“Ölülərim, dirilərim dolanır içimdə” – Vaqif Səmədoğlunun şeirləri

32 Baxış

vaqif semedoglu

Yanvarın 28-i mərhum Xalq şairi Vaqif Səmədoğlunun anım günüdür.

Senet.az bu münasibətlə şairin bir neçə şeirini təqdim edir:

Kağızın üstünə düşüb,
İki əlimin kölgəsi.
Yenə də lap zilə qalxıb
Təkliyin yalquzaq səsi…

***

Vaxtdan yaxa qurtarmışam,
Bilmirəm saat neçədir.
Ay yarımçıq, ulduzlar yox,
Yaman ölməli gecədir…

***

Nə varım var, nə barxanam
Ömür yükü bağlamağa.
Allah, məni yarı öldür,
Yarı saxla ağlamağa…

***

Sevgilim, mən öləndə,
Bir küncdə xısın-xısın
Ağlayacaqsanmı sən?
Kimin xarabasında
Bir damla yaşa dönüb
Düşəcəyəm gözündən?
Ağla, qurbanım, ağla,
Ağla, һeyranım, ağla,
Evdə qonaqlar olsa,
Çıxıb eşikdə ağla.
Gözlə, gecə düşəndə
Yorğan-döşəkdə ağla.
Qulaq asma aləmin
Sözünə bircə kərə.
De, Vaqif ölməliydi,
Gəl öldü naһaq yerə…
Sevgilim, mən öləndə,
Soraq sənə gələndə,
Düşmən gözü güləndə,
Ağla, olanım, ağla,
Ağla, qalanım, ağla,
Ağla, mən ölüm, ağla…

***

Yollar uzun, yollar gödək
Nə fərqi var hansı eldə,
Hansı yolda azasan?
Ellər min-min, dillər min-min,
Nə fərqi var… hansı eldə,
… Hansı dildə susasan?

***

Bu payız da başlandı,
Bu yağış da…
Ölülərim,
Dirilərim dolanır içimdə,
Xatirələr səyriyir gecəmdə,
Təkliyimi minib at tək
Yanır
sönür
ötür ömrüm…
Ekspreslər dayanmayan
Kiçik stansiyalar tək.

***

Allah,
Nə var, nə yox?
Məndən nə xəbər var?
Gecələri özüm sayaram,
Üzümə açılacaq
neçə səhər var?
Bəyənəcəksənmi məni,
Bəndəni hansı gözlə görəcəksən?
Allah,
Özüm gəlim,
Ya kimisə göndərəcəksən?

***

Yenə də əvvəlkitək
Bir qələməm, bir özüm,
Nə göylərdə, nə yerdə
Yenədə keçmir sözüm.

***

Sən mənim doğma anamsan, Azadlıq,
mən sənin yad qapısında böyümüş balan…
Sən son ümidimin qaldırdığı
ağ bayraqsan, Azadlıq,
mən səni yellədən külək…

Bölmə : Ədəbiyyat