Azərbaycanda inşaat keramikasından istifadə antik dövrdən başlanır

256 Baxış

121e Aida İsmayılova   Orta əsr Beyləqan şəhərinin kaşı nümunələri haqqında (Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında)   XII əsrdə Azərbaycan mədəniyyətinin hər sahəsində olduğu kimi, memarlıq sahəsində də nailiyyətlər əldə olunmuş, yerli memarlıq məktəbləri formalaşması başa çatmışdır.Bu dövdə yüksək bədii zövqə, zəngin peşə biliklərinə malik Azərbaycan memarları ölkənin böyük şəhərlərində yüksək dəyərə malik incilər yaratmışdılar. XII əsrin sonlarında və XIII əsrin əvvəllərində şəhərsalma yüksələn xətt üzrə inkişaf edirdi. Bu zaman Azərbaycanın mədəni mərkəzləri və böyük şəhərləri kimi ilk növbədə Şamaxı, Gəncə, Naxçıvan,Təbriz qeyd edilməlidir (4, s. 29). Şübhəsiz ki, şəhərsalmanın və memarlığın inkişafı eyni zamanda Azərbaycanda inşaat texnikasının yüksək tərəqqisinin nəticəsi idi. Qeyd olunan dövrdə Azərbaycan memarlığı artıq özünə xas olan bir görkəm almışdı. Qədim dövrlərdən gələn inşaat ənənələri islamiyyət dövründə köklənmiş yeni yaradıcılıq ənənələrilə birləşərək yerli memarlıq məktəbinin yaranmasına imkan yaratdı. Memarlıq məktəblərinin əmələ gəlməsi, əlbəttə ki, görkəmli sənətkarların yetişməsi ilə bağlıdır. Bu və ya digər amillər X əsrin axırından başlayaraq yerli memarlıq məktəblərinin əmələ gəlməsi və formalaşması üçün münbit şərait yaradır. Bu memarlıq məktəblərinin içərisində ilkii Arran  olmuşdur. (4, s. 29). Hazırki tədqiqatın mənbə bazasını da məhz Milli Azərbaycan Tarixi Muzeyində qorunan Arran memarlıq məktəbinə, daha dəqiq desək, onun mərkəzlərindən biri olan orta əsr Beyləqan şəhər yerinə aid kaşı nümunələri təşkil edir. Ümumiyyətlə, Beyləqan şəhərindən tapılmış arxeoloji materiallar içərisində inşaat keramikası öz zənginliyinə görə diqqət çəkir. İnşaat keramikası içərisində kaşı nümunələri öz rəng çaları, forması baxımından diqqəti xüsusilə cəlb edir. Həmin kaşı nümunələri barədə ümumi və qısa şəkildə tədqiqatçılardan Qara Əhmədov (5, s. 47), Kamil Məmmədzadə (8, s. 89-91) və Cəfər Qiyasi (7, s. 188-190) öz əsərlərində müəyyən dərəcədə bəhs etmişlər. Lakin Milli Azərbaycan Tarixi Muzeyində qorunan bu kaşı nümunələri xüsusi tədqiqat obyekti olmamışdır. Məqalədə əsas məqsəd muzeydə qorunan kaşıları sistemləşdirmək, əsas səciyyəvi xüsusiyyətlərini üzə çıxartmaq və Beyləqan şəhər yerindən aşkar olunmuş XII-XIII əsrin əvvəlinə aid kaşıların Azərbaycan inşaat keramikasında yerini və mənbə kimi əhəmiyyətini göstərməkdən ibarətdir. Azərbaycanın XII-XIII əsr memarlığının, eləcə də inşaat dulusçuluğunun  öyrənilməsində dəyərli əşyavi mənbə rolunu oynayan Beyləqan kaşıları müxtəlif  forma və rənglərə malikdirlər. Formalarına görə onları bir neçə qrupa ayırmaq mümkündür.İndi biz aşağıda bir neçə nümunəni diqqətə çatdırırıq. Kaşıların bir qrupunu üçbucaq formalı kaşılar təşkil edir. Bu qrupa daxil olan nümunələrdən biri 1958-ci ildə tapılmış və onun üz tərəfi firuzəyi rəngli şirlə örtülmüşdür. Həmin nümunənin uzunluğu 8, eni isə 6 sm-dir (Milli Azərbaycan Tarixi Muzeyi, Arxeologiya fondu, AF 24397) (şəkil 1). Üçbucaq formalı digər kaşı nümunəsi isə tünd qəhvəyi rəngdədir (şəkil 2).

