Zaman yudu, yoğurdu, sərdi, qurutdu məni – Fikrət Qoca

20 Baxış

87162_o42vvyrntk

Özümə bir ağız ağı

Zaman yudu, yoğurdu, sərdi, qurutdu məni.
Tufan aldı, sovurdu, ellərə atdı məni.
İnsan baxdı sorğudu, qəlbində tutdu məni.
Torpaq çeynədi, yordu, əritdi, uddu məni.
Mənim anam ölməsin, nələr çəkdim dünyadan…
Xalqım mənim anamdı, hər an ovutdu məni.

29.04.2017

Vaxt keçir

Tufan olub burulma,
Külək olub əsmə, bala.
Hövsələn olsun,
Səbr elə
Tələsmə, bala.
Ürəyimizin içində vaxt keçir,
çırpına-çırpına,
çiliklənib sına-sına,
saniyə-saniyə,
Anları saya-saya…
Bunu görə-görə,
bilə-bilə,
Deyirik tələsmə səbr elə.
Bax tək səbir də gəldi.
Yolumuzda bu da bir əngəldi.
Allahın minbir adından biri səbrdi.
Hara tələsirsən
Hər ömür yolunun sonunda qəbirdi,
Doğrudur bəzi pirdi,
Amma o da əslində qəbirdi.
Bu hamının
yaxşı bildiyi,
unutmaq istədiyi bir sirdi.
Öz vicdanı qarşısında
Hər kəs bir az müqəssirdi.
Bir birimizə səbr elə deyirik,
Sonra başımıza, dizimizə döyürük.
Səbr elə deyirik
Ürəyimizin içində vaxt keçir
saniyə-saniyə.
Ötən anları sanıya-sanıya
Bizi qınıya-qınıya.
Yaramız qanıya-qanıya.
Saniyələr dəqiqədi,
Dəqiqələr saatdı,
Saatlar ömürdü, həyatdı,
Tələs! Tələs!
Sənin yerinə
Kim yaşayacaq, yaradacaq bəs!
Tələs! Tələs! Tələs!

12.05.2017

Yaşamaq

Yaşamaq özəldir,
Elimdi, təcrübədi, eşqdi,
Yaxşı gündə də, ağır gündə də
Gözəldir, gözəldir, yaşamaq.
Uşaqlıqdı, gənclikdi, atalıqdı,
Ağsaqqallıqdı, müdriklikdi, bilikdi.
İntihar, qorxaqlıqdı, fərarilikdi.

12.05.2017

KÖŞƏ YAZARLARI
TOP 10