AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Ekspozisiya zalında “Ən qədim və ən nadir tibb əlyazmaları” sərgisi təşkil olunub.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. “Orta əsr türk təbabəti və yazılı irsi: keçmişi, bu günü və gələcəyi, tədqiqat problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans çərçivəsində təqdim olunan sərgini institutun Əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsinin müdiri dosent Nigar Babaxanova və həmin şöbənin baş mütəxəssisi Əsmər Hümbətli hazırlayıblar.
Sərgini Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin Yazılı Abidələr və Mənəvi İrs Araşdırmalar Mərkəzinin direktoru professor Zibeydə Şadkam və Qazaxıstan Respublikası Elm və Təhsil Nazirliyinin Elm Komitəsinin “Qılım Ordası” Dövlət Agentliyinin elmi və beynəlxalq əməkdaşlıq üzrə direktor müavini Nurlan Seydin açıblar.
Açılış mərasimində Azərbaycanın və Qazaxıstanın aparıcı elmi-tədqiqat müəssisələrinin görkəmli alim və mütəxəssisləri iştirak edib, burada nümayiş olunan ümumilikdə 60-a yaxın eksponatla tanış olublar.
Sərgidə UNESCO-nun “Dünya yaddaşı” beynəlxalq reyestrinə daxil edilmiş tibbə dair 3 əlyazma abidəsi - Rüstəm Cürcaninin “Zəxireyi-Nizamşahi”, Əbu Əli İbn Sinanın “Əl qanun fit tibb”, Əbülqasim Zəhravinin “Əl-məqələtus-səlasin” əsərləri, adı qeyd olunan müəlliflərin rəsmləri, onların əsərlərinə çəkilmiş illüstrasiyalar, orta əsrlər tibb və farmakologiya tarixinə dair əsərlərin, o cümlədən Məhəmməd Yusif Şirvani, Nəsrəddin Tusi, Nüsrət Əfəndi, Məhəmməd Füzuli və digər İslam Şərqi intibahının görkəmli nümayəndələrinin tibb elminə dair əsərlərinin nadir nüsxələri, habelə XVI əsrdə qazax hakimi Kuçkunci xanın şəxsi həkimi olmuş Sultan Əli əl-Xorasani tərəfindən qələmə alınmış “Dəstur əl-ilac (Şəfa ənənələri)” adlı traktatının əlyazması ilk dəfə geniş elmi ictimaiyyətə təqdim olunub. Sərgidə, həmçinin görkəmli maarifçi yazıçı, həkim və dövlət xadimi Nəriman Nərimanovun tibb elminin müxtəlif sahələrinə dair əsərləri, o cümlədən “Tibb və İslam”, “İnsan bədəni və onun yemi”, “Təbabətə aid risalə” adlı kitablarının ilk çap nüsxələri, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi Əli bəy Hüseynzadənin Balkan müharibəsində Qızıl Hilal cəmiyyətinin üzvü kimi həkimlik fəaliyyətini əks etdirən fotosənəd və Əlyazmalar İnstitutunun əməkdaşlarının tibbə dair əlyazmalar əsasında apardığı tədqiqatlar, institutun fondunda mühafizə olunan tibb və farmakologiyaya aid əlyazmaların toplu kataloqu və mövzuya dair digər kitablar nümayiş olunub.
Muzey Mərkəzində İsa Məmmədovun “Bakının peyzajları” sərgisi açılacaq
Karavacconun şah əsəri ilk dəfə Romada sərgilənir
Londonda Van Qoqun əsərlərinə şorba atılıb
Azərbaycanlı rəssamların əsərləri Antalyada sərgilənir
Londonda dayanacaqda tapılan tablo 17.5 milyon funt sterlinqə satılıb
"Azərbaycanın hər guşəsi ilham mənbəyidir" - Meltem Buyuran
"Dante və Vergili cəhənnəmdə" - Müsahibə
Bakıda səfirlərin xanımları Ebru sənəti ilə tanış olublar
Rafaelin yeni tapılan əsəri sərgiyə çıxarılacaq
Bakıda “Rəssamların döyüşü” olub