“Zərnişan”

16 Baxış

seyidhuseyn

Senet.az Seyid Hüseynin  “Zərnişan” hekayəsini təqdim edir:

 

Aran yaylağa köçməyə hazırlaşırdı. Sabah pəncşənbə günü yola çıxacaqdılar. Qışlaqdakı evlərdə hamı səfər tədarükündə idi. Kimi qapı-bacasını bağlayır, kimi həyət-bacasını təmizləyir, kimi ev şeylərini arabaya daşımaqla məşğuldu.

Bir neçə cavan Eyvazın başına yığışıb onun araba çatmasına tamaşa eləyir, bir-iki bayatı çağırmasını xahiş edirdi. Başı işə bərk qarışmış Eyvaz:

-    Ay uşaqlar, mane olmayın! Bayatını sabah yolda oxuyaram, – deyirdi.

Eyvazı qışlaqda hər kəs sevər, söhbətindən xoşlanar, onu dinləmək istərdi. Eyvaz az danışardı, fəqət söhbətlərində bir incəlik, bir şirinlik olardı. Bunu kəndin qocaları da bilirdi, uşaqları da. Arvadları da bilirdi, qızları da. Qışlaq camaatının Eyvaza xüsusi bir məhəbbəti vardı. Neçə gün idi ki, köç münasibətilə hamı sevinirdi. Evlərin çoxunda yurd halvası bişirilmişdi. Üzlərdə, gözlərdə şadlıq əlaməti görünürdü.

Sevinməyən yalnız o idi. Üzündəki əbədi pərişanlıq, hüzn və kədər çəkilməmişdi. Daşdan tikilmiş bir evin qarşısındakı təndirin üstə donmuş bir vəziyyətdə oturmuşdu. Kim bilir, o nə vaxtdan beləcə dinməz, söyləməz, hərəkətsizdi. Yapdığı çörəkləri çoxdan çıxarmış, təndirin odu çoxdan sönmüşdü. Evdə, beşikdəki körpə uşaq bayaqdan bəri çığırır, ağlayırdı. O, bu səsi eşidirdi. Fəqət yerindən qımıldanmırdı. O, dalğın idi. Düşünürdü. Düşüncələri o qədər şirin, o qədər xoş idi ki, onlardan bir an belə ayrılmaq istəmirdi. Sanki itirdiyi ən qiymətli bir şeyi tapmışdı, onun əlindən çıxacağından qorxurdu. O, ötən günlərin şirin xatirələrinin qoynundaydı…

Elə bu çağlar idi. Belə bir köç ərəfəsində idilər. O, azad bir uşaq sevinci ilə atılıb-düşür, deyib-gülürdü. Qayğısız, dərdsiz, ələmsiz. Sabahı gözləyirdi. Sabahın tez gəlməsinə tələsirdi. Axı üzünə açılacaq sabah qışın cansıxıcı günlərinə son qoyacaq, qarşıda yeni bir aləm görünəcəkdi: yaşıl çəmənlər, buz bulaqlar, geniş düzlər, məxmər don geymiş təpələr… aylı gecələr… qızların axşam gəzintiləri. Onun ürəyi sevgi ilə dolu idi. Arzularla dolu idi.

Əfsus! İntizarla gözlədiyi səhər bütün sevincini, şadlığını əlindən aldı. Onun saf qəlbinə qara bir ləkə saldı. Həmin səhər qızcığazın ürəyinin arzularını, dodağının təbəssümünü, gözlərinin sevincini özü ilə apardı. Bu, qızcığaza dəyən ilk ağır zərbə oldu. Həmin səhər zalım, rəhimsiz bir əl onun səadətini, bəxtiyarlığını aldı.

Qəfildən eşidilən amiranə bir səs qızcığazı düşüncələrdən ayırdı:

-   Axmağın qızı, axmaq, yenə heykəl kimi nə quruyub qalmısan burda! İşin, gücün yoxdur?

Zərnişan başını yuxarı qaldırdı. Qan çanağı kimi qızaran iki göz ona baxırdı. Bu, Nəcəfalı idi. Zərnişan bir söz demədən nəşəsiz halda təndirin üstündən aşağı düşdü, ətalətli və yorğun addımlarla evə keçdi. Həyətdən Nəcəfalınm səsi eşidilirdi: “Zalım qızının elə bil sürüsünü sel aparıb! Gəmiləri qara dəryada qərq olub. Bu evə ayaq basanı üzünün bir gülən vaxtını görmədik. Elə həmişə qaşqabaqlı, həmişə sımsığı yerlə gedir. Elə bil yasxanadadır”.

Nəcəfalı haqlı idi. Bu evə gəldiyi dörd ilin ərzində Zərnişanın üzü hələ gülməmişdi, ürəyi açılmamışdı.

