Zərəngiz Dəmirçi Qayalının “Oğul” kitabı çapdan çıxıb

26 Baxış

Zərəngiz Qayalı 22.01.2016“XAN” nəşriyyatında tanınmış şairə-publisist, AYB-nin, AJB-nin üzvü, “Qızıl qələm”, Beynəlxalq Rəsul Rza mükafatları laureatı, AZƏRTAC-ın müxbiri Zərəngiz Dəmirçi Qayalının “Oğul” kitabı çapdan çıxıb.

Kitabda şairənin son dövrlərdə yazdığı “Qurtuluş savaşı-Çanaqqala”, “Kazım Qara Bəkir Paşa”, “Fariz Bədəlova” həsr edilmiş balladaları, “Vahidim de, igidim de, şəhidim de” elegiyası dərc olunub. Bu əsərlərdə Türkiyənin məşhur Çanaqqala savaşı, ötən əsrin 18-ci illərində ölkəmizdə ermənilərin törətdikləri kütləvi qırğınların qarşısını alan igid türk komandanı Kazım Qara Bəkirin xilaskarlıq missiyasından söhbət açılır. Həmçinin, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun işğalı zamanı dinc azərbaycanlı əhalinin yaşadığı məntəqələrdə vəhşiçəsinə törədilmiş terror aktları nəticədə minlərlə günahsız insanın həlak olması, yurdumuzun dilbər guşələrinin namərd düşmən tapdağında qalması bu əsərlərin əsas ana xəttini təşkil edir və oxucuda həyəcan, düşmənə nifrət hissi yaradır.

Kitabda verilmiş müxtəlif mövzulu 70-dən çox şeirdə, şairənin yaşantıları, həyata, insanlara, dünyaya, göz açdığı doğma ana yurdu Qazax torpağına sevgisi, “Fəxrimiz, sərvətimiz olan uşaqlar üçün” bölməsində gələcəyimiz olan uşaqlara həsr edilmiş əsərləri dərc olunub.

Kitabda həmçinin şəhid Elgün İsmayılova həsr edilmiş “Oğul” və müəllifin bacısı, Milli ordunun könüllü döyüşçüsü Vəfa Mansurovaya həsr etdiyi “Vəfam mənim” (yenidən işlənilmiş variantı) poemalarını həyəcansız oxumaq mümkün deyil.

Martın 4-də Kitabevim.az mağazasında saat 14:00-də “Oğul” kitabının təqdimatı və “imza günü” keçiriləcək. Maraqlananlar dəvətlidir.