“100 yaşlı şəkil” – Aida Quliyevanın hekayəsi

28 Baxış

cum-1004

Senet.az oxucularına “Ustad” dərgisinin təşkil etdiyi “Cümhuriyyət – 100” hekayə müsabiqəsində yüksək xalla qiymətləndirilmiş Aida Quliyevanın “Yüz yaşlı şəkil” hekayəsini təqdim edir.

Mələk nənə ağ parçaya bükülmüş kiçik bağlamanı açanda Yusif içindəkiləri görüb, xeyli təəccübləndi. Bağlamada saralıb-solmuş köhnə bir fotoşəkil və köhnə əsgər papağı vardı.

– Bunlar nədir, nənə? Bunları niyə saxlamısan? – deyə, təəccübqarışıq maraqla nənəsindən soruşdu.

Yaşı yüzü haqlamış Mələk nənə bağlamadakı fotoşəklə və əsgər papağına sığal çəkə-çəkə aram-aram danışmağa başladı:

– Bala, şəkildəkilər cümhuriyyət dövrünün əsgərləridir. Bax, bu cavan oğlan atamdı, sənin ulu baban. Bunlar da atamdan mənə qalan yadigarlardır.

– Nənə, şəklin arxasında tarix də yazılıb: 1918-ci il.

– Hə, bala, indi bu şəklin yüz yaşı var. Anam danışırdı ki, cümhuriyyət dövründə bizim əsgərlər də Türkiyədən bizi xilas etməyə gəlmiş Nuru paşanın dəstəsinə qoşulubmuşlar. Bu şəkil elə o vaxtlar çəkilib.

– Nənə, tarix kitabından oxumuşam ki, əgər türklər – Nuru paşanın dəstəsi olmasaydı, sentyabrın 15-də Bakını işğaldan azad etmək mümkün olmazdı. 1918-ci ildə Bakı uğrunda qanlı döyüşlər olub.

Mələk nənə gözyaşlarını saxlaya bilmədi:

– Mən də elə o illərdə doğulmuşam, bala. Atamın heç üzünü də görməmişəm. Sonra bolşeviklər gəlib cümhuriyyət əsgərlərinin çoxunu öldürdülər. Anam danışırdı ki, atamı da aparıb Nargin adasında güllələyiblər, anam da məni çox əziyyətlə böyüdüb. Bu yadigarları da ağlımkəsəndən sonra anamdan alıb saxlamışam… Yüz yaşı var indi bunların. Ulu babanın yadigarları bu gündən oldu səninki. Sən də bunları qoru, həmin dövrün tarixini də yaxşı-yaxşı öyrən, bala.

Mələk nənə bu sözləri deyib, saralıb-solmuş fotoşəkli və əsgər papağını əlləri əsə-əsə səliqə ilə yenə həmin ağ parçaya bükdü və Yusifə uzatdı.

Yusif Mələk nənənin ziyarətinə tez-tez gəlib onun ötüb-keçənlər haqqında danışdığı maraqlı əhvalatları dinləməyi xoşlasa da, nənənin bugünkü söhbətləri onu həyəcanlandırdı. Mələk nənə bu gün ona ən qiymətli tarixi yadigarlarını əmanət eləyirdi.

İndi o, bu yadigarları layiqincə qorumalı idi. O, ulu babasının Bakını işğaldan azad edənlər sırasında qəhrəmanlıqla vuruşduğu həmin günün – 1918-ci ilin 15 sentyabr gününün tarixini daha ətraflı öyrənməyi özünə borc bilirdi. Mələk nənədən də bağlamanı inamla alıb ürəyindən keçənləri dilə gətirdi:

– Arxayın ol, nənə, yadigarlarını çox yaxşı qoruyacam. Məktəbə də aparıb hamıya göstərəcəm ki, məndə cümhuriyyət dövründən qalmış əşyalar var. Az vaxt deyil ey, nənə, yüz il keçib həmin vaxtdan. Bu il artıq biz Azərbaycanda Xalq Cümhuriyyəti qurulmasının yüz illiyini qeyd edəcəyik.

