Zəlimxan Yaqub önəmli siyasi toplantıda soruşdu ki, kim yaxşı xəngəl bişirir?” – SÖHBƏT

9 Baxış

zelimxanyaqub

Yanvar-ın 9-da xalq şairi Zəlimxan Yaqub uzun sürən xəstəlikdən sonra vəfat etdi. Moderator.az saytının əməkdaşı  şairin yaxın dostu, onunla bağlı xeyli xatirələri özündə yaşadan Əkbər Qoşalı ilə söhbətləşib. Söhbət əsasən mərhum xalq şairi ilə bağlı xatirələr üzərində qurulub:
Zəlimxan Yaqubla ilk tanışlıq
- Zəlimxan Yaqub adı ilə, ərəb demiş, “mətn-mündəricə”li şəkildə, orta məktəb illərindən, kəndimizdən tanışdım hələ… “Kommunist” qəzetində çıxan, o dövr üçün güncəl olan bir mövzuya – Amerika aliminin Ağ Ev önündə  reaktiv silahlanmaya etiraz əlaməti olaraq keçirdiyi uzunmüddətli aclıq aksiyasına həsr etdiyi “Hayder aclığı” şeiri və məktəb yoldaşım olan Nəcibə adlı gənc şairənin mənə bağışladığı “Biz bir eşqin butasıyıq” şeirlər kitabı ilə…
Ucqar dağ kəndində oxuyan, özü də şeir yazan, xəyalı qanadlı, özü sevdalı… “min yerə qaçan… heç şeyə vaxtı çatmayan” bir şagirdin “evini tikməkçün”…  “Biz bir eşqin butasıyıq”dakı bu şeir bəs idi:
Həvəsi alov saçıb, nəfəsi gül qoxuyan,
Bülbüldü, yoxsa insan belə qaynar oxuyan..?
Bu nə gözəl nəğmədi, bu nə şirin avazdı..? –
Dinləmək istəyirik, hayıf, vaxtımız azdı..!
 
Bu incə döndərmələr, zərif xallar kimindir,
Bu müqəddəs arzular, xoş xəyallar kimindir..?
Könüllərə od vuran kimin çaldığı sazdır..? –
Oxumaq istəyirik, hayıf,  vaxtımız azdı..!
 
Güllərin insafı yox, çiçəklərin Allahı,
Ayrılıq vaxtı gəlsə, bizə çəkdirər ahı…
Bu nə sehirli bahar, bu nə ətirli yazdır..? –
Qoxlamaq stəyirik, hayıf,  vaxtımız azdı..!
 
Gözəlliyi, gözəli gözümüzdən qoymuruq,
Ay Zəlimxan, dünyadan yorulmuruq, doymuruq…
Həyat da heç soruşmur, kimin işi tarazdır..? –
Yaşamaq istəyirik, hayıf,  vaxtımız azdı..!
 
(“Hayıf vaxtımız azdı”)
- Bax belə yazırdı şair..! Şair yazırdı ki, “Daha mənim duyğularım ürəyimə sığışmaz”… “Heyif gözəlliyə, heyif gözələ”… “Nələr çəkib”… “Nə var durulmağa, təzələnməyə”… “Döndü daha əfsanəyə, nağıla”…
Bəs başqa nə yazırdı şair? –
“Min nifrət qalası dağıtmalısan,
Bir sevgi sarayı yapana kimi”;
 
“Sazına, kamanına, tütəyinə qaytarır,
Yollar məni ellərin ürəyinə qaytarır”;
 
“Mənə inam kimi bax, sinə gərim çətinə,
Mənə sevgi kimi bax, dönüm məhəbətinə” 
 
