“Zamanın izləri” sərgisi Zaqatalada

8 Baxış

yarat_121216

YARAT Müasir İncəsənət Məkanı Zaqatala şəhərində “Zamanın izləri” adlı səyyar sərgini təqdim edəcək. YARAT-dan Senet.az-a verilən məlumata görə, sərgi 15 dekabr 2016 – 15 mart 2017 tarixlərində keçiriləcək. Sərginin açılışı Zaqatala Dövlət Rəsm Qalereyasında dekabrın 15-də saat 15:00-da olacaq.

“Zamanın izləri” adlı sərgi müxtəlif təsviri sənət sahələrində çalışan yerli və xarici müasir rəssamların ətrafında hər dəqiqə baş verənləri müşahidə etmək üçün yeni üslublar təklif edir. Azərbaycanın məşhur fotoqrafı Sənan Ələsgərovun “Sadəliyin şəffaflığı” foto silsiləsi bizi əhatə edən adi əşyalarda gözəllik axtarıb tapır. Biz o cür bəsit, gündəlik əşyaları heç sezmirik, lap üstünə baxanda belə görmürük. Sənətkar tamaşaçıları öz ətraflarını daha çox dəyərləndirməyə, hər şeydən zövq almağa çağırır.

Rusiyalı Olqa Çernışovanın “Ekranlar” adlı video əsərlər silsiləsində gündəlik həyatın adi, önəmsiz hadisələrini əks etdirərək, bəsitliyi poetik ölçüyə gətirib çıxarır. Bunun üçün o, həyatın təsadüfləri barədə düşüncələrini paylaşır və ya buludları seyr edərək onları nəyəsə bənzədir.

Azərbaycan rəssamı Fərid Rəsulovun “Ətalət” adlı video əsəri qəssabın necə ət doğradığını təsvir edir. Çəkilmiş videonu geriyə hərəkətləndirmək vasitəsilə ekranda ətin doğranması yerinə, əksinə, doğranmış ət parçaları birləşib bütöv qoyun olurlar. Görüntülər bizim qavrayışımıza dair suallar doğurur və alışdığımız bir hadisənin ekzistensialist anlamını alt-üst edir. Sərgi daha iri miqyaslı və kəskin mövzuları təqdim etmək məqsədi ilə sadə üsulların istifadəsini vurğulayır. Sərgidə Fərid Rəsulovun yaratdığı “Memarlıq dixatomiyası” silsiləsinə daxil olan bir əsəri də nümayiş olunur. Həmin silsilədə heykəltəraşlıq əsərləri köhnəni yeni ilə, keçmişi indiki zamanla birləşdirməklə, rəssamın yaşadığı şəhərdə dəyişmə modulunu əyaniləşdirir.

İlkin Hüseynovun “Rəngləri xatırlayaraq” foto silsiləsi, rəssamın doğma şəhəri olan Gəncənin gündəlik reallığını əks etdirir. Rəssam fotolarında diqqətə gətirdiyi sərt yaşayış şəraiti təsvirlərini əl ilə rənglənmişdir, bu isə öz növbəsində daha yaxşı gələcək üçün ümid qığılcımıdır.
Oxşar sıxışma hissi gürcü rəssamı Koka Ramişvilinin “Çay”, “Qəhvə” və Süd” videolarında ifadə olunur, burada üzü görünməyən personajlar süfrə başında oturaraq dayanmadan fincana nəsə süzürlər. Hərdən adama elə gəlir ki, onların süzdüyü maye öz hədəfindən – fincandan yan keçib düz süfrəyə tökülür, hərdən isə, “Süd” videosunda olduğu kimi, həqiqətən də süzülən mayenin süfrədə heç bir hədəfi yoxdur. Mayelər, sanki, sehrli bir dairəyə tökülüb qalır, görünməz çərçivədən kənara çıxmır, yerə dağılmırlar. Bu əsərlər post-sovet Gürcüstanı metaforik tərzdə təsvir edirlər: hərəkət varsa da, yalnız zahiridir, çox vaxt illüziyadır, bir irəliləyişə gətirib çıxarmır, çox vaxt məqsədsiz və mənasızdır.

