Zorən yazıçı – Cavid Qədir

9 Baxış

Без названия

Senet.az oxucularına “Ustad” jurnalının “Ustad mütaliəçi” rubrikasından Cavid Qədirin “Zorən yazıçı” yazısını təqdim edir.

 

“Zomar saxlamaq…”

Adət-ənənəyə bağlı adamlar olduğumuz sirr deyil. Nədəsə alternativ fikir, mövqe görəndə ilk dediyimiz “bineyi-qədimdən belə görmüşük” olur. Əlbəttə, gülünc arqumentdir. Çünki eyni prizmadan yola çıxsaq, gərək hələ də mağarada yaşaya, dəri paltar geyə, mamont qova – hərçənd ki, köklərinə daş atmışıq – çiy ət yeyərdik. Biz ki mədəni, təhsil görmüş, gördüyünü götürmüş adamlarıq. Gördüyünü götürmək məsələsində də tayımız-bərabərimiz yoxdur. Bunda o qədər irəliləmişik ki, folklorumuza da yansıyıb: “Zomar saxlamaq”. Dərdimiz birdimi, ikidimi yas yerlərində pulla ağlayan ağıçılardan çağırıb ağladaq? Bineyi-qədimdən belə görmüşük axı…

Bineyi-qədimdən görüb-eşitmişik ki, sözüm məclisdən dışarı, bizim camaat kitab adı gələndə yarpız görən ilana dönür. Oxumuruq, qardaş. O-xu-mu-ruq. Bu sözü fonetik, yaxud qrammatik təhlildən vaz keçib səbəblərə gələk… Orta məktəbdə tarix müəllimimiz həmişə deyirdi: “Tarixə “nə vaxt?” yox, “nə üçün?” sualı verin”. Qızıl kimi sözdü. Yazın bir kənara, dost-tanış arasında deyərsiz, ya da “Facebook”da status yazmaq olar. Bu şəbəkəni elə-belə bilməyin ha, nə kümələr yıxıb, hansı evlər qurub, heç Zukerberq də bilmir…

Kitabsız yaşamaq olarmı?

Kitab olmadan da yaşamaq olar. Amma fərqli insanları, fərqli həyatları qavramaq baxımından bədii ədəbiyyat əvəzedilməz vasitədir. İnsana altruist, empatik olmaqda kömək edir. Hadisələrə, insanlara bir yox, bir neçə baxış bucağından yanaşmağı öyrədir, analiz qabiliyyətini inkişaf etdirir, söz bazasını artırır. Ən əsası, dünyagörüşünü genişləndirir. Bundan başqa, mütaliə vaxtı səmərəli və maraqlı keçirmək üçün əvəzsiz vasitədir. Kitab oxumayan şəxs bütün bunlardan məhrumdur.

Bəs onda əksər gənclər niyə kitab oxumağa üstünlük vermir?  Cavab sadədir. Bu, hər şeydən əvvəl şəxsi seçimdir. Əlbəttə, mütaliəsizliyə tamamilə qarşıyam, amma bir adamı kitab oxumadığına görə dara çəkmək gülünc olar.

Digər səbəb kimi səbirsizlik və iradəsizliyi göstərmək mümkündür. Bundan əlavə, film, kompüter oyunları, müxtəlif sosial şəbəkələr, teleradio proqramları kimi “rəqiblər” də mövcuddur. Sadaladıqlarım daha yüngül qida, daha asan əyləncə vasitələridir.

Bir məsələni də qeyd edim ki, insanı mütaliəyə lap körpə yaşlarından alışdırmaq lazımdır. Di gəl, uşaqlarına kitab alan neçə valideyn tanıyırsız?

Gənclərə kitabı təbliğ etmək üçün nə etməliyik?

Belə bir məsəl var: “Əvvəl evin içi, sonra çölü”. Kitab təbliğatını aparmaq üçün özümüzdən başlamalıyıq. Müəyyən qədər baza formalaşdırmalı, analiz qabiliyyətini inkişaf etdirməliyik ki, təbliğatı qarşı tərəfi qane edəcək səviyyədə apara bilək. Hər şeydən əvvəl oxucu olmaq lazımdır. Bütün oxuduqlarımız barədə “resenziyalar” yazmaq, reklam etməkdən əl çəkməliyik.

Gənclərin böyük əksəriyyəti göstəriş üçün kitab oxuyur, sanki yarışa girib: “Baxın, ay ərzində 20 kitab oxudum”. Ədəbiyyat reklamı, çığır-bağırı sevmir. Ədəbiyyat rodeo deyil ki, yarışa girək. Sosial şəbəkələr, ümumiyyətlə elektron medianın inkişafı bu düşüncədə olanlara böyük avantaj verir. Hamı özünü dahi hesab edir. Bir kitab oxuyub örtən kimi yazı yazır, “analiz” edir. Bu, əslində şəxsiyyətin formalaşmadığını göstərir. Hamı yazmalıdır, deyə məcburiyyət yoxdur. İnsan oxuduğu kitabı bitirəndən sonra gözlərini yumub əsərdən həzz almalı, öz beynində analiz etməlidir. Daha filan kitabı oxudum deyə qara-qışqırıq salmamalıdır. Cızma-qaraya “esse” adı qoyub hamıya sırımağa çalışmaq gülüncdür. Jurnalistikadan anlayışı olmayan adamlar bütün publisistik mətnlərə “məqalə” dediyi kimi, üç cümlənin ard-arda qoyulduğu mətnə “esse” demək istehza doğurur. Ədəbiyyat bir kənara, barı adamı dildən küsdürməyin.

