Azad Qaradərəli
Nazim Hikməti son görən türklə görüşüm…
Ötən il Türkiyəyə gəldiyimdə hər yerə baş nazir Davudoğlunun şəkillərini vururdular… İndi yığışdırırlar. “Canım kardeşim”, əgər belə tez yığışdıracaqdınızsa, niyə bu qədər çox yapışdırırdınz o şəkilləri? Fəqət bu biz şərqlilərin əski bəlası…
İstanbulun Pendik bölgəsində rahat bir ünvandadır olacağımız yer. Bu il də ordayıq. Fəqət könlümü qıran bir şey oldu: binanın 2-ci mərtəbəsindəki balkondan baxanda ötən il gördüyüm mənzərə şum-pərşum olub. Binanın arxa bağçasındakı kiçik həyət evini sökmüşlər. Bu kiçicik gecəqondunun sahibsiz həyəti isə “qan ağlayır” baxımsızlıqdan. Ufacıq qoz ağacı, heyva, gilas və buranı təbii hasara almış itburnu kolları…
Ötən il vaxt tapıb bu gecəqondunun sahibiylə gaplaşa bilmişdim. “Məmləkətimiz İqdır”, – demişdi. Mənim Azərbaycandan olduğumu biləndə gözləri dolmuşdu kişinin. “Əfəndim, biz həmyerliyik ki!.. Mənim babalarım ordan gəldi… Cəbrayıl var ya, bax ordan köç etdi babalarım İqdıra… Sonra İqdır Türkiyənin ərazisi oldu və daha gedə bilmədilər oraya… “
Yadıma böyük Nazim Hikmətin misraları düşür bu xaraba gecəqondu yerinə baxa-baxa:
…Və bu dünyada bu zülm sənin sayəndə.
Və aclıq, yorğunluq, al-qan içindəyik əgər
və hələ də şərabımızı çıxartmaq üçün əziliriksə
qəbahət sənin
– deməyə də dilim var gəlmir, amma –
qəbahətin çoxu sənin, canım qardaşım…
“Hara getdilər”, – deyə soruşdum qonşulardan. “Məmləkətinə döndü, – dedilər. – Daha burada bənd ala bilmədilər. Çoluğu-cocuğu da vardı axı”. Nazimin “Məmləkət”ini dilimdə vird edərkən yadıma Orxan Qaravəli və onun dilimizə çevirdiyim “Tanıdığım Nazim Hikmət” kitabı düşür. Ankaraya – dostum Ahmet Yıldıza zəng vurub Orxan bəyin telefonunu alıram. Zəngləşirik və iki gün sonraya vədələşirik. Moskvada Nazim Hikməti ən son görən türklə görüşəcəyəm! Çox həyəcanlıyam…
Taksiçi Azərbaycandan olduğumu biləndə, – “əfəndim, davanız durdumu?” – deyə həyəcanla soruşur. Mən öz acılarımızdan, şəhidlərimizdən, əsgərlərimizin müqəddəs savaşından söz açıram, o da öz dərdlərindən, Türkiyənin günbəgün şəhid verməsindən danışır və acılarımızı paylaşırıq…
“Ölümümdən qorxmuram, Nazimin vəsiyyətinə əməl edə bilmədən öləcəyimdən qorxuram…”
Ötən il Türkiyədən əliboş dönməmişdim: burda “Burunsuz adam” hekayəmi yazmışdım, Türkiyənin sayt və dərgilərində hekayə və müsahibələrim çıxmışdı, Ulusal kanalda 40 dəqiqəlik çıxışım olmuşdu, “Türkiyə notları” adlı iri həcmli səfər təəssüratlarım senet.az-da dərc olunmuşdu və Orxan Qaravəlinin “Tanıdığım Nazim Hikmət” kitabını dilimizə çevirməyə başlamışdım. (Artıq çevirmə işi başa çatıb və “Xan” nəşriyyatında çapa hazırlanır.)
Bu dəfə İstanbula gəldiyimdə ilk fürsətdə Orxan Qaravəli ilə görüşəcəkdim. Bir neçə dəfə telefon söhbətindən sonra bu iş baş tutdu. 86 yaşlı yazarın Ataköydəki evində görüşdük. Orxan abinin evi bir muzey timsalı. Məşhur Abidin Dinodan tutmuş Türkiyənin ən önəmli rəsm ustalarınacan bir çoxları ona əl işləri hədiyyə ediblər. Hətta bizim rəssamlardan da var burda! (Təəssüf ki, Orxan abi o rəssamın rəsmini göstərsə də, bu orijinal sənət əsərinin müəllifini xatırlaya bilmədi. Üstündəki yazı isə oxunmadı).
Orxan Qaravəli kitabının çevrilib çap olunması xəbərini çox məmnunluqla qarşıladı. Türkiyənin ən çox oxunan kitablarından olan bu memuar və araşdırma demək olar ki, çap olunduğu dövrdən bəri (2002) hər il təkrar nəşr olunur. Öz sözləri ilə desək, üstə gəl “korsan” çapı da bu kitaba olan tələbatın həddinin göstəricisidir!
Bu həm də Türkiyədə Nazimə olan sevginin göstəricisidir. “Əfəndim, Nazimin ən böyük dostu, arkadaşı azərbaycanlı araşdırmaçı Əkbər Babayev idi. Siz Əkbərdən sonra Azərbaycanlıların Nazim sevgisinin təsadüfi olmadığını sübut etdiniz”, – deyir Orxan bəy və mən də əlavə edirəm:”Nəzərə alsaq ki, Nazim ilk kitabını – “Günəşi içənlərin türküsü”nü Bakıda çap etdirib, mənzərə aydın olar”.
– Orxan bəy, yaxşı, heç fikirləşdinizmi, bu kitaba düşməyən bir əhvalat, söz, şeir qaldımı bildiyiniz? –deyə soruşuram.
– Şeir qaldı qalmağına… “Qurtuluş savaşı”nın, nə yazıq ki, üçdə biri əldə yox… Amma başqa heç nə qalmadı… Axı mən Nazimə söz verdim. Kitabda var o cümlələr, əgər yadınızdadırsa?
“Türkiyəyə döndüyündə məndən və görüşmələrimizdən heç söz etməsən də olar. Amma bax, yanlış bir şey yazım demə… Vallahi o biri tərəfdə (axirətdə) əlim yaxanda olar…” – cümlələrinə işarə edirdi.
Bir qədər susdu və birdən kədərli halda dilləndi:
– Əfəndim, mənim 86 yaşım var! Bunun 56 ilini Türkiyədə Nazim davasına həsr etmişəm. “…Öldüyümə yanmam da, buralarda gömərlər, ona yanaram”, – demiş axı Nazim! Mən uzun illərdir ki, Nazimin nəşinin gətirilib, özü demişkən bir türk kəndində dəfn edilməsi üçün çalışıram… Amma maləsəf, bunu hələ ki, edə bilməmişəm. Nazimin sözü olmasın, mən də ölümümdən qorxmuram, Nazimin vəsiyyətinə əməl edə bilmədən öləcəyimdən qorxuram…
…Söhbət hərlənib-fırlanıb gəlir bu gün Türkiyəni zəbt edən layiqlik (dünyəvilik) və dini fanatizm dartışmalarının üzərinə. Orxan bəy əli ilə havada bir qövs işarəsi çəkərək qəti şəkildə deyir:
– Əfəndim, mənim yaşımın elə vaxtıdır ki, yaxın zamanlarda ölə bilərəm. Əgər öldüyümdə o dindarların CƏNNƏT dediyi məkanda Atatürklə Nazim Hikmət olmayacaqsa, mən o CƏNNƏTİ istəmirəm!
Nazimə həbsxanada edilən işgəncələrdən, Səbahəddin Əlinin vəhşicəsinə öldürülməsindən danışırıq. Və necə olursa mən Rafiq Tağıdan söz salıram. Bəlli olur ki, fanatizmin qurbanı olmuş qələm dostumu burda da tanıyırlar…
…Orxan abi “mavigözlü div”dən danışdıqca danışır. Onun Nazim sevgisi bitib-tükənən deyil. Mənim onu Bakıda çıxacaq kitabının təqdimatına dəvət etməyim sevincinə səbəb olur və həyat yoldaşını səsləyir:
– Sərpil xanım, bizi Bakıya dəvət edirlər!..
BOĞAZİÇİ KÖRPÜSÜNDƏN KEÇƏRKƏN
Boğaziçi körpüsündən metrobusla Asiya yaxasına qayıdıram. Və Nazimin misraları düşür yadıma:
Keçəydin Boğaziçi körpüsündən
Başında İstanbul havası…
Qəfil yağış başlayır. İstanbulun havasına etibar yox demişdilər. Bu şəhərin “havasın” sən nə bilirsən, qardaşım? Onu “İstanbul havalı” Nazimdən soruş…
İstanbul, 12-14 may 2016
Orxan Qaravəli
Otuz beş ilə hökm verən şair
Sənə kökü çöldə deyənlərin kökləri qurusun
Qurusun murdar ilikləri, dilləri çürüsün.
Şeirin göy üzü kimi, hər kəsinsə
Sən Qızılirmaq qədər bizimsən
Ən böyük ustası dilimizin
Canımız, ciyərimizsən.
BədriRahmi Eyuboğlu
Xalq sənətimizin zəngin motivlərindən yola çıxaraq orijinal bir nəsnəyə çatan rəssam, şair Bədri Rahmi Eyuboğlu (1911-1975) yuxarıdakı misraları qələmə aldıqda Nazim Hikmət iki ayrı-ayrı əsgəri məhkəmənin toplam 35 il olaraq verib də 28 il 4 aya endirdiyi son cəzasını Bursa həbsxanasında çəkirdi. Günahı türk ordusunu və donanmasını üsyana təşviq etmək idi! Arvadı Pirayə, anası Cəlilə və bir neçə yaxın dostu xaric, bir arayanı, soranı da yoxdu. Bir müddət baş katibliyini apardığı TKP (Türk Kommunist Partiyası) müstəqil qala bilməsi üzündən və Kominternin (10) onu üzvlükdən xaric etmişdi. Yoxa çıxmış əsərlərini vitrinə qoymaq, adını anmaq belə təhlükəli idi, ən azından şübhə doğururdu. Yenə də tək-tük ürəkli, işıqlı səslər yox deyildi. Türk aydınlarından və bunlardan biri də “Otuz beş yaş” şeiri ilə mükafat qazanmış (1946, CHP şeir yarışması) Sahit Sıtqı Tarançı idi (1910-1956). Tarançının,
Bir şeir var hələ ürəklər acısı
Utanc verir, insanı düşündürür
Tamam ayrı başqa bir qəlb ağrısı
Alır məni, ta Bursaya aparır.
Yaşıl Bursa! Bir qərib quşcuğaz var
Əylən deyiblər orada oturur
Sürgün haqda o bir türkü oxumuş
Gözəldir dünyada hürr yaşamaq
Berençi, Cakond, Varan üç, Bədrəddin
Qəhbə fələk nə oyunlar oynadın
Ən mərd övladıdır o məmləkətin
Nazim ağabəy həbslərdə çürüyür.
şeirinin bu mərhəm misralarındakı duyğusallıqla otuz altı yaşında daxil olduğu həbsxanadan – əgər ömrü vəfa edərsə – altmış yaşında çıxası Nazimi inandığı yoldan heç bir şeyin döndərə bilməyəcəyini göstərir. “Yatır Bursa qalasında” şeirində kükrəyirdi gənc şair:
Sevdalınız kommunistdir
Aldığı on il həbsdir.
Yatar Bursa qalasında.
Həbsdə, amma zəncirini qırıb yatar,
ən əla bir mərtəbəni alıb yatar,
Yatar Bursa qalasında.
Məmləkət torpağında kökü,
Bədrəddin kimi daşıyar yükü
yatar Bursa qalasında.
Ürəyi partlayıb batmadan,
şərqisi tükənib bitmədən,
cənnətini yox etmədən
yatar bursa qalasında.
Dövrün məşhur natiq və aydınlarından vəkil İrfan Emin Kösemihaloğlu (1893-1936) Nazim Hikmətin ən yaxın dostlarından biri idi. Bir çox məhkəmə işlərində onu hərarətlə müdafiə etdi və azadlığına qovuşması üçün çırpındı. Nazim də ona bəslədiyi dərin şükran duyğularını – az bilinən – akrostişle[1] ifadə etməyə çalışmışdır:
İyi günlerimde çox eller uzanır ellerime
Resmimi, suratımı baş köşəyə asarlar
Fəqət dəmir qapıların hər qapanışında üzərimə
Ardında taş duvarların hər kaldığım zaman
Nə arayan beni, ne soran…
Eeehhh, daha iyi be, bunun böyle olduğu.
Minnetim ve borcluluğum yalnız sana kalsın.
İyi günlerimde benim unutduğum insan eli
Nasılsın?
Antikommunist, turançı və həddən artıq sağ çevrələr xaric (bəlkə onların da bir qismi onun şeirlərinin heyranı idi), 1930-cu illərdə Türkiyənin içdən mənimsədiyi gənc və dəyərli vətən övladı ağılın qəbul etmədiyi dərəcədə günaha və ölümə məhkum edildiyi 1920-30-cu illərdə Nazim, Vala Nurəddin, Şövkət Sürəyya, İsmail Hüsrevanın da təhsil aldığı KUTV (sonradan Lumumra) Universitetində oxuyan başqa türk gəncləri də vardı və bunlar dövlət xidmətlərində, mətbuatda və başqa sektorlarda önəmli vəzifələr tutmuşdular.
“Marksist!” desək, birinci Məclisdə iqtisad, Respublikanın ilk illərində məhkəmə vəkilliyi edərək türk hüquq inqilabının işlənib hazırlanmasında ilk xidmətlər göstərən, Ankara və İstanbul universitetlərində professor olaraq ilk tələbələr yetişdirən Mahmud Esad Bozqurd (1892-1943) 1930-cu illərdə “Tan” qəzetində yayımlanan bir baş məqaləsində “Beş ildir Marksı oxuyuram və anlamağa çalışıram. Onu çox dərin və çətin sanıram, həm də anlaya bildiyim yerləri mühüm qiymətləndirirəm. Baş fırladan çox qiymətli və yüksəkdir!..” dediyi üçün məhkəməyəmi sövq edilmişdi?
Yurda gizlicə gəlmək, bildiriş yaymaq, küçələrdə sol məfkurəli qəzetlər satmaq… Başda öz şeirləri olmaq üzrə əsərlərində ictimai tezislərə yer ayırmaq, hə, bir də başqalarından fərqli olaraq kommunistliyini açıqca bildirmək!
Yetərlimiydi bunlar otuz yaşlarında bir istedadlı gənci, türkcəni, Atatürkün ifadəsilə desək, “daha öncə kimsənin bacarmadığı şəkildə işlədən” sənətçini – şansı varsa – altmış yaşlarında azadlığına qovuşacaq biçimdə zindana tıxmaq üçün? Üstəlik, əsərlərinin belə çapını qadağan edərək…
Bu anlaşılmaz mətləblərə dözməyənlər də yox deyildi. İstanbulda dənizaltı dəstək gəmisi Erkindəki Donanma davasında məhkəmə başqanı (Əmir Hüsnü Göydəniz) “Bu uşaqların sərbəst buraxılması lazım”, – deyərək vəzifəsindən imtina etmişdi; prokuror yardımçısı dəniz zabiti (Haluq Şahsuvaroğlu) isə əsgərlikdən büsbütün ayrılaraq təpkisini daha da konkret şəkildə göstərmişdir… Amma bütün bunlar Ankara Hərbi Məktəbi Komandanlığı Əsgəri Məhkəməsində on beş il ağır həbsə məhkum edilən şairin iyirmi il də Donanma Davasından “yeməsinə” əngəl ola bilməmişdi. Allahdan Hava Qüvvələri bəlkə o tarixdə yetərincə formalaşmadığından səsini çıxarmamışdı!
Niyə belə üstünə yerimişlər bir Hərbi Məktəb Müdaviminin? Sonradan inkar etsə də, bir ovuc zabit olası gənclər hər yerdə açıqca satılan kitabları oxuduğunamı görə? İctimai bir silahlanma, bir üsyan hazırlığı-filanmı vardı? Xaricdən dəstək gördüklərimi təsdiqlənmişdi? Quru qoşunlarında, yaxud donanmada bir yerləri ələmi keçirmişdilər?Kiminsə canınamı qıymışdılar? Silah-sursat anbarlarınımı havaya uçurtmuşdular? Xeyir! Sadəcə beynəlxalq və millətlərarası şəraiti yetərincə dəyərləndirə bilməmişdi bu gənc sənətçi; eh bir də ölkəsinin və xalqının yarasına məlhəm olası sol fikri cəmiyyətə anlatmaq istəmişdi…
Bolşevikliyin ta başından bəri açıqca rədd edilməsi və Sovetlər birliyi ilə sürülən ilişkilər, alınan maddi və texniki yardımlar, iqtidarın xalqçı və dövlətçi tərəfinin qərblə yaxınlaşması, Nazim Hikmət ilə bənzərlərinin üzərinə həddindən artıq gedilməsini uzun bir sürədə əyləcməliş olmalıdır.
Hətta Nazimin qazanılmasına belə çalışılmışdır. Ankarada yaşayan bacısı Samiyəni görmək üçün Ankaraya gələrkən əski kommunistlərdən dostu Şövkət Sürəyya Aydəmirin şairi Daxili işlər naziri Şükrü Qaya və Təhlükəsizilik müdiri Şükrü Sökmənsüərlə bir araya gətirməsi, Şükrü Sökmənsürənin İstanbula vali müavini olaraq göndərilməsindən yararlanaraq bir növ nəsihət verməsini də göstərmək olar. Bu mövzuda sevgili həmşəhrim Uğur Mumçu “Gözəlim” köşə yazısında bunları yazmışdır: “Nazim Hikmətin dövrün Təhlükəsizlik müdiri Şükrü Sökmənsüər ilə görüşdüyünü, Sökmənsüərin ona “Anadolu dastanı”nı yazsana məsləhətini verdiyini “Yön” dərgisində dostu Şövkət Sürəyya Aydəmir illər öncə yazmışdı. Bu olayı bir neçə dəfə Şövkət Sürəyyanın özündən də dinləmişdim.. Sökmənsüərin bir də öz dilindən olayı öyrəndim:”(Nazim) “Mən, – dedi, – gənclik tərəfindən sevilən bir şəxsiyyətəm. Gənclik mənim ətrafımdadır. Mən birdən-birə kommunist, sol nəşriyyatdan vaz keçib sizə qovuşa bilmərəm. Amma tədricən davanızı müdafiə edərəm”. İstanbul valisi ikən, gərək 1937-ci ildi, gəldi. Əsər gətirdi. Valilik kabinetimdə qəbul etdim. Dedi: ”Bəy əfəndi, sizin dövlətçiliyinizi müdafiə edən bir şey yazdım, bir növ teatr əsəridir”. Nazim Hikmət ilə təmasımda bir növ onun Atataürkçülüyə doğru olduğunu düşünmüşdüm”.
Nazim Sökmənsüərdən sonra Daxili işlər naziri Şükrü Qaya ilə də görüşür. Öncə Ankaraya gələcək, sonra Anadolunu dolaşıb şeirlər yazacaqdı… Nazim bu ölkədə qalmaq üçün çabaladı, çırpındı. Dövlətin bir qismi Nazimə qucaq açarkən, bir qismi də Hərb məktəbi və donanma davaları açdı. Və bu davaları açdıran marşal Fevzi Çakmak da, 1946-ci ildə İnsan Haqları dərnəyi qurduğu üçün kommunistlik ittihamı ilə qarşılaşdı…(“Milliyyət”, 9 fevral 1992)
Qısaca, birilərinə görə, sanki “Yaxşısan, xoşsan, bir az ağır ol, Nazim… İşlər köhnəki kimi deyil… Başımız üzərində qara buludlar sıxlaşır. Bizləri pis durumda qoyma. Səni susdurmalarına imkan vermə”, – demək istəmişdi.
Yaxşı, nəydi dəyişən? Nələr olurdu ki, Nazim anlamırdı və ya özünü anlamazlığa vururdu?
Olan buydu: Türkiyə qısa zaman kəsiyində tək böyük dostu olan Rusiyanı və onun rejiminin düşüncəsizliklə atılan müharibə addımlarını özünə qarşı da təhdid kimi qəbul etməyə başlamışdı. 1929-30-cu illərdə dünya iqtisadi krizini ən az zərərlə adlayan ölkələrdən biriydi Türkiyə. Amma daha rəvan yola çıxması üçün hələ çox zamana ehtiyac vardı. Pulu çox güclüydü, amma xalqı hələ də kasıbdı. Əkinçilik sahəsində hələ görüləsi çox işlər vardı. Sənaye hələ iməkləmirdi belə. Bir neçə milyonluq büdcəsi ilə ayağa durarkən hələ ordusunu da gücləndirməli idi. Əlindəki benzin səhmləri yüz min tondan ibarət idi. İzmitdəki tankları güclə dolduracaq qədər bir şey! Bir müharibə halında kimə çatacaqdı bu? Hələ silah? Cəbbəxana? 15-16 milyon əhalisi olan ölkənin bir səfərbərlik halında gənclərini silah altına çağırmaq gərəkirdi. O zaman tarlaları kim sürüb əkəcəkdi? Xalqın qarnını kim doyuracaqdı? 1938-ci ildə tək partiyalıq sıxıntılı, baş qərargah isə gərgindir. Bütün bunlar yetməzmiş kimi, Atatürkün xəstəliyi ilə əlaqəli söhbətlər də gerçəkləşməyə başlamışdı. Ulu öndərin ili başa vura bilməyəcəyindən danışılırdı. Ondan sonra nə olacaqdı? Belə sıxıntılı günlərdə Rusiyada yetişmiş, bir neçə kərə qaçaq yolla ölkəyə gəlib-getmiş, ölkənin həbsxanalarına girib-çıxmış güclü, gözütox, üstəlik kommunistliyini gizlətməyən, qeyri-qanuni Türkiyə Kommunist Partiyasının ən məşhur üzvü olan Nazim Hikmətin şeirlərinin əskəri məktəblərdə, dəniz qüvvələri personalları arasında da heyranlıqla oxunub müzakirə edildiyi xəbərləri gəlməkdəydi. Rusiya Türkiyənin başına, kim bilir necə bir corab hörməyə çalışarkən, burada bir kommunist şair yaxın gələcəyin komandirlərinin ağlını qarışdıracaqdı, idarəçilər də durub baxacaqdılarmı? Xeyir!.. Ona və – varsa – bənzərlərinə gözdağı verilməli, ölkənin birlik və bütünlüyü təhlükəyə atılmamalıydı.
Hədəf nöqtəsi tapılmışdı. Çox keçmədən, uyğun bir fürsət gözləyənlərə özü özünü göstərdi hədəf!
Dövrün tək partyası CHP-nin nəşri olan “Ulus” qəzetinin belə gizlicə girə bildiyi Hərbi məktəbdə bəzi narahatlıq doğuran hadisələr aşkara çıxarılmışdı. Xüsusilə, milliyyətçiliyi ilə ad çıxartmış mühafizəkar şagirdlərin komandanlığa bildirdiyinə inanılarsa, məktəbdə kitab oxuyurdular! Üstəlik, bunlar L.N.Tolstoy, O.Balzak, L.Pirandello, A.Frans, M.Qorki, E.Zolya, N.Qoqol, İ.F.Göte, Türgenyev, İbsen kimi adları belə şübhə oyandıran xarici müəlliflərə aid kitablardı. Buracan olsa, yenə yaxşıydı. İspaniya Qurtuluş Müharibəsi, Yarım Müstəmləkə tarixi, Qara köynəklilər inqilabı, Dialektik materializm, “Həyatın dibində” (M.Qorkinin pyesi) kimi tərcümələrin əldən-ələ ötürüldüyü söylənilirdi. Sabahəttin Əlinin şeir kitabı “Dağlar və küləklər”, “Dəyirman”, “At arabası”, “Səs”, “Quyucaqlı Yusif” əsərləri də hərbi məktəbə gedib çıxmışdı. Bardağı daşıran damla isə əlahiddə kommunist şair Nazim Hikmətin “Benerci”, “Taranta-Babu”, “Şeyx Bədrəddin” kitablarının gedib hərbçi tələbələrin əlinə çıxması oldu.
Nələr olurdu? Həmin tədbir həyata keçirilməzsə, bu tip kitabları oxuyaraq zəhərlənmiş sabahın zabitləri necə olacaqdılar? Böyük bir gizlilik içində yürüdülən araşdırmalar sırasında təhlükəli kitablar oxuyan tələbələr də müəyyən edilmişdi. Bunlar arasında 5271 yaxa nömrəli İbrahim Abdulqadir Meriçboyu (şair A.Qadir 1917-1985), 5409 Ömər Dəniz, 5408 Şadi Alkılıç, 5227 Necati Çelik 5202 Naci Fişək, 5362 Orxan Alkaya, 1132 Galip Arda və 5237 İsmail Özdəmir də vardı. Cəmi iyirmiyə qədər Hərbi məktəb tələbəsi müəyyən edilmişdi. Söylədiyinə görə on doqquz-iyirmi yaşlarındakı bu gənclər gizlicə təşkilatlanmışdılar və yaxında qazanın qapağı qalxa bilərdi. Başçıları da (!) Ömər Dəniz idi.
Dahiyanə bir təşəbbüslə 40-cı illərdə açılıb, Demokrat Partiyası tərəfindən bağlanan (1954) Kənd İnstitutlarının unudulmaz lideri Hasan Ali Yücelin (1897-1961) Milli təhsil nazirliyi dönəmində (1935-1946) hamısı türk dilinə çevrilən dünya klassiklərini oxumaqda günahlandırılan bu gənclərdən Ömər Dənizin çıxmaza dönmüş bir eşq macərası səbəbilə 1937-ci ilin payızında izinsiz olaraq İstanbula getmişdi. Bu fürsətdən yararlanaraq bildiriş yayması maddəsi ilə tutulub sonda bəraət alan – şəxsən tanımadığı – Nazim Hikməti çalışdığı “İpək studiyaları”na aid “İpək Sineması”nın zalında görərək “keçmiş olsun” dedi. Nazim – bilinən kübarlığına baxmayaraq – gözünün heç tutmadığı, üstəlik rəsmi geyimdə olan bu gənc adamın qəlbini qırmayaraq ayaqüstü bir az nəsihət etdi, amma başından edən kimi Birinci Təhlükəsizlik şöbəsinə zəng edərək polis olduğundan heç şübhə etmədiyi bu gənc haqqında şikayət etdi: “İndi də əsgər paltarında qarşıma çıxırsınız!” – dedi. Etməyin, lütfən. Mən burda uşaqlarım üçün çörəkpulu qazanıram, siz hələ də arxamca iş çevirirsiniz. Üstəlik, əsgər paltarında!..” Polis şairin açıq ürəklə dediklərini etiraf kimi qəbul edərək vəziyyəti dərhal Ankaradakı məsul şəxslərə bildirdi. Onlar da bunu təhlükəli kitablar oxuduğu üçün izlənən Ömər Dənizin liderdən (!) təlimat almaq üçün gizlicə İstanbula getməsi kimi yozdular. Qısası, daşlar öz-özünə divara hörülürdü.
Ömər Dəniz bununla da kifayətlənmədi, bir neçə ay sonra şairin Nişantaşındakı evinə gəldi. Əlbəttə izləndiyindən xəbərsizdi. Arvadı ilə özü evdə olmadığından onu evə dəvət etmələrinə hirsləndi, gəldikdə qonağa elə ayaq üstəcə “onun ardınca qaçmaqla bir şeyə nail ola bilməyəcəklərini, çox-çox oxumalarını, “Altıok”u[2], cümhuriyyətçiliyi və demokratiyanı öyrənib mənimsəməyi”, – tapşırıb qapını göstərdi.
Heç bir təbliğat aparmadı, kommunizmin adı belə çəkilmədi. Üstəlik, şübhələndiyi biri ilə başqa nə danışa bilərdi ki? Bu qədər sınaqlardan sonra bu günlərə gəlmədimi Nazim?
Çox keçmədən Ankarada əsgəri məhkəmə önünə çıxarılacağını, inanılmaz günahlandırmalarla qarşılaşacağını ağlının ucundan da keçirmirdi.
İllər sonra bu olayı anladarkən deyirdi: “Uşağa heç üz göstərməyib ayaq üstdə saxladığım üçün bizim ürəyiyumşaq Pirayə əsəbləşmişdi mənə. İçimdən bir səs “polis olmaz bu” deyirdi. “Macərapərəst, ürəkli, təmiz dəliqanlının biridir…”
Ömər Dəniz isə şairin özünə və dostlarına çox təsir etdiyini, bütün şeirlərini əzbər bildiklərini anladır, qapı ağzındaca şeirlərindən misralar söyləyərək sanki dediyini təsdiqləməyə çalışırdı:
Həp bir ağızdan türkü söyləyib
həp sulardan birlikdə ağı içmək.
Dəmirə naxış çəkmək həp bərabər
həp bərabər sürə bilmək torpağı.
Ballı əncirləri həp bərabər yeyə bilmək,
yarın dodağından qeyri hər şeydə,
hər yerdə
həm bərabər
deyə bilmək üçün
on minlər verdi səkkiz minini…
15 yanvar 1938-ci ildə otuz altı yaşına çatmış Nazim Heybəliada Bahriye məktəbi tələbəliyindən bəri xeyli yetkinləşmişdir. Yorğundur həm də. Babası Nazim Paşanın – ana tərəfdən – nəvəsi, yurd içində və xaricdə çox yaxşı təhsil görmüş dramaturq və qəzetçi Cəlaləddin Ezni (1901-1972), filosof-sosioloq dosent (1940), professor Hilmi Ziya Ülkenlə (1901-1974) ciddi bir aylıq dərgi çıxartmağın hazırlıqlarını aparır.
O bu işlərlə məşqulkən əsgəri məhkəmədə prokuror kimi qarşılarına çıxacaq minbaşı Şərif Budağa Ömər Dəniz – sonradan “məcburiyyət qarşısında qalıb belə şeylər söylədiyini”, – deyərək ifadəsindən imtina edəcəkdi – “görüşmələr zamanı Nazim ona, guya bunları demişdir: “Türkiyəni faşizm təhlükəsi bürümüşdür. Hələ gəncsiniz. Özünüzü yandırmayın. Bu (kommunist) fikirdə olduğunuzu bilənlərə qarşı dönmüş kimi davranın. İrəlidə ordunun bel sütunu olacaqsınız. Orduya yerləşincə kəndli təfəkkürlü gənclərə əvvəl cümhuriyyəti, sonra da kommunistliyi təlqin edəcəksiniz!..”
Vəziyyət İstanbula bildirilir və 17 yanvar 1938-ci ilin axşamı Nazim Hilmi Ziya Ülkenlə birlikdə qohumu Cəlaləddin Ezinənin evində çıxaracaqları dərgi üzərində çalışarkən basqın edən polislər tərəfindən tutulur, sonra cinayət işi açılaraq Ankaraya göndərilir. Məhkəmədə, – “Bəli mən bu gənci gördüm. Amma polis olduğunu düşünüb Birinci Təhlükəsizlik şöbəsinə xəbər verdim, – “İndi də hərbi geyimdə qarşıma çıxırsınız, etməyin”, – dedim. Polis, – “Bizim xəbərimiz yox. Adı nəymiş”, – deyəndə, – “Bilmirəm”, – dedim”. – “O halda niyə adını xəbər vermədin?” – “Vermədim. Ona görə ki, mən xəbərçi deyiləm”.
Nazim içlərinə bir çox adi vətəndaşın da qatıldığı məhkəmə zalını doldurmuş əsgəri tələbələrin öz günahları üzündən şairi bu vəziyyətə saldıqlarına görə başlarını soxmağa yer axtarırdılar. Amma nə yazıq ki, iş işdən keçmişdi. İstanbul Təhlükəsizlik İdarəsinin “bu vətən xaini ordumuzun gözbəbəyi H ərbi məktəbə qədər soxularaq zəhərini tökmüş, türk ordusunu anormal hala gətirməyə çalışmışdır…” kimi raport haqqında Nazim bunları söyləmişdir: “Yazıqdır bu uşaqlar! Yandırmayın onları. Onların da, mənim də günahımız yoxdur. Bu bir kompromatdır. Təhlükəsizlik idarəsinin haqqımdakı raportuna gəlincə, vaxtilə bu raportu hazırlayanlardan birini tanımışdım. Mənə bir gün dedi ki: “Mənə iyirmi beş lirə versən, qarşıdakı 1 mayda səni həbs etmərəm…” Nazimin məhkəmədəki əsas müdafiəsi isə qısaca belədir: “Hüzurunuzda ilk dəfə mühakimə olunuram. (Daha öncə) şeirləri üzündən və gizli partiya qurmaq iddiası ilə mühakimə edildim. Haqqımda edam cəzası belə tələb olundu. Həbsdə dəlil deyə göstərilən bir neçə polisin yanlış ifadəsi, bir neçə dostlar toplanmamız və ya 1 mayda divarlara vurulan bəyənnamələrdir. Adım çıxdığı üçün bəraət aldım. On üç ildir ilk dəfə əsgəri məhkəmə önünə çıxarılıram və ortada nə bir günah, əşyayi-dəlil, nə də bir ifadə mövcuddur. Polisin göndərdiyi bir gənc deyə şübhələndiyim gəncin, “kəndli sıravilərə cümhuriyyətdən sonra kommunizmi öyrədin”, – dediyim iddiasından başqa bir günah istinadı yoxdur. Şübhəli Ömər Dəniz də məhkəmənizdə belə şeylər söyləmədiyini təkrar-təkrar demişdir. Haqsız yerə və sübutu olmayan ağır bir ittihamla 67 gündür həbsxanada yatmanın əzabı içərisindəyəm. Cümhuriyyətin və Mustafa Kamalın Türkiyəyə gətirdiklərinin necə böyük xidmətlər olduğunu bilirəm. Kommunist olmam, Mustafa Kamal Paşaya sayqı duymama və Konstitusiyadakı altı prinsipə riayət etməmə əngəl deyildir. Yazılarım bunun sübutudur. Marksist bir mədəniyyətlə yetişərkən öz milli mədəniyyətindən yararlana bilmiş bir şair olaraq polisliyindən şübhəyə düşdüyüm bir gəncə kommunizmdən dərs keçməyim ağlın qəbul edəcəyi şey deyildir. Günahsızam. Bəraətimi və həbsdən azad olunmağımı istəyirəm…”
Qərar 29 mart 1938-ci il tarixdə veriləcəkdi. Məhkəmədəki vəkilləri işin onun xeyirinə həll olunacağını söyləyirdilər. Amma Nazim rahat deyildi. İşin içində hiylə vardı və marşal (Fevzi Çakmak) bu mövzunu başından çıxarda bilmirdi. “Atatürkün belə ona təsir edə bilməyəcəyi” haqda danışırdılar.
İddianamədəki “yayımlanmış əsərlərinin üsyan və inqilab qoxusu verdiyini” demələri şairi qaramata itələyirdi. Yenə də optimist görünməyə çalışırdı arvadına yazdığı 16 mart 1938-ci il tarixli məktubunda: “Mənim bəraət almamağım, qurtulmamağım üçün yalnız qanuni deyil, heç vicdani də səbəb yoxdur. Dünənki iclasda günahsızlığım günəş kimi parlayırdı. Əgər buna rəğmən, hər hansı bir surətlə məhkum edilərsəm, məncə bu, ən zəif ədalət məfhumunun xaricində bir zülm olar”.
Və 29 mart 1938-ci il tarixdə hakim Kazım yalman qərarı oxuyuram dedikdən sonra gərəkli başlanğıcı etdi və bunları oxudu: “Cəzalandırma yönünə gəlincə, əsgəri üsyana təhrikedici olduğu qənaətilə Nazim Hikmət ilə Ömər Dənizin bu görüşləri səbəbilə ölkə içində kommunistliyin yayılması kimi əməllərini ordu içində yaymaları ölkənin müdafiəsinə gətirəcəyi böyük təhlükəyə görə hər ikisi haqqında əsgəri cəza qanununun 94-cü maddəsinə əsasən 15 il ağır həbs cəzası məhkumiyyətinə, 31 və 33-cü maddələrlə ömürboyu ictimai xidmətlərdən məhrum olmasına qərar verildi.
Bundan başqa, Ömər Dənizin 9 illik ağır həbs cəzası, 21 yaşının tamam olmaması ilə bağlı 7,5 ilə endirilməsinə, vətəndaş Mustafa Ergün də 6 il məhkum edilməsinə qərar verilmişdi. Orhon Alkaya, Necati Fişək və Abdulqadir Meriçboyu isə eyni qanunun 100-cü maddəsinə görə Necati 12 almış, amma cəzası yarıya endirilmiş, Orhon və Abdulkadir isə 14 illik cəzaları 5 il 10 aya endirilmişdir.
Cəmi 31 şübhəlidən 25-nə bəraət verilmişdir. Əsgəri apelyasiya məhkəməsi 28 iyul 1938-ci ildə Nazim Hikmət ilə Ömər Dənizə verilən cəzaları təsdiq edərək digər dörd şübhəli ilə əlaqədar olanları ləğv etdi. Məhkəmə də buna inandı və 100-cü maddə yerinə 148-ci maddəni verərək bir il və altındakı cəzalarla kifayətləndi. Çünki ortada nə bir üsyan, nə də buna təşəbbüs vardı. Əslində Nazim üçün də eyni yolla gedilməsi gərəkirdi. Deyilənə görə marşal Fevzi Çakmak Ali Məhkəməyə müraciət etmiş, amma Nazimin on beş illik məhkumiyyəti yenə də səs birliyi ilə deyil, səs çoxluğu ilə qəbul edilmişdi.
Apelyasiya məhkəməsindən heç gözləmədikləri bir qərar çıxmasına baxmayaraq mətanətini itirməyən şair, arvadı Pirayəyə bu qısaca məktubu yazdı: “Əziz arvadım. Nəhayət, iş bitdi! Apelyasiya təsdiq etdi. On beş ilə məhkumuq. Fikir eləmə. Mən yenə də qüvvətliyəm. Məsələ hər hansı bir məhkumiyyətdə deyil. Nazim Hikmətin məhvidir. Bu bir növ Dreyfus davasıdır!..”
Uyğunlaşdırdı: Azad Qaradərəli
[1]Akrostiş, yaxud akrostix – akro yunanca uc, ön tərəf, stix isə şeir deməkdir. Yəni bir şeirin baş hərflərindən yaranan sözcüklər anlamında. Divan ədəbiyyatında buna müvəşşəh, yaxud istihrac deyilir. Şeiri bilərəkdən çevirmədim. Nazimin ruhunu və şeirdəki akrostixliyi pozmamaq üçün. (Tərc. qeydi)
[2]Altıok – CHP-nin proqramını təşkil edən altı təməl prinsip: cümhuriyyətçilik, xalqçılıq, milliyyətçilik, laiqlik (dünyəvilik), dövlətçilik, inkarçılıq. 1937-ci ilin fevralında bu prinsiplər Türkiyənin konstitusiyasına da daxil edilmişdir.
“Ustad” jurnalının 4-cü sayından