Budur… Günəş dağların arxasına çəkilir, kəndin üzərinə xəfif bir qaranlıq çökürdü. Ötədə-bəridə yavaş-yavaş işıqlar gözə çarpırdı. Zərnişan qaranlıq evin astanasında oturub körpəsini uyudurdu. Nəcəfalı lampanı yandırıb ocağın yanına qoydu. Hirslə həyətə çıxdı. Nökəri Eyvaza əmrlər verməyə başladı. Sonra ətraf qərib bir sükuta daldı. Zərnişan yenə əvvəlki düşüncələrinə qayıtdı…

Həmin bu yerdə, lənətə gəlmiş bu həyətdə Nəcəfalı onu yaxalamışdı. Qüvvətli əllərilə qızcığazı otağa sürükləmiş, qapını içəridən qapayaraq vəhşi bir ehtirasla Zərnişanı yerə yıxmışdı…

Bu hadisənin belə bir tarixçəsi vardır: Nəcəfalıgil kənddə mötəbər ailələrdən sayılırdı. Qoyun sürüləri, ilxıları, əkin yerləri, bağ-bağatları. Qohum-əqrəbaları da varlı, qüvvətli idi. Nəcəfalınm keçmişi qaranlıqdı. Adam öldürmüş, həbsdə yatmışdı. Həbsdən qayıtdıqdan sonra Zərnişanın böyük bacısı Ziynəti almış, ailə qurmuşdu. Fəqət Ziynətin səadəti uzun sürməmişdi. Ərinin və onun adamlarınm zülmünə dözə bilməmiş, vərəmləyib ölmüşdü. Üstündən bir o qədər keçməmiş, Nəcəfalı qaynı Murtuzaya belə bir sifariş göndərmişdi: mən razı ola bilmərəm ki, evimə Ziynətin yerinə başqası gəlsin. Bu evin arvadı Zərnişan olmalıdır!

Bu xəbər qızcığaza çatanda nələr çəkmişdi! Aman Allah, Nəcəfalının heybətli sifətinə, qanlı gözlərinə baxmaqmı olar? Onun təhqirlərinə, yumruqlarına dözməkmi olar? Yox! Yox!

Zərnişan hələ əvvəllər, çox əvvəllər də Nəcəfalıdan qorxardı. Bu bədheybət kişinin nəzərlərindən uzaq olmağa çalışardı. Onunla üz-üzə gələndə bədənini tər basırdı. Odur ki, qızcığaz bu acı xəbəri eşidəndə dəhşətə gəldi: Yox! Yox! Mən ondan qorxuram! Mən ona ərə getməyəcəyəm! Getməyəcəyəm! – deyib fəryad eləmişdi.

Bir dəfə Zərnişan çiynində səhəng bulaq başından qayıdırdı. Nəcəfalı onun yolunu kəsib demişdi:

-   Eşitmişəm oyan-buyan danışırsan. Onu bil ki, mənə Nəcəfalı deyərlər. Hələ bir sözüm iki olmayıb. Get yaxşı fikirləş.

Bu sözlər Zərnişanın vahiməsini bir qədər də artırmışdı. İndi o hər addımda çevrilib geriyə baxır, bəzən öz kölgəsindən belə ehtiyat edirdi. Fəqət qəribə idi. Bütün bunlara baxmayaraq, onda qüvvətli bir hiss oyanmışdı: Nəcəfalıya ərə getməyəcəyəm!

Taleyin nə acı, nə amansız hökmləri varmış….Bu vaxtlar idi. Köç zamanı yetişmişdi. Zərnişan sevinirdi. Qarşıda ən məsud günlər görünürdü. Yaylağın hər dərəsində, hər çəmənində, hər çiçəyində belə onun şirin xatirələri yaşayırdı. O bu xatirələri ilə görüşə tələsirdi. Hələ Eyvaz… Zərnişanın uşaqlıq dostu, uşaqlıq həmdəmi. Qızcığaz axır vaxtlar hiss edirdi ki, nə isə qeyri-adi bir tel, gözə görünməyən bir qüvvə onu Eyvaza bağlamışdır. Kəndin bütün qızları Eyvazla maraqlanırkən, bu yaraşıqlı gəncə mərbud ikən, o yalnız Zərnişanı görür, Zərnişanla deyib – gülür, şirin bayatılarını yanıqlı bir səslə yalnız onun üçün oxuyur, ürəyinin sirlərini ona açırdı. Eyvaz köçqabağı Zərnişana xəbər vermişdi ki, yaylaqda onlara elçi göndərəcək, nişan taxacaq…

Burada, həmin bu yerdə Nəcəfalıya rast gəldiyi o uğursuz gün, o dəhşətli gecə olmasaydı…

İndi Zərnişan nə edə bilərdi? Kimin üstünə şikayətə gedəydi? Dərdini kimə söyləyəydi? Yenə anası sağ olsaydı, onun qucağına qısılar, göz yaşları tökər, müsibətini ona nəql edərdi. Zərnişan kimsəsizdi. Hayına çatacaq fəqət qardaşı Murtuz idi. Faciəsini ona necə deyə idi? Desəydi, bir kömək olardımı?

Zərnişan həmin gecəni ağlayaraq başa vurmuş, yaylaq fəslini dərin bir matəmlə keçirmişdi. Çarəsi hər yerdən kəsilib Nəcəfalıya arvad olmuşdu. İndi o dörd il tamam idi ki, Nəcəfalmın evində idi. İki uşaq doğmuşdu. Ancaq nə evini, nə də ərini sevə bilirdi. Məhəbbətsiz yaşayırdı. Nəşəsiz yaşayırdı. Məhəbbətini, sevincini oğurlamışdılar. Ürəyi sızıldayır, dili tez-tez Eyvazın yanıqlı bayatılarırn təkrar edirdi. Qəlbi kaman kimi inildəyən Zərnişanın üzü necə güləydi?

 

 

 

 

 

 

 

Bölmə : Nəsr
KÖŞƏ YAZARLARI
TOP 10