Ziqmund Freyd: “Əxlaqsızlıq dində özünə əxlaqdan daha artıq dayaq tapa bilib”.

209 Baxış

freyd

 “XAN” nəşriyyatında Ziqmund Freydin “Bir illuziyanın gələcəyi” kitabı işıq üzü görüb. Kitabı rus dilindən tərcümə edən Araz Gündüz, redaktoru isə Azad Qaradərəlidir.

Senet.az “Bir illuziyanın gələcəyi” kitabından bir hissəni təqdim edir:

Bu yazımdan ziyan çəkə biləcək tək bir insan varsa, o da elə mən özüməm. Bu əsərimi üzə çıxardandan sonra məni, biliyimin səthiliyi və məhdudluğunda, habelə, insanlığın yüksək maraqlarını anlamamaqda və yaxşılıqsevərlik daşıyıcısı olan idealizmdən uzaqlaşmaqda qınayacaqlar, özü də bunu ən kobud formalarda mənim üzümə vuracaqlar. Ancaq bir yandan bu ittihamlar mənim üçün yenilik deyildirsə də, başqa yandan da, kimsə gənclik illərindən başlayaraq öz çağdaşlarının yaxşı-pis ovqatlarına köklənməkdən, özünü yalnız onların bəyənəcəklərini deməkdən çəkindirməyə çalışmışsa, onda belə birisinin qoca yaşlarında bu çağdaşlarından nəsə gözləyəcəyini və onların qınaqlarından inciyə biləcəyini düşünmək də yersizdir. Daha əski çağlarda durum başqa idi və o çağlarda belə sözlərinə görə, insanlar öz ömürlərini ixtisar eləyib bu dünyadan daha tez köçməli olurdular və onları ilk yaranan təsadüfdəcə, o dünya ilə tanış olmaq üçün yola salırdılar. Ancaq, təkrar eləyirəm, o çağlar ötüb keçmişdir və bu gün belə düşüncələrini yazıya almaq onun müəllifi üçün heç bir qorxu törətmir. Ən pis durumda bu yazarın kitabını yasaqlaya, ya da onun bu və ya başqa ölkədə yayılmasının qarşısını ala bilərlər. Belə kitabların yasaqlandığı ölkələr isə, sözsüz, öz mədəniyyətinin yüksək səviyyədə dayandığına inanan ölkələr olacaqdır. Ancaq mənim kimi, insanları özlərinin qızğın istəklərindən və tale deyilən nəsnədən əl çəkməyə səsləyən birisinin, bu acılara da dözə biləcəyini gözləmək olar.

Mən özüm də, istər-istəməz, düşünməli oluram: bu əsərimi çap elətdirməyim hansısa ziyan gətirə bilərmi? Ziyan gətirmək deyəndə, kimə və kimlərəsə yox, psixoanalizlə bağlı işlərə dəyə biləcək ziyanı deyirəm. Psixoanalizi mənim yaratdığımı hamı bilir və bunu danan yoxdur. Bu nəzəriyyənin yarandığı gündən indiyədək çoxlu istəməyənləri və yağıları da vardır; mən indi bu sayağı insanların çox az eşitdikləri sözləri danışmaqla, insanlarda öz kimliyimə qarşı nifrət yaratmaqla, onların bu kin-küdurətini psixoanalizə qarşı da yönəldə bilərəm. Onlar bu əsərimi oxuyandan sonra deyəcəklər: “Hə, indi hər şey aydın oldu, bu adamın maskası düşdü, sən demə, onun məqsədi Tanrını və mənəvi idealları danmaq imiş, bu onsuz da çoxdan bizim ürəyimizə dammışdı. Sən demə, o özünün başlıca fikirlərini bizdən gizlətmək üçün, psixoanalizin dünyagörüş deyil, nevrozların müalicəsi üsulu olduğunu deməklə bizi çaşdırmağa çalışırmış”.