Mələk nənənin ötüb-keçən illərin ağrı-acısından qırışmış üzü işıqlandı. Bu işıq elə bil əvvəlki aramlı səsinə də təsir etdi. Səsi ucaldı bir az:

– Yadında yaxşı saxla, bala, keçmişini unudanın gələcəyi olmaz. Tarixi yaşadanlar isə tarixdə qalar. Ulu baban Əmin kimi.

Ulu babası Əmin Mehdinin adı tarix kitablarına düşməsə də, Yusif nənəsilə söhbətdən sonra çox qürurlanırdı. Bu barədə məktəbdə də dostlarına həvəslə danışdı. Kitabxanaya gedib cümhuriyyət dövrünə aid xeyli kitab da aldı ki, oxusun. 1918-1920-ci illərdə ölkəmizdə baş vermiş hadisələr haqqında daha çox məlumatı olsun. Kitabları oxuyanda isə çox şeylər öyrəndi. Azərbaycanlıların başına nələr gəlməmişdi?!

Yusif kitablardan dəftərinə qeydlər edir, daha sonra yazdıqlarını dönə-dönə oxuyurdu. Birdən nə fikirləşdisə cümhuriyyət haqqında inşa yazmağa qərar verdi. AXC-nin yüz illik yubiley tədbirləri ərəfəsində yazacağı inşa nənəsinə ən yaxşı hədiyyə, ulu babasının ruhu qarşısında ehtiram olardı.

Elə bu məqsədlə də dəftərindəki qeydləri bir daha oxudu. Sonra əlinə qələm alıb 1918-ci ildə Bakıda baş verənləri söz-söz ağ vərəqə düzdü. Yazdığı vərəqləri səliqə ilə qatlayıb özündən razı halda çantasına qoydu. Amma elə o andaca nə fikirləşdisə, yan otağa keçib nənəsinin verdiyi bağlamanı gətirdi. Bağlamanı ehmalca açdı, saralıb-solmuş yüzyaşlı fotoşəkli əlinə alıb bir daha 1918-ci ilin əsgərlərini diqqətlə nəzərdən keçirdi. Doğrudan da, bu şəkil əsl tarix idi. Ani olaraq düşündü ki, şəkli böyüdüb çərçivəyə salsın və nənəsigildə evin ən baxımlı yerindən assın.

…Bir neçə gün sonra Yusif böyüdüb çərçivəyə saldırdığı yüzyaşlı şəkli və yazdığı inşanı yığdığı bağlamanı sevinclə Mələk nənənin qarşısına qoydu. Bu dəfə Mələk nənə təəccübləndi:

– Nə oldu, ay bala? Bağlamanı niyə gətirmisən?

– Hə, nənə yüzyaşlı o şəkli böyütdürdüm. Çərçivəyə də saldırmışam ki, divara vuraq. Bir də bağlamaya inşa yazıb qoymuşam. İnşanı yazmaqdan ötrü o qədər kitab oxumuşam ki… Yaxşı ki, oxudum, çox şey öyrəndim.

– Oxuyub-öyrənən heç vaxt peşman olmaz, bala. Gec-tez sən də xeyir taparsan. Oxusaydım, mən də çox şey bilərdim. Gör, neçə illərdi o şəkil məndəydi, heç böyütdürmək ağlıma gəlməyib. Amma sən bunu elədin. Bilirsən, məni nə qədər sevindirdin…

– Axı mən sənin ağıllı nəvənəm. Yaxşı, indi yer göstər, şəkli asım.

Mələk nənə çərçivəni əlinə alıb əvvəlcə şəklə diqqətlə baxdı, sonra isə sığal çəkib gözləri yaşara-yaşara evin yuxarı başını göstərdi:

– Bax, oradan as, bala. Qoy həmişə gözümün qabağında olsun.

