AZƏRBAYCAN MÜHACİRƏT MƏTBUATI MÖHKƏM İRADƏ VƏ QƏTİYYƏTİN NÜMUNƏSİDİR.
Həsən bəy Zərdabinin böyük əziyyəti, fədakarlığı və yorulmaz fəaliyyəti nəticəsində 1875-ci ilin 22 iyul tarixində Azərbaycan mətbuatı təşəkkül tapdı. “Əkinçi” qəzeti Azərbaycan mətbuatının ilki olmaqla böyük bir missiyanı üzərinə götürmüş oldu. “Əkinçi” özündən sonra işıq üzü görən mətbu orqanlar üçün məktəb rolunu oynamaqla mətbu ənənələrin formalaşmasında da xüsusi yer tutdu. Mətbu orqanların meydana gəlməsi ilə millətin düşüncə və təfəkkürünə, ziyalı fikrinin təsiri müsbət tendensiyada artdı.
Bunun bariz nümunəsi kimi mətbuatın bir qolu hesab edilən Azərbaycan mühacirət mətbuatıdır ki, AXC-nin süqutundan sonra İstanbulda əsası qoyulmuşdur. Mühacirət mətbuatının yaranması ilə Azərbaycan ideoloqlarının fikirləri sürətli şəkildə tirajlanmağa başladı.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi dövlətçilik ənənələrimizin bərpasında, milli ideologiyamızın formalaşmasında və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında bilavasitə rol oynamışdı. Azərbaycan Xalq Cümhuriyyətinin 23 ay mövcud olmasına baxmayaraq onun gördüyü işlər son dərəcə mühüm və əhəmiyyətli oldu. AXC sovet rejiminin təkidi və hiddəti ilə süquta uğradılsa da, min bir çətinliyə baxmayaraq cümhuriyyəti quran vətənpərvər Azərbaycan övladları yenə də azərbaycançılıq ideologiyasından əl çəkməyərək böyük iradə nümayiş etdirib, bu yolda qətiyyətlə addımladılar. AXC-nin yaradıcısı olan Məmməd Əmin Rəsulzadə Azərbaycan həqiqətlərini, dünyaya çatdırılması üçün ən yaxşı vasitənin mühacirət mətbuatının təşəkkülündə gördü. Elə bu səbəbdəndə Məmməd Əmin Rəsulzadə və onun məsləkdaşlarının əvəzsiz xidmətləri nəticəsində XX əsrin 20-ci illərinin əvvəllərində qardaş Türkiyə dövlətində Azərbaycan mühacirət mətbuatının əsası qoyuldu.
Azərbaycan mühacirət mətbuatının İstanbulda təşəkkül tapması süqut etmiş Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarının yaşamasına zəmin yaratdı. Mühacirət mətbuatının formalaşmasında Məmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə, Miryaqub Mirmehdiyev, Əhməd Cəfəroğlu, Hilal Münşi kimi mübariz ruhlu ziyalılarımızın böyük xidmətləri olmuşdur. Bu ziyalıların ən böyük təşəbbüsü onda idi ki, Azərbaycanın yenidən istiqlalını əldə edəcəyinə inanırdılar. Vətəndən kənarda olmalarına baxmayaraq mətbuat vasitəsi ilə doğma vətəndə yaşayan insanlarıda buna inandırır və bu möhkəm iradə xalqın ruhuna da sirayət edirdi. Azərbaycan mühacirət mətbuatının ilk qaranquşu “Yeni Qafqasya” jurnalı və onun ardıcılları olan “Azəri-türk”, “Bildiriş”, “Odlu yurd”, “Yaşıl yarpaq”, “İstiqlal”, “Azərbaycan yurd bilgisi” kimi qəzet və jurnallarda dərc olunan məqalələri oxuduğumuz zaman möhkəm iradə və qətiyyətin şahidi oluruq. Bir çox hiddət və təqiblərə baxmayaraq bu qəzet və jurnallar böyük ziyalılarımızın əməyi nəticəsində uzun müddət fəaliyyət göstərərək Azərbaycan həqiqətlərini səhifələrində əks etdirdilər.
İşıq üzü görən mühacir mətbu orqanlar gedəcəkləri yolu açıqlayarkən həmin bəndlərdə də mübariz ruhun şahidi oluruq. “Yeni Qafqasya” jurnalının əsas məqsəd və məramı ilə tanış olduqda görürük ki, mübarizlik, demokratiya, əzmkarlıq və türk birliyi Azərbaycan mühacirət mətbu orqanlarının təməl prinsipi və sabaha aparan yoludur. “Yeni Qafqasya” jurnalı fəaliyyətə başlayarkən yazırdı: “Yeni Qafqasya” millətçi, radikal və demokratdır. “Yeni Qafqasya” türkçüdür, yalnız azərbaycançılıq, türkçülük və qafqazçılıqla qalmır, öz şərqdəki milli istiqlal hərəkatını da müdafiə edir. İstər “Yeni Qafqasya” istərsə də onun ardıcılları olan “Azəri-türk”, “Odlu yurd” və digərlərinin əsas mövzusu İstiqlal və Azərbaycanın yenidən müstəqil olacağına inam idi.
Böyük ziyalı və publisist Məmməd Əmin Rəsulzadə 10 illik “Əzm və cihad” məqaləsində yazırdı: – 1918-ci il 28 may, 1928-ci il 28 may on illik bir dövr Milli Azərbaycan tarixinin ən zəngin və ən rəngin bir dövrüdür. Qanlı, fəqət şanlı bir dövr. Bir tərəfdən zəfərlər, səadətlər digər tərəfdən isə məğlubiyyətlər və fəlakətlərlə doludur. Fəqət zəfərlərdə, səadətlərdə olduğu kimi fəlakətlərdə də müştərək bir cəhət vardır. Mücadilə, istiqlal mücadiləsi, məfkurə və məfkurəçiləri, mübariz və şəhidləri mövcud bir mücadilə.
