senetaz

Həsən Əliyev 80 D

30 May 2024 570

Taxta əl - Qəşəm İsabəylinin hekayələri

Taxta əl - Qəşəm İsabəylinin hekayələri

Taxta əl

Anamın kənddə yaşadığı illər idi. Bir qızı və qız nəvəsiylə qalırdı. Getdim dəyməyə. Gördüm stulda oturub, əlinin altında da bir əl var.

- Bu nədi, ay arvad, üç əlli olmusan, nədi?!

- Allah çinlilərin atasına rəhmət eləsin, bala, bilirsən nə karıma gəlir?!

- Uşaqdı bəyəm, buyurub-eləyirsən o yan-bu yana?!

- Vallah, uşaqdan da üzüyoladı.

- Qoy oturmuşuq, sən Allah!

- Ay bala, bir də görürəm, kürəyim qaşınır, tuturam biləyindən, boynumun ardından - köynəyimin altından salıram, sürüşüb gedir düz qaşınan yerin üstünə, heç o yan-bu yana da tərpənmir.

- Uşaqlara niyə demirsən, kürəyini qaşısınlar?

- Bala, camış camışdı ki, özünü suya-palçığa batırıb-bulayandan sonra gün qızdırır dərisini, başlayır böyür-başı qaşınmağa. Girib həyətə ya dama sürtünür, ya da ağac-uğaca. İnsan da yaşlaşandan sonra, hərəkət eləmir axı, qan bədəninin hər yerinə yayılsın. Odur ki, həkim deyiləm, mənim aləmimdə qan işləməyən yerlər başlayır qaşınmağa. Bu əlin elədiyini uşaqlar eləyə bilməz, oğul.

- Ay ana, bu sərtdi, dərini cızar, qanadar?

- Nə danışırsan, bala?! Vallah, ət barmaqdan bu taxta barmaq adama can yandırandı. Bilirsən, uşaqları çağırıram, gəlirlər, day dilimin çüyü çıxır, əlini aşağı sürüşdür, yuxarı sürüşdür, sağ yana, sol yana... qaşınan yeri tapa bilmirlər. Candərdi, - qaşıyın, - deyirəm. Nə mən rahat oluram, nə də onlar razı. Sonra da gedib yarım saat barmaqlarını yuyurlar. Üstəlik spirtləyirlər də. Qocayam axı, iyrənirlər. Bu yandan da öskürək tutur məni. Güclə özümə gəlirəm. Amma bu taxta əl elə həssasdı, elə dil biləndi, lap adamın ürəyindən tikan çıxardır. Biləyindən yapışan kimi gedib barmaqları oturur düz qaşınan yerin üstündə. Ləzzətlə qaşıyıram, nə bu inciyir, nə də mən narahat oluram...

Onda rəhmətlik anamın sözləri mənə qəribə gəlmişdi.

- Oyunun olsun, arvad, - deyə başımı dala atıb gülmüşdüm.

Bu yaxınlarda, hansı ki, anam da 10 il idi dünyadan köçmüşdü, mən də anamın yaşına yaxınlaşırdım, kürəyim bərk qaşındı. Nə illah elədim, əlim çatmadı. Boynumun dalından xətkeşi saldım - o yana sürtdüm, bu yana sürtdüm, iti ucu dərimə necə yeridisə, cızzağım çıxdı. Axırda durub kürəyimi dirədim divarın tilinə, camış kimi sağa-sola sürtüb, rahat oldum. Birdən anam yadıma düşdü. Elə həmin günü taxta əlin birini də mən aldım Sədərək bazarından. Balaca nəvəm Zeynəb əlimi dolu görüb, qaçıb girdi otağıma:

- Mənə nə almısan, ay baba?

- Bu dəfə özümə almışam.

- Özünə nə almısan?

- Əl almışam.

- Əə-əl?! Ver baxım.

Alıb, o yan-bu yanına baxandan sonra sıxdı sinəsinə:

- Özünə nə yaxşı əl almısan, baba, qoy aparım oynadım?!

- Bala, o qədər oyuncağın var, get onlarla oyna, özüm oynadacam.

- Bıy, ay kişi, uşaqsan?!

- Hərdən oluram, bala!

Zeynəb qaçıb getdi:

- Şəmşəm, - qardaşına deyirdi, - babam oyuncaq alıb özünə!

