Zamanda itmiş səs – Cavanşir YUSİFLİ – esse

14 Baxış

photo_6032

Bu söz, yəqin ki, daha çox şeirə, poeziyaya aid edilə bilər və yadıma düşən kimi Molla Pənah Vaqifi anıram. Deyir, təklikdə, təcrid vəziyyətində səs o şəraitdəki ətirdən daha görünməz və daha bilinməzdir.

Yaza bilməz ləblərin vəsfin tamami-ömrdə.

Füzuli

Mən sənin vəsfini, ey mahi-kərəm,

Hafizdən, Camidən artıq söylərəm…

M.P.Vaqif

Bunu bir az sonra yada salacağıq. Ancaq bir şeyi deyək ki, Vaqifin deyimi gəlişigözəl deyildi. Bəs nə baş verdi? Yaxud baş verməliydi.

İndisə, bunu deyək ki, hər bir dövrdə estetik, ideoloji məzmunla bərabər janrlar da təzələnir, dəyişir, üzdən, davranışdan (-!) bilinməsə belə janrdaxili proseslər elə bir istiqamət götürür ki, yeni olan köhnə qəlibin içində son damcısına qədər əriyir. Bədii əsər tipi kimi anlaşılan janr əsrlərdən keçib gələn, tarixən sabit bir strukturdur (V.V.Kojinov); Janr – …əbədi, hərəkətsiz bir sistem deyildir… Janrı statik bir sistem kimi hər şeydən öncə ona görə təsəvvür etmək olmaz ki, janr təfəkkürü və yaddaşının özü ənənəvi janrlarla toqquşmadan hasil olur (yenə orada). Janr anlayışı özündə müxtəlif dövrlərdə, müxtəlif milli ədəbiyyatların inkişafında, milli-ədəbi inkişafın müxtəlif istiqamətlərində təkrarlanan hadisələrdir. Başqa sözlə desək, janr-tarixi-konkret yox, tipoloji anlayışdır (yenə orada).

Hər bir ədəbi metod, cərəyan və ədəbi məktəb ictimai-tarixi şəraitdən birbaşa asılı olaraq özünün estetik platformasını irəli sürür. Bu platforma özündə müxtəlif bədii-estetik vəzifələri ehtiva edir. Məhz bu vəzifələrdən asılı olaraq dövrün, epoxanın janr yaddaşında uyğun dəyişikliklər baş verir. Janr yaddaşı bir ildə, on illərlə yox, əsrlərlə toplanır. Buna görə də biz janr anlayışına dialektik bir hadisə kimi baxmalıyıq. Janrın ikili təbiətinə Baxtin yanaşması maraq doğurur. Tədqiqatçı izah üçün arxaika-yenilik oppozisiyasını götürür. Və qeyd edir ki, janr anlayışında ölməyən elementlər (arxaika) məhz vaxtaşırı yeniləşmələrin hesabına “duruş gətirir”. Onun fikrincə, janr indiki zamanıyla yaşayır, ancaq öz keçmişini, öz başlanğıcını həmişə xatırlayır. Janr – yaradıcılıq yaddaşının ədəbi inkişaf prosesində izlənməsidir. Məhz buna görə də bu inkişafın fasiləsizlik və vəhdətini təmin edə bilir.

