Qadın qırmızı şərabın son qurtumunu başına çəkəndə qədəhin arxasından bir cüt gözün ona zilləndiyini görür. Aylar əvvəl onu tərk edən sevgilisi heykəl kimi qarşısında dayanmışdı. Gözləmədiyi qarşılaşmaya nə təəccüblənmişdi, nə də təəssüflənmişdi. Kişi, "sənin də bu ziyafətdə olacağını bildiyim üçün gəldim" deyir. Qadın qarsona şərabı yeniləməsi üçün işarə etdikdən sonra kişinin üzünə baxmadan "gecikmisən" söyləyir. Arxayınlıqla olduğu yerdə dayanaraq hərdən uzaqdan göz-gözə gəldiyi tanışlarına təbəssüm edir, başı ilə salam verirdi. Kişi isə gərgin görünürdü. Əlinə düşən fürsəti dəyərləndirərək ən sağlam cümlələri söyləmək istəyi bəlli idi, amma necə çətinlik çəkdiyi alnında parıldayan tər damcılarından hiss edilirdi. Qadının baxışları elə hey ətrafda idi. Sanki yanında dayanan bir neçə ay əvvələ qədər dəlicəsinə sevdiyi kişi deyil, bir stul, bir külqabı, bir boş qədəh idi. Nəhayət, kişi söz tapa bildi, "çox peşmanam" dedi suçluluq hissi ilə və əlavə etdi, "gəl, yenidən başlayaq"!
Qadın güldü, yenə də üzünə baxmadan, "içim ölüb, içim, başa düşürsən bu nə deməkdir?" dedi onu həyatından ayağının ucu ilə vurub tullayana. Kişi zorla eşidiləcək səslə "səni anlayıram, amma..." söyləyəndə qadın cümləsini tamamlamağa imkan vermədi. Bu dəfə daha da qəzəbli halda, "Yox, anlamırsan. Səninlə bağlı bütün acıları çəkdim və bitdi. İndi özümlə savaşıram. Yaram yoxdur, amma qanayıram, ağrımıram, amma sızım-sızım sızıldayıram!" Elə bil tikan kimi batan bu cümlələri içindən çıxartdıqdan sonra canına sakitlik dolmuşdu. Kişi məqamdan istifadə edib yaxınlaşmaq istədi, qadın dərhal gözlərindən dişlərini qıcayan quduz canavar baxırmış kimi, gəldiyindən bəri ilk dəfə gözlərinin içinə baxdı. Kişi ayaq saxladı, "icazə ver..." desə də, qadın sözünü kəsdi "yox, mənə heç nə deməyəcəksən, madəm ki, cəsarətin çataraq buraya qədər gəlmisən, məni dinləyəcəksən" dedi. "Acı çəkirdim, amma niyəsini bilmirdim. Tərk edilmişdim, səbəbi bəlli deyildi. Məni hər tərəfi bağlı qutunun içinə ataraq getdin. Gündüzlər işləmək üçün özümü kontrolda saxlayırdım. Elə ki, gecə olurdu qapqara zülmətlə boğuşurdum. Darmadağın idim. Bir müddət ümid etdim. Amma ölən tərəfimin daha dirilməyəcəyini, dirilməsinin lazım olmadığını başa düşdüm".
Qadının ondan ötrü əzab çəkməyini bilmək sanki kişiyə güc verdi, "sən mənsiz, mən də sənsiz bir heçik. Nə sən məndən ayrı xoşbəxt olacaqsan, nə də mən səndən ayrı..." dedi bir anlıq məğlubluq kompleksindən çıxaraq.
