Zərrə laqeydliyin böyük zərərləri – Ülvi Aydın

714 Baxış

99408282_1124546237901212_5131696379176943616_n

Məsuliyyətli insanlar cəmiyyətin inkişafı üçün nə qədər faydalıdırsa, ətrafındakı baş verən hadisələrə gedən proseslərə laqeyd münasibət göstərən, məsuliyyətsiz şəxslər bir o qədər təhlükəlidir. Əgər bir insan öz səhhətinə, işinə, ailəsinə laqeyd münasibət göstərirsə, onun cəmiyyətə qarşı rəftarı da laqeyd olacaq. Valideyn övladının etdiyi hərəkətlərə zamanında reaksiya vermir, düzələr, keçər fikirləri ilə hadisədən yayınmağa çalışırsa, müəyyən zamandan sonra övladın davranışında neqativ hallar daha da artır və bir nəfərin mənfi hərəkətləri yalnız özü üçün deyil cəmiyyət üçün fəsadlarla nəticələnir. Buradan da aydın görünür ki, zamanında göstərilən zərrə laqeydlik düzəlməsi müşkülə çevrilən böyük zərərlə nəticələnir.

Məsuliyyətini dərk etməyən şəxslər məsuliyyətli insanlara da böyük zərər verirlər. Məsuliyyətli insanlar öhdələrinə düşən işi zamanında və dəqiq görmək istədiyi halda laqeyd şəxslərin səhlənkarlığı və plansız hərəkətləri həssas və dəqiq insanların əsəb keçirməsinə səbəb olur. Buna görə də cəmiyyətdə laqeyd insanların çoxluğu yetişməkdə olan nəsillərə də mənfi təsir göstərir. Mənfi hallar insan beynində daha tez yer tutur, müsbət hallar isə bir qədər gec aşkar olur. 100 litrlik çənə 1 stəkan şirin su qatılsa bu sudan içən əksər insanlar bu şirinliyi hiss etməyəcək, 1 stəkan acı su əlavə edilərsə sudan içən bütün insanlarda sonuncunun fəsadları daha tez hiss olunacaq.

Bu baxımdan mənfi keyfiyyətlər insan xarakterinə daha tez sirayət edə bilir. Laqeydliyin ən böyük zərərlərindən biri də ailədaxili münaqişələrin yaranmasıdır. Ailədə insanların biri-birinə diqqətsiz yanaşması, soyuq münasibəti, özləşmə meyllərinin çox olması psixoloji və iqtisadi böhranlara gətirib çıxarır. Ümumən hər bir böyük hadisənin (faciənin) başlanğıcı kiçik qığılcımlardan başlayır. Laqeydliyin ən pik həddi isə xəlqi və bəşəri mərhələyə çatmasıdır. Bir nəfərin məsuliyyətsizliyi nəticəsində yüzlərlə, minlərlə insan zərər çəkə bilər. Hər bir kəs qoyulan tələblərə, edilən xəbərdarlığlara riayət etmirsə, həyatını özünün bildiyi və özünə rahat olan şəkildə davam etdirirsə, bir nəfərin ucbatından çox saylı insanlar zərər görür və müəyyən hallarda bu zərərlər insanların həyatı bahasına başa gəlir. Laqeydliyin və məsuliyyətsizliyin kökündə dayanan səbəblər insanın inadı, rahatlığını pozmaq istəməməsidir.

Digər səbəblərdən biri də, bir nəfərin etdiyi məsuliyyətsiz hərəkətinə və ya laqeyd münasibətinə ailə üzvlərinin, yaxınlarının laqeyd münasibətidir. Əksər insanlar münasibətlərini pisləşdirməmək üçün bu mənfi hallara iradlarını bildirmir, elə bu səbəbdən də laqeyd insanlar həyatını bildiyi kimi davam etdirir. Buradan da digər bir fəsad ortaya çıxır ki, laqeyd şəxsin həyatını görən şəxslər bu həyatı özləri üçün örnək qəbul edib həmin həyat tərzini davam etdirirlər. Buna nümunə olaraq qeyd etmək olar ki, 23-25 yaşında olan bir gənc öz işini məsulyətsizliyi ucbatından itirirsə, ailəsi tərəfindən qınanmadığı halda, onun arxasınca yetişən bacı, qardaşı (yaxın ətrafı) da bu halları təkrar edir. Bu səbəbdən də insanlarda laqeyd münasibət və ya biganəlik kütləvi xarakter almağa başlayır. Halbuki zamanında zərrə əziyyətlər çəkməklə gələcəkdəki böyük və ağrılı əziyyətlərin qarşısını almaq olar. Hər bir insan öz məsuliyyətini dərk edərək yaşamağı vətəndaşlıq borcu hesab etməlidir.

Son aylarda dünyada başlayıb ölkəmizdən də yan keçməyən hadisələr də göstərir ki, məsuliyyətli olmaq insan həyatının və yaşamının əsas şərtlərindən biridir. Bəşəriyyətin bəlasına çevrilən koronovirusdan (COVİD-19) qorunmağın ən rahat yolu Ümumdünya Səhiyyə Təşkilatının və dövlətimizin etdiyi tövsiyyələrə və qoyduğu tələblərə məsuliyyətli şəkildə riayət etməkdir.

 

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10
Posts not found. Pleae config this widget again!