Az sonra Yusif inşasını ucadan oxuyur, yaşı yüzü haqlamış Mələk nənə gözlərini divardan asılan yüzyaşlı şəklə zilləyib ona diqqətlə qulaq asırdı:

«Mənim on beş yaşım var. Bakıda böyümüşəm. Hazırda da müstəqil Azərbaycanın paytaxtı Bakıda yaşayıram.

Bakı bu gün arzularımın şəhəridir. Doğma şəhərimi çox sevir, onun gündən-günə inkişaf etməsi, gözəlliyilə hamını heyran qoyması ilə fəxr edib, qürur duyuram.

Odlar Yurdu Azərbaycanımızın döyünən ürəyi doğma Bakımızın adı bu gün dünyanın paytaxt şəhərləri sırasında iftixarla çəkilir. Müasirliyi ilə gözoxşayan, füsunkarlığıyla dünyaya səs salan Bakımız həm də qoynunda canlı tarix yaşadan sirli-sehirli bir şəhərdir.

Qədim İpək Yolunun üstündə yerləşdiyindən çoxları ələ keçirmək istəyib şəhərimi. Çox şahlar, çox xanlar Bakı uğrunda ölüm-dirim savaşına çıxıb. Birindən o birinin, o birindən bir başqasının əlinə keçib qədim Bakı. Amma əzilsə də, ayaqda durmağı bacarıb, tapdansa da, başını dik tutmağa özündə qüvvə tapıb. Əldən-ələ keçsə də, başı üzərində qalibiyyət bayrağını haqlı olanın ucaltmasından ötrü olmazın əzablara dözüb. Qədimdə də belə olub, çox uzaq keçmişdə də.

Bu gün mən doğma Bakımın yüz il əvvəlki həyatından, daha dəqiq desəm, 1918-ci ilin dəhşətli mart qırğınlarından danışacam. Doğrusu, inana bilmirəm ki, bu gün mənim yaşadığım Bakıda yüz il əvvəl belə dəhşətli hadisələr olub, faciələr törədilib. Amma bu danılmaz tarixi həqiqətdir. Erməni daşnakları bolşeviklərlə birləşib 1918-ci ilin martın 30-da xalqımıza qarşı kütləvi qırğınlara başlayıblar. Belə bir hücumu gözləməyən hazırlıqsız azərbaycanlılar ağır itkilərə məruz qalıblar. Şəhərin mərkəzindəki bütün müsəlman məhəllələri bombardman edilib, Xəzər donan­masının sahilə gətirilmiş gəmiləri şəhəri atəşə tutub. Quldur dəstələri ev-ev gəzərək sakinləri öldürüb, əmlaklarını talan və qarət ediblər. Əsir götürül­müş azərbaycanlılar, əsasən, qadın və uşaqlar şəhərdəki böyük binalara dol­du­ru­lub.

Qırğınlar yalnız şəhərdə törədilməyib. Bakının ətraf kəndlərinə də basqınlar edilib, quldurlar müsəlmanların evlərinə soxulub, sakinləri öldürüblər.

1918-ci il martın 30-da axşam başlanan azərbaycanlı qırğınları Bakıda bir həftə davam edib. Ümumi hesablamalara görə qırğınlar zamanı görünməmiş azğınlıq və amansızlıqla on iki min nəfər türk-müsəlman öldürülüb, azərbaycanlılara məxsus yüzlərlə tarixi və mədəni abidə, yaşayış məhəllələri dağıdılıb və yandırılıb.

Hər qaranlığın bir səhəri olur. Tufandan sonra gələn xoş sakitlik, qara buludlardan sonra doğan parlaq Günəş kimi yurdumuza cümhuriyyət günəşi doğub. Tiflisdə Azərbaycanın müstəqilliyi elan olunub.