Janrdaxili proseslər elə gedir ki, şair, yazıçı belə deyək, fürsətdən istifadə edib özü-özünü də səciyyələndirir. Və bu yeni məzmun və keyfiyyətin ənənəvi anlayışlarla toqquşduğu zaman baş verir. Mənə vermiş cahan qamu fəqrin// Nola ursam cahanə istiğna// (M.Füzuli). Bu mənada, bu fikir: “… vəsf ümumişlək keyfiyyətinə malikdir, lakin Vaqif şeirinin estetik simasını müəyyən etmək üçün olduqca lazımlı sözdür: elə buna görə də (yəni filoloji məzmun yükünün artması ilə əlaqədar) terminoloji səciyyə kəsb edir (elə bil şair özü-özünü səciyyələndirməkdən ötrü müvafiq sözü axtarıb tapmış olur)” mübahisəlidir, o mənada ki, lirikanın məğzində məhz vəsfi ötmək keçidi labüddür. Belə deyək, əsas “lirik hadisə” məhz vəsfdən sonra başlayır. M.P.Vaqifdə bu hadisə, yəni zamanla, bir vaxtlar tələsmədən dilbəri hər bir nöqtəsinə qədər vəsf etməsi arxa plana keçir, bu qədər tələsmədən, rəngkar fırçası, heykəltəraş tişəsiylə gözəlin daxilini zahirdə əks etdirmək (üzünə yansıtmaq), onu heç kəsin, heç bir bəşər övladının görmədiyi real sifətdə ekrana gətirmək vərdişi büsbütün sönür. Burada Əli Kərimin Nəsimidən bəhs edən “Şəhidliyin zirvəsi” mətni yada düşür: Şəhidi görməməkçin // İlahi də görünmür! -// Onun qorxusu nədir?//  Niyə azad eləmiş// Hər ağrıdan şəhidi?// Şəki-şübhə başını// qaldırdı// dedi// “Ay aman// Tanrı dəhşətə gəlmiş// qaçmış yaratdığından!”// Vaqif də yaratdığından qaçdı. Niyə? Doğrudan da, Vaqifin qoşmalarına baxın, onun çox incə hərəkətlərlə (səsin eşidilmədiyi, amma var olduğu mühitdə yaşadığı kimi) çox gözəl və ilahi bir varlığı yaratması sonda faciəylə nəticələnir. Rəngsaz fırçasının havadan görünmədən keçən hərəkətləri ağ kazığın üzərinə “Görmədim” yazır, daha doğrusu, Vaqifin özü deyən kimi, aqibətə çevrilir. Yəni çox böyük şövqlə, ürəyin bütün, bir ömür gücüylə yaradılan nəsnə şam kimi sönür, işıqla, sevgiylə yaradılan şeylər dünyanı zülmətə qərq edir. Bu proses daha sonralar gəraylı və bayatı poetikasına da sirayət edir, Vaqif böyük bir şair kimi keçmişlə gələcəyi eyni bir məqamda əks etdirir. Zamanın zülmət üzündə itmiş sap gəraylı və bayatıların musiqi notlarına çevrilir. Gözəlliyin belə bir aqibəti insanı olmazın çıxılmaz vəziyyətə salır. Bunu başqa cür izah etməyə çalışaq. Vaqifdə bir belə şadlıq, şadyanalıq, bu qədər parlaq işıq faciəylə nəticələndi. Klassik şeirdəki gözəl hər bir hüceyrəsiylə yenidən yaradıldı, bu tipli klassik mətnləri yaradan gərginliyin “boşalması”, təsvir dinamikasının başqalaşması onun həyatına da sirayət etdi, sızdı, ilk şeirlərinin birindəki “yoxdur” “görmədim”ə, yəni boşluğa dirəndi. Şair cavan vaxtı, bəzən taleyini yazan ilk qələm təcrübəsini unudur, ancaq sonda ona qayıtması, onu başqa, daha yüksək ton və ağrıyla yazması labüddür. Vaqifdən çox, məhz bu hadisə Azərbaycan ədəbi fikrinin paradiqmasını kardinal şəkildə dəyişdirdi, yəni bəzən şair yaradıcılığından çox, həyatı və taleyi ilə gələcəyə təsir edir…

Dərddən, əlacsızlıqdan insanın qışqırması, fəryad etməsi necə olur? İndi baş verən hadisələrin içindəykən bir mətnə rast gəldim: “…İndi yalnız gözlər qışqırmalıdır…” (Anri Mişo – “…Les yeux seuls sont encore capables de pousser un cri”). Bəli, yalnız gözlərin qışqırmalı olduğu bir zaman gəlir:

Hər kişi hər şey ki, sevdi, onu behtər istədi,

Kimi təxti, kimi taci, kimi əfsər istədi.

Padşahlar dəmbədəm təsxiri-kişvər istədi,

Eşqə həm çox kimsə düşdü vəsli – dilbər istədi,

Heç birində aqibət, bir zövqü rahət görmədim.

