Zəfər həmişə zəfərdir?

23 Baxış

sonSenet.az “XAN” nəşriyyatında çapdan çıxan Reha Çamuroğlunun “Son Yeniçəri” kitabından bir hissəni təqdim edir.

Zəfər həmişə zəfərdir?

Həyatımda üsyan hissini heç yaşamamışam. Üç həftə əvvəl Şəbəşdə düşməni darmadağın etdikdə üç həftə sonra belə hiss içində olacağımı desəydilər, gülərdim. Lakin bu üç həftə mənə, əgər eşşək yüklü kitablar oxusaydım, öyrənə bilməyəcəyim həqiqətləri dəhşətli şəkildə öyrətdi. Zəfər üsyanın qardaşıdırmı? Zəfər müzəffər ordunu dağıda bilərmi? O gecə, zəfər qazandığımız həmin günün gecəsi, sən demə hər şey baş veribmiş, mənim xəbərim yox idi. İlahi, mən nə qədər kor olmuşam…
Əvvəl əsgərlər arasında əsirlər üstündə mübahisə yarandı. Əsir götürülənlər paylaşılmır, hamı əsirlərə görə bir-birinə qarşı çıxırdı. Mübahisələr sonda davaya çevrildi. Anadolu əsgəri Rumeli əsgəri ilə, piyada süvari ilə, yeniçəri hamısı ilə, hamısı da öz daxilində bir-biri ilə mübahisə edirdi. Ortalar belə öz aralarında əsirləri bölə bilmir, hamı öz əsirinə dərhal ortasının baltasını asır, əsir mübahisəlidirsə, dava düşürdü. Paşaların həll yolu daha da pis olurdu. Əsir davasını sonlandırmaq üçün bütün Banat Ovasının qənimət hesab olunduğunu və əsir götürməyin sərbəst olduğunu elan etdilər. Əsl biabırçılıq bundan sonra oldu. Hər səhər irili-xırdalı dəstələr Banat Ovasına ova çıxmağa başladılar. Axşam arxalarınca iplərlə bağlanmış qadın, uşaq, kişi gətirir, mal-qara sürülərini heç nəsiz əldə edirdilər. Bütün Təməşvar əyaləti yanır, yüzlərlə kənd, qəsəbə yağmalanır, ələ keçirdiyimiz bu torpaqlarda daşı daş üstündə qoymurdular. Nemçə dəstələri indidən talançıları vurmağa başlamışdılar. Kimin vecinə idi? Ordugah indidən ordudan daha çox əsirlərlə dolmuşdu. Şəhvət yenə özünü biruzə vermiş, yazıq əsirlər cahillərin əlinə düşmüşdü.
Elə bu an əsirlərin mübadiləsi, satışı başladı. Amma cahillər qısa müddətdə gördülər ki, hamı boğazına qədər qənimət içində boğulduğu üçün heç kim yaxşı alıcı deyil. Qul və cariyələri üç-beş qəpiyə, danaları otuz, quzu və qoyunları iki qəpikdən satsalar da, heç kim fikir vermirdi. Bu talan edilmiş ovalığın ortasında sərvət sahibi olmaq heç kimə sərf eləmirdi. Bu dəfə mal həvəsi başqa şeylərə səbəb oldu. Mallarını da götürüb qaçmağa başladılar. Kim mane olacaqdı? Kisəsini dolduran xərcləyə biləcəyi yerlərə getmək istəyirdi. Bosniya, Rusçuk, Selanik, Ədirnə, hətta İslambul yoluna düşdülər. Yüz minlik ordu artıq altmış-yetmiş minə düşmüşdü. Nemçəlilərə qalib gələn ordu mal və şəhvət həvəsinə məğlub olur, hər gün bir daha yenilirdi.
Geridə qalanların vəziyyəti heç də yaxşı deyildi. Bunların da bir hissəsi vətənləri uzaq olduğu üçün qaçmayıb, ordugahı bazara çevirmişdilər.
–Biz bu ağılla bunları görürük, böyüklərimiz niyə görmür, Sabit? – dedi Həbib. Sual doğru idi, amma cavabı məndə deyildi. Bu sualı dəfələrlə atama vermişdim, Yusif ağadan soruşmuşdum, hər dəfə də aldığım cavab eyni olurdu:
–Adətimiz belədir. Döyüşlə aldığımız torpaqda yağmalama əsgərin haqqıdır.