Belə bir çığır–bağır mənim üçün doğrudan da çox xoşagəlməz olacaqdır və özümə qarşı yönələn bu basqıların, mənimlə işləyən, çoxusu dinlə bağlı baxışlarımla razılaşmayan əməkdaşlarıma qarşı yönələ biləcəyindən də narahat oluram. Ancaq indiyədək çoxlu qasırğalardan keçə bilmiş psixoanalizin bu yeni tufandan da sağ-salamat çıxa biləcəyinə inanıram. Psixoanaliz öz mahiyyətinə görə, araşdırma metodudur, sonsuz kiçilənlər üzərində aparılan hesablamalarda olduğu kimi qərəzsiz və doğrucul bir üsula arxlanmaqdır. Birdən, sonuz kiçilənlər üzərində apardığı hesablamalara görə, hansısa bir fizik Yer kürəsinin bəlli bir vaxtdan sonra yox olacağını müəyyən edirsə, onda bu hesablamaları ziyanlı sayıb yasaqlamaqdan öncə, onların nədən belə sonuclara gətirib çıxardığı üzərində düşünmək daha yaxşı olmazdımı? Burada dini təlimlərin gerçəkliyi ilə bağlı mənim dediklərimi araşdırmaq psixoanalizi maraqlandırmamış, onun belə bir təlabatı olmamışdır, bütün bunları onun yaranmasından çox-çox öncə, başqaları demişlər. İndi, psixoanalizin metodlarını tətbiq eləməklə dini baxışların gerçək olmadığı ilə bağlı yeni dəlillər əldə eləyiriksə, bu din üçün çox pisdir, ancaq dinin qoruyucularının da psixoanalizdən yararlanıb öz inanclarının doğruluğunu sübut eləmək haqqını kimsə onların əlindən almır.

freydBeləliklə də, bizə qarşı irəli sürülən ittihamların yanlışlığını göstərməyə davam eləyək. Din, sözsüz, insanlığın mədəniyyətinə olduqca böyük xidmətlər eləmişdir, habelə, toplumdakı dağıdıcı güclərin barışığa gəlməsi üçün də çoxlu işlər görmüşdür, ancaq bu işlər yetərincə olmamışdır. Minilliklər boyunca o insan toplumlarını yönətmişdir; onun, bu yöndəki bacarığını göstərmək üçün yetərincə vaxtı olmuşdur.

Ancaq onun insanları ovundurmağa, onları yaşamın ağırlıqları ilə barışmağa yönəlik çalışmaları, bu dini baxışların yayıldığı mədəniyyətlərin içində yaşayan insanların əlini işdən də soyutmuşdur, bu insanlar yaşadıqları toplumlardakı durumu yaxşılığa doğru dəyişmək çalışmalarından yayındırılmışlar. Yaranmış insani münasibətlərdəki çatışmazlıqları aradan qaldırmağın yerinə biz nə görürük? Sayı qorxulu həddə çatan insanlar mədəniyyətdən narazıdırlar və onun içində bədbəxt olmuşlar, onlar bu mədəniyyəti silkinib atmalı olduqları boyunduruq sayır-lar; bu narazı insanlar ya bütün güclərini vurub ortalıqda olan mədəniyyəti dəyişməyə çalışacaqlar, ya da mədəniyyətə qarşı bu yağılıq çox dərinlərə işləyərək, mədəniyyət və onun aşıladığı öz instiktiv istəklərini məhdudlaşdır-maq kimi sözləri büsbütün onların gözündən salacaqdır. Bu yerdə bizim sözümüzə qarşı çıxıb deyə bilərlər: yaranmış bu durumun səbəbi elmi tərəqqinin sayəsində dinin kütlələr üzərində təsirinin azalması ilə bağlıdır. Gəlin, gələcəkdə öz məqsədlərimiz üçün yararlanmaqdan ötəri, bu etirazı onun əsaslandığı arqumentləri ilə birlikdə unutmamağa çalışaq. Ancaq, bəri başdan bunu da demək istəyirəm: burada elmin adına deyilən qınaqlar olduqca yersizdir.

