senetaz

Həsən Əliyev 80 D

18 Sentyabr 2024 2772

QÜÇS - Qazanılmış ünsiyyət çatışmazlığı sindromu

QÜÇS - Qazanılmış ünsiyyət çatışmazlığı sindromu

Ünsiyyət bəşəriyyət tarixi qədər qədim bir anlayışdır. Mağara daşlarına çəkilmiş şəkillər ünsiyyətin mövcudluğunun ən qədim nümunələrindən sayılır. Yəni bəşər tarixinin başlanğıcından günümüzə qədər olan inkişafı məhz ünsiyyətə borcluyuq.

Ailə, cəmiyyət, müharibə, sülh, iqtisadiyyat, sənət də daxil olmaqla həyatın hər sahəsində ünsiyyət var. Böyüdüyümüz mühit, aldığımız təhsil və tərbiyə səviyyəmiz, şəxsi xüsusiyyətlərimiz, həyatdakı rollarımız, inanclarımız, dəyərlərimiz, davranışlarımız ünsiyyətin ən təsirli elementlərdir.

Təəssüf ki, yaşadığımız zamanda ünsiyyətə lazımi qədər əhəmiyyət verilmir. Bir-birini anlamayan və anlamağa səy belə göstərməyən fərdlər arasındakı məsafə yer üzündə mövcud olan bütün məsafələrdən daha uzaqdır. Cəmiyyət olaraq ünsiyyətsizlikdən yaranan bir çox problemlərlə qarşılaşırıq. İşin ən acınacaqlı tərəfi isə yaşadığımız problemlərin ünsiyyətsizlikdən qaynaqlandığının fərqində deyilik. Aramızdakı bu ünsiyyətsizlik gərginlik, stress, münaqişə, kin, qəza, müharibə kimi bir çox hadisələrə səbəb olur. Ünsiyyətin necə qurulduğu ünsiyyət prosesini və nəticəsini müəyyənləşdirir. Odur ki, doğru qurulmayan ünsiyyət insanları, hətta ölkələri bir-birinə düşmən edə bilir.

Təbiiliyin öz yerini süniliyə verdiyi, reallığın virtuallıqla əvəz olunduğu müasir dünyada sürətli dəyişiklik və transformasiya fərdləri cəmiyyətdən təcrid edir və özündən uzaqlaşdırır. Özündən, ətraf mühitindən, yaşadığı cəmiyyətdən uzaqlaşan insanlar kommunikasiya texnologiyalarından istifadə etsələr belə, insanlarla ünsiyyətin əsas elementlərini düzgün öyrənib tətbiq edə bilmədiyi üçün sağlam münasibətlər də formalaşdırmaqda çətinlik çəkir. Bu da bir daha sübut edir ki, yaşadığımız zamanda tez-tez qarşılaşdığımız və aşa bilməkdə əziyyət çəkdiyimiz ünsiyyətsizlik qlobal problemə çevrilib. Dünyanın, demək olar ki, hər yerində insanlar canlı ünsiyyət qurmaqda, özlərini ifadə etməkdə çətinlik çəkirlər. Ünsiyyət çağında yaşamağımıza baxmayaraq, ənənəvi münasibətlərin get-gedə yox olması ilə birlikdə gün keçdikcə bir-birinə daha da yadlaşan cəmiyyətə çevrilirik. Ya da artıq çoxdan çevrilmişik...

Bu bir reallıqdır ki, müasir dövrün insanları ya bir-birini dinləmirlər, ya da özlərini dinləyirmiş kimi göstərirlər. Biz qarşı tərəf danışarkən həmin anda yalnız ona verəcəyimiz cavab haqqında düşünürük. Nümunə olaraq televiziya proqramlarındakı aparıcıları götürək. Mütəxəssis bir mövzu ilə bağlı fikirlərini bölüşdüyü məqamda aparıcı ona müraciət edərək cavabı artıq verilmiş olan sualı ünvanlayır. Çünki aparıcı başını yellədərək dinlədiyini göstərsə də, əslində həmin an qonağın söylədiyi fikirlərin 85 faizini dinləmir, yalnız verəcəyi "mükəmməl" sual haqqında düşünür.