Vyanada yaşayıb-yaradan türkiyəli Nilbar Güreşin “Qapısı açıq telefon köşkü” foto silsiləsi rəssamın doğma məskəni olan Şərqi Anadoluda infrastrukturun, o cümlədən telefon xətlərinin olmamasından və tragikomik yaşayış şəraitindən bəhs edir. Yüksək moda üslübünda çəkilmiş bu fotolar müasir dünyanın və avtomatlaşdırılmış yaşayış şəraitinin uyğunsuzluğunu qeyd edir.

Gənc Azərbaycan rəssamı Zamir Süleymanovun yaratdığı “Qərar” videosu İslamı qəbul etmiş dörd məşhur şəxsin gündəlik həyat fraqmentlərini təsvir edir. Həmin süjet rəssamın şəxsi mifologiyasını qurur. Video rəssamın şəxsi subyektivliyi prizmasından digərlərinin dini yanaşma və perspektivləri üzərində incə şəkildə oynayır. Sərgidə Zamir Süleymanovun Emin Əzizbəyli ilə birgə yaratdıqları “Astar” adlı qısametrajlı film də nümayiş olunur. Sonu bəlli olmayan bu filmdə baş qəhrəmanın ictimai və şəxsi həyatda günbəgün tutduğu adi işlərdən bəhs edilir.

Berlində yaşayıb-yaradan türkiyəli Nevin Aladağın “Beş daş oyunu” foto silsiləsi, rəssamın anasından Cənubi Almaniyada böyüdüyü vaxtda öyrəndiyi qədim Mərkəzi Asiya oyununu təsvir edir. Fotoqrafiya silsiləsi oyunu sənədləşdirərək, ənənə və yaddaş mövzusunu və mədəni identikliyin necə ayinlər vasitəsilə ötürüldüyünü tədqiq edir.

Tanınmış Azərbaycan rəssamı Rəşad Ələkbərovun “Şəbəkə” əsəri qədim vitraj sənəti ilə səsləşən mürəkkəb naxış sənəti olaraq, Azərbaycan memarlığının əsas özəlliklərindən birini araşdırır. O, Azərbaycan mədəniyyətini qeyri-şərtsiz müəyyən edən incilərdən biri olan şəbəkə sənətini davam etdirərək, onun yeni, ələkeçməz nümunələrini yaradır.

Sərgidə rəssam Rəşad Babayevin qarışıq texnika ilə hazırlanmış “Poetik heykəl” adlı heykəli və “Dərviş” rəngkarlıq tablosu nümayiş olunur. “Poetik heykəl” Poeziyaya pərəstiş ifa edən və bütpərəstlik toteminə bənzəyən “Poetik heykəl” əsərin üstündə qara ləkələrə bənzəyən heroqliflər yazılıb. Dərviş rəngkarlıq əsəri Sufi cərəyanına xas olan bu obrazın özünəməxsus interpretasiyasını təqdim edir.

Gənc fotoqraflar nəslinin nümayəndəsi Sitara İbrahimovanın “Oğlan yaxşı, qız belə” foto və video layihəsi ana bətnindəki dölün qız olduğu müəyyən olunduqda abort qərarının verilməsi halları hədəfə alır. Fotoqraf qadınlara qarşı kəskin gender bərabərsizliyi və ayrıseçkilik barədə, eləcə də Qafqaz mədəniyyətində qədimdən bəri rastlaşan belə halların məyusedici nəticələri barədə məlumatlandırmanı artırmağa çalışır.

Ekspozisiyada nümayiş olunan bütün əsərlər YARAT Müasir İncəsənət Mərkəzinin daimi kolleksiyasının hissəsidir.

Sərginin iş günləri: Bazar ertəsi – Cümə
Sərginin iş saatları: 09:00 – 18:00
Əlaqə: +99455 643 09 86
Giriş sərbəstdir.

Bölmə : Rəssamlıq, Sənət
KÖŞƏ YAZARLARI
TOP 10