Ziya Bünyadovun üzə çıxardığı tarixi sənəd

6 Baxış

57166

Çar Rusiyasının ziyalılarımıza qarşı təzyiq və təqibləri həmişə olub. XX əsrin ilk illərində çar məmurları Azərbaycan ziyalılarına göz açmağa imka verməyib. Millətin maariflənməsi üçün məktəb açmaq, qəzet və ya jurnal dərc etmək istəynlərə qarşı çox sərt davranıblar. Ya müraciətlərinə rədd cavabı veriblər, ya da ki, müsbət cavab verdikdən sonra 3-5 sayı dərc olunan mətbu nəşrin dayandırılması üçün hər cür hiyləyə əl ataraq naşiri təqib ediblər. Bir sözlə, hər cür əngəl olmağa çalışıblar. Həmin dövrün olaylarını əks etdirən onlarla, bəlkə də yüzlərlə arxiv sənədləri mövcuddur. Belə sənədlərdən birinə akademik Ziya Bünyadov arxivdə işləyərkən rast gəlib və “Ədəbiyyat qəzeti”nin 1991-ci ilin 12 aprel №15 (2462) sayında dərc edib. Bununla bağlı akademik yazır ki: “Bu yaxınlarda arxivdə olan Müsavat partiyası haqqında sənədlərin arasında maraqlı bir yazıyla rastlaşdım. Həmin yazı Əli Abbas Müznibin əleyhinə 1911-ci ildə tərtib edilmiş bir ittiham aktıdır. Sənəd rus dilindədir, amma çox maraqlı və nadir olduğu üçün onu Azərbaycan dilinə tərcümə edib oxuculara şərhsiz təqdm edirəm.

Beləliklə,Senet.az Əli Abbas Müznib əleyhinə olan ittiham aktını təqdim edir:

“Bakı meşşanı Əli Abbas Mütəllibzadə haqında ittiham aktı”

“Bakı şəhərində tatar (Azərbaycan – Z.B.) dilində nəş olunmuş 1910-cu il 18 dekabr tarixli “Hilal” qəzetinin birinci nömrəsinin “Biz nə etməliyik” adlı baş məqaləsində əzcümlə aşağıdakı mühakimələr dərc olunub:

“Bizim məqsədimiz istəkli hüquqularımızın qaytarılmasında və istibdad üsul-idarəsinin dəmir pəncəsindən azad olmaq cəhdindəndir. İnsan həyatında birlik elə ən yüksək keyfiyyət və ya qüdrətli vasitədir ki, onun köməyi ilə bir neçə adi və işgüzar adam ən güclü zalimə özünə gəlməyə imkan verməyərək, tezliklə onu məhv edib bəşər şöhrətini qazana bilər.

Necə ki, birlik insan cəmiyyətinin ən kiçiyini ən güclü xalq səviyyəsinə qaldıra bildiyi kimi, eləcə də ədavət əks təsir göstərərək, ən güclü xalqı da məhv edə bilər.

Buna görə də əgər biz, müsəlmanlar boğazımızı dəmir əlləriylə sıxan cəlladlardan azad olmaq istəyiriksə, onda hər yerdə və hər zaman öz hərəkətlərimizdə yekdil və həmfikir olmalıyıq.

Amma heyf, biz müsəlmanlar qanımızın coşğunluğunu elə itirmişik ki, indiki zamanda yalnız birləşib, var gücümüzlə hər hansı bədbəxt adamın üstünə düşüb öz hünərimizi bu acizin döyülməsində göstəririk: yüzlərlə ağciyar adamlar olaraq biz, hər hansı bir məmurun qabağında biabırcasına qaçırıq və bu eybəcər qorxaqlığın rəzalətini də başa düşmürük”.

Yenə də adıçəkilən qəzetin həmin nömrəsində “Əkinçi” adlı şeir-felyetonda əməksevər əkinçinin acınacaqlı vəziyyəti qəmli sətirlərlə tərənnüm edilir və müəllif (yəni Mirzə Ələkbər Sabir) əkinçiyə xitabən deyir:

“Həyatının məqsədi nədir, ay hörmətli qoca, ağır əməyinin nəticəsi nədir? Məgər əziyyət çəkməklə qanlı göz yaşlarını tökmək və yaxud zalimlər tərəfindən döyülüb, söyülüb, soyulmaqdır?