Texnologiya inkişaf edir, elm yeni-yeni qapılar açır. Amma unduruq ki, insanın texnologiyaya nə qədər ehtiyacı varsa, inkişaf edən texnologiyanın da insana bir o qədər ehtiyacı var. Yəni texnologiya nə qədər inkişaf edirsə etsin, işin ucunda yenə insan faktoru dayanır. Məhz elə bu səbəbdən də dinləməyə, danışmağa, kültürümüzdən xəbərdar olmağa məcburuq.

İnsanoğlu yer üzərində özündən başqa varlıqların da yaşadığının fərqində olmasıyla birlikdə ünsiyyətlə bağlı müxtəlif vasitələr icad edib. Bunlardan biri də kütləvi informasiya vasitələridir. Kütləvi informasiya vasitələri yarandığı gündən bəri mütəmadi olaraq dünyanı şəkilləndirməyə xidmət edir.

Günümüzdə media istər müsbət, istərsə də mənfi istiqamətdə olsun, cəmiyyətə təsir etmək gücünə sahibdir. Medianın tarixi inkişaf prosesində ictimai problemlərin həlli, cəmiyyətin maarifləndirilməsi, mədəniyyətin inkişafı, fərdlər arasında sağlam ünsiyyətin qurulması və bir sıra istiqamətlərdəki müsbət fəaliyyətinin meydana çıxmasına baxmayaraq, günümüzdə medianın bu məsuliyyəti artıq yerinə yetirmədiyi faktları ilə də qarşılaşırıq. Bu gün bütün dünyada medianın ictimai problemlərin həllində qatqısı olmaqdan daha çox, ictimai problemə, insanların həyatın reallığına, cəmiyyətə və özünə qarşı yadlaşmasına yol açdığını görürük.

Hər gün media tərəfindən insanlara təqdim olunan fəlakət, cinayət, kütləvi ölüm xəbərləri zorakılığın adiləşməsinə və bunun da insanların həssaslığını itirib özlərinə cəmiyyətə yadlaşmasına yol açır.

Ünsiyyət ehtiyacını qarşılaya bilmək üçün bir çox yeni vasitələrə imza atan insanın ən əhəmiyyətli icadlarından sonuncusu sosial şəbəkələrdir. Üz-üzə ünsiyyətin yerini sürətlə alan sosial media insanları həm şəxsi, həm də cəmiyyət olaraq bəzi transformasiyalara məruz qoyub. Şəxsi mənada mənlik və sosial mühitə daxil olma qayğısı sosial görünüş qayğısına çevrilib. Cəmiyyət olaraq isə xəbər almaq, məlumat toplamaq və yaymaq kimi bir çox mövzuda transformasiyalar yaşamışıq.

Fransız filosof və kinorejissor Debord bu strukturu "Nümayiş cəmiyyəti" adlandırır. Bugünkü dünya düzənində imic və görünürlük olduqca vacib məsələ hesab edilir. Məsələn, insanlar feysbukda status paylaşmadığı, instaqramda şəkil yayımlamadığı zaman sanki həmin günü yaşamamış kimi hiss edirlər. Sosial şəbəkələr gündəlik həyatımızda bir çox məsələlərdə bizə kömək etmiş olsa da, insanlar arasındakı ünsiyyət baxımından ciddi problemlərə də yol açır. Virtual dünyada gün keçdikcə daha çox zaman xərcləyən insanlar tənhalaşır və bu dünyada qurulan süni münasibətlər real dünyadan ayrı olduğu üçün nəticədə bədbəxt insanlar ordusunun yaranmasına vəsilə olur.

Ünsiyyət qabiliyyətimizin yox olmasını əslində ən çox sosial şəbəkələrdə hiss edirik desəm, yəqin ki, yanılmaram. Bir-birini dinləməyən, anlamayan qarşısındakına onu anlamaq fürsəti verməyən insan ordusu ilə qarşılaşırıq hər gün. Bir-birimizi anlamaq bir yana dursun, dinləməyə belə dözümümüz qalmayıb.