Zorən diplomatdan zorən yazıçıya…

 

Daha bir haşiyə çıxaq. Yaqub Qədri Qaraosmanoğlunun “Zorən diplomat: xatirələr və müşahidələr” adlı kitabı var. Əsər tarixi faktlara söykənir. Müəllifin öz həyatından bəhs edir. Qısa olaraq məğzi anlatsaq: “Kadro” jurnalının naşiri olan Yaqub Qədri dərgidə tənqidi məqalələr verir, obrazlı desək, açmadığı sandıq, tökmədiyi pambıq saxlamır. Bundan narahat olan bəzi qüvvələr onu şərləməyə, media meydanından birdəfəlik sıxışdırmağa çalışırlar. Bunu görən Mustafa Kamal Atatürk Türkiyə üçün dəyərli olan Qaraosmanoğlunu qorumaq məqsədilə onu narazılığına rəğmən Albaniyaya səfir göndərir. Beləcə, həm Qədrini düşmənlərdən qorumuş, həm də sözügedən əsərin yazılmasına rəvac vermiş olur. Kitabda bir məqam xüsusi maraq kəsb edir. Səfir yazır ki, bəzən Türkiyədən “tam məxfi” qrifilə göndərilən məktubu qapı-pəncərəni bağlayıb, xəlvətcə oxuyanda görürmüş ki, məlumat bir həftə əvvəl ya radioda deyilib, ya da qəzetdə yazılıb. Sözümün canı odur ki, hər həqiqət minbər üçün deyil. Yaxud Sokrata inansaq, bilən adam heç nə bilmədiyini bilən, eyni zamanda, bunu etiraf etməyi bacaran adamdır. Bilmədiyini bilən adam nələrdənsə xəbərdardırsa, bunu etiraf edən kəs artıq şəxsiyyət deməkdir. Yəni bir növ adam müəyyən məsələ haqqında dayanmadan danışırsa, məsələnin məğzindən xəbərsiz olduğunu göstərmiş olur. Əsərin qəhrəmanı da həyatın hamımızın hər an başına gətirə biləcəyi oyununa düşür. Heç gözləmədiyi halda jurnalistdən, yazıçıdan siyasətçiyə çevrilir. Həm də bu, iradəsi xaricində baş verir. Məcburi olaraq səfir fəaliyyətinə başlayır. Bununla yanaşı, yazıçılığı da xəfifə almır, vaxt tapdıqca yazır. Sevmədiyi işi görməyə məcbur olduğu üçün özünü “Zorən diplomat” adlandırır. Tam üst-üstə düşməsə də bizim ədəbiyyatda da oxşar tendensiya hökm sürür: zorən yazıçılıq.

Fizikanın ədəbiyyata çevrilməsi?

 

Özünü limon kimi sıxıb yazıçı düzəldənlər var. Bir məsələni nəzərə almaq mütləqdir ki, yazıçılıq diplomatiya deyil, sözdən əsər toxumaq iplikdən xalça toxumağa, yaxud diplomatiyanın “priyom”larını öyrənməyə bənzəməz. Doğrudur, istənilən sahədə savad böyük önəm kəsb edir. Amma istedad da lazımdır axı. Hələ bu bir milyon illik insanlıq tarixində istedadın düsturunu verən olmayıb. Məsələn,  Nyutonun ikinci qanunu  yəqin hamıya tanışdır. Bir qədər açıqlasaq “cismə təsir edən qüvvələrin əvəzləyicisi cismin kütləsinin bu qüvvələrin cismə verdiyi təcillə hasilinə bərabərdir” kimi izah etmək mümkündür. Amma bunu savadın istedada (yazmaq bacarığına) olan təsiri kimi ifadə etmək olmaz. Bu prizmadan yanaşsaq, susmağın üstünlük sayıldığı məqamların olduğu da ortaya çıxar. Yazmaq əvəzinə oxumağı da yoxlamaq lazımdır. Həm də sadəcə “oxudum” demək üçün deyil, əxz etmək üçün. Yenə bir az fizika qanunları prizmasından çıxış etsək, oxuduğunu əxz etməklə susqunluq düz mütənasibdi. Ədəbiyyatda mövzu sayı məhduddur. Səhv etmirəmsə, cəmi 36 mövzu var. Yəni bizdən əvvəl eninə uzadıb uzununa yazıblar, əksinə uzadıb eninə yazıblar. Orijinal bir əsər, yazı, mətn ortaya qoymaq oğul istəyir. Nitsşenin təxminən belə bir fikri var ki, yaxşı yaddaşı olan adam orijinal nəsə yaza bilməz. Qarşınızda iki seçim var, ya yaxşı yaddaş sahibi olub yazmamaq, ya da orijinal yaddaş sahiblərini gülümsətmək. Qəpiyin dik düşə bilmə ehtimalını məsələyə qatsaq, yazmağı da sınamaq olar ki, bu, ən yaxşı ehtimalla mində bir nisbətdədir. Adını unutduğum filmdə belə dialoq var:

- Hamı özünəməxsusdur.

- Deməli, belə çıxır ki, heç kəs deyil.

Qısası, hörmətli klaviaturamanlar, çox da burunu dik tutmaq lazım deyil. Dünyada ən azı yeddi milyard insan var.

Son olaraq oxumağa gələndəsə, əsas məsələlərdən biri də seçimdir. Hazırkı oxucu daha çox detektiv, bestseller, romantik-sentimental əsərlər oxuyur. Kütlənin ardınca gedir. Özünün yox, özgəsinin seçimini yerinə yetirir. Çalışaq özümüz olaq, kütləvilikdən qaçaq. Dünyanı qara-qışqırıq deyil, insanlıq, gözəllik və sevgi xilas edəcək. Bu məfhumların cəmisə ədəbiyyatdır.

Mənbə: “Ustad” jurnalının 12-ci sayı.

KÖŞƏ YAZARLARI
TOP 10