik. Təəssüflə bildirirəm ki, Əli Bakı döyüşündə qəhrəmancasına həlak oldu.

Yəqin Onur haqqında məlumatınız var. Döyüşdə Onur ağır yaralanmışdı. Əli də dostunu döyüş meydanından xilas etmək üçün irəli atıldı. Onu qızğın döyüşdən çıxararkən qəhrəmancasına həlak oldu. Vətən sağ olsun!

Onu harda dəfn edəcəklərini bilmirəm. Amma türklərin adətlərinə görə yoldaşını meydandan çıxararkən onunla birlikdə şəhid olan əsgərlər birlikdə də dəfn olunmalıdır. Onurun məzarını tapsanız bilin ki, Əli də oralardadır.

Fikrət.””

 

“1 may 1960-cı il.

Əziz qızım. İllərdir atanın qəbrini tapmağa çalışdım. Amma hələ də onu tapa bilməmişəm. Artıq yaş öz sözünü deyir. Canımda can qalmayıb. Sənə vəsiyyətim odur ki, atanın məzarını tap. Mən tapa bilmədim, heç olmasa bunu sən elə…”

4

Xədicə xanım Bakı şəhəri yaxınlığındakı, Qobustanda yerləşən türk məzarlığının qarşısında dayanmışdı. Mərkəzdə hündür bir abidə qurulmuşdu. Abidənin sol tərəfindəki dirəkdə Azərbaycanın üçrəngli bayrağı, sağ tərəfində isə Türkiyənin al qırmızı bayrağı dalğalanırdı. Sağ və sol tərəflərdə qəbirlər sıra ilə düzülmüşdü. Xədicə xanım ayaq üstə özünü güclə saxlayırdı. Oğlanlarının köməyilə buraya gəlmişdi. İndi onlar arxada, maşınlarının yanında dayanaraq analarına göz qoyurdular.

Kiçik addımlarla məzarlara yanaşmağa başladı. Məzardaşlarının üzərindəki adları çətinliklə seçə bilirdi – Ömər Kutlu, Yusuf Özgüven, Görkem Yıldırım, Onur Birkan… Bu ad necə də doğma gəlir. Elə bil, haradasa eşitmişdi bu adı. Bir dəqiqə, axı Əlinin – atasının dostunun da adı Onur idi. Görəsən, bu o idimi? Görəsən, bu, həqiqətən də, həmin Onur idimi?

Qəfil anasından qalan gündəliyi xatırladı. Axı orada yazılmışdı ki, Onurun məzarını tapdığınız gün Əlini də tapacaqsınız. Axı türklərin adətləri belə idi. Onlar döyüş yoldaşını meydandan çıxararkən həlak olanları bir yerdə dəfn edirdilər. Həyəcanla növbəti qəbirə yaxınlaşdı. Üzərində “Ali” yazısı olan məzardaşının aşağısında bu sözlər yazılmışdı:“Arkadaşının naşını savaş meydanından çıkarmaya çalışırken şehit olmuştur.”

Xədicə xanım gözyaşlarını saxlaya bilmədi. Bu, şübhəsiz, o idi. Anasının illərlə axtardığı, amma tapa bilmədiyi Əlinin məzarı idi. Dizləri üstə çöküb atasının qəbiri üstündə ağlamağa başladı. Gec-gecdən başını qaldırdı.

– Ata, səni tapdım. Bilirəm, məni eşidirsən. Bax, biz hələ də müstəqilik. Biz müstəqil dövlətik. Onlar bizi yıxa bilmədilər. Boğa bilmədilər bizi. – Hönkürtü ilə ağlamağa başladı. Az sonra səsi kəsildi. İndi qəbirin qarşısında hərəkətsiz halda oturmuşdu.

Böyük oğlu maşından aralanaraq ona sarı gəlməyə başladı. Məzarın yanında dayanıb əlini anasının çiyninə qoyaraq onu səslədi. Amma cavab ala bilmədi. Əyilərək onun başını yerdən qaldırdı. Bu an hakim kəsilə bilmədiyi bir damla yaş yanağına süzülməyə başladı. O, artıq ölmüşdü.