Gəlin birlikdə düşünək. Məsələn, sonuncu dəfə nə vaxt mübahisə etdiyiniz insanla inadlaşmaqdan əl çəkib üzr istəmisiniz? Yaxud da nə vaxt bir dostunuzun qapısını qəfil döyüb o insanı sorğusuz-sualsız, hesabsız-kitabsız bağrınıza basmısınız? Nə zaman televizorun, kompüterin, telefonun düyməsini söndürüb real həyatınızın düyməsini yandırmısınız? Metroda, avtobusda gedərkən yanaşı oturduğunuz bir insana nə vaxtsa salam vermisinizmi?

Sizi bilmirəm, mən bunları düşündüyüm zaman məşhur alman sosioloqu Georq Simmelin ilk dəfə ictimai nəqliyyat vasitəsilə ölkənin bir ucundan digər ucuna səyahət imkanı əldə edən və yanaşı oturduqları halda kəlimə kəsmədən yol gedən almanlar haqqında söylədiyi fikirləri xatırlayıram: "Bəşər tarixində ilk dəfə iki insan bu qədər yaxın oturub, bir-birinin bədənlərinə toxunduqları halda saatlarla bir-biri ilə danışmadan səyahət edir" - demişdi Simmel.

Eynilə biz də istər texnologiyanın, istərsə də ünsiyyət baxımından ən yeni rabitə dövrünün bütün imkanlarına lap yaxın olduğumuz bir dövrdə yaşamağımıza rəğmən, bir-birimizlə ünsiyyət qura bilmək vərdişimizi itirməkdəyik. Başımız telefonlara, kompüterlərə elə qarışıb, ofis masalarına elə yapışmışıq, yorğanın altında elə büzüşmüşük ki, başqalarını, hətta yanımızdakı insanı görməz, eşitməz, dinləməz olmuşuq.

Bu məsələdə artıq məhəllə, kənd, qəsəbə, şəhər, ölkə fərqi yoxdur. Hamımız daimi yarış vəziyyətində, rəqabət içərisindəyik.

Kütləvi ünsiyyət çağı bildiyimiz bu dövr, təəssüf ki, "qısa yol" düyməsi ilə yaşanan sürətli istehlak metodu formalaşdırıb. Ziyarətlərimizi SMS, ticarətimizi bank kartları, yardımlarımızı tanımadığımız adamların hesablarına köçürmələrlə həll edən müasir həyat tərzi tanışlığımızı, yaxşı-pis gündə bir yerdə olmağımızı, dostlaşmağımızı aradan qaldırıb. Söhbətlərimizin arasına mobil telefonlar, fəlakət, qətl xəbərləri, tanımadığımız insanların bizə dəxili olmayan həyat tərzlərini yansıdan görüntülər, seriallar və internet girib. Uzun sözün qısası söhbətlərimiz, hekayələrimiz yarımçıq qalıb. Real ünsiyyətin bitdiyi bu dövrdə ən yaxşı dostlarımız qarşısında oturub izlədiyimiz televizor, cümlələri, sözləri qısaldaraq tələsərək danışdığımız telefon və qulağımızdan heç çıxartmadığımız "blutuz"lu qulaqlıqlar olub. Yediyini, içdiyini, getdiyi məkanları, geyindiyi paltarları göstərəcək deyə dost masalarından, canlı söhbətlərdən uzaq qalmağı gözə alan, bunlara dəyər verməyən bir çox insan var və bu çağın insanı bir-birini dinləyib anlamağa cəhd göstərməyi belə unutmaq mərhələsindədir. Sevgilər saxta, münasibətlər ruhsuzdur. Bu əsrdə ünsiyyətimiz "slm", "tşk" kimi yöndəmsiz şəkil alıb və "təşəkkür edirəm" cümləsini yazmağa belə ərinən insanlar topluluğuna çevrilmişik. Bizlərmi zəmanədən, yoxsa zəmanəmi bizdən təsirlənib?! Məsələnin orası bir az müəmmalıdır. Amma onu dəqiq bilirəm ki, yaşayan ən sosial canlı olaraq biz öz-özümüzü anbaan tənhalaşdırırıq.

Günel MUSA
525.az