- Həəə... - Şəmşəm də yüyürüb gəldi.

- Baba, budu sənin oyuncağın?

- Hə, bala.

- Uşaq olmusan?!

- Hərdən oluram, bala.

- Olanda bizi də çağırarsan, baxaq, görək necə uşaq olursan!

Oturub dincəldiyim yerdə birdən kürəyim qaşınmağa başladı.

- Ay uşaqlar, gəlin, uşaq olmuşam!

Şəmşəmlə Zeynəb qaçıb gəldi.

- Baxın, - tutdum taxta əlin biləyindən, köynəyimin boynundan saldım kürəyimə. - Qaşıdım ha. Rahat oldum nədi, ləzzət aldım, demirsənmi?!

- Qaşınman kəsdi, baba?! - Şəmşəm soruşdu.

- Bala, bu əl elə həssasdı, elə dil biləndi, bir dəfə də olsa məni incitməyib!

- Qocalar belə uşaq olur, baba?! - Zeynəb soruşdu.

- Bəli.

- Elə bilirdik balaca uşaq olacaqsan, - Şəmşəm dedi.

- Üzdə böyük olmağıma baxmayın, içimdə balacayam, bala.

- Ha... ha... ha... - Gülə-gülə çıxıb getdilər babanı yamsılamağa.

Ruhun şad olsun, ana!

Allah sizin də atanıza rəhmət eləsin, ay çinlilər.

Var-dövlətin sehri

2010-da bizi - ölkənin bir qrup naşirini İranın Məşhəd şəhərinə Beynəlxalq tədbirə göndərmişdilər. Bir həftəydi, on gün idi, indi yadıma sala bilmirəm, ürəyimiz istəyən yeməkləri yeyir, kefimiz istəyən hoteldə qalırdıq. Axşamlar da oturub, ötəndən-keçəndən danışırdıq. Söz gəlib çıxdı var-dövlət hərisliyinin üstünə. Yaşımı əsas götürüb, mənə "buyur" dedilər.

- Şamaxı zəlzələsində ata-anası gözlərinin qabağında uçqun altında qalmış gənc Qanı, dörd bacısını da götürüb Kürdəmirə gəlir. Tacir imiş, qızıl alveri eləyirmiş. Onda Kür üstündə yerləşən Pirəköcə kəndinin şimalında, mən də görmüşdüm, Qaratəpə vardı. Onun ətrafında həftəbazarı olarmış. Qanı kişi də ticarət adamıydı deyə, bazara yaxın olmağı məsləhət bilir, köçüb gəlir Pirəcə kəndinin qonşuluğunda yerləşən Qocalı kəndinə. Bacılarını ərə verib, özü də evlənir. Üç oğlu, iki qızı dünyaya gəlir. Qanı kişinin oğlunun biri - Çərkəz kişi mənim ana babam idi.

Vaxt yetirir Qanı kişi düşür yorğan-döşəyə. Anam Gilas danışırdı ki, atam baxır ki, kişi can verir, amma gözü qalıb evin tavanında. Bir neçə gündən sonra rəhmətə gedir. Aparıb dəfn eləyib qayıdan oğlu Çərkəz, nərdivanı qoyub, çıxır evin damına. 5 çaynik qızıl-zinət əşyaları tapır. Dönüb olur kəndin ən varlı adamlarından biri...

Başqa bir dostumuz sözü mənim ağzımdan aldı:

- Mənim də babam tacir olub. Atam danışırdı ki, kişi var-dövlətinin sirrini açmadı bizə, vəsiyyətsiz də ölüb getdi.

1941-45 müharibəsinin ağır vaxtıydı, dolanışıq gündən-günə çətinləşirdi. Mən də evin yeganə başı papaqlısıydım, gündüz bazarda fırlanır, beş-üç manat qazancım da çay-çörəyə güclə çatırdı. Axı atam sağlığı qarnı dolusu yeməsək də, ac da qalmırdıq. Anam da, görürdüm fikir eləyir. Son dövr atamdan gileylənməyə başlamışdım. Bir gecə yuxuma girdi. Qoz ağacının dibində durmuşdu. Qoltuğunda mücrü. Bərk hirslənmişdi:

- A bala, məndən nə istəyirsən?!

- Ay dədə, axı dolana bilmirik!

