Senet.az ədəbiyyat və sənət dərgisində şənbə günləri “Memuar notlar” layihəsi
Abbas Səhhət ömrünün səmərəsiz keçmədiyini, həyatı ilə məsləki arasında möhkəm bağlılıq olduğunu nəzərdə tutaraq qürur hissi ilə deyirdi:
− Məsləkim tərcümeyi-halımdır!
***
Səhhətin atası Molla Əliabbas da şair idi. “Əfşan” təxəllüsü ilə şeirlər yazırdı. Bir dəfə, yaxın dostlarından birinin arvadı nehrədə yağ çalxalaya bilməməsindən şikayətlənib, dua yazmağı xahiş etdikdə Əliabbas ona dua əvəzinə aşağıdakı şeiri yazıb vermişdir:
Anam-bacım, xanım ağa,
Dua yazmaq neylər yağa?
Sən özünü bərk bas yerə,
Otur nehrə çalxalamağa.
***
Ay dədə, dur get mənə çox şeylər al,
Bir dənə çanta, bir-iki dəftər al, −
Səhhətin həmin beyt ilə başlanan şeirinə “Molla Nəsrəddin” məcmuəsi nəzirə yazmışdı:
Ay dədə dur get mənə qolbağ, zər al,
Bir dənə çarşaf, iki top məxmər al.
***
Əziz dostu, məsləkdaşı Sabir ölərkən Səhhət yazmışdı: “… Sabirə bir qədər ağlamaq istəyirəm. Ey qare, sözümü mövqesiz görüb də mənə sərzəniş etmə … deyirəm: Sabir! Alimlər, ədiblər, şairlər öləndə, sən onlar üçün mərsiyə yazardın, nitqlər söyləyərdin. İndi sənin üçün mərsiyə oxuyan yoxmu, əcaba? Xeyr, nə qədər ölməmişəm, səni yaddan çıxartmaram. Sən yaddan çıxmazsan, sən ölməmişsən, sən aləmi-mənada dirisən. Bir milləti diriltməyə çalışan özü ölərmi? Yox, ölməz!”
***
Sabir Bakı məktəblərinin birində müəllimlik etmək arzulayırdı. Onun yaxın dostu Səhhət şairə kömək məqsədi ilə, o zamankı maarif inspektoruna müraciət edir. Çinovnik təbiətli inspektor acıqlı halda bildirir:
− Xahiş edirəm, mənim üçün millət-filan söhbətini açmayasınız. Mən Nikolayın borşu ilə kotletinə qulluq edirəm…
Səhhət də əsəbiləşir:
− Cənab, biz sizin nələr yediyinizi yaxşı bilirik … – deyə cavab verir.
***
1911-ci ildə Şamaxıda maddi vəsait olmadığı üçün yeddinci sinifdə oxuyacaq uşaqlar məktəbə getmirdi. Dövlət də yardım etməyi öhdəsindən atırdı. Abbas Səhhət məktəb müdirindən həmin söhbəti eşitdikdə, dərhal bir neçə nəfərlə birlikdə, pul toplamaq məqsədi ilə ətraf kəndlərə çıxır. Bir xeyli pul toplayıb geri dönəndə, Şərədidin meşəliyində dörd nəfər əli tüfəngli onların yolunu kəsir və faytondan düşürürlər.
Səhhət deyir:
− Bu saat biz sizin ixtiyarınızdayıq. Siz nə cür istəsəniz, elə də bizimlə rəftar edə bilərsiniz. Ancaq bir neçə kəlmə sözüm var, icazə verin, onu sizə deyim.
Səhhət kim olduqlarını, nə məqsədlə kəndləri dolaşdıqlarını söyləyir və deyir:
− O iş üçün ki, biz çıxmışıq, onda şəxsən nə mənim xeyrim var, nə də yoldaşlarımın. Mən həkiməm, yoldaşlarım daha hörmətli adamlardır. Bizim çalışmağımız ancaq körpə balalardan, sənin, onun uşağından ötrüdür. Biz istəyirik ki, onlar oxuyub elmli olsunlar, elin-obanın dərdinə qalsınlar, onlara kömək edə bilsinlər… İndi baxın, fikirləşin, bizimlə nə cür rəftar etmək istəyirsiniz, ixtiyar sizindir.
Səhhətin sözündən sonra əli tüfənglilərin başçısı utanırmış kimi söyləyir:
− Həkim, bu sözləriniz bizə kifayətdir. Üzr istəyirik, yolunuza davam edin.
O, Səhhət və yoldaşlarını təzədən faytona əyləşdirib Şamaxıya yola salır.