Axırıncı dəfə dözməyib atama qarşı gəldim:
–Ordunu dağıtmaq da əsgərin haqqıdır?
Atam tərs-tərs üzümə baxdı:

–Sənin dilin uzanıb, oğul. Bir-iki sarsağa görə ordu dağılmaz. Sən nəfərsən, nəfərliyini bil. Qoy işin o hissəsini biz düşünək.
Həbibə sualının cavabı kimi bunları da danışdım.
–Yəqin bildikləri nəsə var. Hər halda bizim düşündüklərimizi onlar da düşünər, Həbib, – deyə əlavə etdim.
–Mən səninlə eyni fikirdə deyiləm, bilirsənmi? – dedi. – Bunlara göz yummaqlarının səbəbi nəsə düşünmələri deyil.
–Yaxşı, bəs nədir? – deyə soruşdum.
–Bunu da görmürsən, Sabit? Görmürsən ki, balacasından tutmuş paşasına, sədrəzəminə qədər hamı talandan öz payını götürür? Paylarını vermədən heç kim ordudan ayrıla bilməz. Bir sistem yaradıblar. Sistem çox yaxşı işləyir də.
–Yəni atam da bundan pay aldığı üçün belə danışır? – deyə əsəbi şəkildə soruşdum.
–Atanın pay alması şərt deyil ki. Bunu bildiyi üçün susa bilər. Ya da orta sandığı dolduğu üçün sevinir. Amma nəticə eynidir, qalib gəldik, bu da bizi betər elədi.
–Yəni, – dedim, – bax mən də bunu deyirəm, biz zəfər qazandıqca dağılırıqsa, məğlub olsaq, necə olarıq? Nemçəliyə qalib gəldik, amma Moskva hələ diridir, eşitdiyimə görə, addım-addım yaxınlaşırlar. Bəs bu işin axırı necə olacaq?
–İşin sonunu sən niyə düşünürsən, Sabit? – dedi Həbib. – Sən işin axırını düşünmək, dövləti xilas etmək üçün yeniçəri olmusan?
–Yeniçəri nə deməkdi, Həbib? Yeniçəri onsuz da bu deyilmi? Yeniçərinin vəzifəsi dini və dövləti qorumaq, düşmənlərini məhv etmək deyilmi? Başqa niyə yeniçəri ola bilərəm ki mən? – dedim.
Həbib güldü.
–Çox sadə, – dedi, – yeniçərilik sənin qismətin olduğu üçün. Başqa nə ola bilərdin? Ya yeniçəri olacaqdın, ya da dərviş. Hacı Bəktaş dərvişi olduqda nə fərqi olacaqdı ki? Təkcə döyüşmək vəzifən olmayacaqdı. İstəsən də başqa bir şey ola bilməzdin. Atanın peşəsini qəbul elədin, davam etdirirsən, bu qədər. Sənin digərlərindən bir fərqin var ki, – bu məsələdə mənə oxşayırsan– o da peşənə aşiq olmağındır.
–Tutaq ki, sən deyən kimidir, – dedim. – Amma hər peşənin bir qayda-qanunu yoxdurmu? Çəkməçi çəkməsinin yaxşı olmasını istəməzmi? Alverçi arşınmalına qarşı həssas olmazmı? Bizim peşənin məqsədi də budur, dini və dövləti qorumaq. Hər bir usta peşəsində peşəkar olmaq üçün necə çalışırsa, biz də pirimiz üçün çalışmalı deyilikmi? Yəni bu ləğv olunsa, işə nəfsimizi qatsaq, o zaman bu peşənin vəziyyəti necə olacaq? Pis çəkməçi gözdən düşdüyü kimi biz də gözdən düşmərikmi?
–Yəni, – dedi Həbib, – sən buna görə döyüşürsən? Buna görə fədai olub həyatını təhlükəyə atırsan? Sabit, buna inanmaram. Səngərlərə girərkən sənin gözlərini gördüm. Sevincdən başın fırlanırdı. Mən inkar etmirəm. Bizim işimiz nəfslə əlaqəlidir, biz də nəfs üçün vuruşuruq. Sən də, mən də Həzrəti Əli kimi qəhrəman olmaq, qəhrəman kimi xatırlanmaq istəyirik. Dünya yalandır, bunu ikimiz də bilirik, ölüm qovuşmaqdır. Bütün bunlar da oyundur. Biz də bu oyundan zövq almağa çalışırıq. Mən buna görə yeniçəriyəm. Başqa bir şey ola bilmərəm, buna görə yeniçəriyəm, bu bir. Bu ölüm oyunundan zövq alıram, buna görə yeniçəriyəm, bu da iki.
