senetaz

Həsən Əliyev 80 D

04 Yanvar 2021 9248

"Müharibənin 44 günü" - Cəvahir Əsədova

"Müharibənin 44 günü" - Cəvahir Əsədova

dc48fb5c-8303-4b5b-ab14-3bfd6de244cf

Senet.az oxucularına Cəvahir Əsədovanın “Müharibənin 44 günü” yazısını təqdim edir.

Qırx dörd gün yaşadıqlarımız ən azından dörd yüz il xatırlanacaq, danışılacaq,ən maraqlı kitab,ən baıxımlı kino,gələcək nəsillərə danışılacaq ən gözəl sevgi və qəhrəmanlıq dastanı olacaq.

Bütün bunları isə biz bütün çılpaqlığı ilə canlı gördük,canlı yaşadıq.

Bəlkə də, hansısa bir millətin,hansısa bir xalqın bir neçə əsrdə yaşadığı dərin, sarsıdıcı ağrıları biz bu qırx dörd günə sığışdırıb yaşadıq…

Üzünə, gülən gözlərinə baxa bilmədiyimiz necə igidlər Şəhid verdik…

Yerə-göyə sığmayan Ana fəryadının qüruruna qatılan əzəmətini gördük…

Oğlunun cənazəsinin qarşısında qol götürüb oynayan Ana gördük…

Şəhidinin tabutunu çiynində daşıyan Qadın gördük…

Evinə,Anasına tək bir ayağı qayıdan Şəhid oğul gördük…

Bütöv bir Azərbaycan gördük!

Müharibənin dəhşətindən nə ağır ağrılar yaşamadıq ki…

 

Dörd ay vardı,ananın gözləri yol çəkirdi

Başqa bir dərdi yoxdu,oğul dərdiydi dərdi.

S.Rüstəmin “ ANA VƏ POÇTALYON” şeirinə istinadən

 

TƏK AYAĞI GƏLƏN ŞƏHİD

Qırx dörd gündü, ananın qəlbini qəm didirdi,

Həsrəti, həyəcanı parça-parça edirdi,

Oğlu ön cəbhədə,qanlı döyüşdə idi,

Artıq neçə vaxt idi ondan xəbərsiz idi.

 

Döyüş başlayan zaman, arada zəng edərdi:

“Tezliklə zəfər çalıb, dönəcəyəm”deyirdi.

Indi niyə zəng etmir, niyə təsəlli vermir,

Səsiz qalan telefon ananı dəli edir.

 

Gecələr yata bilmir,öd tutub qovrulurdu,

Hər bir Şəhid sədası yandırıb göynədirdi

Bütün günü susaraq oğlunu düşünürdü,

Gündə min dəfə ölub,min dəfə dirilirdi:

 

“Aman oğlum, hardasan,

niyə xəbər vermirsən?

Yoxsa yaralanıbsan?

Bəlkə… əsir düşübsən ya bəlkə…

Allah,dilim qurusun, mən nələr düşünürəm…

Oğlum qoruyar özün,

Ona bir şey olarsa,mən də ölərəm ,bilir.

Məni qırmaz, heç üzməz

Özünü güllələrdən,mərmilərdən qoruyar.

Aslan kimi vuruşar, düşməni də məhv edib

Qələbəsin qazanar.

Sonra öz ayağı ilə anasına qayıdar.”

 

Səhər-səhər qonşular,sevinərək gəldilər,

Qapını döyəcləyib ,şad xəbəri verdilər:

“Gözlərin aydın, ay qız,

Müharibə sona çatdı,ordumuz zəfər çaldı.

Oğlun tezliklə gələr ,səni də sevindirər.”

 

Ana buna çox sevindi,amma rahat olmadı,

əllərini qaldırıb, Allaha dua etdi:

“Oğlum da sağ-salamat evinə dönsün” dedi

“Bircə tez gəlsin,səsini duyum” dedi.

 

Neçə gecə,gün keçdi, yenə xəbər gəlmədi,

Ana qəlbi göynədi, içində qan ağladı.

Bütün günü susaraq oğul yolu gözlədi.

Bir Allaha yalvarıb: “Balamı qaytar”dedi.

 

Bir gün qapı döyüldü,

Oğlu gəldi zənn etdi,

tez qapıya yüyürdü…

Qapıda xeyli əsgər…

Bayrağa bükülü tabut göründü…

 

Ana gözünü yataqda, süd rəngli otaqda açdı,

Eşitdiyi son sözləri yadına saldı:

“Başın sağ olsun, Ana,

Oğlun şərəflə döyüşdü,şərəflə də Şəhid oldu,

Ancaq sizə çatacaq,tək bircə ayağı qaldı.”

 

Ana ayağa qalxdı,

əlinin üstündə sarğılı iynəni dartıb çıxardı.

Nəfəsi çox darıxdı,özünü çölə atdı.

Məzarlığa üz tutdu,qaranlığa qərq oldu.

 

Gül çiçəklə bəzədilmiş məzarları oxşadı,

Şəhadətə yüksələn Şəhidləri ağladı.

Öğlunun məzarını aradı,aradı,sonda tapdı.

Yanına yaxınlaşdı gülən şəklin oxşadı:

 

“Oğlum, oğlum

əlim qolum,ürəyim-nəyim var sənin olsun

Bütün cismim sənin olsun,

Yarım qalan bədəninə yoxunsun,ay oğlum,

Ruhum gedər səni tapar,

Səninlə bir olar, gəzər,dolanar

Mənim öğlum, igid oğlum ,

Qəd-qaməti gözəl oğlum”

Yanına uzanaraq güllərin sığalladı.

Birdən əli boşaldı, ağlar gözü qapandı.

 

Səhərin sübh çağında

Hərbi geyimdə bir neçə əsgər

əllərində bir dəstə güllə-qərənfillərlə

Dostlarını yad etdilər: məzarları bir-bir gəzib

Önündə diz çökdülər, qərənfillər düzdülər.

 

Uzaqdan ananı görən bir əsgər

Dostlarına göstərib,tez ora yüyürdülər,

Ananı tez qaldırıb, nəm torpaqdan ayırdılar.

Gödəkcələrin çıxarıb, anaya geyindirib,

qucaqlayıb oturdular.

Buz olmuş əllərini ovuclarına alıb,

Isti nəfəs verdilər.

 

Ana gözlərin açdı

Əsgərləri görüncə: “Oğlum”-deyib

hönkür-hönkür ağladı,

oğlunun şəklini köksünə sıxdı.

“Can anacan, bax, biz gəldik, Ana,

Birdə səni heç zaman,tək,yalnız

buraxmarıq “-deyə and içdilər,

Əsgərlər göz yaşların anadan gizlətdilər,

Ağ saçların sığallayıb,əllərindən öpdülər.