Zülmətdən işığa

118 Baxış

ozturkBu gecə Tanrımla söhbətə oyandım…
Şikayətləndim, küsdüm, barışdım…
O, məni dinlədi…
Çox danışdıq vaxtsız gedənlərdən, hər səhəri yoxsulluğa açılan amma yenə də günəşin işığını görməyə oyananlardan, Tanrıya doğru tələsənlərdən, yaşı  zamanı  göstərən, yaşantısı “tezdir” deyənlərdən, gözü pula, nəfsi vara, qoynu “yara” doymayanlardan danışdıq. Arada bir Şəhriyardan, Sabirdən həyata beş əllə min eşqlə sarılıb bir gülləylə vida edən Müşfiqdən danışdıq. Müşfiqin həyat eşqini bilmək üçün  şeirinin  bir misrası yetərdi;

-Ah… mən gündən-günə bu gözəlləşən
Işiqlı dünyadan necə əl çəkim..

Dünyanın işığını yenicə görməyə  başlayanları, məhəbbəti  yeni duyanları, bəzən çox məsumları, bəzən yoxluğuna alışmadığımız cavanları.. qısaca zəhmətlə ,əzabla çıxdığımız zirvənin sevincini ,əngəlli-cəngəlli yolları keçib yara qovuşmaq həvəsini yaşamadan, övladların  nəfəsinə doymadan nəfəsimiz tükənər Ey Tanrım, həyatın zirvəsinə çatmadan çəkirsən torpağın altına…Nədir bunun hikməti…
Mən, Tanrıya həm həyata, İşıqlı dünyaya olan məhəbətimi, həm də işığımızı qaranlığa düçar edənlərə nifrətimi anlatmağa çalışırdım. Bizi qaranlığa məhkum edənlərin cəzasını soruşdum. O isə səssizliyini qorudu..
Tanrıma dedim ki, mənim hələ  bu dünyadan əl çəkmək deyil, işığına, heç qaranlığına belə göz yummaq fikrim yoxdur. Qəddarlaşan ruhumun hələ yola salacağı neçə qəddar cism varkən niyə mən? Elə sənə gileylənərək ruhumu dindirməyə çalışdığım bu gecədə pula qurban edilmiş neçə qadının qoynunda şəhvətini dindirənlər varkən niyə mən?
Mən gələcəyəm mütləq sevərək gələcəyəm sənə  amma sən öncə yaratdığın insan adlı zülmətlərin zülmünü çək bu dünyadan. Poz  !səssizliyini poz! Kimin vicdanında, kimin onurunda susmusan? Kimin dilində danışacaqsan bilmirəm amma danış, Tanrım. Danış ki, duyduğunu bilək.Danış ki, Tanrilaşanlar sussun! Ya  surəti insan olanları al yanına rahat yaşayaq ya da yaratdığın İnsanı qoruyanları çağır yanına sənə qovuşaq.
Nə üçün sınayarsan, nə üçün alarsan əlimizdəki dəyərli hər şeyi nə üçün sonda torpağın üstünü yox altını rəva görərsən bizlərə…Bilmirəm..
Torpaq dedim nisgilim tərpəndi.. Gələcəyəm Tanrım, səni sevərək, səni diləyərək gələcəyəm.
Ancaq, oraya daşlaşmış həsrəti gətirmək istəmirəm. Qəlbimdə elə bir həsrət daşı var ki, toxunsan ovulub Vətən torpağı olar. O torpağın torpağa qovuşduğu gün, Torpağın vətən, birliyin millət, haqqın ədalət doğduğu gün çağır məni. Bu millətin qələbə səsilə ucalt ruhumu yanına.
Gecəm səhərə qovşurdu. O, isə böyük Tanrı səssizliyi ilə dinləmişdi…

Məryəm ÖzTürk

 

 

Bölmə : Nəsr, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10