Belə bir vaxtda qayğıya ehtiyacı olan körpə kimi Azərbaycanın yeganə ümid yeri Türkiyə olub. Əsl arxadaş, doğma qardaş kimi Türkiyə öz kömək əlini Azərbaycandan əsirgəməyib. Ehtiyac olduğu təqdirdə Osmanlı hökuməti qayda-qanunu və ölkənin təhlükə­sizli­yini təmin etməkdən ötrü Azərbaycan Cümhuriyyətinə silahlı qüvvələrlə yardım etməyi öhdəsinə götürüb.

Osmanlının Hərbiyyə naziri Ənvər paşa Qafqaz İslam Ordusunu yaradıb və 29 yaşlı qardaşı Nuru paşanı ona komandan qoyub. Azərbaycana gələn Osmanlı hərbi hissələrini yerli əhali sevinclə qarşılayıb. Bakı hələ də erməni-daşnak qüvvələrinin əlində olduğundan həmin ərəfədə Milli Şura və Azərbaycan hökuməti də iyunun 16-da Tiflisdən Gəncəyə köçürülüb.

Bakıda isə bu zaman siyasi və iqtisadi şərait son həddə qədər gərginləşmişdi. Şəhərdə ərzaq qıtlığı yaranmış, aclıq başlamışdı. Qafqaz İslam Ordusu Bakını xilas etməkdən ötrü şəhərə doğru irəlilədikcə, Bakı Xalq Komissarları Sovetinin qoşunları davam gətirməyib geri çəkilirdi.

İyulun 25-də Bakıda bütün siyasi qüvvələrin iştirakı ilə iclas keçirilir. İclasda ingilis qoşunlarının Bakıya dəvət olunması haqqında qərar qəbul edilir.

İngilislərin gəlməsi və döyüşlərdə iştirakı Bakının azad edilməsini bir qədər yubatsa da, qarşısını ala bilmir. Sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu daşnak qoşunlarını darmadağın edərək Bakıya daxil olur. İngilis qoşunları gecə ikən şəhəri tərk edir və Bakı azad edilir.

Nuru paşa Bakının alınması barədə Azərbaycan hökumətinə və Ənvər paşaya teleqram göndərir. Hər iki teleqram eyni cümlə ilə başlayır: “Bakı şəhəri 36 saatlıq şiddətli müharibədən sonra sentyabrın 15-də saat 9-da azad olunub”.

Ənvər paşa isə cavab teleqramında belə yazır: “Böyük Turan İmperator­lu­ğu­nun Xəzər kənarındakı zəngin yurd yeri olan Bakı şəhərinin azad olunması xəbərini böyük bir sevinc və mutluluqla qarşılarım. Türk və islam tarixi sizin bu xidmətinizi unut­ma­yacaqdır. Qazilərimizin gözündən öpər, şəhidlərimizə fatihələr ithaf edərim”.

Fətəli xan Xoyski də Nuru paşaya minnətdarlıq teleqramı göndərir: “Qafqaz Müsəlman Ordusunun komandanı Nuru paşaya! Xoşbəxtəm ki, xalqın adından siz əlahəzrətlərinə, xeyirxah türk oğullarına və Azərbaycan paytaxtını düşməndən azad edən cəsur əsgərlərə təşəkkürümü çatdırıram. Millət Sizə minnətdardır.

Nazirlər Şurasının sədri Fətəli xan”

 

Sentyabrın 16-da qoşunlar təntənəli şəkildə şəhərə daxil olur. Xalq küçələrə çıxaraq qalibləri salamlayır. Nuru paşa meydana yığışan əsgərlər və əhali qarşısında çıxış edir.

Sentyabrın 18-də isə Azərbaycan hökuməti Gəncədən Bakıya köçür.

Bu zəfərdən, bu qalibiyyətdən sonra Azərbaycan xalqının qəhrəmanına çevrilən Nuru paşa haqqında şeirlər yazılır, mahnılar bəstələnir.