Dini təlimlərin qeyri-məhdud şəkildə ağalıq elədiyi çağlarda insanların hamılıqla və bütün yönlərdə indikindən xoşbəxt olduqları ilə bağlı deyilənlər inandırıcı deyildir; ən azından, mənəvi baxımdan bunun belə olmadığı aydındır. Bütün bunlar isə, insanların, keçmişlərdən başlayaraq bugünədək, dini təlimlərin ehkamlarını dəyişdirmək və öz istəklərinə uyğunlaşdırmağa çalışmaq istəklərində üzə çıxmışdır. Dini təlimin hökmlərinin yerinə yetirilməsinə nəzarət eləməli olan ruhanilər də onlara bu işdə güzəştə getmişlər. O çağlarda Tanrı adından qurulan məhkəmələrin çıxardığı qərarlar çox vaxt Tanrının üzgörənliyə qapıldığı yaxşılıqsevərliyi üzərində qurulurdu: insanlar günaha batır, günahlarını yumaq üçün tövbə eləyir, qurbanlar verir, sonra yenidən suça batmaqdan çəkinmirdilər. Rus ruhu isə, bütün bunlardan ürəklənib, belə bir sonuca gəlib çıxmışdı: günaha batmaq Tanrının mər-həmətini və lütfünü duyub onun böyüklüyünə sevinə bil-mək üçündür, başqa sözlə desək, günah eləmək Tanrının sevdiyi işlər sırasındadır. Kütləni dini baxışlara boyun əydirib bu durumda saxlaya bilmək üçün insan təbiətində özünü göstərən ehtiraslara qarşı çox böyük güzəştlərə getmədən ruhanilərin bu işi bacara bilməmələri də bəllidir. Ona görə də, onlar çıxış yolunu insanlar arasında belə bir ovqat yaratmaqda görürdülər: yalnız Tanrı güclü və yaxşılıqsevərdir, insan isə zəif və günaha batmağa yönəlikdir. İnamla demək olar: insanlığın yaşadığı bütün çağlarda, əxlaqsızlıq dində özünə əxlaqdan daha artıq dayaq tapa bilmişdir. Beləliklə də, din insanlığı xoşbəxtliyə çatdırmaq, onu mədəniyyətə qovuşdurmaq və əxlaqla cilovlamaq yolunda yaxşı heç bir örnək yaradıb ortaya qoya bilmirsə, onda istər-istəməz, belə bir sual yaranır: biz onun insanlıq üçün gərəkli olduğunu şişirtmirikmi və özümüzün mədəni təlabatlarımızda ona əsaslanmağımız müdriklik sayıla bilərmi?

Gəlin, bu gün, dinlə bağlı düşüncələrimizin haçalanmasına yer qoymayan çağdaş duruma göz yetirək. Biz artıq dini baxışların insanlara keçmişlərdə olduğu kimi güclü təsir eləyə bilmədiyi ilə bağlı etirafı eşitdik (burada avropa-xristian mədəniyyətindən söz gedir). Dini baxışlar yenə də, insana cəlbedici vədlər verməkdədir, ancaq iş burasındadır, bu vədlər insanların gözündə öz etibarını çox itirmişdir. Belə bir dəyişikliyin baş verməsi isə, söz-süz, elmi ruhun insan toplumunun yuxarı qatlarında yerini bərkitməsi ilə bağlıdır (bundan başqa da səbəblər ola bilər!) və bununla razılaşmamaq çox çətindir. Dini baxışları tənqid eləyənlər dini sənədlərin doğruluğunu sarsıda bildilər, təbiət elmləri onlarda çoxlu yanlışlıqları tapıb üzə çıxardı, müqayisəli araşdırmalar isə, bizim dini baxışlarımızla, keçmişin primitiv xalqlarının inancları arasında çoxlu bənzərliklər olduğunu göstərdi.

 

 

 

 

Bölmə : Araşdırma, Manşet
KÖŞƏ YAZARLARI
TOP 10