 1(ŞƏKİL 1) 2  (ŞƏKİL 2)

Beyləqan kaşılarının növbəti qrupu altıguşəli nümunələrdən ibarətdir. Bu qrupdan olan nümunələrdən biri 1966-cı ildə tapılmışdı. Onun üz tərəfinin şiri firuzəyi rəngdədir. Kaşı böyük olub, uzunluğu 18,5, eni 16,5 sm-dir (şəkil 3). Beyləqan tapıntıları arasında üz tərəfi tünd qəhvəyi şirlə örtülmüş kaşı nümunələrinə də təsadüf olunur (şəkil 4).

3(ŞƏKİL 3)  4(ŞƏKİL 4)

Bəhs olunan abidənin kaşı nümunələri arasında ulduzlararası boşluqları dolduran xaçvari formalı, üzəri qara rəngli şirlə örtülmüş kaşı nümunələri də diqqətə layiqdir. Uzunluqları və enləri 15 sm olan bu kaşıların formaları eynidir (şəkil 5-6). Xaçvari formalı kaşılar qrupuna aid nümunələr arasında kiçik ölçülü, mavi rəngli divar bəzəyi də var. Bu nümunə 1968-ci ildə tapılmış, uzunluğu 7,5 sm, eni isə 6,5 sm-dir (şəkil 7).

 5(ŞƏKİL 5) 6  (ŞƏKİL 6)

7 (ŞƏKİL 7)   1968-ci ildə aşkar olunmuş inşaat saxsıları arasında tapıntılar səkkizguşəli divar bəzəyi də maraqlıdır. Bu nümunənin uzunluğu 20,6, eni isə 18,6 sm-dir (şəkil 8)   8  (ŞƏKİL 8)   Yuxarıda qeyd etdiyimiz kaşı nümunələrindən başqa Beyləqan şəhər yerindən üzəri qara rəngli şirlə örtülmüş, dairə formalı və içərisində səkkizguşəli ulduz olan kaşı fraqmenti də tapılmışdı. Səkkizguşəli ulduz daxilində dördguşəli ulduz və kvadrat vardır. Gilinin rəngi qırmızı olan, fraqmentin uzunluğu 17, eni 15 sm-dir. Bu nümunəyə oxşar digər kaşının üzərində günəşi xatırladan təsvir vardır (şəkil 9, 10). Onu da qeyd edək ki, altıguşəli ulduz və günəşə bənzər təsvir nümunələrinə dövrün şirli saxsı qab nümunələri üzərində də rast gəlinmişdir. Bunu dövrün ümumi estetik bədii təsəvvürü ilə əlaqələndirmək olar.

9(ŞƏKİL 9)  10(ŞƏKİL 10)

