Bir ilin ağrısı – Azad  Qaradərəli                            

79 Baxış

      

 17238372_1273483562734190_613695770_n

Senet.az oxucularına Azad  Qaradərəlinin “Bir ilin ağrısı – yaxud  “Kuma-Manıç çökəkliyi” romanımla bağlı aldığım məktuba gecikmiş cavabım yazısını təqdim edir.

Təxminən bir il əvvəl kitabevim.az-da “Kuma-Manıç çökəkliyi” romanımın təqdimatı oldu. Kitabın naşiri Müşfiq Xanın aparıcılığı ilə gerçəkləşən tədbirə gözləmədiyim halda çoxlu sayda oxucu yığışdı. (Təbii bunların bir qismi qohumlar, bir qismi tanışlar, bir qismi dostlar, bir qismi  tələbələrim, bir qismi isə facebookdan tanıdıqlarım idi. Amma tanımadığım oxucular da az deyildi – romanı ilk dəfə “Yazı” dərgisindən oxuyub gələnləri xüsusi qeyd etməliyəm. Yəni, bu bir Azərbaycan reallığı…)

Çıxış edənləri yığılanlar dinlədikcə, mən də kitabları imzalayırdım. Tədbirdən sonra başqa bir tədbir də olduğundan (məlum yeyib-içməyi nəzərdə tuturam) bəzi kişi qonaqlar bu barədə bilgiləndirilirdi. Mənimçün xoş bir gün olsa da, etiraf edim ki, həm də gərginlik vardı…

Bunu adətən, yazmırlar. Amma mən həmişə olduğu kimi burda da hər şeyi çılpaqlığı ilə qeyd edirəm: dostlardan bəziləri aldığı kitabı imzalatdırdıqdan sonra xəlvəti əlini cibimə salır, sonrakı tədbiri yola verməyə kömək etmək istəyirdilər. (Bu da Azərbaycan reallığıdır. Zatən bizim kitab satışından ayrı cür qazancımız olmur. Bəzən bir dostumun bir kitab hədiyyəmə yüz kitabın pulunu verdiyi olub.)

Tədbir uğurla başa çatdı. Özümün təxmini hesablamama görə 60-dan yuxarı kitab satılmışdı. Məndən qabaq kafeyə getmiş dostların ardınca yollandım.

…Kafedə maraqlı söhbətin müşayəti ilə yaxşı yeyib içdik. Və axırda pencəyimin cibinə xəlvəti qoyulmuş dost paylarına baxarkən bir balaca kağız parçası da tapdım ordan. Yaxşı ki, yazıçılıq instikti puldan güclü çıxdı. Elə iki daşın arasında, bir az da içkinin eyforiyasıyla o damadama dəftər vərəqində kiril əlifbasıyla yazılanları oxudum.

“Hörmətli Azad müəllim. Salam. Mən sizin romanınızı oxumuşam. Roman kimi xoşuma gəldi. Sağ olun. Amma mən ədəbiyyatçı olmadığım üçün roman haxda danışmıyacam. Romanın qəhrəmanı Qaçaq İsrafil haqqında sizə öz fikrimi bildirmək istəyirəm. Əvvala onun erməni arvadı olmayıb. İkincisi Qaçaq İsrafil Top kəndindən deyil, Sənəli kəndindəndir. Hiss olunur ki, siz Topda olmusunuz. Amma Sənəlini görməmisiniz. Bir də romanda iki girov ermənin birini qəhrəman kimi təsvir etmisiniz. Əsir olsa da, ölümdən qorxmadan deyir:”Arçaxi merna!”

Hörmətil Azad müəllim. Yenə deyirəm, mən ədəbiyyatçı deyiləm, amma bədii kitabları sevirəm. Çoxlu bədii ədəbiyyat oxumuşam. Sizin romanda qəbul etmədiyim bir şey də var: siz bizi məğlub olmuş, təhqir olunmuş xalq kimi təsvir eləmisiniz. Nə bilim? Bəlkə belə olmalıdır? Amma Yapon Səmədə görə sağ olun. Bir də sizdən bir şey soruşmaq istəyirəm: o lallar kəndi həqiqətən olub? Olubsa onların sonrakı taleyi məni yaman narahat edir.

                                                                       Oxucunuz Zəminə H. Baki şəhər.”

(Kiril əlifbasıyla yazılmış məktubun hətta hərf xətalarını da saxlamışam burda.)

