Zamanla özümüz arasındakı labirintdə dolaşdıqca o sirli qarışıqlıqda gec-tez şüurun altının da, üstünün də bizi aparıb çıxardığı son xilas nöqtə ruhun aydınlığıdır. Amma bəzən şüurun altının üstünə çevrildiyi qaranlıq dövrlərdə ruhun da müvəqqəti olaraq zülmətə gömüldüyü dönəmlər olur. Məhz o dönəm "ruhun zülmət gecəsi"dir. Bu, öz qaranlıq tərəfləri ilə üzləşməyə cəsarət edənlərin son dərəcə ziddiyyətli yolçuluğudur. İnsanın özünü itirmə və ya həyatın mənasız olduğu hissiyyatını ən dərindən, ən dibdən yaşadığı məqamdır.
"Ruhun zülmət gecəsi" ifadəsi müqəddəs dini mətnlərdə də qeyd olunub, lakin zamanla bu ifadə psixoloji və fəlsəfi bir müstəviyə daşınaraq daha geniş anlam kəsb etməyə başlayıb. Bəşəri şüurun yüksəldiyi çağdaş dövrdə "ruhun zülmət gecəsi" ifadəsi indi daha tez-tez anılır. Çünki həqiqət yolçuluğundakı insanlar bu müvəqqəti zülmətin girdabına batanda nəylə qarşılaşdıqlarını bəzən anlamırlar. Bu, insanın daxili dünyasında yaşadığı mənəvi-ruhani qarışıqlığın, çaşqınlığın, tənhalığın ən qaranlıq anıdır. "Ruhun zülmət gecəsi"nin başlanğıcı, adətən, rutin həyatı "normallıq" çərçivəsindən çıxaran dəyişikliklərlə başlayır. Bəzən bu, hansısa itki və ya ölüm, böyük bir travma, sevgisizlik, yaxud həyatda kəskin bir mənəvi təlatümün başlanması ilə ortaya çıxır. Birdən-birə hər şeyin anlamsızlaşması, "ipin ucunun qırılıb əldən getməsi" hissi, insanın yaradılışın və özünün mövcudluğunun mənasını axtarmağa başlaması bu dövrün əsas cəhətləridir. Onacan həyatını müəyyən bir ssenari ilə yaşayan insan üçün "ruhun zülmət gecəsi" onun bu ssenarini təkrarlamaqdan yorulması ilə başlayır və həyatında bir dönüş nöqtəsi olur. Bu dövrə, çox zaman, ruhi və psixoloji olaraq tükənmə sindromunun yaşanması ilə start verilir. İnsan həyatını rutin bir düzəndə, müəyyənləşdirilmiş qayda ilə yaşadığı zaman bu nizam pozulduqda özünü "yolu itirmiş" kimi hiss etməyə başlayır. Həyatın balansının pozulması insanın dünyaya və özünə olan münasibətini tamamilə dəyişdirə bilər. Gözəlliklərin rəngini itirilmiş və ya solmuş kimi görən insan anidən özünü bir boşluğa düşmüş bilir. Metaforik dillə təsvir etsək, ömür simfoniyası səslənir, amma melodiya anlaşılmır... Kamyunun təbirincə, insanın özünə yadlaşması başlayır. Həyatın müsbət tərəfləri bir anda pozulur, mənasızlıq duyğusu hər şeyi bürüyür və insan sanki bir məqsədin, yolun olmadığı intəhasız boşluqda çırpınaraq özünü tapmağa çalışır. Bu, bəzən "sıfırdan başlamaq" ehtiyacı ilə birgə meydana çıxır: çünki keçmişin səhvləri, yanlışları ilə yaşamaq artıq mümkün olmur...
