senetaz

Həsən Əliyev 80 D

02 Noyabr 2023 4366

Özbəkistan muzeyində daimi Azərbaycan stendi yaradılır

Özbəkistan muzeyində daimi Azərbaycan stendi yaradılır

Özbəkistan Mədəniyyət Nazirliyi, Fərqanə vilayət hakimliyi və “Hunarmand” (Dulusçuluq) Assosiasiyasının birgə layihəsi ilə Kokand şəhərində II Beynəlxalq Tətbiqi Sənəti Festivalı keçirilib. Tədbirlərdə dünyanın 70 ölkəsindən gələn dulusçular, sənətşünaslar, ekspertlər, keramika və ağacoyma sahəsinin usta və şagirdləri, tədqiqatçılar, dünyanın müxtəlif ölkələrindən gələn biznes sahəsinin nümayəndələri iştirak edib.

Senet.az xəbər verir ki, tədbirdə Azərbaycanı Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib və Azərbaycan sənətkarlarının iştirakı təmin edilib.

II Beynəlxalq Tətbiqi Sənəti Festivalı çərçivəsində Kokand şəhərində Beynəlxalq Sənətkarlıq Muzeyinin açılışı olub. Muzeyin əsas məqsədinin xalq sənətinin qorunub saxlanılması və inkişafı, bu sərvətlərin gələcək nəsillərə ötürülməsi, mövcud nadir sənətkarlıq məktəblərinin ənənələrinin yaşadılması və nümayiş etdirilməsidir. Muzeydə ilkin olaraq Özbəkistan, Çin, Yeni Zelandiya, İran, Qazaxıstan, Qırğızıstan, Hindistan, Tailand, İndoneziya, Malayziya və s. sənətkarların əl işlərinə dair stendlər qurulmuşdur.

Açılış mərasimi çərçivəsində Kokanddakı Beynəlxalq Sənətkarlıq Muzeyinin və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi arasında görüş keçirilib, qeyd olunan beynəlxalq muzeydə gələcəkdə Azərbaycan stendinin də yaradılması və burada daimi milli stendimizin yaradılması razılaşdırılıb.

Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə milli mədəniyyətimizin təbliği məqsədilə Azərbaycan sənətkarlarının maraqlı əl işləri, sənətkarlıq məmulatlarını toplayıb və sözügedən Muzeydə milli stendimizin yaradılması layihəsinə başlayıb.

Kokanddakı Beynəlxalq Sənətkarlıq Muzeyində yaradılacaq Azərbaycan stendində qədim tariximiz, zəngin mədəniyyətimiz, sənətkarlarımızın istedadını nümayiş etdirən əl işləri nümayiş olunacaq.

Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən stendə Azərbaycan xalçası, xalqımıza məxsus ən qədim tikmə növü olan təkəlduz, ipəkdən hazırlanmış, qadın baş geyimi – kəlağayılar, ağac üzərində oyma ilə hazırlanmış - tarixi İçərişəhərin və Şuşa qalasının görüntülərini əks etdirən tablo, Azərbaycan bayrağının əks olunduğu xəritə milli musiqi alətlərimizin maketi əks olunmuş çərçivə, milli geyimdə kuklalar, milli naxışlarla bəzədilmiş və xalqımızın çay mədəniyyətini əks etdirən armudu stəkanlar, çaynik, xüsusi dizayn ilə misdən hazırlanmış qədim çırağın maketi hədiyyə olunub.

Bundan başqa, milli stendimizə Azərbaycan milli rəqsləri, xalq oyunları-pəhləvanlıq sənəti, Molla Nəsrəddin, xalça toxuyan Azərbaycan qadını, muğam ifa edən üçlüyü əks etdirən ağac və plastikdən hazırlanmış xüsusi maketlər də əvəzsiz olaraq verilib.

Yaxın zamanlarda Kokand şəhərindəki Beynəlxalq Sənətkarlıq Muzeyində daimi Azərbaycan stendinin açılışı nəzərdə tutulub.