Bu məktubu iki dəfə oxudum və inanın ki, kefliliyim bir anda yox oldu. Qalxmağa hazırlaşan dostlara (bu ona yaxın adamın yarısı yerlilərim idi) üz tutub dedim:

-Bu məktubdan xəbəri olan var?

Hamısı çiyinlərini çəkdi. Hətta biri zarafata saldı:

-Sevgi məktubudu?

Dağılışdıq. Düz bir il o məktubu orda-burda gizlətdim ki, itməsin. Hətta kompüterimin yaddaşına da köçürdüm. (Axı mənim əlyazmam yox kimidir. Artıq 15 ildən yuxarıdır ki, birbaşa kompüterə yazıram. Təxminən 15  il də makina ilə taqqıldatmışam. Deməli, bir zəmanə adamı kimi, kağız-kuğuz mənimçün az əhəmiyyət kəsb edir. Amma bu məktubu…)

Çox dostlarla salıx saldım. Özüm də fikir-zikir elədim. Bu Zəminə xanım kim ola bilər? Nə dostlrdan ağlabatan cavab gəldi, nə özüm bir qənaətə vara bildim. (Amma bu dəqiqdir ki, o xanım kimdirsə, Qaçaq İsrafili tanıyır, biz tərəflərə bələdliyi var. Sənəlini, Topu yaxşı bilir.)

Bir neçə Zəminə tanıyırdım. Hətta bu imzayla yazan bir xanmım da vardı. Amma deyil. Çünki gümanlarımın heç biri təsdiqini tapmadı. Hətta bu yaxınlarda rəhmətə getmiş mərhum  journalist Zabil Müqabiloğlu bir eyham da vurdu: o ləqəb kimi də ola bilər!

Bax, bu, ağlıma batdı. (Onu da demək gərək: roman “Yazı” dərgisində hissə-hissə çıxanda bir nəfər mənə zəng açdı və özünü oxucu kimi təqdim edərək, Qaçaq İsrafil haqqında faktları haradan götürdüyüm soruşdu. Ona  cavab verdim. Kimliyini soruşsam da, əsəbi halda nələrsə deyib, telefonu qapadı.) Kimdirsə, öz adıyla deyil, Zəminə imzasıyla yazıb mənə. Amma niyə? Açıq yazmağa nə mane olur? Qadınlığımı? Qismən də olsa, beynimə batdı. Bu yaxınlarda məsələdən hali olan jurnalist dostum Məhəmməd Baharlı isə dedi ki, hər kimdirsə, sən ona mətbuat vasitəsi ilə cavab yazsan, yaxş olar.

Düz bir il o məktubun ağrıları ilə yaşadım. Bilmədiyin, tanımadığın adam (özü də zərif cinsdən!) səni ittiham edir və çəkilib marıqda durur. Axtarırsan, izi, tozu da bilinmir. Bəs nə etməli? O sualların cavabını kimə verməli?

Beləcə, bu yazı yarandı. Və həmin Zəminə xanıma və mənə zəng edib özünü təqdim etməyən Oxucuya, romanla bağlı fikirlərini yazmış qələm dostlarıma (roman haqqında ondan artıq məqalə, esse və resenziya yazılaraq mətbuatda yayımlanıb) aşağıdakıları bildirmək istəyirəm:

1.”Kuma-Manıç çökəkliyi” bədii əsərdir və burada tarixi şəxsiyyətlərlə yanaşı (Qaçaq Fərzalı, Qaçaq İsrafil, Sabir Əhmədli, Məhəmməd Əsədov və başqaları), müəllif təxəyyülünün məhsulu olan ob razlar da var. Qaçaq İsrafil də onlardan biridir. Mən Qaçaq İsrafilin doğulduğu Top, yaxud sizing yadığınız kimi Sənəli kəndinin qonşuluğundakı Sobu kəndində müəllim işləmişəm və o yerləri qarış-qarış gəzmişəm. Qaçaq İsrafil haqqında kəndin ağsaqqallarından Ağalar kişi, Xalıqverdi kişi, Pəhlivan kişi, Nəcəfalı kişi və başqaları ilə söhbət etmişəm. “İsrafilin bir erməni həçiyinə aşıxdı. Hələ onnan bir oğlu da vardı deyilənə görə” – bu sözləri mərhum Ağalar kişi danışmışdı mənə. Hətta demişdi ki, Qaçaq Fərzalı ilə Qaçaq İsrafilin arası o “erməni həçiyinə” görə dəymişdi. Yəni, mən bunları eşitdiklərim əsasında yazmışam.