***
"Ruhun zülmət gecəsi"nin ən aşkar əlamətləri özünə qarşı şübhə, ittiham, mənasızlıq və tənhalıq (təklənmə) hissləridir. İnsan özünü dünyadan kənar, yoxluq içində hiss etməyə başlayır. Hər şeyin bir-biri ilə əlaqəli və hər şeyin bir məqsədi olduğunu hiss etməyən şəxs öz varlığının boşluq içində itmiş olduğunu düşünə bilər (Halbuki ilahi nizam burada da mükəmməl şəkildə çalışır.) Bəzən bu dövr bir neçə həftə və ya ay sürür, bəzən də illərlə davam edən bir prosesə çevrilir. Bu müddət ərzində insan özünə və həyatına olan inamını itirir, həm də ətrafdakı insanların "anlayışsızlığına" görə tənhalığını daha da dərindən hiss edir. Və bu tənhalıq adi məişət tənhalığı deyil, Markesin dediyi kimi, "yüz ilin tənhalığı"na bənzəyən ruhani yalqızlaşmadır. Hiss edilən mübhəm narahatlıq, dərin stress və hətta ağır iztirab səviyyəsində yaşantılar bu dönəmin əsas əlamətlərindəndir. Vücud da ruhun zülmət gecəsindən nəsibini alır: yuxusuzluq, iştahasızlıq, bəzən isə reallıqdan qaçış yolu kimi yuxuculluq "ruhun zülmət gecəsi"ndə bədənə hakim kəsilir. Duyğu sferasında qeyri-sabitlik, həyatın heç bir tərəfinin maraqlı və ya arzuolunan görünməməsi, hətta gündəlik məişət fəaliyyətlərinin belə dəyərsizləşdiyi ağır dönəmdir bu. "Ruhun zülmət gecəsi"nin əlamətləri, bəzən yavaş-yavaş meydana gələ bilər, bəzən isə birdən-birə üzə çıxar. İlk növbədə, insanın daxili dünyasında bir dəyişiklik baş verir. İnsan təkcə başqalarını deyil, özünü özünə də "yad" hiss etməyə başlayır. Həyatındakı ən adi hadisələr belə əvvəlki zövqü vermir, əksinə, daşınmayan bir yükə çevrilir. Bu bu dönəmdə insan ən bəsit narahatlıqları belə çətinliklə adlayır. Həmçinin bu proses insanın sosial əlaqələrinə də təsir göstərir: ətrafındakı insanlarla əlaqələr ya mənasızlaşır, ya ünsiyyət birdəfəlik qopur, insan sanki bilərəkdən öz "qabığına çəkilir". Bütün bunların arxasında isə daxili bir təlatüm dayanır: insanın özünün varlığı və həyatın məqsədi ilə bağlı sualları dağ kimi uçub üstünə çökür... Bir müddət əvvəl çox mühüm olan şeylər, indi xırda, bəsit və anlamsız görünməyə başlayır. İnsan həyatını və özünü ciddi şəkildə sorğulamağa başlayır. "Mən kiməm, həyatımın mənası və missiyası nədir?" sualları ilə ruhun öz həqiqətini xatırlamağa çalışması bədəni də sıxma-boğmaya salır... Bu qaranlıq labirintdən birdəfəlik çıxış isə ancaq o suallara cavabların tapılması ilə mümkündür...
Ruhani varoluş böhranı, yoxsa depressiya?
Bəzən "Ruhun zülmət gecəsi"ni tibbin depressiya diaqnozu ilə qarışdırırlar. Çünki oxşar əlamətlərə malikdirlər. Ancaq ruhun zülmət gecəsi ilə depressiya arasında incə bir xətt var. Bu iki vəziyyətin fərqləri də olduqca aydındır. Depressiya tibbi ədəbiyyatlarda yazıldığı kimi, psixoloji bir rahatsızlıqdır. Bu zaman insanlar özlərini ümumiyyətlə üzgün və ümidsiz hiss edirlər, lakin bu vəziyyət daha çox bədənin və beynin kimyəvi, hormonal balansının pozulmasından qaynaqlanır. Depressiyada olan bir insan ətraf mühitin mənfi təsirlərinə qarşı həssasdır, lakin bu, bir çox hallarda bioloji və ya kimyəvi bir disbalansın nəticəsidir.
