Azər Qismətin “Çuğullar”ının “çuğulluğu”

85 Baxış

cugu

“Qədim kənd. Üstü kirəmidli evlər, çat-çat boyalı şüşəbəndlər. Bəlkə də, Renuar illərlə buradan çıxmazdı ki, hər evi çəkib gözünün qurdunu öldürsün. Van Qoq sapsarı günəbaxanları, neçə əsr əvvəl çökəklikdə yaranan gölü, sahilində tilovla balıq tutan kəndliləri çəkməsəydi əl çəkməzdi: and içirəm ki, bu,onun ən məşhur əsəri olardı. Meşəlik o qədər cəngəlliyə bənzəyirdi ki, Daniel Orteqa uzaq Nikaraquadan gəlib inqilab edərdi ki, sarmaşıq kimi bir-birinə dolanan nazik gövdəli ağaclar arasında gizlənə bilsin. Çörçil siqarın tütününü burda yetişdirər, içdiyi rus arağının spirtini burda çəkdirərdi. Tereza ana kəndli qadınlardan fərqlənməz, əyilib-durub göy-göyərti becərərdi”.

 

Oxuyanlar artıq bildilər ki, cümlələr Azər Qismətin “Çuğullar” romanındandır. Bədii ədəbiyyatda əsərin belə hissəsi peyzaj adlanır. (bunu da bilənlər bilir) Burda isə təbiət təsviri bir qədər fərqli verilmişdir. Cümlələri ərinməz-yorulmaz olduğu kimi ona görə köçürürəm ki, informasiya ilə bol olan bu təsvirin müəllifin jurnalist olduğunu “ələ verdiyini” ( yazarın təbirincə desək “çuğulladığını”) sübuta yetirim. Kitabın özü də bu baxımdan ən böyük çuğulçudur. Bu hissədə oxucular həm bir kənd mənzərəsi, həm də dünyada iz qoymuş şəxsiyyətlərlə tanış olurlar. Yəni bu da bizim – oxuyanların xeyrinədir. (Ta “bir güllə ilə iki dovşan vurmaq”, filan yazmıram) Müxtəlif rəvayətlər, maraqlı hadisələr, incəsənət adamlarının adlarının çəkilməsi müəllif tərəfindən ya maariflənməyə yönəlmiş məqsəddir, ya da ondan asılı olmadan ziyasından bizə düşən zərrəciklərdir.

 

Sərlövhəsi diqqət çəkən “Çuğullar” kitabını təqdimatından gələn kimi acgözlüklə oxumağa başladım və üç gün ərzində mütaliəsini yekunlaşdırdım. Mövzusu da, təhkiyəsi də maraqlıdır.

 

“Çuğul”sözü bizim bölgədə – Gədəbəydə də işləkdir. Uşaq vaxtı “Gizlənqaç” oynayarkən qonşu qız “yerini çuğullayacam” deyəndə bunun mənasını soruşmuşdum. Xəbərçi demək olduğunu biləndə bu sözü xoşlamamışdım. Əsərlə tanış olanda bəlli oldu ki, zaman keçdikcə söz dəyişsə də “xidmət etdiyi” məqsəd olduğu kimi qalmaqdadır. Mütaliəsinə həvəslə başlamağımın bir səbəbi də qorxduğum sözün hadisə kimi başıma gəlməsi idi. Bir növ əsərdən imdad diləmək istəyirdim ki, bəlkə, burda mənə psixoloji təsir edən məqamlar tapam. Əsərin qəhrəmanının başına gələn şəkildə olmasa da, yüngülvari formada bu çətinlikdən mən də əziyyət çəkmişəm. Amma qəhrəman məndən fərqli olaraq tədbirlidir. Mən açıq-açığına qətiyyətlə etiraz etmişəm və təbii ki, bununçün bəzi şəxslərin “hörmətini” qazana bilməmişəm. Əsəri oxuyandan sonra düşündüm ki, hər kəs hər an o cür məqamlarla üzləşə bilər, lakin əqidəli, vicdanlı insanları yolundan döndərmək mümkün deyil. Bu romanda da ustalıqla əks etdirilib.

 

Qaldı əsərin ədəbi-bədii keyfiyyətləri barədə fikir bildirmək, onu da saxlayaq tənqidçi sevimli İradə Musayevaya. Bu, onun işidir. (Təqdimatda roman haqda yazacağını özü söyləmişdi.) Biz oxucu kimi təəssüratımızı bölüşdük.

 

Hə, bir də, kitabda səhvlərə rast gəlmədiyimi də vurğulamaq istəyirəm (nəzərimdən qaçan bir-iki yer olsa, üzrlü sayın).

 

Nə yaxşı ki, müəllif bu romanı yazdı. Çoxu özünü burda görüb, bəlkə, utana. Simasından bəllidir ki, Azər Qismət yetərincə problemləri olan cəmiyyətimizdə heç bir neqativ hala köklənmir, ruhu kimi təbəssümünü də qoruyur. Elə ona görə də, (həm də bir vaxtlar özü tamaşaçılara dediyi üçün) müəllifə deyirəm:

 

– Gülümsəyin, cənab, gülümsəyin!

 

Pərvanə Bayramqızı

Bölmə : Manşet, Tənqid