Bu yaxınlarda Könül Nəhmətovanın yazdığı “S.S.Axundovun “Qaraca qız” hekayəsinin orta məktəbdə tədrisi şagirdə hansı görüşləri aşılayır?” adlı statusu diqqətimi çəkdi. Bu tip sual bütün müəllimləri, bütün valideynləri, hətta ədəbiyyatçıları da çox düşündürür və tez-tez mübahisələrə səbəb olur. Hamımız yaxşı bilirik ki, bədii əsərlərin əksəriyyətində obrazlar mənfi və müsbət olur, müəllif bu obrzların arasındakı konfliktlə ideya və məramını oxucuya çatdırmağa çalışır. Kim nə qədər çatdıra bilirsə, bu artıq başqa məsələdir. Əsərlərdəki obrazları ətrafımızda gördüyümüz insanlara bənzətsək və bu aspektdən yola çıxsaq, məncə mahiyyətə daha yaxşı vararıq. Həyatımızın müəyyən çağlarında nurani, mədəni, mülayim, xeyirxah, əzazil, fırıldaq, riyakar, qəddar insalarla rastlaşırıq. Onların fəaliyyətindən özümüzə uyğunlarını seçir, dərs alır və ya örnək götürürük. Kim hansına daha yaxındır, əlbəttə ki, onu daha tez dərk edir.
Çingiz Əlioğlu demiş, yazıçı öz iç dünyasının rəsmini çəkir əsərləri ilə. Bəli, bu bir həqiqətdir. Kimin içində nə qədər fərqli insan obrazı varsa, əgər o insan yazıçıdırsa və ya incəsənətin digər növlərindən biri ilə məşğul olursa, deməli, onları müəyyən obrazları ilə təqdim edir. İçindəki şeytandan qaçanlar və ya qaçmaq istəyənlər onu əsərlərində və obrazlarında da rədd edir. Cəsarətliləri, mərdanələri, xeyirxahları isə önə çəkir. Oxucu da belədir, zənnimcə. Sevdiyi qəhrəmana bənzəmək istəyir və ya qəlbinin dərinliklərində gizlətdikləri məninin xarakterini hansısa obrazda görəndə özünə haqq qazandırmaq arzusuna düşür: həri iki mənada.
Uşaqlara təqdim edilən materiallar hökmən müəllimin yönləndirməsi və izahı ilə təqdim edilməlidir düşüncəsindəyəm. Əlbəttə ki, dünyagörüşü formalaşmayan uşaqlara bu daha çox vacibdir. Nizami Gəncəvinin “Xeyr və Şər” mənzuməsi kimi əsərlərdə xeyir və şər tərəflər apaydın görülür ki, bu tip əsərlərdə xüsusi izaha ehtiyac o qədər də olmur. Lakin elə əsərlər var ki, orda cəmiyyətə yararsız olan fikirləri izah etməyə, açmağa böyük ehtiyac duyulur. Məsələn, şagirdlər “Leyli və Məcnun” poemasını oxuyarkən bəzən Leylini riyakar adlandıra bilirlər asanlıqla. Çünki Leyli Qeysin yas mərasimində ağlayarkən camaata ərinin ölümü üçün ağladığı kimi görünsə də, əslində Leyli Məcnuna və öz taleyinə ağlayır. Bu isə həqiqi mənada, əlbəttə, riaykarlıq kimi qəbul edilir. Amma Leylinin bəxtsiz taleyini düşünmədən bu hadisəyə düzgün qiymət vermək olmaz. Axı onun ikiüzlülük etməsinə səbəb elə cəmiyyətin özüdür. Axı o öz hiss və duyğularını ifadə edə biləcəyi bir cəmiyyətdə yaşasaydı, bu addımı atmağa ehtiyac olardımı?
Cəlil Məmmədquluzadənin “Ölülər” əsərini oxuyan bəzi şagirdlər hamımızın müsbət qəhrəman kimi qəbul etdiyi İskəndəri qəbul etmirlər. Səbəb kimi də bacısının Şeyx Nəsrullahın yatağına salınmasını sadəcə sözlə etiraz edən İskəndərin biqeyrət olmasını göstərirlər. Hətta bəzi şagirdlər bu əsərdən yola çıxaraq cəmiyyətimizin bir qismini Şeyx Nəsrullah kimi fırıldaq, bir qismini Hacı Həsən, Kərbəlayi Fatma, Məşədi Oruc, Mirbağır ağa kimi cahil, avam, xurafatçı, bir qismini isə İskəndər kimi binamus adlandırırlar. Əgər bu əsərin təhlilini şagirdlərin bu formada izahına buraxsaq və razılaşsaq, demək ki, bu tip əsərlər heç bir halda məktəbə buraxılmamalıdır. Nəinki məktəbə, heç universitetlərə də.
Bu gün bütün uşaqların sevimlisi olan “Tom və Ceri”, “Nu poqadi” kimi cizgi filmləri də şiddəti təbliğ etdiyi üçün psixoloqlar tərəfindən tənqid edilir. Bu əsərlərin uşaqların dünyagörüşündə dərin yaralar açdığını qeyd edirlər. Hətta bəzi tədqiqatçılarımız “Məlikməmməd” nağılında da qardaşlar arasında olan nifaqa görə bu əsərin də tədrisini qəbul etmirlər. Axı “pis olmasa, yaxşıların qədri bilinməz” prinsipi necə olacaq? Axı bu dünyanın məhz ikilik: xeyir və şər üzərində qurulduğunu necə gizlədə bilərik? İlk insan adlandırılan Adəmin övladları Qabil və Habilin əməllərini necə gizlədəcəyik? Demək ki, bu kimi əsərlərin tədrisində müəllimin hazırlığından çox şey asılıdır.
P.S. Şagirdin Şah İsmayıl Xətayinin “Dəhnamə” poemasına əsasən “müəllim, axı Aşiq Məşuqla görüşmək üçün o qədər əziyyət çəkəndən sonra niyə görüşdülər və heç nə olmamış ayrıldılar?” sualına müəllim cavab verə bilmirsə, o zaman problemi əsərdə yox, müəllimdə axtarmağımız çox vacibdir.