Sanki bu cümlələr havaya qarışıb yox olmuşdu, qadının tükü də tərpənməmişdi. Qarsona şərabını yeniləməsi üçün növbəti dəfə işarə etdi. Dolu qədəhi əlinə alıb gözünü uzağa dikərək danışmağa başladı, "Əsrlərlə davam edən qarışıqlıq və özbaşınalıq çöl yaxınlığında yerləşən Allahın unutduğu balaca bir ölkənin əhalisini ümidsizlik içində məhv edirdi. Xalq nə krallığın zülmündən qurtula bilirdi, nə də nəsildən nəsilə keçən əzazil, qəddar rəhbərliyə dözməyə səbri qalmışdı. Bir gün bıçaq sümüyə dirənir, yığılıb gedirlər ki, dərdlərini paytaxtın alimlərdən ibarət qurumuna söyləsinlər. Dinləyənlər onlara haqq verərək ölkədə dörd ildən bir kral seçilməsi üçün qərar qəbul edirlər. Şərtləri də maraqlı olur. Seçiləcək kral vergiləri artırıb, xalqın itaətini tələb edib, hər gecəni fərqli qadınlarla keçirib, qarnı partlayana qədər yeyə biləcək. Ən gözəl geyimləri geyinib, ən gözəl atlara minəcək. Qısacası, verdiyi bütün əmrlər istər məntiqli olsun, istər olmasın, sorğulanmadan həyata keçiriləcək. Amma dörd illik müddətin sonunda taxtı-tacı təhvil verərək ölkədən çıxıb gedəcək. Gedərkən əynindəki paltarlarından və ailəsindən başqa heç nə aparmayacaq. Hər kəs bunun ölüm olduğunu bilirdi. Çünki qışda dondurucu soyuğu, yayda isə öldürücü istisi olan çöllükdə yemək-içmək, heç nə tapılmırdı. Ona görə də, qurum bu cür yol seçmişdi. Bilirdilər ki, sonu ölüm olan bu şərtlərdən dolayı krallığa heç kim namizəd olmayacaq, beləcə, demokratik rejimi bərpa etmək mümkün olacaq. Qərar xalqa açıqlandıqdan sonra taxt bir müddət boş qalır. İlk günlər xərçəng xəstəsi olan yaşlı kişi kral olur, amma çox keçmədən üzündə təbəssümlə canını tapşırır. Ondan sonra yerinə bir dəli keçir, iki ay sonra o da çıxıb gedərək çöllükdə məhv olur. Hal belə olunca hər kəs taxtın lənətli olduğuna inanır. Dedi-qodunun ardı-arası kəsilmək bilmir. Heç kim taxta yaxın durmur. Ölkə idarəsiz qalır, xaos başlayır və yenidən aləm bir-birinə dəyir".
Kişi diqqətlə dinlədiyi halda birdən qadının sözünü kəsir, "Axı, bunun bizim mövzumuza nə aidiyyatı var?" Qadın ona cavab vermədən qaldığı yerdən davam edir: "Qurumdakılar yenidən yığılıb yaranmış vəziyyətə bir əncam çəkmək istəyirlər. Amma buna ehtiyac qalmır. Elə bu vaxt evli, dörd uşaq atası olan cavan bir kişi gələrək bütün şərtləri qəbul etdiyini və ölkənin idarəçiliyini öhdəsinə götürmək istədiyini söyləyir. Digərlərinə olduğu kimi, ona da risklərdən bəhs edir, dörd uşaq atası olduğunu xatırladırlar. Hətta dürüst insan olduğunu görüb həqiqəti söyləyirlər, bildirirlər ki, bu cür sərt qaydanı hakimiyyəti despotlardan, zülmkar idarəçilərdən uzaq tutmaq üçün tətbiq ediblər. Amma kişi qərarından dönmür və hakimiyyətə gəlir. Ölkəni qüsursuz şəkildə idarə etməyə başlayır. Ədaləti bərqərar edir, qiymətləri endirir, mövsümə uyğun xalq şənlikləri təşkil etdirir, sənəti və musiqini inkişaf etdirir. Bir yandan da hər gecə yüklə dolu at arabalarını şəhərdən çöllüyə doğru göndərir. Yüklərin üstü örtülü olduğu üçün içindəkinin nə olduğunu