Zamanı unutduranlara…

135 Baxış

smile-musfiq-xanölüm var ki, əbədi deyil, sonunda həyat var.

uzaqlarda yaxınlar, yaxınlarda uzaqlar var…

 

Əslində həyatın ikicə rəngi var. Biri sevgi, o birisə ölümdü. Ölümündən sonra daha çox insan kədərlənirsə, bu qazancdı. Böyük sevgilərin sonunda böyük ölümlər olur. Uğrunda ölünəcək qədər böyük sevgilərsə, filmlərdə olur. Əlbəttə, həyatın iki rəngini bir-birinə qarışdırmaq, qarışdıra bilmək, qarışdıracaq ürəyə sahib olmaq adəm övladının işi deyil ki. Ölümü sevənləri ölüm sevmir axı. Amma ölümsüzləşdirə bilər, bu isə təsəllidi.

Ölümün unutduğu adamlar var. Özündən uzaqda gəzib dolaşır bu adamlar. Ancaq çox vaxt ölüm vəfasızlardan daha etibarlıdır. Heç olmaya, düşüncəsi olana hər gün özünü xatırlada bilir.

Zamanla unudulanlar da var, ölümlə unudulanlar da. Lakin insan həmişə bu həyatda bədəl ödəyir. Əvvəlcə doğuluşuyla, sonra sevməsi, daha sonra ayrılması, yalnızlığıyla və ən nəhayət ölümüylə bədəl ödəyir. Allahın kin-küdurət əsəridi insanlar. Səbəbli, yaxud səbəbsiz əvəzçıxmalar da bu səbəbdən olsun, gərək ki…

İnsanların həyatı siqaret kimidir. Yandırarsan və yavaş-yavaş sonuna yaxınlaşar. Sonradan qalan kötüklər fərqli olsa da, heç bir məna ifadə edə biməz. Bu siqaretin nikotini kimdəsə çoxdu, ömrünün damarlarını sıxır. Kimdəsə qatranı çoxdu, qəhər kimi boğazında ilişib qalır.

Bəzən kiminsə sinəsinə düşmür bu həyat. Yaşamır, yaşaya bilmir, gedir.

Kimisi də tərgidə bilmir həyatı. Dünyanı tutub getmək istəyir.

Kiminin həyatı yüngül qadın siqaretinə oxşayır – kef-damaqda yaşayıb, dövranını sürür.

Kiminin də həyatı filtirsiz siqaret kimidi – yaşasa da, yaşadığı bilinmir. Ölmür, hərçənd yaşadığını da hiss etmək olmur.

Və bir də, yaşamadığı qədərdi insanlar. Susduğu qədərdi əslində…

 P.S.

yığasan bütün ümidlərini
gedəcəyin yerə basdırasan
torpaq çəkir, – deyirlər ha
tərslik etməyəsən, tələsəsən…

Bölmə : Müşfiq XAN
KÖŞƏ YAZARLARI
TOP 10