Bakının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə istər Qafqaz İslam Ordusunun, istərsə də bu ordu ilə birlikdə düşmənə qarşı vuruşan azərbaycanlıların çox itkisi olub. Çəmbərəkənd qəbiristanlığında Azərbaycanın ən böyük şəhid məzarlığı salınıb. 1919-cu il sentyabrın 15-də bu şəhidlikdə xalqın topladığı vəsait hesabına Bakının azad edilməsi zamanı həlak olmuş döyüşçülərin şərəfinə abidə ucaldılmağa başlanılsa da, 1920-ci ildə Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra bu abidənin tikintisi dayandırılıb. Həmin illərdə tamamilə dağıdılan Çəmbərəkənd şəhidliyi yalnız yetmiş il sonra yenidən öz müqəddəs adına qovuşub. 1990-cı ildə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş 20 Yanvar gecəsinin qəhrəmanları məhz bu şəhidlikdə basdırılıb. Yəqin tarixin hökmü beləymiş: XX əsrin əvvəli və sonunda xalqın azadlığı uğrunda canlarından keçən insanlar bir məzarlıqda torpağa tapşırılmalıymış. Bu gün Qafqaz İslam Ordusunun şəhidlərinin şərəfinə ucaldılmış xatirə abidəsi 20 Yanvar və Qarabağ döyüşləri şəhidlərinin xatirəsinə ucaldılmış abidə ilə yan-yanadır.

Sovet hakimiyyətinin ən ağır illərində müstəqilliyini, dövlətçiliyini, torpaqlarının bir hissəsini, ordusunu, ən vətənpərvər ziyalılarını, əlifbasını itirən, tarixinə və mənəviyyatına təcavüz edilən Azərbaycan xalqı onun uğrunda vuruşmuş və canlarını qurban vermiş qəhrəmanların xatirəsini həmişə əziz tutur, onların qəbirlərini ziyarətgah bilib qoruyur. Bu həmin qəbirlərdir ki, onlar barəsində Məhəmməd Əmin Rəsulzadə belə yazıb: “Azərbaycanın hər cəhətində şairin təsvir etdiyi “sarmaşıqlı bir məzar” bulursunuz ki, “qızlar, gəlinlər” tərəfindən ziyarət­gah halına qoyulan bu məzar qardaş imdadına qaçan “Türk” məzarıdır. Əksər yerlərdə mehmetçiklə bərabər qoyun-qoyuna yatan azəri türkləri də vardır”.

Mənim Əmin babam da həmin azəri türklərindən biri olub. Yüzlərlə türk-azəri döyüşçüləri kimi o da əsgər marşı oxuya-oxuya döyüş meydanına atılıb:

Əlimizdə can qurtaran tüfənglər,

Belimizdə dinamitli fişənglər,

Coşsun yenə əski polad ürəklər,

Haydı, qardaş, sınırlara qoşalım.

Yüz il əvvəl babalarımız qanları, canları bahasına qalibiyyət qazanıb doğma Bakımızı bizə – gələcək nəsillərə qaytarıblar. Bizimsə borcumuz müstəqil Azərbaycanımızın paytaxtı olan Bakının şöhrətini artırıb onu dünyada tanıtmaq, şəhərimizin daha da çiçəklənib inkişaf etməsinə çalışmaqdır.

Mübarizə bu gün də var, yarın da

Biz də onun ən ön sıralarında!”

Yusif yazısını oxuyub tamamlayandan sonra Mələk nənə astadan yalnız bu sözləri dedi:

– Allah sənə rəhmət eləsin, ay ata. Bugünkü xoş günçün sənə çox borcluyuq. Ruhun şad olsun!

Yusif isə özündən asılı olmayaraq ayağa qalxdı, gedib yüzyaşlı şəklin qar­şı­sında dayanaraq inamlı səslə dedi:

– Baba, siz müstəqillik uğrunda vuruşdunuz. Mən də müstəqil Azərbaycanın əs­gə­ri olub Vətənimizi qoruyacağıma söz verirəm! And içirəm ki, sizin layiqli da­vamçınız olacağam! Sabahkı gün, daha xoş gələcək bizimlə gələcək!