“Zərifə xanım Əliyeva” Elektron məlumat bazası təqdim olundu

1 Baxış

hg

Aprelin 28-də Azərbaycan tibb elmində silinməz izlər qoymuş, səhiyyəmizə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümü tamam olur.

Senet.azxəbər verir ki, Akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir. Zərifə xanım Əliyeva çoxsahəli və çoxşaxəli göz xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikasını ölkə miqyasında yüksək səviyyədə düzgün təşkil etməklə bərabər, həm də müasir tipli laboratoriyalar yaradılmasına, insanların sağlam həyat tərzinin mühafizə olunmasına xüsusi diqqət yetirirdi. Təsadüfi deyildi ki, Zərifə xanımın birbaşa rəhbərliyi altında gənc elmi işçilərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmiş, o özündən sonra dəyərli məktəb qoymuşdu.

Təbabətdə öz dəst-xətti olan novator alimin oftalmologiyanın müxtəlif sahələrində yorulmadan apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər müasir dövrdə də aktuallığını itirməyib. Böyük alimin əziz xatirəsi xalqımızın qəlbində yaşayır, nurlu obrazı bu gün də davamçılarının yolunu işıqlandırır.

Bu münasibətlə, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Akademik Zərifə Əliyeva – 98” (http://anl.az/el/vsb/Akademik_Zerife%20Eliyeva_98/index.htm) adlı virtual sərgi və “Zərifə xanım Əliyeva” (http://anl.az/el/emb/ZE/index.html) adlı Elektron məlumat bazası hazırlanıb.

Virtual bazalarda Akademik Zərifə xanım Əliyeva haqqında görkəmli şəxslərin fikirləri, müəllifi olduğu və haqqında yazılmış kitablar, həyat və fəaliyyətinə dair sənədlər, məqalələr və fotolar nümayiş olunur. Elektron məlumat bazası “Prezidentin sərəncamı”, “Bioqrafiyası”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Ana”, “Görkəmli şəxslər Zərifə Əliyeva haqqında”, “Əsərləri”, “Haqqında”, “Zərifə xanım Əliyeva dünya kitabxanalarında”, “Zərifə Əliyeva surəti bədii ədəbiyyatda”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Fotoqalereya” və “Videoqalereya” bölmələrindən ibarətdir.

Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq.