“Bir cəhənnəm atəşi sarmış cahanı…” – Firudin Rzayev

246 Baxış

unnamed (1)

 

Hardasan, göstər üzün ey, sirri-surət, hardasan?

Qalmayıb dünyanda ol əzəlki halət, hardasan?

 

Dost yalan, həmdərd yalan, dünya yalanmış, dərdə bax,

Namərd dostdan, mərd düşmən min yol səlamət, hardasan?

 

Daha gün doğmur, sabah danında zülmət tülusu,

Ərzə şeytanlar müsəllət, haqq qəbahət, hardasan?

 

Sur susub, Sirat çöküb, Dəccal kəramətdən düşüb

Yenə laməkan həqiqət, yox həqiqət, hardasan?

 

Nədən aldatdın a Tanrım, niyə doğurdun məni,

Hardasan bax, hər səxavətdə xəyanət, hardasan?

 

Bir kərə gözüm yaşarsa, varından yox sən idin.

Daha yox gözüm yaşı ey ruha zinət, hardasan?

 

Sən ki bir Xızrım idin hər dara düşsəm ey Tanrım.

Hanı vədin, hanı ol vüsali-şəfqət, hardasan?

 

Haqqını İblisəmi qapdırdın, ey Haqq carçısı!..

Əgər qopmuşsa qiyamət, de “Qiyamət!” hardasan?.

 

Bir cəhənnəm atəşi sarmış cahanı ərzə bax!

Qan tüküb, can ovlamaqmı ta şücaət, hardasan?

 

Təşnədir ruhum doğru bir insanə ki, nur tapa…

Vermədin zəmanəndə doğruya fürsət, hardasan?

 

Dərdlərin rəngi min adda, bir zalım zəmanə ki,

Könüllər məzari-zülmət, həm üfunət, hardasan?

 

Əgər lövhi-aləmdən gələn yazım, təndən bizat isə,

Yenə səndəndir əta bəndənə, qismət, hardasan?

 

İndi Sən söylə Firudin Həsənoğlu neyləsin?

Üz tutub Şeytanamı eyləsin biyyət, hardasan?

12.07.2001.

 

Mən mələk misal isəm, bətnimdəki Şeytan nədir?

Cümlə duyğularıma hökm eyləyən, ol can nədir?

 

Guya eşqindən yoğurdun cismimi var eylədin,

Bir canda bir eşqə qənşər, a tanrım, hicran nədir?

 

Nə bu insan, həm bütə, həm Tanrıya, səcdədədir

İndi gör nə bəşərəm, bilməm haqq nə, iman nədir…

 

Deyirlər güman ilə, fəzl ilə tapın Tanrına!

Deyək fəzlin anladım, bir elmdir, güman nədir?

 

Nəsimi min bir sual içində qalxdı ərşədək…

Bildimi Tanrısı kim, asiman ya ümman nədir?

 

Füzuli öz eşqini bir dərd bildi naəlacdan

Nə eşqim Füzuli eşqi, nə bildim dərman nədir…

 

Sevda həm vüsalım, həm əzabım bətnimdən doğar…

Bətnim də min fərman ilə həmvətən, fərman nədir?

 

Bir yaradan altında var olmuşsa cümlə-bəşər,

Onda bu Zabur, bu Tüvrət, bu İncil, Quran nədir?

 

Nədir de bunlardakı sirri aləmin hikməti

Min adda möcüz ilə, hər vəhy, hər lisan nədir?

 

Gər elmimlə qalxsam ol sirri-ürfani eşqə mən,

Hər ayədə ol hikmət, hər surədə ürfan nədir?

 

Həsənoğlu, nə dilərsən bu cahandan bixəbər?

Sən zaman qurbanısansa zaman nə, qurban nədir.

05.08.2008.

 

 

Bilirəm könlünü ey mah, necə bərbad elədim.

Səni sındırmaq ilə guya üzüm şad elədim…

 

Onda hər kəs bizim eşqin dəli məftunu idi

Cənnəti yerdə qurub, mən məni Şəddad elədim…

 

Arınıb cümlə günahlardan olub misli-mələk,

Hər sınan qəlbə güzar eyləyib, abad elədim.

 

Bir vüsal qəsrinə min Bisütunu yarmaq ilə…

Səni Şirin, özümü eşqində Fərhad elədim…

 

Gör necə aldı əlimdən bu fələk hər dəmimi,

Uyaraq şeytana, ondan da betər ad elədim…

 

Hər anım, hər saatım nur dolu dünyalar idi,

Yıxıb öz dünyamı sən gör, necə imdad elədim.

 

Elə yandım ki, ahım ərşə bələnd oldu, gülüm!

Həsrətin adına Sənan kimi fəryad elədim.

 

İndi kimdir ki, Firudin, Həsənoğlu, kimi var?

Canını torpağa, ruhun göyə azad elədim…