Bəli, sən qazanırsan, amma əməyinin bəhrəsi ilə rəhimsiz, zalim faydalanır. Sən mərdanə zəhmət çəkirsən, lakin sənin ağır əməyin dəyərsizlərə və müftəxorlara cah-cəlal və kef gətirir. Sənin halal qazancına çoxlu zülmkar və haqsızların – hökumətin, dövlətlilərin və s. ac gözləri dikilib. Hökumət insanı aşıran canavardır və o insanlarda nə pul qoyur, nə də əmlak”. Əkinçi bu hökumətə belə sözlərlə müraciət edir: “Mən yoxsulam, bədbəxtəm, rəhm elə!” Lakin cavabında isə: “Sus, mənfur kölə, sus! Mən dövrün Allahıyam, mənə söz qaytarma! Mən müasir cəlladam!” – sözlərini eşidir.

Göstərilən məqalələrdə cinayət qanunu 129-cu maddəsinin I hissəsinin 2 və 6-cı bəndlərilə nəzərdə tutulan cinayətin mövcud olmasını görərək, mətbuat üzrə Tiflis komitəsi öz 31 nömrəli 8 yanvar 1911-ci il tarixli təliqəsilə Tiflis Məhkəmə Palatası prokurorundan xahiş edir ki, adı çəkilən “Hilal” qəzetinin redaktoru, Bakı meşşanı Əli Abbas Mütəllibzadə əleyhinə cinayət işi qaldırılsın.

İzah olunanlara əsasən Bakı meşşanı Əli Abbas Mütəllibzadə, 27 yaşlı, ondan ötrü təqsirləndirilir ki, o, Bakıda tatar (Azərbaycan) dilində dərc olunan “Hilal” adlı qəzetin redaktoru olaraq adı çəkilən qəzetin 18 dekabr 1910-cu il tarixli birinci nömrəsində qabaqcadan özünə məlum olan:

1. Müsəlmanları birləşərək ölkədə mövcud olan ictimai quruluşun devrilməsinə çağıran “Biz nə etməliyik?” adlı baş məqaləsini və;

2. “Əkinçi” ünvanlı felyotonda olan, hökumət və əhalinin varlı təbəqəsinə qarşı düşmənçəliyi yaradan şeiri nəşr edib yaymışdır.

Həmin baş məqalədə irəliyə elə fikir sürülür ki, müsəlmanların məqsədi “istəkli hüquqların qaytarılması və istibdad üsul-idarəsinin dəmir pəncəsindən azad olmaq cəhdidir…” necə ki, birlik insan cəmiyyətinin ən kiçiyini ən güclü xalq səviyyəsinə qaldıra bildiyi kimi, eləcə də ədavət əks-təsir göstərərək ən güclü xalqı da məhv edə bilər. Buna görə də əksər müsəlmanlar xalqın boğazını dəmir əlləriylə sıxan cəlladlardan azad olmaq istəyirlərsə, onda hər yerdə və hər zaman öz hərəkətlərində yekdil və həmfikir olmalıdırlar.

“Əkinçi” şeirində əməksevər əkinçiyə deyilir ki: “sənin əməyinin bəhrəsiylə rəhmsiz zalım faydalanır”; əkinçi “mərdanə zəhmət çəkir, amma onun ağır əməyi dəyərsizlər və müftəxorlara cah-cəlala və kef gətirir”; əkinçinin “halal qazancına çoxlu zülmkar və haqsızlıqların – hökumətin, dövlətlilərin və s. ac gözləri dikilib”.  Daha sonra deyilir ki, hökumət insanı aşıran canavardır və o, rəiyyətlərdə nə pul qoyur, nə əmlak… Bu hökumətə: “Mən yoxsulam bədbəxtəm, rəhm elə!” sözlərilə müraciət edəndə, hökumət: “Sus, mənfur kölə! “Sus, mənəm zəmanənin Allahı, mənə söz qaytarma! Mən müasir cəlladam!” sözlərilə cavab verir.

Müqəssirin izah olunan hərəkəti cinayət qanunu 129-cu maddəsinin I hissə 2 və 6-cı bəndlərilə nəzərdə tutulan mütabiqdir.

Bütün bunlara və Cinayət Məhkəmə Nizamnaməsinin 1032 m. 2-ci bəndinə görə, adı çəkilən meşşan Əli Abbas Mütəllibzadə təbəqələr nümayəndələrinin iştirakı ilə Tiflis məhkəmə palatasının məhkəməsinə verilməlidir. 1911-ci il yanvarın 10-da Tiflisdə tərtib olunmuşdur.

Tiflis məhkəmə palatasının prokurur köməkçisi A.Skulski”.

Rəşad Sahil

Mənbə: enter.news

Bölmə : Bölməsiz
KÖŞƏ YAZARLARI
TOP 10