Onu qorxutdular, ələ saldılar, yıxdılar, təhqir etdilər…

208 Baxış

xayala-murad

 

 Senet.az “Ustad” dərgisinin 21-ci sayında dərc edilən Xəyalə Muradın “Müqəvva” məqaləsini təqdim edir. 

“Müqəvva”

Onu qorxutdular, ələ saldılar, yıxdılar, təhqir etdilər, qovaladılar, xəyanətdə günahlandırdılar və ən önəmlisi, müqəvvaya çevirib “diri-diri” yandırdılar!

Söhbət Rus-Sovet uşaq ədəbiyyatının tarixində silinməz iz qoyan “Müqəvva” povestindən gedir. Bu əsərlə tamamilə təsadüf nəticəsində tanış oldum. İllik mütaliə siyahımdakı kitabları oxuyub bitirdiyimdən, yeni, fərqli əsər axtarışında idim. Rus ədəbiyyatı diqqətimi daim cəlb etdiyindən və yaradıcılıq baxımından üslubuma birbaşa təsir etdiyindən Vladimir Jeleznikovun əsərlərinə müraciət etdim. Lakin nə zamansa bu addımıma görə özümə minnətdar olacağımı ağlıma belə gətirməzdim. “Müqəvva”nı ilk oxunuşdan bağrıma basdım. Dərdinə şərik, yarasına məlhəm olmaq istədim. Kitaba bir oxucunun aşiq ola biləcəyi qədər vuruldum və məncə, əsərə bundan yüksək dəyər, qiymət vermək mümkün deyil. Hər bir yazıçının arzusu məhz oxucu sevgisini qazanmaqdır. Vladimir Jeleznikov bunun öhdəsindən layiqincə gəlib. İnanın mənə, bu, heç də asan başa gələn uğur yolu olmayıb.

Əvvəlcə Vladimir Jeleznikovun özü ilə tanış olaq. O, 1925-ci ilin oktyabrın 26-sı Belorusiyanın Vitebsk şəhərində, sərhədçi ailəsində doğulub. 1945-ci ildə Moskvaya köçərək əvvəl artilleriya üzrə, ardınca Hüquq İnstitutunda, 1957-ci ildə isə Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsilini başa vurur. Qələmə aldığı ilk hekayəsi elə ilk iş yeri olan “Murzilka” dərgisində dərc olunur. Dərgidə işləyərkən yazıçı Vitali Biyanki və rəssam Vladimir Lebedevlə tanış olur. Bu tanışlıq iş yoldaşlığından daha artığına çevrilir. Onlar Jeleznikova bir növ müəllimlik edir, xırda səhvlərini göstərərək üzərində daha yaxşı işləyərək mükəmməlləşdirə biləcəyini izah edirdilər. Vladimir Jeleznikov “Müqəvva” və “Altı B-nin qəribə şagirdi” povestləri də daxil ümumilikdə iyirmi iki kitab müəllifidir. İlk kitabı olan “Rəngarəng tarix” 1960-cı ildə nəşr olunub. Rusiyanın hazırkı orta məktəb dərsliklərinə “Müqəvva” və “Altı B-nin qəribə şagirdi” povestləri də salınıb. Qeyd edim ki, psixologiya üzrə təhsil alan tələbələr “Müqəvva” povestini uşaq və ailə psixologiyasını daha yaxşı anlamaq üçün oxuyurlar.

 

“Müqəvva”nın müstəqilliyə qədərki Azərbaycan oxucusuna təqdim edilməməsinin əsas səbəbi nədir?

“Müqəvva”nı oxuyarkən Azərbaycan oxucusunun bu cür möhtəşəm povestdən günümüzədək xəbərsiz olduğuna çox məyus oldum. Sovet ədəbiyyatında Dünya uşaq ədəbiyyatı silsiləsi üzrə kitabların tərcümə edildiyini bildiyim halda, nə üçün “Müqəvva”nın tərcümələr arasında yer almadığı mənə qəribə gəldi. Axı bu əsər oxunmalı, sevilməli, dildən-dilə düşməlidir. Bu povest bütün yeniyetmə uşaqların inkişafına, tərbiyəsinə bilavasitə təsirini göstərəcək, möhtəşəm əsərdir. Nə üçün tərcüməçilərimiz bu xəzinədən gen durublar? Ümumiyyətlə, buna səbəb nə olub? Bu suallarımın cavabını tapmaq üçün çox araşdırmalı olmadım. Çünki hər şey gün işığı kimi aydın idi.