Yazan, əslində yazan yox, ey… deyən – sinədəftər şeirlər söyləyən şair Zəlimxan Yaqubu bax, bu axıcı, dilə hopan, ürəyə yatan butalı şeirləri ilə tanımışdım ilk öncə…
“Bir də gördüm ki, onunla dərdləşirik”
- Sonra mənim Bakıya qalıcı yolçuluğum başladı. Ömrümün Bakılı günlərində Zəlimxan Yaqubu Anadolulu qardaşlarımız demiş “təqib etmə” imkanım daha da genişləndi. İlk dəfə onu, canlı olaraq, Milli Azadlıq Hərəkatının qaynar günlərinin birində, yanılmıramsa, MM qarşısındakı mitinqdə çıxış edərkən gördüm. Çıxışı nə yalnız siyasi, nə yalnız poetik idi… – elə Zəlimxansayağı idi… gözəldi…
Sonra… sonra deyərkən, günlərin bir günü, gördüm biz artıq tanışıq, öpüşüb-görüşürük… dərdləşirik, məsləhətləşirik.  – “Dərdləşirik” deyəndə, o ovudandı, dərd üstə dərd gətirən deyil, dərdi yüngülləşdirən, ümid, işıq saçan bir aydın idi; “məsləhətləşirik” deyərkən də, mən ondan məsləhət alırdım, təbii; sonra yol yoldaşı olduq – onu ekrandan-efirdən, tribunadan “arınmış” Zəlimxan Yaqub kimi gördüm. Gördüm ki, şair, həncəri deyərlər, ikiləşmir – elə həmişə Zəlimxan Yaqubdur…
Qazaxda xəngəl qonaqlığı
Bir gün, Qazaxda çox önəmli siyasi tədbirdəydik. Öncə Nizami müəllim (millət vəkili N.Cəfərov – E.N.) mövzuya, necə deyərlər, akademik giriş verdi, sonra mən gənclik havasında bir neçə söz söylədim, daha sonra, rəhmətlik Arif müəllim (A.Əmrahoğlu – E.N.) ədəbi-elmi üslublu çıxış etdi və nəhayət, Xalq şairi mikrofona dəvət edildi. Zatən, camaat da, biz özümüz də onun duzlu, axıcı, canayatımlı çıxışını gözləyirdik. Rəhmətlik mövzu üzrə çıxış etdi, söz söylədi və qəfildən dedi, “hə, dostlar, bu məsələləri siz özünüz bizdən yaxşı bilirsiz. İndi də keçək “əsas məsələ”yə”… Nə gizlədim, biz hamımız bir anlığa donub qaldıq. – Necə yəni “əsas məsələ” – bəs bayaqdan nə işlə məşğuluq? Gördü, baxışlarda bir qeyri-müəyyənlik yarandı, ara səngidi, qayıtdı ki, “deyin görüm, kim yaxşı xəngəl bişirir?” – Bilirsiz, siyasi bir toplantının sonluğunu “xəngəl”lə bitirmək üçün Zəlimxan Yaqub qədər özünə, sözünə arxayın, ürəyitəmiz, anrısı-bərisi kin-kifirsiz, həncəri derlər, şair kimi şair olmaq lazımdı… Nə başınızı ağrıdım, əllər qalxdı havaya, xoşməramlı, qonaqpərvər camaat xalq şairinin başçılığı ilə bizləri qonaq aparmaq yarışına girişdi. Rəhmətlik Səməd Vurğun demiş, “sən bizim ellərin ruhuna bir bax, bizdən inciməmiş bir əziz qonaq” misali… – Elə ki, Zəlimxan müəllim, dedi, “elə yox, gərək mən deyən xəngəl, mən deyən dəm-dəsgah ola”, bu yerdə, Çaylıdan, Zəlimxan müəllimin üslubu ilə desək, enlikürək, laydivar, çopursifət, eşməbığ, şalvarının ütüsü ilə pendir kəsiləsi bir aşıq əli kəmərində çıxdı qabağa: “A şair, a sənin Tanrına qurvan olom, bu tərəfdə xəngəl bişirmən arvadı kim evdə saxlar? – A sağolmuş, bizi niyə “qırersan”, hansı qapını döysəniz, xəngəl ordaja hazır döymü? Siz bircə enin, bəri gəlin!”
