Zəhlətökən şair

334 Baxış

mushfiqxan2Müşfiq XAN

 

hocaların hocası əzizim K. üçün

 

Şair, kişi kimi boynuma alıram, sənə inanmırdım. Həmişə düşünürdüm ki, danışırsan da özünçün, boş-boş söhbətlər eləyib həm özünü, həm də mənim kimi sınıq-salxaq oxucularını çərlətməknən məşğulsan. Ya da ki, nə bilim, ilham pərilərin yığışıb diktə edib, sən də fərqinə varmadan “kopirovka” eləmisən. Şair bir şey də deyim, amma sən quran, xətrinə dəyməsin. “Zəhlətökəndi”, – deyirlər səninçün. Şeir haqqı, hər dəfə bunu eşidəndə göyün yeddinci qatına çıxmaqçün ürəyim elə atılır ki! Çıxıb özümü ordan yerə çırpmaqçün…

Amma sən haqlıymışsan, şair. İnsanlar cür bir olmurmuş, şair. Bir cür olmurmuş… Sən demişkən, pisi varmış, yaxşısı varmış. Sevgilər bir cür olmurmuş şair, böyüyü varmış, kiçiyi varmış. Günahlar bir cür olmurmuş şair, yıxanı varmış, tikəni varmış. Susqunlar bir cür olmurmuş şair, dindirəni varmış, ovunduranı varmış. Yuxular bir cür olmurmuş şair, oyadanı varmış, xumarladanı varmış. Xəyanətlər bir cür olmurmuş şair, öldürəni varmış, yaşadanı varmış. Sevgililər bir cür olmurmuş şair, unudulanı varmış, unudanı varmış. Tənhalar bir cür olmurmuş şair, bayquşu varmış, şahini varmış.

Və şairlər də bir cür olmurmuş şair, mənim kimi gərəksizi olan yerdə, sənin kimi qədirsizi varmış…

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Müşfiq XAN
KÖŞƏ YAZARLARI
TOP 10