senetaz

Həsən Əliyev 80 D

06 Fevral 2024 685

Anarın yubileyinə həsr edilmiş müsabiqənin qalibləri mükafatlandırıldılar

Anarın yubileyinə həsr edilmiş müsabiqənin qalibləri mükafatlandırıldılar

Bu gün - fevralın 2-də Azərbaycanın görkəmli qələm ustası, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın 85 illik yubileyinə həsr edilmiş, yaşı 35-dək gənc yazarlar arasında təşkil olunan hekayə müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. Tədbir Yazıçılar Birliyinin Natəvan Klubunda baş tutub.

Senet.az “Ədəbiyyat və incəsənət” portalına istinadən xəbər verir ki, Azərbaycan Ədəbiyyat Fondu ilə “Ulduz" jurnalının birgə təşkilatçılığı ilə keçirilən müsabiqə ölkədə gənc nasirlərin nəsr nümunələrinin daha da püxtələşməsinə xidmət edib və müsabiqənin məhz Gənclər Günündə yekunlaşaraq qaliblərin təltif olunması ədəbi gənclik üçün bir stimul xarakteri daşıyıb.
Mövzu seçimi sərbəst olan müsabiqəyə 200-ə yaxın iştirakçı qoşulmuş, öncə Münsiflər tərəfindən 8 finalçı müəyyənləşmişdir: Elay İsmayılov, Xanbala Mahmudov (Xan Abdulla), Cavid Babayev, Orxan Cuvarlı, Bəşir Niftəliyev, Şəhriyar Bəhmənov, Səma Quliyeva, Pərviz Əlyaroğlu.
Növbəti mərhələdə isə qaliblərin və mükafatçıların adları elan edilmişdir.

HƏVƏSLINDİRİCİ YERLƏR
Bəşir Niftəliyev, “Sehirli danaxor” hekayəsi;
Səma Quliyeva, “Bilinməyən həqiqət və şəkər malyariyası”.

3-CÜ YER
Xan Abdulla, “Yazgülün nəvəsi”.

2-Cİ YER
Orxan Cuvarlı, “Daş”.

1-Cİ YER
Cavid Babayev, “Üçnəfərlik motosikletlər”

Tədbiri açan Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru Varis müsabiqənin məramı və məqsədi barədə, mükafatçılar barədə məlumat verdikdən sonra sözü Azərbaycan Yazıçılar Birliyinin sədri Anara vermişdir. Anar ədəbi gəncliyə güvəndiyini izhar etmiş, istededadlı gənclərə ustad məsləhətlərini çatdırmış, qalibləri təbrik etmişdir.
Daha sonra Azərbaycan Mətbuat Şurasının sədri, AYB sədrinin müavini Rəşad Məcid, tanınmış yazıçı, müsabiqənin münsiflər heyəti adından seçim turuna və final mərhələsinə rəhbərlik etmiş yazıçılar Təranə Vahid və Hüseynbala Mirələmov, “Ulduz” jurnalının Baş redaktoru Qulu Ağsəs çıxış edərək çağdaş nəsrimizdə gəncliyin rolu, müsabiqəyə qoşulan gənclərin istedadından söz açmış, ədəbiyyatımızın gələcəyinə olan inamlarını dilə gətirmişlər.
5 mükafatçının hər birinə tutduqları yerlərə müvafiq olaraq pul mükafatları, Fəxri Diplomlar və Xalq yazıçısı Anarın imzası ilə kitablar təqdim edilmişdir.
Qeyd edək ki, müsabiqənin himayədarı “Azeristeel" MMC Metal Konstruksiylar Zavodu, informasiya və təşkilati dəstəkçiləri “Ədəbiyyat və incəsənət” portalı, “Şirvan” cəmiyyəti və “Kəpəz” hospitalı idi.
Mərasim zamanı Azərbaycan Ədəbiyyat Fondu və “Ulduz” jurnalının birgə təşkilatçılığı ilə gənc yazarları stimullaşdıran növbəti müsabiqə barədə də elan verilmişdir. Bu dəfə gənc şairlər Vaqif Səmədoğlunun 85 illik yubileyi münasibətilə şeir müsabiqəsində qüvvələrini sınaya biləcəklər.