Axır rəhmətlik “xəngəl dəm-dəstgahı”nın tərifini, “düstur”unu verib, intizara son qoydu:
- Kim acı sarımsaqlı, üstü cızdaxlı, nazik yarpaqlı, yanı araqlı – başı papaqlı xəngəl bişirəcəksə, onlara gedəjek.
Sonralar mən rəhmətliyin öz icazəsi ilə “nazik yarpaqlı”dan sonraya bir də “böyrü qaymaqlı” artırmışdım, özünün iştirak etdiyi bir-iki məclisdə də demişəm.
Bu duzlu-məzəli sözlərin (hələ ondan eşitdiyim neçə neçə lətifəni demirəm), rəhmətliyin xoşgörüsündən, öz içdünyasına əminliyindən, sözünə, özünə bəslənən ümumxalq məhəbbətindən qaynaqlandığını bir daha vurğulamaq istərdim. Onun sözü camaatı incitmirdi. Bir içim suyu, bir tikə quru çörəyi olan qapını belə doğmalıqla, gülərüzlə açmağı bacaran, özü zamanında çətinliklər görmüş, bu çətinlikləri illər sonra – millət vəkili olanda da mərdanəliklə etiraf etməyi bacaran şairdi Zəlimxan müəllim.
O xəngəlin axırı
Uzun sözün qısası, qayıdaq “dəm-dəsgahlı xəngəl”ə… Haqq üçün deyək, qonaq getdiyimiz yerdə, elə deyilən tərif-düsturda bir süfrə açılmışdı. Yalnız, Zəlimxan müəllimin xəngəlin yağının çoxluğundan, həlimin azlığından “şikayətçi” olduğunu hiss edib, “aranı qarışdırmaq” istədim; dedim, “Zəlimxan müəllim, deyəsən, siz yağı ancaq aşda xoşlayırsız..?” – Rəhmətliyin bir şeirindən əsintilənirdi bu sual, bilirdim ki, cavabsız qalmayacaq; qalxdı, yarızarafat-yarıciddi “mən ya yaza-yaza, öləjəm, ya da danış-danışa” söylədi, bir sağlıq dedi, sonra da yazılma əhvalatını da xırdalaya-xırdalaya şeiri oxudu:
Ürəyini geniş elə,
Yağın aşa nə ziyanı?
Çək sürməni gözə gəlsin,
Vursan qoşa, nə ziyanı?
Od var olsun, su var olsun,
Olacaqsa, nə var olsun.
Üst-üstə qoy divar olsun,
Daşın daşa nə ziyanı?
Başıma açma nağılı,
Başsız bu dünya dağılı.
İçində varsa ağılı,
Başın başa nə ziyanı?
Zəlimxanın  “türk” qonaqlığı
…Hələ bundan xeyli öncə – 2000-ci ildə bizim Türk Dünyasının çeşidli yerlərindən gələn yazarlara qonaqlı verdiyini xoş bir xatirətək yaddaşımda saxlayıram. Görünür, o gün Zəlimxan müəllim yalnız yemək süfrəsi deyil, könül süfrəsi də açmışdı ki, 15 ildən çox keçməsinə baxmayaraq, hələ də, o görüşün iştirakçıları ordakı şeirləri, söhbətləri xatırlayır. Zəlimxan müəllimin vəfatı xəbəri yayılınca, dostlar tərəfindən, həmin görüşdən bəzi şəkillərin sosial şəbəkədə paylaşıldığını gördüm…
Yadımdadır, qonaq gənc yazarları bir-bir təqdim etdikdən sonra, “Zəlimxan müəllim, çevirmənimiz də var” dedim, o da, “elə danışarıq, çevirməyə ehtiyac olmaz” dedi, hər türk elinə, topluluğuna özən göstərdi, heç kəsə biganə qalmadı və doğrudan da, onun çıxışı hamını heyran qoydu; bir də baxdım, yer-yerdən sual verən kim, imza istəyən kim, kitab bağışlayan, ünvan verib-ünvan alan kim…