Beyləqan şəhər yerindən kvadrat formalı kaşılar da tapılıb. Üz tərəfi firuzəyi rəngli şirlə örtülmüş bu kaşılardan birinin uzunluğu və eni 24 sm-dir (şəkil 11). Oxşar kaşılara qədim Gəncə şəhərinin qazıntılarında da təsadüf olunub (AF 2506). Bu tip  kaşılar 2009-cu ildə Qəbələnin Qala adlanan ərazisindən də tapılıb. Lakin həm Beyləqan, həm də Gəncə nümunələrindən fərqli olaraq, Qala kaşıları XVI-XVII əsrlərə aid olmaqla yanaşı arxaları piramida şəkilli çıxıntılıdır (6, s. 353-354, 371). 11  (ŞƏKİL 11)   Divar bəzəkləri içərisində diqqəti cəlb edən tapıntılardan biri də mozaik dəstinin qalığıdır. Belə ki, həmin nümunələrin üzərində qara və göy rəngli üçbucaq və trapesiyalar vardır. Bu nümunənin uzunluğu 15, eni 8,5 sm-dir (şəkil 12).   12 (ŞƏKİL 12)   1936-cı ildə aşkar olunmuş kaşı isə öz formasına görə diqqəti cəlb edir. Üz tərəfdən dördkünc formalı olan bu kaşının arxa hissəsi başıkəsik piramida şəklində çıxıntılıdır. Səthi firuzəyi rənglə şirlənsə də, müəyyən hissəsində şiri tökülmüş, bir tərəfi isə yanmışdır. Bu nümunənin uzunluğu 22, eni isə 6 sm-dir (şəkil 13-14). Oxşar kaşılar 2009-cu ildə Qəbələnin Qala adlanan ərazisindən də tapılıb. Lakin Beyləqan nümunələrindən fərqli olaraq Qala kaşıları XV-XVII əsrlərə aid olmaqla yanaşı arxalarında ovalvari dəlikləri də var. Bu cür kaşılar Qalanın XII-XV əsrə aid təbəqələrindən məlumdur (6, s. 353-354, 371).

 13(ŞƏKİL 13) 14  (ŞƏKİL 14)