–Bunlar doğru deyil, Həbib, – dedim. – Bunlar doğru olsa, sən Nemçə ordusunda da cəngavər olub, ondan da zövq alardın.
–Çox böyüdürsən, Sabit, – dedi, – Nemçədə kafir kimi doğulsaydım, hər halda indi mən də o nəhs süvarilərdən biri olacaqdım. Tacir olub mal çəkəsi deyiləm ki.
–Əsas məsələ bu deyil, Həbib, söhbəti qarışdırırsan, – dedim. – Demək istədiyim odur ki, din və dövlət üçün döyüşmədiyimizi, nəfsimiz üçün döyüşdüyümüzü fikirləşirsən. Düzdür?
–Bəli, – dedi, – elə demək istəyirəm. Nemçəli olsaq, orada da döyüşmək üçün səbəbimiz olardı, deyirəm.
–Yaxşı, düz başa düşmüşəm, – dedim. – Onda, sənin dediyin kimi olduğunu düşünsək, tutaq ki, sən doğru deyirsən, biz bu qədər insanın qanını zövq xətrinəmi tökmüşük? Din və dövlət üçün döyüşməsək, bu yazıq nemçəliləri niyə öldürək? Öz nəfsin üçün deyirsən. Belə zövq olar?
–Eh, Sabit, – dedi, – sözü səhv başa düşməkdə səndən yoxdu. Məni şeytanın hambalı elədin. Yamanlıq edirəm, bundan da ləzzət alıram. Sənlik olsa, belədir. Bəs onda, niyə qul ovuna çıxmıram? Mən niyə cariyənin namusuna ilişmədim? Niyə kəndləri talan eləmədim? Mən sənə həyatın oyun olduğundan danışıram. Nərdi, necə ki, qaydasız oynaya bilməzsən, həyat da elədir, qaydasız oynaya bilməzsən. Mən cəngavərəm, mənim də qaydalarım var. Nemçəlini öldürəndə pislik sayılmır ki. Niyə bizə döyüşdə söyüş söyməmək öyrədildi? Düşmən cəngavərinə hörmət etdiyimizə görə. Ədəbimizi qoruyaq deyə. Onun işi də bizi öldürməkdir. Biz öldürməsək, o öldürəcək. Üstəlik, ölüm nədir ki? Ölümü şər bilənin ər meydanında nə işi var? Ölüm şər deyilsə, öldürəndə niyə yamanlıq etmiş sayılım?
–Sən vicdanın sakit şəkildə hamını öldürərsən onda, – dedim əsəbi şəkildə.
–Çox kütbeyinsən, Sabit, – dedi. – Mən ancaq ölümdən qorxmayanları öldürərəm. Ən azından vicdanım onlardan birini öldürəndə narahat olmaz. Bayaqdan bundan danışıram sənə.
–Mən sənin kimi düşünsəydim, dərviş olardım, – dedim.
–Niyə? – təəccüblə soruşdu.
–Əlbəttə, – dedim, – bir söz var, bilirsən, “Dünya alt-üst olsa, dərvişin tükü tərpənməz”, – deyərlər. Belə düşünsəm, niyə sənin kimi öldürməyə adam axtarmağa çalışımki? Yox ölümdən qorxmayanı öldürərəm filan. Bunlar boş sözdür. Bütün döyüşləri cəngavərlər bir-birini öldürüb ləzzət alsınlar deyə eləyirik? Mən bunu eləmərəm. Mən bu döyüşdə olmasam, düşmən, bəlkə də, sabah Ədirnədə, İslambulda olacağı üçün edirəm. Zəhra nənəm, Xədicə anam, Zeynəb bacım üçün edirəm. Əsnaf, Mehmet babam, Əzanı-Muhəmmədi, Dövləti Osmani üçün edirəm. Yoxsa nə işim var burda? Bir küncdə dərviş olub yaşayaram. Həbib istehza ilə soruşdu:
–Bu sözlərinlə dərvişləri qınayırsan, Sabit?