görən, bilən olmur. Ən maraqlısı isə arabalar bir daha geri dönmür. Hər kəs elə bilir ki, kral ölkənin xəzinəsini oğurladaraq gələcəyi üçün hardasa gizlədir. Amma görürlər ki, kral ölkədən çıxmır, çıxsa da ən yaxındakı təpənin başına qədər gedib ətrafı seyr edərək geri qayıdır. Bir də əmin olurlar ki, gedən karvanlar üstündəki insanlarla birlikdə onsuz da məhv olacaqlar. Çünki o çöllükdə hələ üç-dörd gündən artıq sağ qalan insan olmayıb. Hər kəs səbrini basıb gözləyir. Dörd ildən sonra kralın hakimiyyət müddəti tamamlanır. Xalq uzun müddətdən sonra bu qədər adil və ədalətli idarəçinin getməyinə kədərlənir. Amma yenə də verilən qərardan dönməyin mümkün olmadığını dərk edirlər. Ailəsini götürüb ölkəni tərk etmək zamanı gəlir. Arvadı deyir ki, "mən səninlə gələrəm, amma uşaqlar qalsın, heç olmasa onlar yaşasınlar". Əri sakitcə, "olmaz" deyir. Qadının boyun əyməkdən başqa çarəsi qalmır. Hamısı taleləri ilə barışmalı olur və ölkəni tərk edib çöllüyə çıxaraq ölüm sonsuzluğuna doğru üz tuturlar. Qadın bir kəlmə danışmır, uşaqlar nə baş verdiyini anlamır, kişi dərin fikrə dalaraq elə hey düşünür. Bir neçə təpəni aşırlar, axırda yorularaq qıvrılıb yatırlar. Şəfəq söküləndə qadın yuxudan oyanır. Həyatının son günlərində doyunca nəfəs alıb, günəşin doğuşunu seyr etmək istəyir. Təpənin başına çıxanda gördükləri qarşısında heyrətdən dili tutulacaq kimi olur. Qarşısında əvvəlkindən daha gözəl, modern, həyatın axarı ilə davam etdiyi balaca bir şəhər uzandığını görür. Məlum olur ki, sən demə, hər gecə şəhərdən çıxan xəzinə deyil, taxıl, toxum, ağac, taxta, heyvan və torpağı qazıb su çıxartmaq üçün lazımi alətlər imiş. Geri dönməyən insanlar isə artıq bu şəhərin sakinləri olmuşdular. Yuxudan oyanıb arvadının yanına gələn ər əlinin onun çiyninə qoyaraq "bu, sənin krallığındır" deyir və əlavə edir: "Qurumun qərarını eşidəndə yüzillərdir davam edən zülmün, özbaşınalığın, ədalətsiz idarəçiliyin dörd ildə heç kimin düzəldə bilməyəcəyini bilirdim. Amma əmin olduğum tək gerçək var idi: hər zaman yeni bir başlanğıc etmək mümkündür".
Kişi qadına şübhə ilə ağlını itirmiş kimi baxır və qorxa-qorxa sual verir, "sən yaxşısan?"
Qadın bu reaksiyaya təəccüblənməmişdi. Təbəssüm edərək, "çətin olsa da, hər şeyə rəğmən yeni bir başlanğıcın mümkün olduğunu anladım və bunu bacardım" söyləyir. Bu vaxt telefonu zəng çalır, ekrana baxanda gözləri işım-işım işıldayır, sevincək halda "gəlirəm, əzizim" deyə cavab verir və çantasını götürüb gedir!
Muzey Mərkəzində İsa Məmmədovun “Bakının peyzajları” sərgisi açılacaq
Karavacconun şah əsəri ilk dəfə Romada sərgilənir
Londonda Van Qoqun əsərlərinə şorba atılıb
Azərbaycanlı rəssamların əsərləri Antalyada sərgilənir
Londonda dayanacaqda tapılan tablo 17.5 milyon funt sterlinqə satılıb
"Azərbaycanın hər guşəsi ilham mənbəyidir" - Meltem Buyuran
"Dante və Vergili cəhənnəmdə" - Müsahibə
Bakıda səfirlərin xanımları Ebru sənəti ilə tanış olublar
Rafaelin yeni tapılan əsəri sərgiyə çıxarılacaq
Bakıda “Rəssamların döyüşü” olub