Ziqmund Freydin mədəniyyət haqqında essesi

111 Baxış

buu25

Senet.az “XAN” nəşriyyatında işıq üzü görmüş Ziqmund Freydin “Bir illuziyanın gələcəyi” kitabından bir hissəni təqdim edir:

Qeyd edək ki, kitabı rus dilindən tərcümə edən Araz Gündüz, redaktoru isə Azad Qaradərəlidir.

 

Hansısa bəlli mədəniyyətin içində ona qovuşaraq yaşayırsansa, habelə, bu mədəniyyətin köklərini və bugünədək olan inkişaf yolunu dönə-dönə araşdırmağa çalışırsansa, onda gec-tez bu baxışların səni başqa bir yönə də çəkib aparır və düşünməli olursan: görəsən, bu mədəniyyəti gələcəkdə nələr gözləyir və o bu, gələcəyə doğru gəlişmələrində hansı dəyişikliklərə uğraya bilər? Ancaq çox keçmədən, belə bir araşdırmaya yönəlməkdə, həmişə, lap başlanğıcından, çoxlu çatışmazlıqların olduğunu duymağa başlayırsan. Bunun ən başlıca səbəbi isə, olduqca az kimsələrin insanın fəaliyyətini, onun bütün yönləri və genişliyi ilə birgə, qavraya bilməsindədir. Belə bir araşdırma aparmaq istəyənlərin çoxu, istər-istəməz, insanın fəaliyyətindəki ayrıca götürülmüş bir, ya da bir neçə sahəni araşdırmaqla yetinməli olur; habelə, kiminsə keçmişlə və bugünlə bağlı bilikləri nə qədər azdırsa, onun gələcəklə bağlı mühakimələri də o qədər güvənsiz olur. İkincisi isə, belə mühakimələrdə hər bir şəxsin subyektiv istəkləri də böyük rol oynayır və onları yetərincə ayırd eləyib dəyərləndirmək çox çətindir; bu istəklər isə, qaçılmaz olaraq, araşdırıcının temperamenti və öz ömründə qazandığı uğur və uğursuzluqları ilə bağlı olur, bütün bunlar da onun mühakimələrində yaşama nə dərəcədə optimist yanaşmasını və keçdiyi yaşam sınaqlarını necə dəyərləndirməsini müəyyən eləyir. Buradakı vəziyyətə təsir edən ən güclü və gözəçarpan faktorlardan sonuncusu isə, insanların olduqca böyük çoxluğunun, içində yaşadıqları çağa üzdən yanaşması, onun dərinliklərinə varmağa çalışmamasıdır: onlar yaşadıqları çağdaş dönəmi dəyərləndirmək üçün ona bir az qıraqdan baxmağa gərək duyurlar; daha doğrusu, çox vaxt, yaşadığımız bu gün keçmişə çevrilməyincə, biz gələcəklə bağlı mühakimələrimizdə ondan yararlanmağı bacarmırıq.

Bu yöndə hansısa diləklərə qapılmış insan, öz adından, ehtimal olunan gələcəklə bağlı uzaqgörənlik eləmək istəyirsə, onda gərək mühakimələrinin ağlabatan olması üçün, bu durumda özünü göstərən yuxarıda sadaladığımız çatışmazlıqlardan da özünü qorumağa çalışsın. Mənə gəlincə, bütün bu çatışmazlıqlardan qurtula bilmək üçün, özümü söz saldığım mövzu ilə bağlı çox geniş problemləri araşdırmaqdan çəkindirib, daha yaxşı bildiyim və öncələr də diqqətimi çəkən çox da böyük olmayan bir sahədə araşdırmalar aparmağa çalışacağam. Sözsüz, araşdırma apardığım bu sahənin hansı bütünlüyün bir bölməsi olduğunu və bu bütünlükdə hansı yeri tutduğunu aydınlaşdırmağı da unutmuram.

Mədəniyyət deyəndə mən insanı öz bioloji varlığından yüksəyə qaldıran, onu heyvanilikdən ayıran nə varsa, onların hamısını göz önündə tuturam və mədəniyyət ilə sivilizasiya anlayışlarını birbirindən seçib ayırmağa gərək duymuram; habelə, bu insan mədəniyyəti deyilən dəyərin, onu izləyənlərin qarşısında daha çox iki yönü ilə seçildiyini düşünürəm. Bunlardan birincisi, mədəniyyətin insanı təbiət güclərinə yiyələnmək üçün bilik və bacarıqlar qazanmağa yönəltməsi və ona, qazandığı bütün bu uğurlardan insanlığın gərəkləri üçün yetərincə yararlanmağı aşılamağa çalışmasıdır, ikincisi isə, insanların qarşılıqlı ilişkilərini və əldə olunan nemətlərin onlar arasında bölüşdürülməsini düzənləyən ictimai qurumlar yaratmasıdır. Mədəniyyətdə özünü göstərən bu iki yönümün bir-biri ilə sıx qarşılıqlı bağlılıqları vardır və bu asılılığın doğurduğu aşağıdakı nəticələr da göz önündədir: birincisi, insanlar arasındakı bu qarşılıqlı ilişkilər onların öz istəklərini doğrulda bilməsində çox böyük bir rol oynayır, ikincisi, hər bir insan ortalıqda olan hansısa nemətdən yararlanmaq üçün, bəlli şərtlər üzrə, bir başqası ilə belə qarşılıqlı ilişkilərə girə bilir və qarşılıqlı ilişkiyə girdiyi bu adam onun işçi qüvvəsindən yararlanır, yaxud da onu özünün seksual istəklərini gerçəkləşdirən obyektə çevirir, üçüncüsü isə, yaranıb ortaya çıxan bu mədəniyyətin insanların hamılıqla işinə yarayan və onların birlikdə yaratmalı olduqları bir dəyər olmasına baxmayaraq, hər bir ayrılıqda götürülmüş fərddə bu mədəniyyətə qarşı yağılıq duyğusu özünü göstərməkdədir. Beləliklə də, çox maraqlı bir vəziyyət yaranır: insanlar bir-birindən ayrılıqda yaşaya bilmədiklərindən özlərinin birgəyaşayışları üçün mədəniyyət yaradırlar və sonradan onu çiyinlərinə düşmüş ağır bir yük saymağa, özlərini onun qurbanları kimi qavramağa başlayırlar. Ona görə də, mədəniyyət özünü təklənib yenilməkdən qorumalı olur, bunun üçün də, özünün qulluğunda dayanmalı olan qurumlar, düzənlər və yasaqlar yaratmağa əl atır; bu qurumlar təkcə elə insanların əldə elədiyi nemətlərin onlar arasındakı bölgüsünü həyata keçirməklə yetinmir, bundan başqa da, yaradılmış bu prinsipləri qorumalı da olur, başqa sözlə desək, təbiətin yenilməsi və bunun üzərində qurulmuş nemətlər əldə olunması durumuna qarşı insanlar arasında özünü göstərən yağılıq duyğularına qarşı da dirəniş göstərməli olur. Doğrudan da, tarixi təcrübənin göstərdiyi kimi, insanlıq deyilən dəyər çox asanlıqla dağıdılıb yox edilə bilər, habelə, insanın öz əlləri ilə yaratdığı elm və texnika deyilən nəsnələr də onun bütünlüklə yox edilməsi işinə çox yaxşı yaraya bilər.

 

 

 

 

 

 

 

 

Bölmə : Araşdırma, Manşet
KÖŞƏ YAZARLARI
TOP 10