Həmin sazlı-sözlü məclisdə, hamımıza, o dövr üçün son kitabı olan “Bir əli torpaqda, bir əli haqda”nı imzaladı.
“Dedi ki, qoy bir özümə gəlim…”
- Bir gün, əl telefonuma zəng gəldi. Baxdım, Zəlimxan müəllimdi. Rəhmətliyin o vaxtlar da canında ağrı-acı vardı, ancaq hələ şövqlü, coşğulu danışığı yerindəydi. Mənim Azərbaycan Yazıçılarının son Qurultayı qarşısında məruzələr silsiləsindən etdiyim “Türk Dünyasında Ədəbiyyat… Ədəbiyyat(ımız)da Türk Dünyası…” adlı məruzəmi oxumuşdu “Ədəbiyyat qəzeti”ndə və lütf edib, zəng açmışdı. Mənim öz məruzəmi öz gözümdə o qədər qaldırdı, o araşdırmaya elə yüksək sözlərlə qiymət verdi, açığı həmin anda keçirdiyim hisslərin yalnız məmnunluq olmadığını fərq etdim, Zəlimxan müəllimin yüksək qiymətinə qarşılıq sorumluluq hissi bürüdü məni…  Dedi, Almaniyaya gedəsiyəm, qoy bir özümə gəlim, sənin bu məruzən haqqında yazı yazacam…
Nankora Zəlimxan cavabı
- Bir dəfə, Zəlimxan müəllimin yaxşılıq etdiyi, lakin nankorluq gördüyü bəzi yazar-pozarlardan söhbət düşərkən, onun özünün verdiyi reaksiya yadıma düşür. Rəhmətlik elədiyi yaxşılıqlardan peşmançılıq keçirmədiyini, ona qarşı edilənlərin də heç kimə başucalığı gətirməyəcəyini elə inamla söylədi… öz-özümə dedim, Zəlimxan müəllimə yaraşan budur! – Bir Xalq şairi məhz belə etməliydi…
“Sən bunlara neyləmisən?”
- Günlərin bir günü də, Azərbaycan və Türkiyədən bir qrup ədəbiyyat, elm, mətbuat adamı ilə birgə Bağdadda Uluslararası Füzuli Şeir Şölənində olarkən, tez-tez Zəlimxan müəllimdən sitat gətirdiyimizi, onun sözünü-sovunu xatırlatdığımızı görən Şəmsəddin Kuzəçi əlini atdı telefona, Zəlimxan müəllimin nömrəsini yığdı: “Ustad, yaxşısan? Bunlara neynəmisən, bütün günü Zəlimxan deyib, Zəlimxan eşidirlər..?” Rəhmətliyin telefonun o başındakı məmnun gülüşünü xatırlayıram. – Suala birbaşa cavab vermədi, Bağdada, ruhumuzun bir parçası olan Kərkükə, Füzlinin torpağına, Kərbalaya salam söylədi…
Öldüyünü eşidəndə…
- Əzizim Elmin, “Bir dəfə, bir dəfə”… “Sonra, sonra”… deyərkən, bir də eşitdim ki, Zəlimxan Yaqub həyata əlvida deyib… bircə dəfə “Of!” dedim – öz sonərki beləydi, onu sevərək oxuyanlara, oxuyaraq sevənlərə:
Hansı gün Zəlimxan ölüb desələr,
O gün, bircə dəfə “of” çəkərsiniz…
…Nə deyim..? Rəhmətlik özü deyirdi:
Ömür xatirəyə dönər, ya dönməz, 
İllərin izi var xatirələrdə. 
Keçən əyyamların, ötən günlərin 
Dadı var, duzu var xatirələrdə…
 
…Xəyala gələnlər nə dadlı gəlir, 
Xəyala nə gəlsə, qanadlı gəlir. 
Baxıram, arxadan bir atlı gəlir, 
Yolların tozu var xatirələrdə…
Sözünün yaşayacağına inamımız tamdır, şair!
Özündən sonra da yaşayacağına zərrə qədər şübhəmiz olmayan sözün qutlu, öz yerin ucmaq olsun!
Elmin NURİ
Bölmə : Ədəbiyyat