Digər bir kaşı nümunəsi isə təsvirli olması ilə diqqəti cəlb edir. Natamam olan bu nümunə coxguşəli ulduz formalıdır. Üzərində həndəsi, nəbati təsvir və ərəb yazılarını xatrıladan naxışlar vardır. Fraqmentin uzunluğu 6, eni 5 sm-dir (şəkil 15). Ümumiyyətlə, Azərbaycanda təsvirli kaşıların ən gözəl və nəfis nümunələrinə Pirsaat çayı yaxınlığında yerləşən  Pir Hüseyn  xanəgahında rast gəlinmişdir. Bu haqda hətta abidəni aşkar etmiş İvan Alekseeviç Bartolomey Boris Andreeviç Dorna yazırdı ki,  xanəgahın kaşıları o qədər gözəl və qeyri-adidir  ki, bənzərlərinə heç Qəzvində və Sultaniyyədə belə rast gəlməmişdir (10, s. 94-95; 11, s. 77-80).   15                                        (ŞƏKİL 15)   Yuxarıda verilən təsvirlərdən göründüyü kimi, Beyləqan kaşıları forma və məzmun baxımdan müxtəlif olub, öz dövrünün inkişaf səviyyəsini əyani şəkildə əks etdirir. Lakin bu kaşı nümunələrinin, o cümlədən kaşıçılığın meydana gəlməsi də təsadüfi baş verməmiş, müxtəlif texnoloji proseslərdən keçmişdi. Məlumdur ki, Azərbaycanda inşaat keramikasından istifadə antik dövrdən başlanır (9, s. 69, şəkil 5), lakin onun geniş şəkildə tətbiqi IX-X əsrlərə təsadüf edir (8, s. 89). Bəhs edilən dövrdə binaların divar səthində həndəsi naxışlar salmaq üçün rombvari, üçbucaqlı, düzbucaqlı, kvadrat, altıguşəli ulduz, ürəkşəkilli üzlük bəzək kərpicləri də istehsal olunurdu. Kərpic mеmаrlığının inkişаfı XII əsrdə Аzərbаycаndа şirli kərpic istеhsаlının yаrаnmаsını şərtləndirmişdir. Kərpiclərin görülən üzü əsаsən firuzəyi və mаvi rənnglə şirlənmişdir. Şirli kərpic istеhsаlının kəşfi sоnrаdаn kаşıçılığın mеydаnа gəlib cоşqun inkişаfınа təkаn vеrdi (1, s. 107). “Kaşı” sözünü orta əsrlər dövrü İranın nəfis keramika nümunələri hazırlandığı Kaşan şəhərinin adı ilə bağlı olduğu güman edilir. Kaşan şəhərinin inkişaf dövrü isə Böyük Səlcuq dövlətinin tərkibinə daxil olduğu dövrə aiddir. C.Qiyasi qeyd edir ki, göy rəngli şirli kərpiclər Səlcuq imperiyasının başlıca memarlıq mərkəzlərində eyni vaxtda-XII əsrin birinci yarısında meydana gəlmişdir (7, s. 188). Məhz Azərbaycan şəhərlərinin IX əsrin II yarısından başlayan sosial-iqtisadi, mədəni inkişafının ən intensiv çağı elə Səlcuq dövrünə təsadüf edir. Bu anlamda biz Beyləqan şəhər yerindən tapılmış kaşı nümunələrinin XII-XIII əsrin əvvəllərinə aid olduğunu deyə bilərik. Bu kaşı nümunələrinin hazırlanma texnikası da maraq doğuran məsələlərdəndir. Əfsuslar olsun ki, bu məsələ tədqiqatçıların diqqətindən bir qədər yayınmışdır. Lakin hazırkı tədqiqatda bu məsələyə aydınlıq gətirməyə cəhd göstərmək olar. Deyildiyi kimi, kaşı istehsalı dulusçuluqda baş vermiş ən böyük texniki nailiyyətlər dövrünə – XII-XIII əsrin əvvəllərinə təsadüf edir (5, s. 57). Kaşı istehsalında tədbiq olunan texniki üsullara ilk öncə gilin tədarükü və emalını, daha sonra isə gil kütləsinin qəliblənməsi və ya kəsilməsini aid etmək olar. Sonuncu texniki üsullardan qəliblənmənin tədbiqini əsasən eyni tip kaşı nümunələrinin standart ölçülərdə olması ilə əlaqələndirmək olar. Oxşar üsul bişmiş