Vaqifin bu şeiri və ümumən zamanla janr yaddaşının dəyişməsi hadisəsindən yola çıxaraq deyə bilərik: klassik, ortaçağ şeirini min bir yolla təhlil etmək mümkündür və bu üsulla, doğrudan da, çox fərqli nüanslar, ideya və fikirlər çıxır ortaya, amma bütün bunların həmin şeirlərə böyük ehtimalla dolayısı dəxli olur, məhz bu səbəbdən şairlərlə tənqidçi və ədəbiyyatşünaslar bir-birlərini anlamırlar və bu çox zaman yalançı təbəssümlə sonuclanır. Əsl məsələ nədir bəs? Şübhəsiz ki, Molla Pənah Vaqifin şeirindəki yeni meyillər çox ciddi filoloji əsaslarla şərh edilməlidir. Ancaq… o mətnlərə hopmuş hisslərin mayasında axı sarsılmaz bir həqiqət durur, elə şeylər ki, bunların təkcə sənə dəxli olmur, çox zaman elə sənin özündən yan keçir. Sən o hissi, sadəcə, keçirirsən, necə, hardan gəldiyini bilmirsən, sonra o, yazdığın mətnə sızır, onun qəlbinin döyüntüsü olur, maddiləşir və insanlara təsir edir. Daha doğrusu, maddi olmayan bir şeyin sarı simə çevrilib məhz o mətndə yaşamasına inanmağın gəlmir. Çünki onlar yalnız təmas halında bilinir, özü də hər təmasda yox… Bəzən bu hisslər, sümüyü sürmə olmuş bir şairin duyğuları mətnin sınırlarını qırıb haralarasa gedə bilir və buna, sadəcə, inanmaq lazımdır. Bəlkə mətnin sərhədlərini bu şəkildə keçən hisslər başqa, müasir şairin şeirini də “yaradır”, ən azından onun yaranmasına səbəb ola bilir, çox ola bilər ki, bu modern şair heç o köhnələrdən gələn şairin əşarını, xəyalatını heç bəyənməsin. Yəni şeirdən şeirə bəzi hisslər, sadəcə, dəyişir, təzələnir, kökdən, ana hissdən qidalanır, Yer üzündə, sanki bir ürək varmış, hər şey ordan gəlib mənzilə çataçatda dəyişir. Yəni Baxtinin deyimindəki “janrda hər bir yenilik məhz arxaikanın hesabına duruş gətirir…” fəlsəfi-filoloji mənada dəyişməyən insan hisslərinin araşdırılmasını tələb edir, klassik qəzəldə bu hisslərin “qəlibləşməsi” fiktivliyin ifrat həddə əyaniləşməsinə səbəb olurdu. Füzulidəki “donuşluq effekti” bu faktorla izah edilə bilər. Jerar Jenettin “bədii mətndə yol fiqurdan fiktivliyədir” deyimi də bu mənada janrdaxili proseslərin mahiyyətini üzə çıxarır. Baxın, Axundov Füzulini “dəf edəndən” sonra vacib, dürüst hesab etdiyi xəyalatı Zakir və Vaqifdə (“Mənim əqidəmə görə, tarixi-hicridən indiyədək türk arasında şair münhəsirdir bu iki şəxsə. Bir də bir Məsiha var imiş, xəyalatı az tapılır…) görürdü, ancaq bu şəkildə qovulub “dışlanan” Füzuli bir də Mirzə Cəlilin mətnlərindən boy göstərdi, özü də dəhşətli yanğı, ehtiras şəklində və Mirzə Cəlil poetikasının dünya ədəbi düşüncəsiylə bağlanmasında rol oynadı… Axundovun inkarı, onun möhtəşəm “memar düşüncəsi” bundan daha artıq şeylərə hesablanmışdı. Məsələ təkcə, tədqiqatçıların dediyi kimi, Axundovun ümumən türk ədəbiyyatını yetərincə bilməməsində deyildi və məsələ təkcə Axundovun realist, Füzulinin romantik şair olmasında da deyildi, məsələ bu gün də daha qəlizdir. Şairlə, yazıçıyla tənqidçi arasındakı keçilməz sədd, anlaşılmazlıq, yalançı təbəssümün meydana çıxma səbəbləri nədir? Şair yazdığı, qurduğu, kəşf etdiyi mətnə hopan hisslərin hardan, hansı uzaqlardan gəldiyinin fərqində olmur, bunu sırf özününkü bilir (Şekspir və Nizamini istisna etməklə), bunun sonralar onun qəlbindən uçub getdiyinin də fərqində olmur, tənqidçi, bəzən… həmin hisslərin mənbəyini bilib də şairdən vaz keçir, bu ikisinin bir yerdə olduğu məqamı axtarır (M.F.Axundov kimi…). Bu məqam hansıdır? – arxaikanın, qədim yazılı və şifahi “mətnlərin” havası, bu dünyadan köçmüş insanların hərəsindən bir pıçıltı alıb yaranmış səs… Bu səs Pol Valeri demişkən, bütün dünyadan ayrılmış, təcrid şəraitindəki ətirdən daha görünməz və tənhadır. Yalnızdır. Və bu yalnızlıq heç zaman keçmir, milyon-milyon çoxluğun içində belə keçmir…