Hər bir yazıçının qarşısında müəyyən maneələr durur (adətən, yazıçı özü özünün ən böyük maneəsinə çevrilir), Jeleznikovun maneəsi də Sovet dövründə Sovet şagirdini mənfi yöndən qələmə alması olub. Əsər SSRİ-nin dağılmasına az qalmış şöhrət qazanıb. Təbii ki, ədəbi tərcüməçilərimizin bütün enerjisi, diqqəti hər bir azərbaycanlı kimi birbaşa Vətənimizin azadlığına yönəlmişdi. Azadlığa qovuşduqdan sonra Sovet dövrünün dağılma ərəfəsində nəşr edilmiş əsərlər Azərbaycan oxucusu üçün cəlbedici gəlmədiyindən “Müqəvva” kəşf edilməmiş xəzinə olaraq qalmaqda davam edib. Bəlkə də, bu fikrimdə yanılıram, lakin daha tutarlı cavabla qarşılaşmadım. “Müqəvva” yazılışından və nəşrindən otuz yeddi il sonra mənim və “Xan” nəşriyyatının sayəsində Azərbaycan oxucusuna təqdim edildi. Nəşrindən qısa müddət sonra ən çox satılan tərcümə ədəbiyyatı siyahısına rəhbərlik etdi.

 

“Müqəvva” necə yarandı?

 

Sovet məktəblisini ilk dəfə mənfi yöndən (antiqəhrəman kimi) təqdim edən Vladimir Jeleznikov əslində doğma bacısı qızının yaşadıqlarından ilhamlanıb. Bacısı qızının başqasına aid təqsiri öz üzərinə götürdüyü üçün bütün sinif yoldaşları tərəfindən “baykot” edildiyini öyrənəndə uşaqların, bəzən necə amansız və qəddar ola bildiklərinə üzülür, təsirlənir. Bu hadisənin hazır süjet ola biləcəyini düşünüb “Müqəvva” ssenarisini yazır və kinostudiyaya təqdim edir. Qeyd edim ki, həmin anadək Jeleznikovun artıq dörd əsəri ekranlaşdırılmışdı və filmlərin ssenaristi məhz özü idi. Hətta “Altı B-nin qəribə şagirdi” (1962 yazılsa da 1972-ci ildə ekranlaşdırılıb) əsərinə görə 1974-cü ildə SSRİ Dövlət Mükafatına layiq görülmüşdü.

“Müqəvva”nın da uğurlu ssenari olacağına əmin olan Jeleznikov gözlənilməz cavab alır. Kinostudiyanın rəhbəri ssenarini oxuyub: “Belə faşist şagirdlər heç vaxt bizim ekranlarda olmayacaq. Bu cür uşaqlarımız yoxdur!” deyə cavab verir. Başqası olsa bu cavabdan məyus olar, ruhdan düşərdi, ancaq süjetə qəlbən bağlı olan Vladimir Jeleznikov həvəsdən düşmür. Əksinə, o ssenarini povestə çevirmək qərarına gəlir. Bunun üçün Tarus qəsəbəsinə səfər edərək bir müddət orada yaşayır. Bu vaxt ərzində yerli küçələri, əhalini, incəsənəti, qəsəbələri, evləri və ən önəmlisi uşaqları kəşf etməklə məşğul olur. Qapı-pəncərəsi taxtalanmış köhnə ev yazıçının diqqətini cəlb edir. Məhz bu evdə Nikolay Nikolayeviçi və Lenka Bessolçevanı xəyalında canlandıra bilir.

