Zülmətdə işıq var – desəm o, sənsən – Sədaqət Əsgərova

6 Baxış

photo_1017

Rus  ədəbiyyatşünası  Viktor  Şkolovski  Boris  Eyxenbauma  məktubunda  “Mən ədəbiyyatşünas deyiləm, mən tale adamıyam”  yazırdı. Haqqında fikir yürüdəcəyimiz qəhrəmanın alın yazısı da belədir.
… Dərdin belə sevildiyi olmamışdı:

məni təbrik eləyirlər

başsağlığı əvəzinə

mat qalmışam taleyin bu töhfəsinə.
Elə bir şair  tapmaq çətindir ki, o bu və ya digər dərəcədə insan, onun psixoloji (istər sevinc, istərsə də kədər olsun) anlarını, həyat həqiqətindən qaynaqlanmış, insan ruhunu dilləndirən reallıqları  poeziya dilinə çevirməmiş olsun. Söz sənəti, eləcə də poeziya üçün doğma olan bu mövzuya Nəriman Həsənzadə baxışı fərqli və bənzərsizdir. Bu poeziyada lirikanın obyektində qadın və cəmiyyət harmoniyasının ümumiləşməsi var. Müasir dövrdə ictimai anlam əxz edən qadın obrazına N.Həsənzadənin “Qadınsız həyat”, “Çadralı qızlar”, “Məni bir qız gözləyir”, “Ziyafətdən qayıdan qız”, “Ana”, “Qadına məktub”, “Lövhə”, “Səadət”, ” Zəriflik”, “Qadın”, “Qızlar”, “Ehtiyacı var”, “Anan qızın olsun”, “Ürəyim ananı istəyir qızım”, “Qaraçı qızı”, “Ömürlük geydirdi onu təbiət”, “Qızmaz”, “Ağrı”, “Ağladı tellər Saramı” , “Qızlardan oğlanlara”, “Bacımın xatirəsi”, “Zülmətdə işıq”, “Daşı sevməliyik biz indən belə”, “Şairə məktub”, “Səssiz”, “Yanaşı getməyimiz elə səadət imiş”, “Qız ürəyi”, “Qadın (qızı Xatirəyə)” və  s. poeziya nümunələrində  ədəbi-bədii müraciətini bir neçə formada qruplaşdırmaq olur.

Qadın-Vətən qızı atributu, qadın – xalqın milli-əxlaqi keyfiyyətlərinin daşıyıcısı, qadın – ana, bacı, həmdəm, arxa, qadın-sevgili, qadın sosial-hüquqi və fəallığı olan vətəndaş kimi.

N.Həsənzadə poeziyasında lirik ovqatın psixoloji durumunu səciyyələndirmə anında qadın həm “qalxdı çiyinlərə mənim daş bacım, mən daşa dönmüşdüm, o daş çiçəyə”, “daşdan yonulubdu anan, ay oğul, daşı sevməliyik biz indən belə”, “mənim daş qadınım, sənin daş anan, bizi qoymayacaq daşlaşaq, oğlum” böyük bir mərhələ keçir, abidə və heykəllərdə müqəddəs mənalarda əbədiləşir, həm də daş detalı ilə şairin ruhunu, durumunu anladan rəmzə çevrilərək əzəmətli görünüşü, böyüklüyü ilə bərabər, xalqın poetik yaddaşında əsasən insani keyfiyyətlərin təcəssümü kimi qalır.
Səndən salam deyəcəyəm

o  diyara, -

sən içdiyin bulaqlara,

sən keçdiyin o izlərə,

sən dərdiyin nərgizlərə,

sən baxdığın buludlara,

əsən yelə,

daşan selə,

uçan quşa,

dağa-daşa,

bağça-bağa,

Sənə gözəl ürək verən

o  torpağa.
- deyən şair, təbiət lövhələri ilə, peyzajla könlündəki qadın arasında paralelizm yaradır. Hər iki varlıq – təbiətdə, qadın da  canlıdır. Lakin burada,  şairin yaratdığı paralelizmdə təbiət vasitə kimi seçilir, təbiət lövhələri qadın incəliyi detalları ilə birləşdirilmiş halda verilir.Təbiəti qadın təbiəti ilə birgə verdiyində gözəllik görür.Təbiətin fəlsəfi dəyərini əxlaqi-estetik amil kimi qadın obrazının bədii dərkində tapır.Buna görə də  təbiət  lövhəsi  bu poeziyada  tərənnüm  obyekti kimi seçilmir.Buradakı  əsən yellər, daşan sellər, uçan quşlar, bağ-bağça, nərgizlər, buludlar və s.tərənnümdən çıxmış, qadınla, ümumilikdə cəmiyyətlə bağlı düşüncə obyektinə çevrilir.Təbiətin insan xarakterinin formalaşmasında böyük rol oynadığını qeyd edərək “sənə gözəl ürək verən o torpağa” misraları ilə şair sanki qadının üzərinə böyük məsuliyyət qoyur. Elə buna görədir ki, Nəriman Həsənzadə qadına təkcə qadın obrazı kimi yanaşmır. İlk növbədə onu Vətən qızı atributu kimi götürür, qadının üzərinə etik-əxlaqi dəyərlərin məsuliyyətini qoymaqla onun gözəlliyini vurğulayır. Hər şeydən əvvəl “Evdən , ailədən başlayır Vətən”, “Amma qadınlıqdı əsl vətəndaş” – deyərək qadının sosial hüquqi statusunu ona anladır.