"Ruhun zülmət gecəsi" isə aydınlanma və ruhi oyanış yolçuluğuna çıxan şəxsiyyətin dərin bir reaksiyası və özünü kəşf etməsi ilə əlaqəlidir. Bu dövr, həyatı anlamamaq və yaxud mənasızlıq hissi ilə müşahidə olunsa da, depressiyadan fərqli olaraq hər zaman xəstəliklə - kimyəvi və hormonal çatışmazlıqlarla əlaqəli olmur. "Ruhun zülmət gecəsi" - insanın mövcudiyyətin məqsədini və özünün kim olduğunu dərk etmə, ruhi aydınlıq əldə etmə cəhdidir. Bu dövr, özünü tapmaq və dəyişmək üçün bir fasilə deyil, əksinə, insanın köhnə inanc və dəyərlərini sındıraraq, o vaxtacan formalaşan miflərini dağıdaraq daha dərin şəkildə özünü anlamağa doğru, ruhi təkamülə sarı atdığı ciddi addımdır. Gerçək ÖZüylə həqiqi tanışlıq məqamıdır...
"Ruhun zülmət gecəsi" gec-tez keçir, lakin güclü transformasiyaedici xarakterə malikdir. Depressiya, uzun müddətli və çox zaman müalicə tələb edən bir vəziyyətdir. Depressiyanın simptomları davamlıdır, insanın psixoloji və fiziki vəziyyətinə ciddi təsir edir. Depressiya adətən daxili dünyada bir boşluq yaratmır; əksinə, insanın həyatdan, hətta öz varlığından belə ümidsizliyin dərinliyinə sürüklənməsinə səbəb olur. Depressiyada ümumiyyətlə həyatın heç bir cəhəti maraqlı olmur və insan özünü "dondurulmuş" hiss edir. "Ruhun zülmət gecəsi" isə, əksinə, daxili aydınlıq axtarışı ilə xarakterizə olunur. Bu dövr insanın həyatını dəyişdirməsi üçün bir "vacib an" olaraq qəbul edilə bilər. "Ruhun zülmət gecəsi" özü ilə yeni bir mənəvi yüksəliş və şüur aydınlanması gətirir. Depressiya, qaranlığın dərinliyində həbs olmaqdır, amma "ruhun zülmət gecəsi" zülmət içində öz işığını tapma prosesidir. Depressiya tibbi müdaxilə tələb edən bir çöküşdür, "ruhun zülmət gecəsi" isə nə qədər iztirablı olsa da bir yüksəlişin başlanğıcıdır...
Hər zülmət gecənin bir aydın sabahı var...
"Ruhun zülmət gecəsi" bəzən çox uzun çəkə, bəzən isə gözlənilmədən bitə bilər. Bu dövr adətən "tunelin sonundakı işığın görünməsi" ilə sonlanır. İnsan zülmət gecənin dərinliklərində yaşadığı əzab və itki hisslərindən sonra, bir növ mənəvi təmizlənmə və yenilənmə ələyindən keçir. Bu prosesdə insan, öz daxili işığını, zülmət gecənin sonunda həyatın mənası və məqsədi haqqında yeni düşüncə qaynağını tapır. Daha güclü və daha aydın bir özünüdərk prosesinin nəticəsi kimi maddi olanın faniliyini və ruhun əbədiliyini dərindən idrak edərək təzə bir başlanğıcla bu dəfə özünün, ruhunun ağrılarından yenidən doğulur... İnsan özünü yenidən kəşf etdikcə bu gecə sona çatmağa başlayır. Amma bu bitmə sadəcə qaranlığın çəkilməsindən ibarət deyil; əksinə, insan özünü, həyatını və bu dünyadakı yerini yeni bir perspektivdən görməyə başlayır. Bu gecənin sonunda insan yalnız özünütapma yaşamır, həm də daha böyük bir varlıq planının mənasının fərqinə varır, ülvi ilahi məqsədin ayrılmaz, təkrarsız bir parçası olmanın fərəhinə qərq olur... Bütün bu transformasiya və dəyişikliklər insana həyatın həqiqi qiymətini və hər anın dəyərini bilməyi öyrədir. İnsan "ruhun zülmət gecəsi"ndən sonra Allahın hər şərtdə, hər zaman onu necə təmənnasız bir sevgiylə sarıb-sarmaladığının, o qüdsi, qoruyucu ilahi eşqin sözlə izaholunmaz tamını dadmağa, yaşamağa başlayır. Sözün həqiqi mənasında yaşamağa...
