senetaz

Həsən Əliyev 80 D

26 Sentyabr 2023 5774

İnsanların və əşyaların qəlbinə eyni ruhla toxunmaq... - Sevinc Elsevərin “Evlərimizin qəlbi” kitabına ön söz

İnsanların və əşyaların qəlbinə eyni ruhla toxunmaq... - Sevinc Elsevərin “Evlərimizin qəlbi” kitabına ön söz

Sevinc Elsevərin şeirlərində hər şey poeziya predmeti ola bilir. Onları müəllifin əşyalarla söhbəti də adlandırmaq mümkündür. Düzdür, biz bu xüsusiyyətə poeziyamızda çox şairlərin yaradıcılığında rast gəlmişik. Amma tam əminliklə demək olar: Sevincin şeirlərində olan dərinlərə nüfuz, dibə enib ordakı ən qaranlıq, ən məhcul, söz gəlməyən çalarları belə poeziya məkanına sürükləmək cəhdi heç kimdə yoxdur.

Bu mənada, Sevinc bizim poeziyada həssaslıq və səmimiyyətin aşırı şəkillərini qələmə alması ilə seçilən yazardır. Sevinc üçün insan faktoru, insan amili öndə qərar tutur. Təkcə insanmı? Yox, onun şeirlərində canlı aləmə məxsus olan hər şeyin ürək döyüntüsünü duymaq olur. Həsasslığı da elə buna görədir. O, hər şeyin ruhunu duyur. Dağın, daşın, tozun, çiçəyin, otun, bütün heyvanların. Oğlu tərəfindən tərk edilmiş analardan, küçədə yoldan keçənlərə dua edib pul dilənən qarıdan, duyğuları, xəyalları puç edilən qadınlardan tutmuş əşyaların üzərinə qonan toz dənəciklərinə, karantin dövründə məktəbdə susuz qalan güllərə, yurd yerində tərk edilən doğma ağaclara, yıxdığı ağaca ağlayan küləyə, ayağımızın kirini sildiyimiz otlara, qarğaların kədərinə, özünü pəncərəyə çırpan çöl göyərçininə qədər hər şeyin və hər kəsin təəssübünü çəkir.

Oxuduqca fikirləşirəm. Bu qədər həssas qəlbi müəllif özü necə daşıyır görən?! Hələ kitabının adına baxın: "Evlərimizin qəlbi"... Bəli, Sevincə görə evin də qəlbi var. Ona görə insanların və əşyaların qəlbinə eyni ruhla toxuna bilir.

Sevinc obraz yaratma prosesində sərbəstdir. Qələminin gücü ilə dağı arana, aranı dağa aparır. Bəzən elə uzaq nöqtələri uçu-ucuna calaşdıra bilir ki, heyrətamizlik bir yana, oxşarlıqların yaratdığı fərqli münasibətə hakim kəsilməyə bilmirsən. Necə olub biz görə bilməmişik? Amma hamı hər şeyi görə bilər deyə bir şey varmı? Bəs onda şair ruhunun özəlliyi necə olsun? Sevincin ümumiləşdirmə qabiliyyəti, müşahidə hissi əlahiddədir. Sanki gözlərinin dibində böyüdücü şüşə var və bu şüşədən baxmaq ona daha dərinlərin mahiyyətini, batinin dərkini görmək imkanı verir. Və gördüyü hər nəsnə onun şüuraltında artıq müqayisə mexanizminə yol açan obraz statusu qismində qərarlaşır. Sevinc hər şeyi fərqli estetik mənalar çevrəsinə daxil edir, hər detalı mənalandırır, ona fəlsəfi-estetik enerji yükləyir və sonra bu enerjinin gözə görünməyən tərəflərini hərəkətə gətirərək təsvirə çevirir:

kədərlənirəm
evimdəki əşyaların tozunu alarkən
zərrə-zərrə qonur
toz dənəcikləri
əşyaların üzərinə
zamanın öz əli kimi toxunur
hər şeyə
amma bir əl həmləsiylə silirsən
bir həftənin
ya bütöv ayın
izlərini itirirsən
çünki zaman qorxudur gözünü
görmək istəmirsən zamanın çəkdiyi rəsmləri

