senetaz

Həsən Əliyev 80 D

04 Mart 2024 2498

Güzəşt körpüsü - Aytac Sahəd yazır

Güzəşt körpüsü - Aytac Sahəd yazır

İllər öncə bir şirkətin açılış mərasimində aparıcı idim. Deməli, tədbir zamanı şirkətin sahibi olan şəriklər müxtəlif vaxtlarda yaxınlaşıb birinci sözün ona verilməsini istədi. Özü də israrla. Həmin israrın sayəsində əmin oldum ki, bu işbirliyi uzun sürməyəcək.

Ümumiyyətlə, xırda detallardan çıxardığım nəticələrə ən tutarlı arqumentlərdən daha çox güvənirəm. Xırda məsələ kimi görünsə də, bu nüans məni xeyli təəccübləndirmişdi. Bir müddət keçəndən sonra eşitdim ki, şəriklər qalmaqallı şəkildə yollarını ayırıblar. Halbuki ortada neçə ilin dostluğu, biznes maraqları vardı. Di gəl, mövzu eqo olanda imtahan da ağır olur.

Məncə, nəinki iş həyatında, elə şəxsi münasibətlərdə də ən önəmli məqam güzəştə getməyi bacarmaqdır. Əgər iki insan yaxşı yola gedirsə, ya çox güzəştə yer qoymayacaq qədər ortaq cəhətləri var, ya da biri digərindən daha çox kompramisə gedir. Odla su məsələsi. Başqa cür mümkün deyil.

Digər tərəfdən də münasibətlərdə həddindən artıq güzəştə getmək xarakterin tamlığına zərbə vurur. Çox sevdiyim bir söz var: Mən olmadan biz olmaz. Aşırı fədəkarlıq bir müddət sonra insanı qurban rolunun mahir ifaçısına çevirir. Belə olan halda isə sağlam münasibətin mövcudluğundan söhbət belə gedə bilməz.

Bu tendensiya şəxsi münasibətlərdə olduğu kimi, iş həyatında da ciddi problemlemlər yaradır. Ortaq dəyər və maraqlara sahib olmadığımız iş mühitində potensialımızı reallaşdırmaq də çətinləşir, yaxud da konflikt üçün real zəmin yaranır.

Şərq dəyərlərinin hakim olduğu toplumlarda güzəşt möhkəm münasibətlərin sütunlarından sayılır. Məsələn, çox vaxt konfliktin kökündəki səbəb kiçikdən yana olsa belə, dəyərlər yaşca böyüyün tərəfində dayanır. Beləcə, böyüyün mövqeyi lazımınca sorğulanmadan kiçik güzəştə getməli olur. Şablonlar üzərində bərqərar olan münasibətlər isə gec-tez bütün mahiyyəti ilə təzahür edir. Problemi həll etməkdənsə, böyük-kiçik yeri bilən adam obrazını qorumağı üstün tutanlar bu missiyanı dədə-baba mirası kimi qoruyub gələcək nəsillərə ötürür.

Bu mirasdan bizim dövrə də müəyyən qədər pay düşüb. Düzdür, müasir dövrdə ona diktə edilənləri kor-koranə qəbul etməyib etirazını bildirən, dəyər kimi təqdim olunanları sorğulayanların sayı az deyil. Ancaq istənilən halda sözügedən dəyərlərdən imtina zaman istəyir. Bu zaman dilimində isə gördüyü haqsızlığa səs çıxaran tələbə müəllimin gözündə dikbaş, övlad xeyirsiz damğası alır.

İstər iki şəxsin münasibətində, istərsə də cəmiyyət həyatında güzəşt labüddür. Burada əsas məsələ vəziyyəti obyektiv dəyərləndirmək, daha doğrusu, məsələnin kökündəki səbəbləri doğru şəkildə analiz edə bilməkdir. Ancaq bu halda insan anlaya bilər ki, onu kompramisə vadar edən situasiyanın reallığıdır, yoxsa cəmiyyətin sırıdığı tabular.

Məsələyə lokal yanaşıb dəyərləndirməni şəxslərarası münasibət üzərindən aparanda güzəşt faktorunun önəmi daha aydın görünür. Hər mübahisəni mübarizəyə çevirmək də ağıllı adam işi deyil. Əsas məsələ qızıl ortanı tapmaqdır.

Güzəşt xarici təsirin diktəsi ilə edilirsə, saxtadır, daxili ehtiyacdan yaranırsa, müsbət nəticələr vəd edir. Qısası, iki insan arasında uçurum varsa, güzəşt münasibəti məhvə aparan yol, qısa məsafələrdə isə etibarlı körpüdür.

Aytac SAHƏD
525.az