kərpiclərin hazırlanması zamanı da tətbiq edilmişdi. Lakin arxeoloji qazıntılar zamanı qəliblərin tapılmaması, onların torpaq altında aşınmaya meylli üzvi materialdan – ağacdan hazırlanması ilə bilavasitə bağlıdır. Güman etmək olar ki, iri ölçülü kaşılar qəliblənmə, kiçik ölçülü, xüsusilə mozaika dəsti üçün nəzərdə tutulmuş nümunələr isə kəsmə üsulu ilə hazırlanmışlar. Belə ki, kаşıçı ustаlаr mоzаikа dəsti üçün kаşı lоvhələri hаzırlаdır, sоnrа isə nахış еlеmеntlərinə müvаfiq оlаrаq müхtəlif fоrmаlı – ulduz, butа, bаdаm, хаç, rоmb və s. – fiqurlаr mişаrlаnırdı. Fiqurlаrın məhluldа yахşı birləşməsini təmin еtmək üçün оnlаrı bucаq аltındа mişаrlаyırdılаr, аrхаyа dоğru hissəcik nаzikləşirdi. Kаşının bеlə mişаrlаnmаsı nəticəsində mоzаikа dəstində məhlul görünmür, pаrlаq, хаlçа nахışlаrını хаtırlаdаn yüksək bədiiliyə nаil оlunurdu. Nахış еlemеntləri üzrə yığılаrаq gəc məhlulu ilə bərkidilən mоzаikа dəsti mоnоlit blok halında binanın əvvəlcədən nəzərdə tutulan hissəsində – baştağda, stalaktit karnizlərdə və s. yerləşdirilirdi (1, s. 107-108). Kaşı istehsalında sonrakı hazırlanma texnikasını bişirmə və şirləmə təşkil edir. Ona görə də ilk növbədə dulus kürələrinin XI-XIII əsrlərdə Beyləqan şəhər yerində mövcudluğu ilə bağlı məlumatları diqqətdən keçirmək lazımdır. Beyləqanın sənətkarlar məhəlləsində dulus kürələrinin olduğu arxeoloji qazıntılar zamanı müəyyənləşdirilmişdir. Bu kürələrin hər üçündə yalnız qablar bişirilmişdir. 3 və 4 saylı kürələr IX-X əsrlərə, yalnız 5 saylı kürə isə öz fərli quruluşuna görə XII-XIII əsrlər aid edilmişdir (5, s. 56). Lakin buna baxmayaraq, kaşıların bu kürələrdə bişirilməsi əlbəttə ki, məntiqə uyğun deyil. Lakin Beyləqanda aparılmış arxeoloji qazıntılar nəticəsində əvvəlki dövrlərə aid 9 dulus kürəsi aşkar olunmuşdur ki, onlardan 8-i qab, biri isə kərpic bişirmək üçün istifadə edilmişdi. Sonuncu dulus kürəsi IX-X əsrlərə aid olmaqla, şəhərin VI qazıntı sahəsində – şəhərin şimal-qərb qala darvaza yeri yanında aşkara çıxarılmışdı (5, s. 29). Buradan belə nəticəyə gələ bilərik ki, inşaat keramikası üçün nəzərdə tutulmuş dulus kürələri XI-XIII əsrlərdə də mövcud olmuşdu. Çünki şəhərsalmanın və memarlığın inkişafı fonunda inşaat keramikasına təlabatın artdığı dövrdə kərpic və ya kaşı bişirilməsi üçün nəzərdə tutulmuş dulus kürələrinin olmaması inandırıcı deyil. Əlbəttə ki, bu gələcək elmi axtarışların və tədqiqatların predmetidir. Kaşıların boyanmasına və şirlənməsinə gəldikdə, inamla demək olar ki, bədii saxsı qabların hazırlanmasında istifadə olunan boyaq maddələrindən divar bəzəklərinin dekorunda geniş tədbiq olunmuşdu. Belə ki, həm şirli qablar, həm da kaşılarda rəng çalarları oxşarlıq təşkil edir. Beyləqan şəhər yerindən tapılmış kaşılar əsasən üç rəngdə – qara, göy və firuzəyi rəngdədirlər. Ümumilikdə isə firuzəyi rəng üstünlük təşkil edir. Firuzəyi şirli kaşılar Azərbaycan memarlığında XII əsrin əvvəllərində meydana çıxmış və müxtəlif təyinatlı binaların bədii tərtibatında uğurla tətbiq olunmuşdur. Kaşıların texniki və bədii göstəriciləri – möhkəmlik, sabitlik, rəng çalarları memarlığa yeni keyfiyyət və estetik məzmun gətirirdi. Binaların bayır səthlərinin firuzəyi kaşılarla örtülməsi və ya bəzədilməsinə xüsusi önəm verilirdi (2, s. 389). Kaşıların əsasən firuzəyi şirlə şirlənməsi heç də təsadüfi deyildir. Şəffaflığı və fakturasına görə xüsusilə qiymətli olan bu şir növü əsasən kobaltdan alınırdı. Məhz Azərbaycanda kobalt filizi yataqlarının külli miqdarda olması üzərinə firuzəyi rəngdə şir çəkilmiş kaşıların geniş şəkildə istehsal olunmasına imkan verirdi (3, s. 323). Kaşıların arxasındakı yapışdırıcı məhlulların qalıqlarına əsasən deyə bilərik ki, bu bəzəklərin vurulmasında həm əhəngli məhluldan, həm də gəc məhlulundan istifadə olunmuşdu. Lakin kaşılar daha çox gəc məhlulundan istifadə edilməklə binaya və ya dekorativ hissəyə birləşdirilirdi (1, s. 106-107). Bəhs edilən dövrdə memarlıqda kaşılardan nəbati və həndəsi dekorlarda daha çox istifadə olunurdu. Hesab edirik ki, bunun bir neçə səbəbi vardır. Həmin dövrdə İslam dinində canlı varlıqların təsvirinin məqbul sayılmaması səbəbindən bu təsirin memarlıqdan da yan keçməməsi kimi fikirlərlə də razılaşmaq mümkün deyil. Bu mənada arxeoloq Q.Əhmədov haqlı olaraq demişdi: “Nə islаm dininin еhkаmlаrı, nə sаrаy həyаtının rəsmiyyətçiliyi хаlq yаrаdıcılığıilə bilаvаsitə bаğlı оlаn, оnun istək və аrzulаrını, zövq və bахışlаrını özündə əks еtdirən dulusçuluq sənətinə əsаslı təsir göstərə bilmədiyi kimi, оnun inkişаfının istiqаmətini də dəyişdirə bilməmişdir. İslаm dini incəsənətdə аncаq оrnаmеnt və nахış sənətkаrlığının dаhа gеniş inkişаf еtməsinə təsir göstərmiş, sаrаy rəsmiyyətçiliyi isə fеоdаl məişətindən götürülmüş bəzi səhnələrin (çövkən оyunu, оv səhnələri və s.) qаblаr üzərində əks еtdirilməsinə nаil оlmuşdur” (5, s. 79). Bu dövrdə Yaxın Şərqdə geniş yayılmış, insanların şüuruna, təfəkkürünə və düşüncə tərzinə hərtərəfli nüfuz etmiş dini-fəlsəfi dəyərlər sistemindən biri kimi İslam dini Azərbaycan məkanına daxil olarkən özü ilə yeni tələblər, qaydalar, adətlər və təbii ki, məhdudiyyətlər də gətirmişdir. Azərbaycanın elə bir orta əsr sənət sahəsi yoxdur ki, islamın atributları və rəmzləri orada əks olunmasın. Bu baxımdan İslam mədəniyyəti üçün səciyyəvi olan ərəb qrafikalı dini yazılar və işarə-naxışlar Azərbaycanın orta əsr memarlığından da yan keçməmişdir. Lakin ziddiyyətli məqamlardan biri budur ki, məhz bu dövrdə islamın canlı varlıqların təsvirinin verilməsi ilə bağlı qadağalar dulusçuluqda yerinə yetirilməmiş, incəsənətin bəzi növlərinin inkişafında iz qoyan bu məhdudiyyətlər heç də bütün müsəlman ölkələrində qüvvədə olmamışdır. Qadağa və məhdudiyyətlər yalnız ideoloji təsəvvürlərin əsasən gücləndiyi dövrlərdə həyata keçirilmişdir (13, s. 30). Kaşılarla bağlı digər vacib məsələ isə onların bu və ya digər meyarlara əsasən təsnif edilməsidir. Azərbaycan memarlığında tətbiq olunan kaşıların ilk dəfə təsnifatı keçən əsrin 60-cı illərində Leonid Bretanitski tərəfindən irəli sürülmüşdü. O, kaşıları işlənmə təyinatına görə iki tipə ayırmışdır:

  • müstəqil işlənən kvadrat, altıbucaq, romb, çoxguşəli, dördbucaqlı, böyük ölçülü kaşılar;
  • mozaika dəstində işlənən səkkizguşəli ulduzlar, ulduzlararası boşluqları dolduran xaçvari, vergül, yarımdairəvi və s. formalı kiçik ölçülü kaşılar (10, s. 325).

Növbəti təsnifat arxeoloq-alim Tarix Dostiyev tərəfindən irəli sürülmüşdü. O, arхеоlоji qаzıntılаr zаmаnı Şаbrаn şəhər yеrindən tаpılmış müхtəlif kаşılаrı fоrmаsınа, bədii хüsusiyyətlərinə görə üç tipə bölmüşdür (1, s. 107):

  • I tip kаşılаr üçbucаq, kvаdrаt, аltıbucаq, rоmb və çохguşəli fоrmаdа böyük ölçüdə sаdə kаşılаrdır. Оnlаrın üzəri ağ süd rəngli, mаvi, firuzəyi, tünd göy, yаşıl, qızılı şirlə örtülmüşdür;
  • II tip kаşılаr düzbucаq, kvаdrаt, аltıbucаq və rоmb fоrmаdа оlub, şir аltından pоliхrоm rənglə həndəsi, nəbаti və еpiqrаfik nахışlаrlа bəzədilmişdir;
  • III tip kаşılаr kiçik ölçülü оlub vеrgül, хаçvаri, yаrımdаirə, qövs, butа, ürək və s. fоrmаlаrdаdır. Оnlаr аğ süd rəngli, mаvi, firuzəyi, tünd göy, yаşıl, qırmızı şirlə şirlənmişlər.