Məmməd Əmin bəyin məqaləsindən göründüyü kimi vətənpərvər xalqımız zəfərində və səadətində bir olduğu kimi ağrılı-acılı günlərində də bərabər və mübarizdir.
Mirzə Bala Məmmədzadə publisistikasında da bu iradə və qətiyyətin tez-tez şahidi oluruq. Buna misal olaraq böyük qələm sahibinin “Vətən qaldı” məqaləsinə nəzər salsaq görərik ki, müəllif oxucuda ruh yüksəkliyi yaradır. Həmin məqalədə bir mühacir Mirzə Baladan vətəndəki insanları soruşur. Məqalə belə başlayır:
İndi söylə söylə baxaq, vətəndə nə var?
Kimlər sağdır, kimlər ölmüş?
Ölənölmüş, qalan qalmışdır, dedim:
General Səlimov sağdırmı?
Öldürdülər…
Ah qatillər! Peki General İbrahim Ağa?
Onu da…
Kayda başı?
Onuda öldürdülər…
General Haşım bəy nerde?
Onu da qətl etdilər…
General Delhas?
Onu da…
Süleyman paşa?
Onu da, onu da, bir az susdu. Dərin-dərin nəfəs alırdı… Sonra yenə
Nəsib bəy nerede?
Bəlli deyil.
Mühacir tanıyıb bildiyi hər kəsin öldürüldüyünü eşidib ruhdan düşmüş halda soruşur
Sağ qalan yoxmu?
Mirzə Balanın cavabı belə olur
Xeyir, qalmışdır.
Kim? Təccüblə soruşur.
Onları yetişdirən Millət, Milləti yaşadan Vətən!
Müəllifin məqalədə millətin və vətənin var olmasını göstərməsi bir daha göstərir ki, sözün gerçək mənasında bu yazının müəllifi böyük iradəyə, dözümə, inama ən ümdəsi vətənpərvər ruha və azərbaycançılıq ideologiyasına sahibdir.
Məmməd Əmin Rəsulzadənin, Mirzə Bala Məmmədzadənin və digər publisistlərin bu səpkili yazıları xalqda daima ruh yüksəkliyi oyadır və Azərbaycanın tezliklə öz müstəqilliyinə yenidən qovuşacağına inam yaradırdı.
Mirzə Bala Məmmədzadə “Azərbaycan dövləti” adlı məqaləsində yazırdı ki, Azəri türklərinin xarakteristik xüsusiyyəti nədir? və bu sualı özü də belə cavablandırırdı: “Bu hər türk üçün müştərək bir səciyyə olan hürriyyətə məftunluq, hakimiyyət, istiqlal uğrunda ibrətdir”.
Türk heç bir zaman məhkum və əsir olmamışdır. Onun üçündür ki, məhkum bulunduğu son vaxtlarda daima məğrur, mütəkəbbir olmuş , azad və sərbəst olmağa can atmışdır. Bu onun daimi müstəqil hakim yaşamış olduğunun nişanəsidir. Böyük publisist bunu yazmaqla bildirirdi ki, azərbaycanlılar və türklər heç zaman əzilməmişdir. Daima mübariz və polad iradəli olmuşlar. Digər tərəfdən müəllif bu yazıda azərbaycanlıların və türklərin birliyini göstərirdi. Bu cür publisistik yazılar xalqa daima ruh yüksəkliyi vermiş, milli və mənəvi dəyərlərimizin unudulmasına imkan verməmişdir.
Yetmiş il mübarizə aparan Azərbaycan xalqı da vətəndən qıraqda yaşayan, ürəyi vətən eşqi ilə döyünən mühacirlərimizdə Azərbaycanın istiqlalına nail oldular. Bununlada bir daha göründü ki, Azərbaycanın yenidən müstəqillik qazanacağına inanan vətəndə və mühacirətdə yaşayanlar, ziyalılar fikrində yanılmamışdılar.
Azərbaycan müstəqillik qazandıqdan sonra iqtisadi, siyasi, mədəni tərəqqi mətbuatdan da yan keçmədi. 1998-ci ildə ümummilli lider Heydər Əliyevin senzuranın ləğvi ilə bağlı imzaladığı fərman Azərbaycan mətbuatına və söz azadlığına verilən böyük dəyər idi.
Prezident İlham Əliyevin mətbuatın inkişafı ilə bağlı imzaladığı fərman və sərəncamlar jurnalistlərin sosial rifahı naminə və ümumən mətbuatın uğurları üçün atılmış addımlardır.
Muzey Mərkəzində İsa Məmmədovun “Bakının peyzajları” sərgisi açılacaq
Karavacconun şah əsəri ilk dəfə Romada sərgilənir
Londonda Van Qoqun əsərlərinə şorba atılıb
Azərbaycanlı rəssamların əsərləri Antalyada sərgilənir
Londonda dayanacaqda tapılan tablo 17.5 milyon funt sterlinqə satılıb
"Azərbaycanın hər guşəsi ilham mənbəyidir" - Meltem Buyuran
"Dante və Vergili cəhənnəmdə" - Müsahibə
Bakıda səfirlərin xanımları Ebru sənəti ilə tanış olublar
Rafaelin yeni tapılan əsəri sərgiyə çıxarılacaq
Bakıda “Rəssamların döyüşü” olub