Səs, çoxdan eşitməsən də yaddaşına hopan səs içində bələdçi kimi yaşayır, bəzən də yolunu azdığın məqamda qarşına çıxır. Ən böyük ədəbiyyat hərfin yox, səsin içindədi, dünyanın ən böyük medievistlərindən biri Pol Zümtor Orta əsrlər ədəbiyyatnı səsdən doğan sənət (yazır ki, Orta əsrlər ədəbiyyatı literature yox, ecriture-dir, səsin məhsuludur…) adlandırır. Bir qəzəlin, o dövrün poetik mətnlərinin içindəki səsləri araşdırmaq maraqlı olardı, ürəyi dərdlərlə dolu insan səsləri bədii mətnlərin içinə gömülür, hərdən sənə elə gəlir ki, arxadan kimsə çağırdı, səslədi səni, baxırsan yanıldığını sanırsan. Əslində, yanılmaq yoxdu, dünyada nəsə yerində deyil, nəsə yazılmalıdır, səs eşidilməlidir ki, kainat sahmana düşsün, Molla Pənah Vaqifin qoşmalarındakı fəryad səsini kim eşitməyib? Bayatılardakı səsin boğulduğunu hiss edirsən, son məqamda deyilən söz kimi qavrayırsan, bu səs gəraylıda havaya, təmiz, insanda ən itmiş xatirələri oyadan səsə çevrilir…

***

Ən gözəl olan nədir? Təsəvvür edin, müğənni böyük bir şairin şeirini yanğının ən son ladında oxuyur, həm də bir az ehtiyatla, qorxur dünya alışıb- yansın, bu öz yerində, şair qocalıb yorulmuş, zamanda, onun qara-qorxusu içində sap kimi itmiş adam fikrində bu şeirin müəllifini axtarır, ən gözəl…

***

…Gecənin bu vədəsi, səhərə yaxın oyanıb görürsən ki, hər yer qürbətdi, burdan vətənə necə dönməli, dünyanın bütün suları üstünə gəlib danışdığın dilin sait və samitlərini bir- bir ayırıb aparır, sözün vurğusunu ildırım vurur, ağzında dilin gicişir, sən onu itirdiyini hiss edirsən, ömür suların içində bitir, amma su aydınlıqdı… Göylər ağlayana yaxın yumulmaq istəyən gözə bənzədi… M.P.Vaqifin, sanki bir göz qırpımında yaşadığı faciənin kökünü, zənnimizcə, onun ən şaqraq mətnində axtarmaq lazımdır. Bu hansı mətndir?

…Bəzən, ya da elə həmişə, şair ən kədərli halını, başına sonradan, ömrün sonunda gələcək vaqeəni çox cavan, enerjili vaxtında yazır, üstəlik, birnəfəsə yazdığından ləzzət alıb onu bir yolluq unudur. Son anda bu su kimi birnəfəsə başına çəkib içdiyi şərab boğazını yandırır, qəlbini parçalayır, çatın düşdüyü yerdən baxıb o mətni yazan çağını başqa bir adamın ömrü kimi görür və beləcə həm özüylə, həm də o cavanla vidalaşır.

Mənbə: http://edebiyyatqazeti.az/news/proza/6032-zamanda-itmis-ses