–Bax, – dedim, – indi sən sözü səhv başa düşdün. Dərvişlik uca mərtəbədir, inşallah Haqq Ərənlər bir gün mənə də qismət edər. Amma mən quloğlu qulam (Ölən evli yeniçərilərin atalarının peşəsini davam etdirən uşaqları). Altı yaşımdan bəri eyni dəmiri döyürəm. Bütün bu təlimləri heyif olsun deyə eləməmişəm. Hər kəs bu peşəni seçməz, madam belə peşəm var, onda mən də bununla xidmət edərəm.
–Səninlə eyni fikirdəyəm, – dedi Həbib məni təəccübləndirərək.
–Necə? – deyə heyrətlə soruşdum.
–Sevdiyin şeyləri saydın. Sevdiyin şəxslərin adını çəkdin. Mən də Ədirnədə, İslambulda, orda-burda düşmən görmək istəmərəm. Mən də anam, atam, bacım, sevdiyim bütün insanları qorumaq istəyərəm. Qismət, mənimkilər səninki qədər çox deyil. Yoldaşlarımı qorumaq istəyərəm. Amma din və dövlət deyib durursan, çox uzuna getmə. Sən elə deyəndə işə mənim sevdiklərim də qoşulur. Sevmədiklərimi qoruyuram deyə niyə özümü aldadım? Sevmədiklərim qorxsunlar məndən. Hətta nemçəlilərdən belə daha çox qorxsunlar. Bizim qazandığımız döyüşlərin meyvəsini bizdən olmayana vermərəm. Əsas məsələ bundadır.
–Sultan Süleyman Qanunnaməsi yeniçəri üçün nə deyirsə, yeniçəri elə olmalıdır. Mən bunu bilirəm, bunu deyirəm, – qətiyyətlə dedim.
–Bizim ocağımızın əsasları orada qoyulub, sonradan sapmalar bugünkü vəziyyətə gətirib çıxardı.
–Eh, Sabit, Arif ağa, yoxsa sən danışırsan, ayırd edə bilmədim, – dedi Həbib.
–Sultan Süleyman Haqqın rəhmətinə qovuşandan bəri uzun müddət keçib. Nə yeniçəri əvvəlki yeniçəri, nə də Osmanlı əvvəlki Osmanlıdır. Birincisi, o qanunnamə tətbiq olunsaydı, indi sən yeniçəri ola bilməzdin. Bəlkə atanın belindən belə gələ bilməzdin. O vaxtlar yeniçəri ev qura bilməz, nikah da bağlaya bilməzmiş.
–Elə düzdür. Görmürsən şəhvət işə qarışanda nələr olur? – dedim.
–Yəni evlilik olmadıqda şəhvət olmur? – deyə qarşılıq verdi.
–Niyə sözü qarışdırırsan? – deyə əsəbi şəkildə cavab verdim.
–Bir adamın ağlında uşaqları varsa, yaxşı cəngavər ola bilərmi?– dedim.
–Əlbəttə ola bilməz, bu məsələdə səninlə həmfikirik, amma mənim məqsədim şərtlərin dəyişdiyini göstərməkdir. Sultan Süleyman Qanunnaməsində “Sultan səhv eləsə, yeniçəri onu dəyişdirər” maddəsi yox idi. Amma bilirsən ki, cəddimiz bunu əlavə etdi, – dedi.
– Yaxşı iş görüb, – dedim. – Sultan Osmanı qətlə yetirərək o gün-bu gün Ocağımıza qara ləkə saldı.
Bu dəfə Həbib əsəbiləşdi.
–Niyə qara ləkə salıb? Sultan Süleyman Qanunnaməsində “Padşah yeniçəri ocağını ləğv etmək üçün tədbir görə bilər” maddəsi də var idi? Sultan Osman isə bunu əlavə etdi. Tədbir tökdü. Ocağın kökünü kəsdi. Necə ki, ocağın vəzifələri var, sultanın da vəzifələri olmalıdır. Ocağı ləğv etməyə çalışan kim olursa-olsun, yeniçəri də cavabını verər!– dedi hiddətlə.
Söhbətin gedişatı məni narahat etməyə başlamışdı. Hardan hara gəlmişdik. Bir az da uzansa, bir-birimizin qəlbini sındıracağımızdan narahat olurdum. Söhbəti dəyişdim.
–Eh, – dedim, – boşla bunları, nemçəliyə qalib gəldik, bəs indi nə olacaq?