"Ruhun zülmət gecəsi" bitdikdən sonra insanın həyatında ciddi dəyişikliklər baş verir. Bu dövr yalnız təslimiyyətə keçmə dövrü deyil, həm də o ilahi təslimiyyət içində özünü və həyatını yenidən qurma cəhdidir. Bədən olaraq keçəri, ruh olaraq əbədi olduğunu dərk edərək... Bu zülmət gecədən çıxandan sonra insan həyatın qiymətini, mənasını və hər anın dəyərini daha yaxşı başa düşür. Həmçinin bu dövr insanı adətən daha empatik, anlayışlı və güclü bir fərd halına gətirir. Zülmət gecədən keçən ruhun işığı bədənin aurasına dolur, keçmişin əzabları və itkiləri ilə, özü ilə barışıq yaranır və insan özünü tamamlamağa başlayır. Bütün bu dəyişikliklər, insanın daha dərin bir ruhi anlam tapmasına, daha yüksək bir şüur səviyyəsinə keçməsinə səbəb olur. Özüylə də, dünyayla da bir "barışıq müqaviləsi" imzalanır...
"Ruhun zülmət gecəsi"ndən sonra həm özü, həm başqaları ilə daxili bir əfvetmə, halallaşma, bağışlama, şükranlıq dövrü başlayır. Anlayırsan ki, olan nə varsa, sən "dərsi" öyrənənə qədər olmalı imiş, nə zamansa düşmən gördüyün kimsə də əslində "ustad" imiş, həyatına nələrisə öyrətməyə gəlib, daha doğrusu, ilahi sistemdən göndərilibmiş... Bütün qəlbinlə anlamağa başlayırsan ki, qaranlığın içində tapdığın o işıq, bəlkə də ən böyük mükafatdır... "Ruhun zülmət gecəsi" nə qədər çətin olsa da, bu mənəvi-ruhani böhranın sonunda gələn aydınlıq həyatın ən qiymətli tapıntılarından biridir.
Və sonda ənənəvi xatırlatma: əgər indi zülmətdə qaldığını hiss edib təntiyirsənsə, tıncıxırsansa, bir tutam aydın(lıq) ümiddən yapış... Ki, hansı zülmətdən keçməyindən asılı olmayaraq, onunla mütləq sonda işıqlığa, aydınlığa çıxa(caq)san...
Sevinc MÜRVƏTQIZI
525.az
Muzey Mərkəzində İsa Məmmədovun “Bakının peyzajları” sərgisi açılacaq
Karavacconun şah əsəri ilk dəfə Romada sərgilənir
Londonda Van Qoqun əsərlərinə şorba atılıb
Azərbaycanlı rəssamların əsərləri Antalyada sərgilənir
Londonda dayanacaqda tapılan tablo 17.5 milyon funt sterlinqə satılıb
"Azərbaycanın hər guşəsi ilham mənbəyidir" - Meltem Buyuran
"Dante və Vergili cəhənnəmdə" - Müsahibə
Bakıda səfirlərin xanımları Ebru sənəti ilə tanış olublar
Rafaelin yeni tapılan əsəri sərgiyə çıxarılacaq
Bakıda “Rəssamların döyüşü” olub