- Durğuzun məni qəbirdən, gəlim hamballığınızı eləyim.

- Kim dirilib indiyəcən, ay dədə, qəribə söz danışırsan, vallah!

- Onda məni niyə qoymursan gor-gah evimdə rahat yatım?!

- Axı sən kasıb deyildin, niyə bizi bu günə qoyub getdin?!

- Neyləməliydim?!

- Hamı deyir ki, şəhərdə beş varlı vardısa, biri də sən idin.

- Nə olsun, olum da?!

- Qızıl-gümüşün yerini de, yoxsa acından qırılacağıq!

Mücrünü başı üstə qaldırıb qəh-qəhə çəkdi:

- Budur, burdadı qızıl-gümüş!

- Nəyinə lazımdı o?!

- Başımı qoyuram üstünə, yatıram. Yoxsa indiyəcən çoxdan xortlamışdım!

- Kişi, daşı tök ətəyindən...

- Nəəə?! - Atam çığırıb, əlini yelləyib, dönüb sürətlə getdi.

Səhər yuxudan peşman oyandım. Bildim ki, ruhunu incitmişəm. Gedib mollaya pul verib, Quran oxutdurdum. Bir müddət kişinin qarasına danışmağı özümə yasaq elədim. Amma 10 gün keçməmiş yenidən ehtiyac mənə güc gəldi. Yenidən başladım danışmağa. Həmin gecə kişi yenidən yuxuma gəldi. Qoz ağacının dibində durub, qoltuğunda da mücrü, sanki məni gözləyirdi.

- Məndən nə istəyirsən, bala?! Niyə qoymursan qəbirdə rahat yatım?!

- Acından ölürük axı!

- Yoxam da mən, gedin dolanın da!

- Bəs sənin atalıq hissin?!

- On illərlə canımın əziyyətinə qızıl-gümüş yığmışam, indi verim, satıb yeyəsiniz, deyirsən?!

- Ay dədə, axı sənin indi yeyən ağzın yoxdu!

- Nə olsun yoxdu, nəfsimə nə deyirsən?! Onu mənsiz yesəniz, vallah, xortlayaram!

- A kişi, daşı tök ətəyindən...

- Nəəə?! - O dəfəkindən də bərk çığırıb, əlini yelləyib, dönüb yox oldu.

Səhər yenidən peşmanlıq içində yuxudan oyandım. Getdim mollanın yanına:

- Hacı, atama nisyə Quran oxuyarsan?!

- Nisyə Quran olmaz, bala!

- Niyə olmur, hacı?!

- Gedib dədənə çatmaz!

- 1 manatım var!

- Allah bərəkət versin.

Mollanın yanından çıxıb getdim bazara. Axtarıb dayımı tapdım. Savadlı, dünyagörmüş adam idi. Başıma gələnləri ona danışdım.

- Dur gedək sizə.

Həyətə girib, getdik qoz ağacının dibinə.

- Harda dayanmışdı atan?

- Bax, bu ağacın sağ tərəfində. - Yerini göstərdim.

- Get beli gətir, qaz buranı.

Yalançılar sözü, 1 metr qazdım.

- Ay dayı, adamı bu dərinlikdə basdırırlar. Burdan o yana...

- Çətin qazılır, asan?

- Asandı.

- Bərkə çıxanacan qaz.

Birdən belin ucu dirəndi. Eşələdim... gecə atamın qoltuğundakı mücrünü görəndə bağırdım:

- Tapdım, dayı, tapdım!

- Pah atonnan, bu kişi bu var-dövləti kimdən gizləyirmiş, görəsən?! - Dayım fikirli-fikirli dedi.

Elə o günü də bazardan yekə bir qoç alıb, qurban kəsdim. Həm qonum-qonşuya verdik, həm də özümüz qarın dolusu ət yedik.

Gecə təzəcə gözümü yummuşdum ki, qəribə bir yuxu gördüm. Atam, mücrünü qazıb çıxartdığım quyunun yanında arxası üstə uzanmışdı. Gözləri də dirənmişdi haqqa...

- Deməli, atan ölməyibmiş, bala. - Molla əlimdəki onluğu göydə qapdı...

İlk dəfə o dünyanın varlığına inandım.

Qəşəm İSABƏYLİ
Edebiyyatqazeti.az