Sevincin şeirlərində bütün insanlığa, onun problemlərinə qarşı həssas duyum var, vərdiş etdiyimiz gündəlik rutinlər, keçib getdiyimiz məkanda rastlaşdığımız situasiyalar, hər gün qarşılaşdığımız hadisələr müəllif tərəfindən vizual məntiqə tabe edilir. Tanrı, vətən, qadın və uşaq onun poeziyasında müqəddəs ərazilərdir. Onun üçün Tanrı "məsum bir uşaqdır", uşaqlar sabaha bağlanmaq üçün ümiddir, uşaqlıq isə vətəndir! Əldən çıxdımı, bir daha geri qaytara bilmədiyimiz vətən!

kağızdan təyyarələr düzəldib uçurmaqları
gəmilər düzəldib üzdürmələri
uzaqlar arzusundandı uşaqların

yuvadan uçmaq
arzusundandı...

zaman olacaq
geri qayıdacaqlar
xəyallarda
yuxularda
onda nə gerçək uçaqlarla
nə də ən nəhəng gəmilərlə
qayıda bilməyəcəklər
tərk edib getdikləri uşaqlığa...

Sevincin nəinki şeirlərində, bütün yaradıcılığında qadın, uşaq mövzusu xüsusi yer tutur. İntihar edən gənclər, həyatın dibində çabalayıb gözəlliklərdən məhrum olan, sosial-mənəvi girdabda boğulan uşaqlar... Poeziya bizə uşaq dünyasının işıqlı tərəflərindən çox bəhs edib, Sevinc isə ədəbiyyatın küncünə sıxışdırılan həyatların, qaranlıq məkanların bütün yönlərini iti bucaqdan görüntüyə çevirir. Görüntüyə çevrilən bu mənzərələr oxucuda təəccüb doğurmasa da, yanaşmanın ötürdüyü əndişə duyğusu bizi emosional şoka salmaya bilmir. Müəllifin məruz qoyduğu bu psixoloji sınaqlarda bəlkə oxucunun özünə də məlum olmayan nöqtələr hərəkətə keçərək duyğu selinin kulminasiyasını yaşatmış olurlar:

həyətdəki çiçəklərimə
ağız uzatdı
qurbanlıq üçün alınan quzu
çiçəklərimin başı üstündən
təlaşla uzaqlaşdırdım onu
ertəsi gün quzunu xatırladım
həyətdəki "qara muncuq"larını süpürdükcə
"bəlkə də gözəl çiçəkləri
son dəfə qoxlamaq istəmişdi" -
deyə peşmanladım...

Sevincin şeirləri ilə 2000-ci illərin əvvəllərindən tanışam. O zaman bütün baxışlar sistemi, paradiqmaları, dəyərlər kultu dəyişən poeziyamızda Sevincin məxsusi əməyi vardı desəm, səhv etmərəm. Mətnlərində qurduğu cəsarətli rakurs və mizanlar, sərbəst fikirlər ahəngi, şeirin strukturunda ehtiva etdiyi mənalarla özünə qarşı daim diqqət çəkməyi bacarırdı. Sevinc daha çox aşağı təbəqədən olan insanların sosial problemlərini, ağır yaşayışını, yaşamaq uğrunda mücadiləsini təsvir edirdi. Bu şeirlər yeni minilliyin poeziyasında, yeni şeir, "izm" axtarışlarında neorealist estetikada yazılması ilə seçilirdi. Oxuduqca aydın şəkildə görünürdü, müəllifin düşüncə spektrinin genişliyi şeirləri fərqli estetika və intonasiya ladında işləməyi labüdləşdirib. Bəlkə də ilk dəfə olaraq, poeziya bütün dekorasiyalardan imtina edərək, reallıqları çılpaq naturada, insanların məişətini, sosial problemlərini bəzəksiz-düzəksiz ədəbiyyatın predmeti etməyi bacarırdı. Bu qədər reallıq yaxşıdırmı? Poeziya qanunları nəzərə alınmayan yerdə əlbəttə ki, yox. Bu mənada, Sevincin də şeirləri içərisində alınmayanları var. Baxırsan ki, müəllifin poetik düşüncəsinin predmetinə çevirdiyi nüanslar şeirin bədii ovqatında həllini tapmır, bədii cəhətdən zəif və tutalğasız təsir bağışlayırlar. Bəlkə də şeirlərin daşıdığı sublimativ mesajın ağırlığındandır ki, üsyan, etiraz notu daha qabarıq görükdürür özünü. Sevinc cəmiyyətin sərt qaydalarına, köhnəlmiş əxlaqi, sosial normalara üsyan qaldırır. Onun obrazları riyakar adətləri qəbul etmir, saxta dəyərləri kənara itələyir, ruhsal çəkisizliyə, absolyut azadlığa can atır:

İndi bütün pəncərələr səni xatırladır
sən ey yolunu azıb
daş binaların içinə düşən
otaqlarında vurnuxan
qəddar əllərdən canını qurtarmaq təlaşıyla
özünü pəncərələrə çırpan
balaca sərçə,
hara uçdun,
hara qaçdın,
yox oldun belə?!

O dövr yazdığı şeirlərdə Sevinc daha çox qadınlıq ruhu ilə əlləşirdi, qadınla cəmiyyət arasındakı ziddiyyət, əyalətdən böyük şəhərə köçən, meqapolisin qanunları altında əzilən, ənənəvi əxlaqla motivləşən cəmiyyət qanunlarına üsyan edən qadın duyğularını poetik məkanda obrazlaşdırırdı. Sevinc indi də həmin mövzulara sadiqdir. Eyni ağrı yükü və həssaqlıqla: "yenə də əlim boşdur / həyatın zərbələrinə qarşı", - deyir. Hər zaman diqqət edirəm. Nə vaxt ki, uşaq və qadınların hüquqları, ağır yaşamı, acı aqibətləri ilə bağlı xəbərlər gündəm olur, Sevincin qələmi mütləq o yerdədir. Bu şeirlərdə Sevincin özgə dərdini anlama, empati duyğusunu, yüksək həmdərdliyini görürük. Bu, bir az da Sevincin həyat tərzi ilə əlaqəlidir. Bəzi şairlər var ki, məhz, yaşadığı kimi yazır, yəni yazdıqları onun həyatıdır, həyat tərzidir. Sevincin demək olar ki, bütün şeirlərində hiss edilən səmimiyyətin mayası onun yaşanan duyğuların üzərindən qələmə alınmasıdır.

Qadınlar Sevincin şeirlərində bütün əzabları, daxili konflikti, cəmiyyətdəki yeri, münasibətin ikili səciyyəsi ilə göstərilirlər. "Qəmər, "Elinaya", "Skripkaçı qız", "Əliyalın qadınlar", "Aman ayrılıq" və onlarla adsız şeirlərində müəllif qadın personajların psixoloji vəziyyətini dinamikləşdirən iri planlardan istifadə edir. O, cəmiyyətin gözündə müqəddəs statusu ilə bərabər, təhqirlərə dözən, iztirab çəkən, öldürülən qurbandır. Sevinc Elsəvər bu mənada, qadının əzəməti ilə bərabər, üzünün əzablı ifadəsinə, gözlərinin kədərinə, sinələrinə dayaqlanan əllərinə xüsusi vurğular edir:

getdikcə böyüməkdə olan sinələrini
gizlətmək üçün
əlləri qoynunda gəzər ərgən qızlar
nənələri, anaları təpinər onlara:
"əllərini qoynuna qoyma!" - deyə
xeyir gətirməzmiş
əlləri qoynunda gəzmək
köhnə bir inanca görə
sonra qəfil çətinləşər həyat
azadlıqlarını
uşaqlıqlarını itirdikcə
axırda bir ömürlük unudarlar özlərini
sinələrini də
amma əlləri qoynunda qalar onların yenə...