Xatirimdədir, hələ 2001-ci il olardı. ADPU-nun filologiya fakültəsi ilə şair Qabilin görüşü oldu. O zaman şair biz  tələbələrlə xatirəsini bölüşərək: “Mən müharibənin ağrılarını yaşamışam. Kasıb ailələrdə aclığın da nə olduğunu bilirəm. Hər gün evə gələndə anamın bizə süfrəyə bir tikə loxma qoyması üçün nə əzablar çəkdiyini görürdüm. Bir gün evə gəldim və gördüm ki, süfrə həmişəkindən fərqli olaraq bol nemətlərlə doludur. Mən bu nemətlərin hardan olduğunu soruşanda anam cavab vermədi. İsrarla təkrar soruşduğumda məcburiyyət qarşısında qalıb bala, qanımı verib onun puluna sizə belə bol süfrə qurmuşam – dedi. O zaman mən heç nə yemədim. Düşündüm ki, mən anamın qanını yeyirəm?!” (şair Qabillə görüş xatirələrindən).

Mənim yaddaşımın daş evinə bu  çox acı ağrılı, iniltili bir xatirə kimi həkk olundu. Rəhmətlik şair Qabilin bu acı xatirəsindən sonra ədəbi prosesdə  mənim ürəyimi sızladan, ruhumu titrədən ən dəyərli  ana obrazı  Nəriman Həsənzadənin “Nabat xalanın çörəyi” povestində oldu. “Səhərlər anam bəzən kürəyimi sürtərdi. Anamın ovcunun içi elə bil Hacımərdan dayının Tbilisidən  alıb gətirdiyi paltar şotkasıydı. İynə-iynə. Bir dəfə əlimi sürtdüm. Elə daladı ki! Anamın ovcu da kürəyimi eləcə dalayırdı. Hardansa yadıma bir söz düşdü: Ana, sən qadın deyilsən, – demək istədim. Qadın əlləri kobud olmamalıdır! Sənin ovcun tikan-tikandır! (“Nabat xalanın çörəyi”) .

Yaddaşı uşaqlıq xairələrinə bağlı olan N.Həsənzadənin lirik qəhrəmanı onun poeziyası ilə ünsiyyətdə təbii şəkildə özünütəqdimə meyillidir. “Dul qalmaq- yetimlik nişanəsiymiş, ər-qadın ömrünün kaşanəsiymiş”. Burada uşaqlıqdan tutmuş sonrakı tale yazısının qoyduğu izlərə qədər hər bir situasiya qəhrəmanın yaşadıqlarının, gördüklərinin bədii izahına yönəlir. Qadın, onun zəhmətinin, yaşadıqlarının əxlaqi məzmununun təqdimində  lirik yaşantılarda hərəktlilik çıxış edir və səmimilik, təbiilik keyfiyyətləri  canlı münasibətdə konkretləşir.

Nisgilli bir ad var, sənin adındı,

Könül bağlamışam mən də bu ada.

Dünyada ən böyük itki qadındı:

Gördüm anamda da, qadınımda da.

Evin yiyəsiydin, indisə torpaq,

Sənsən sağ canımda ağrıyan yerim,

Çöldə qalmaq olmur,

Evdə yaşamaq,

Nə gedən yerim var,

Nə qalan yerim.

Göz önündə təsvir edilən, insanın ürəyini parçalayan bu canlı poeziya nümunəsində  təqdim, həmin təqdimatda N.Həsənzadənin öz tənhalığı ilə lirik qəhrəmanına qovuşma – özü və ruhu ilə əlaqənin qarşılaşdığı sakit, sadə, rahat bir məkandır.Bu məkanın özündə bir məkansızlıq var. Lakin şairin bu məkansızlıqda yaşantıları , onun saf, təmiz  ruhu ilə özünü ifadədə  yeni məzmun kəsb edir.Yeni məzmunda, N.Həsənzadə poeziyasında  iki tip özünü büruzə verir: Biri qadın obrazıdır, digəri isə bu ağır psixoloji vəziyyəti canlandıran kişi tipi obrazı.Yəni şair müəllifin özü.Hər iki obrazın təqdimatında səmimi ifadə tərzi, kövrək intonasiya çalarları  şairin bu günü  ilə dünəni arasında körpü yaradır.

Buna görə  səmimi, kövrək, aydın,  eyni zamanda sadə, orijinal ifadə tərzi ilə çox təsiredici məqamların  dərin fəlsəfi ruhlu N.Həsənzadə poeziyası zəngin və təkrarsız qadın obrazı sistemi ilə səciyyələnən bir poeziyadır.

KÖŞƏ YAZARLARI
TOP 10