2.Mən qaçaqların səngəri olan Sobu, Pirdavdan, Ernəzir, Pəribartaz, Sənəli, Top (son beş kənd ermənilər tərəfindən dağıdıldığından xarabalıqları qalmışdı) kəndləri və onların xarabalıqlarını dönə-dönə gəzmişdim. Hətta Pirdavdan kəndindəki piri də ziyarət etmişdim. Yeri gəlmişkən, bu kəndin adı fonetik cəhətdən assimliyasiyaya uğrayıb. Əslində bu Pirdavdan sözü vaxtilə Pir Cavidan olub. Yəni, Babək və onun silahdaşları Bəzzdən çıxarkən başçıları Cavidanın qəbrini açmış, sümüklərini gətirib Sənəlidən  bir xeyli aralıda yerləşən Pirdavdanda – əslində Pir Cavidanda – dəfn etmişdilər. (Bu barədə bax: Qiyasəddin Qeybullayev,  “Azərbaycan türklərinin təşəkkül tarixindən”, Bakı. 1994, səh. 165) Qaçaq İsrafilin Sənəlidə, yaxud Topda doğulması mənimçün əsas deyil, əsas o xarabazar kəndlərin və onlardan çıxmış igidlərin obrazlarını canlandırmaq idi.

 3.Lallar kəndi haqqında.  Mən babamın danışdığı bir əhvalatdda bu barədə eşitmişdim. Guya bütün kəndlərdəki narazı adamlar bu kəndə toplanır və orada hamı özünü lallığa vururmuş. Və mən Yapon Səmədi bu kəndə əslində o narazı adamların yolgöstərəni kimi gətirmişəm romanda. Yeri gəlmişkən, Yapon Səməd yarı təxəyyül məhsulu olsa da, belə bir adam olub. Hətta adamlar Sovet rejiminin məhv etdiyi bu ziyalını söyüşlə də olsa yadında saxlamağa çalışmışdılar: “İçinə p… Səmədin ehsanı.”

4.Nəhayət, erməni əsirinin romanda “qəhrəman” kimi veriləsi və bizim məğlub xalq kimi təsvir olunmağımız haqda.  Əziz, Zəminə xanım! Əvvala. Mən o əsirlərdən birini – hansı ki, günahsız ermənilərdir və heç Qarabağın harda olduğunu belə bilmirlər – qəhrəman kimi deyil, daşnakların təbliğatı nəticəsində robota çevrilmiş bir manqurt kimi vermişəm. Atası İsaxın sözü olmasın, o bədbəxt heç Qarabağı tanımır da. Amma bizimkilərin üzünə qarşı bağıra-bağıra “Ara Karabğ  naş! Arçaxi merna! Karabax bizimdir!” deyir. Yəni, bunu biz Xankəndində gedən mitinqlər zamanı minlərlə beyni yuyulmuş erməni gəncinin timsalında görmüşük. O ki qaldı bizim romanda məğlub xalq kimi verilməyimizə… Elə bilirəm, gərək biz reallıq hissini itirməyək. Ərazisinin iyirmi faizini əldən vermiş bir xalq məğlub deyil, bəs nədir? Unutmayaq ki, bizdən başqa xalqlar da bu halla üzləşiblər – məsələn almanlar. İkinci Dünya savaşından məğlub çıxsalar da, özlərində güc tapıb həm faşizmdən uzaqlaşdılar, həm itirdikləri torpaqlarını geri qaytardılar, həm də dünyanın ən güclü dövlətlərindən birinə sahib ola bildilər.

Bizim qarşımızda tarix bir neçə ağır vəzifələr qoyub. Ya özümmüzdə güc tapıb bu müharibədən qalıb çıxmalı, torpaqlarımızı geri qaytarmalı, azad, demikratik bir  ölkə qurmalı, ya da… Daha bu “ya da”nı yazmağa əlim gəlmədi…

 Söz ardı.

Bir qələm dostum ( modern Azərbaycan ədəbiyyatının yaradıcılarındandır) “Kuma-Manıç çökəkliyi” romanı oxuyub bitirmək üzrədir. Oxuduqca hisslərini, fikirlərini isti-isti mənimlə bölüşür. Dediyinə görə düşündüyündən də artıq məmnun olub və yaxınlarda onun sanballı bir essesini oxuya biləcəyik. Yazımı elə burda kəsməyimin bir səbəbi də yazılacaq o yazı oldu. Mən o imza sahibinə çox inanıram. Zəminə H. imzası ilə mənə yazan xanımın (yaxud bəyin) bu yazı ilə yanaşı, sözügedən esseni də oxuya biləcəyinə  inanmaq istərdim.