Sevinc bütün hallarda çağın insanını yazır. Modernləşdikcə mənəvi-ruhani dəyərlərindən uzaqlaşan, yeni dövrün texnoloji yüksəlişinin biganəyə döndərdiyi, "bir-birinə dişlərini qıcayan acıqlı və mutsuz insanlar" onun şeirlərində iki fərqli dünyanın, dövrün və nəslin qarşı-qarşıya gətirilməsi baxımından bu ziddiyyətin bəyanı kimi simvolikləşir. Əksər şeirlərində əvvəlki sevgilərin yoxa çıxmasından ürək ağrısı ilə yazır, "Nə iş gördük ki / Tanrının nəzərindən belə düşdük?!", - deyir. Bu yerdə türkiyəli yazıçı İsgəndər Palanın Birol Biçerlə söhbətində keçən bir fikrini xatırlayıram: "bəlkə də, biz o əvvəlki eşq anlayışına qayıda bilsək, heç bir dərdimiz qalmaz".

incidərək
ağrıdaraq bərkitdilər ürəyimizi
elə bərkidi ki
yerindən tərpənə bilmədi
nəğmələri uçub getdi
sinəmiz yuva yox, qfəs oldu ürəyimizə
atlanmadı ürəyimiz
nə bir çiçəyə görə
nə uçub nənəmizin dalınca gedən
parabüzən böcəyinə görə...

Onun müharibəyə münasibəti də özəldir. Ən sərt gerçəkləri poetikləşdirir, amansız şəkildə yaxına gətirir. Bu şeirlərdə şəhid analarının iztirabından tutmuş, yaxınlarını müharibəyə yola salan qadınların təşvişinə, yaxud müharibədə heç bir kəsi iştirak etməyən insanın şüuraltı rahatlığının izharına qədər hər şey var. Bu poeziyada şəhid xanımları balaca övladlarını layla əvəzinə şəhid adı keçən şərqilərin zümzüməsi ilə yatızdırırlar. Vətəni qorumağa əzizini yola salan qadınların duası belə əlavə assosiasiyalar, gözlənilməz ifadə paralellikləri doğurur:

hər gecə minlərlə qadın
dizin-dizin sürünərək
yalvararaq əl açır Allaha:
"ailəmin bütövlüyünü qoru!" - deyə
ölkənin bütövlüyü uğrunda gedən müharibədə...

Sevincin şeirlərində çox zaman şəhər həyatının amansızlığından, müharibə ağrılarından, ömrün boz və mənasız tərəflərindən, qadın olmağın çətinliklərindən obrazın ekzistensial duyğularının fon gücləndiricisi kimi istifadə edilir. Amma bütün hallarda bu şeirlər sevgi ilə iç-içədir. Hər nə qədər soyuq və solğun rənglərdən bəhs edilsə də, depressiv əhval onlara yaddır. Əksinə, müəllif "Sevgilər bir az böyük olmalı", - deyir. Adamlara "bəlkə mininci dəfə inanmaq" istəyir. Ən dözülməz olduqda belə "Həyata sarıl, yaşıllaş bir də..." tövsiyəsini aşılayır dostuna. Hər anın qədrini bilməyi, dəyərləndirməyi təlqin edir:

gülməli-əylənməli gənclik
və sevməli doya-doya
yüz əlli illik ömrə belə sığdırıla biləcək
xatirələr toplamalı
dəli-dolu yaşanmalı hər şey
ağılı və məntiqi gün eynəyi kimi
çıxarıb kənara buraxmalı
dünya işığını doyunca gözünə təpməli!

Hətta desəm ki, uçuş arzusu var bu poeziyanın, inanın... Sevincin ilk şeirlər kitabı elə belə də adlanırdı: "Uçuş məsafəsi"! Məncə ötən bu illərin müəllifə qazandırdıqlarını da elə bu nöqtədə axtarmalıyıq. Nə qədər faciəvi və ağrılı məqamlardan keçsə belə ruhuna sarılan rəngbərəng kəpənəkləri unutmamasında. Onlara sarılıb yaşamağı bacardığı kimi, onlara qoşulub uçmaq istəyindən vaz keçməməsində...

hərdən soyunun ayaqqabıları
yalın ayaqlarla qaçın
qolları yana açın
anlayacaqsız
qaçmağın da
uçmaq kimi şey olduğunu.

Elnarə AKİMOVA
Edebiyyatqazeti.az