“Zəfərə gedən yol” layihəsi çərçivəsində növbəti tədbir

1 Baxış

hg

Respublika Gənclər Kitabxanası şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı qələbəyə həsr etdiyi “Zəfərə gedən yol” layihəsi çərçivəsində tədbirlərini davam etdirir. Əvvəlcə layihə çərçivəsində “Vətən müharibəsi qəhrəmanları hərbi jurnalistlərin gözü ilə” instaqram üzərindən hərbi jurnalistlərlə canlı yayımlar təşkil olunmuş, “Vətən müharibəsinin tarix yazan qəhrəmanları” adlı esse müsabiqəsi elan edilmişdir.

Kitabxanadan Senet.az-a bildirilib ki, avqustun 3-də bu silsilədən növbəti tədbir “Vətən müharibəsi qəhrəmanları gənc rəssamların gözü ilə” mövzusuna həsr ediləcək. Virtual sərgi Respublika Gənclər Kitabxanasının uzun müddətdir ki əməkdaşlıq etdiyi, birlikdə bir sıra uğurlu layihələrə imza atdığı Azərbaycan Rəssamlar İttifaqının fəxri üzləri Elnurə və Aygün İsgəndərovlar ilə birlikdə təşkil olunacaq.

“Vətən müharibəsi qəhrəmanları gənc rəssamların gözü ilə” sərgisində 20-dən çox gənc, həvəskar rəssamların Vətən müharibəsi qəhrəmanlarına həsr etdikləri rəsm əsərləri onlayn rejimdə nümayiş olunacaq. Virtual sərgidə Rəssamlıq Akademiyasının, Azərbaycan Pedaqoji İnstitutunun və s. ali məktəblərin gənc həvəskar rəssamlarının 40-dan çox əl işləri yer alacaqdır.

Tədbir avqustun 3-də saat 11:30-da “Zoom” platforması üzərindən təşkil olunacaq. Əlavə məlumatları kitabxananın email ünvanından (ryl.az@mail.ru), sosial şəbəkə səhifələrindən əldə etmək olar.

Bölmə : Sənət xəbər