Arxeoloq-alim T.Dostiyev hesab edir ki, I və II tip kаşılаr müstəqil işləndikləri hаldа, III tip kаşılаr əsаsən mоzаikа dəstində istifаdə оlunurdu və müstəqil bədii dəyərə mаlik dеyildilər. Göründüyü kimi həm bu təsnifatda, həm də son zamanların arxeolji ədəbiyyatlarında L.Bretanitskinin bölgüsü hələ də dominantlıq təşkil edir. Kaşıların tipoloji təsnifatı ilə bağlı yeknəsəqliyi aradan qaldırmaq məqsədilə yeni bir bölgüyü irəli sürməyi məqsədəuyğun hesab etdim. MATM-da qorunan Beyləqan kaşılarını aşağıdakı kimi təsnif etmək olar:

  • İstifadəsinə görə – müstəqil və mozaika dəstində;
  • Rənginə görə – firuzəyi, mavi, göy, ağ, yaşıl, qızılı, qara və s.;
  • Formasına görə-kvadrat, düzbucaqlı, üçbucaqlı, rombvari, xaçvari və s ;
  • Bədii tərtibatına görə – monoxrom saya və polixrom təsvirli.

Yuxarıda qeyd etdiyim kimi, kaşı nümunələri müxtəlif formadadırlar. İslam inanıma görə bu fiqurların müəyyən anlamı var. Belə ki, üçbucaq üç nöqtəni birləşdirən düz xətlərdən, kvadratın diaqonal şəklində bölünməsi ilə alınır. Əgər üçbucağın təpə bucağı yuxarını göstərərsə, bu dünyəvi həyatdan səmavi, maddi dünyadan mənəvi dünyaya keçidin rəmzidir. Qeyd etdiyimizin əksi olarsa, məna da əks anlamda olur. İki eyniölçülü və bərabərtərəfli üçbucaqların kəsişməsi isə islam filosoflarına görə bərabərliyi, hüzuru, sakitliyi və mütləq harmoniyanı təcəssüm etdirir. Divar bəzəklərində tez-tez rast gəlinən fiqurlardan biri də dördbucaqlıdır. İslam mədəniyyətində dörd rəqəminin özünün xüsusi yeri var. Belə ki, filosoflara, riyaziyyatçılara, astroloqlara görə dörd rəqəmi bütün rəqəmlərin köküdür. Belə ki, burada təbiətdə əsas ünsürlərə – hava, torpaq, su və oda, dünyanın yaradılmasında istifadə olunan – qum, gil, daş və duza, həmçinin cəhətin dörd olmasına işarədir. Kvadrat islam dünyasında ən müqəddəs yer sayılan Kəbənin plan və formasını əks etdirir. Beşguşəli Davud Ulduzu, altıguşəli ulduz isə çox zaman – Davudun xatimi adlandırılır. Bu, əzəmət və müdrikliyə işarədir. Belə ki, Allah öz peyğəmbərlərini bununla mükafatlandırmışdır (14, s. 192-194). Təsadüfi deyil ki, altıguşəli ulduz Türkiyədə Malatyada Böyük məscidin günbəzini bəzəyir. Kaşılar içərisində yuxarıda qeyd etdiyim kimi, səkkizguşəli ulduz formalı olanlar da var. İslamda isə səkkizguşəli ulduzun dörd tərəfi hava, torpaq, su, odu, digər dörd tərəfi isə kainatın cəhətlərini bildirir. Bundan başqa səkkizguşəli ulduzun maddi dünyadan səmavi dünyaya keçidi ifadə etdiyi də qeyd olunur. Məlumdur ki, bir çox həndəsi fiqurların təsvirlərinə qədim dövrə aid keramika və metal məmulatı üzərində rast gəlinmişdir. Lakin tarixi inkişaf mərhələsində həmin təsvirlər aid olduğu dövrün fəlsəfi dünyagörüşünə uyğunlaşmışdır. Bəhs etdiyimiz orta əsrlər dövründə də memarlıq Ümumşərq mədəniyyətinə uyğun formalaşmışdır. Bəhs olunan dövrdə Azərbaycanda isifadə edilmiş kaşı nümunələrinə İran və Mərkəzi Asiya ərazilərində də rast gəlinmişdir (12, s. 43-44). Onu da qeyd etmək olar  ki, Beyləqan şəhər yerindən tapılmış kaşılardan fərqli olaraq həmin ərazilərdən tapılmış kaşıların üzərində zoomorf, antropomorf və nəbati təsvirlər var. Göründüyü kimi, XII-XIII əsrin əvvəlləri Azərbaycan memarlığında bir çox yeniliklərlə əlamətdar oldu. Belə yeniliklər sırasında ictimai və dini-xatirə memarlıq bəzəyində kaşıların uğurlu tətbiqini qeyd etmək olar. Azərbaycanda divar bəzəyi kimi istifadə olunan müxtəlif formalı kaşı nümunələri üzərində az da olsa islam dininin təsiri özünü göstərir. Azərbaycan mədəniyyətinin Şərq mədəniyyətinin tərkib hissəsi olması bir daha aydın şəkildə özünü biruzə verir. Bu qeyd olunan ərazilərin coğrafi baxımdan yaxınlığı, eyni mədəni mərkəzlərlə, Böyük Səlcuq Dövlətinin tərkibində olan şəhərlərin təsiri, mədəni-ticari əlaqələrin nəticəsi kimi düşünülə bilər.   İstifadə olunmuş mənbə və ədəbiyyat siyahısı: 1.Dostiyev T.M. Şimal-Şərqi Azərbaycan IX-XV əsrlərdə (Quba-Xaçmaz bölgəsinin materialları əsasında tarixi-arxeoloji tədqiqat). Bakı, 2001. 2.Dostiyev T.M., Bəşirov R.Y., Mirzəyev R.H., Hüseynli N.N. Orta əsr Şəmkir şəhəri: arxeoloji qazıntılar və artefaktlar. Bakı, 2013. 3. Həbibov X. Orta əsr Şəmkir şəhərinin inşaat keramikası / “Antik və orta əsr Azərbaycan şəhərləri:  arxeoloji irsi, tarixi və memarlığı” Beynəlxalq elmi konfransın materialları, Bakı, 2012. 4. Əfəndi R. Azərbaycan incəsənəti. Bakı, 2007. 5.Əhmədov Q. Orta əsr Beyləqan şəhəri. Bakı, 1979. 6.Qəbələ Arxeoloji Ekspedisiyasının Hesabatları (2005-2010-cu illər). Bakı, 2012. 7.Qiyasi C. Nizami dövrü memarlıq abidələri. Bakı, 1991. 8.Məmmədzadə K. Azərbaycanda inşaat sənəti. Bakı, 1978. 9.Бабаев И. Города Кавказской Албании в IV в. до н.э.-III в.н.э. Баку, 1990. 10.Бретаницкий Л.С. Зодчество Азербайджана XII-XV вв. и его место в архитектуре Переднего Востока. Москва, 1966. 11.Бретаницкий Л., Усейнов М., Саламзаде Л. История архитектуры Азербайджана. Москва, 1963. 12.Достевский М. Старина и быт Средней Азии. Москва, 1917. 13.Квачидзе В. Изобразительное искусство средневековых керамистов Азербайджана (по материалам городища Бяндован 1) / Azərbaycan arxeologiyası, № 1-2, 2000. 14.Стародуб Т.Х. Исламский мир. Художественная культура VII-XVII веков.(Архитектура, изображение, орнамент, каллиграфия). Москва, 2010.                                                             

Bölmə : Araşdırma, Manşet
KÖŞƏ YAZARLARI
TOP 10