Povestdə hadisələr payız fəslində cərəyan etməsinə baxmayaraq Vladimir Jeleznikov onu yaz və yay fəsillərində qələmə alır. “Müqəvva” povestini 1979-cu ildə tamamlasa da düz iki il onun nəşr ediləcəyi günü gözləməli olur. Bu cür süjet xəttinə malik əsərin nəşri SSRİ-də yolverilməz olsa da, son anda nəşrinə icazə verilir. Beləliklə, Rus-Sovet oxucusu ilk dəfə 1981-ci ildə “Müqəvva” ilə tanış olur və günümüzədək yeniyetmə şagirdlərin yay tətili qiraətində oxunması vacib kitablar arasından ilk yeri tutur.

 

“Müqəvva” kimdir?

 

“Müqəvva” otuz beş nəfərdən ibarət sinfə yeni gəlmiş, gülüşünə və fərqliliyinə görə “müqəvva” ləqəbinə layiq görülmüş, dostuna hər an kömək etməyə hazır olan, cəsarətli, səmimi və qorxmaz Lena Bessolçevadır. Sinif və parta yoldaşı Dima Somovu təqsirini öz üzərinə götürəcək və otuz beş nəfərə qarşı mübarizə aparacaq qədər cəsarətlidir. O qəsəbənin ən məşhur sakini, xanımının hədiyyəsidir deyə əynindən çıxartmadığı paltosunun yamaqlarına görə “Yamaqlı” ləqəbi almış Nikolay Nikolayeviçin nəvəsidir. Bu kitabı sevməyimə əsas səbəb də məhz Nikolay Nikolayeviçdir. O, evinə o qədər bağlıdır ki, yaralı olanda belə ev haqqında düşündüyü üçün yaxşılaşırdı. Xəstəliyini, ağrılarını, qocalığını doğulub-böyüdüyü evində tamamilə unutdu. Divarları əhatə edən rəsmlərini evin sakinləri adlandıran Nikolay sevilməyə, hörmətə layiq obrazdır. Düşünürəm ki, “Müqəvva” Nikolay Nikolayeviçsiz solğun və rəngsiz qalardı. O, bu əsərin, bəlkə də, ən təsirli, kövrək, həssas və qərarlı obrazıdır. Lenkanın xarakterindəki cəsarət, qorxmazlıq, əzmkarlıq da məhz babasından ona miras qalıb. Babanın nəvəsinə olan sevgisi evinə və rəsmlərinə olan sevgisindən üstün oldu…

 

Tərbiyəvi əhəmiyyəti

“Müqəvva” povesti nəşr edildikdən bir qədər sonra kütləvi tənqidlərə səbəb olur. Bir çoxu Vladimir Jeleznikovun Rus-Sovet birliyinə qarşı olduğunu, ənənəvi təhsil və tərbiyə sistemini tənqid etdiyini hədəf göstərirdi. Lakin tənqidçilər qədər əsəri sevənlər də peyda olur. Nəticədə qısa zamanda “Müqəvva” dünyanın müxtəlif dillərinə tərcümə edilir, sevilir. Əsər Rusiya sərhədləri daxilində müxtəlif nəşriyyatlar tərəfindən günümüzədək nəşr edilməyə davam edir.

Əsərin uşaq tərbiyəsində əvəzsiz rolu var. Vladimir Jeleznikov hesab edirdi ki, illər keçsə də, nəsillər dəyişsə də uşaqlar elə eyni uşaqdırlar, dəyişən məhz böyüklərdir. Bu məqamda Bissarion Belinskinin uşaq tərbiyəsi haqqında dediklərini xatırlayaq: “Tərbiyə uşaqların yaş özəlliklərini nəzərə almalı, onların fiziki və mənəvi imkanlarını inkişaf etdirməli, əxlaqi, vətənpərvərlik hislərini formalaşdırmalıdır…Tərbiyə – çox böyük işdir; insanın taleyi onunla həll olunur. Tərbiyənin insanın taleyinə, onun dövlətə, yaxınlarına və doğmalarına, özünə münasibətinə mühüm dərəcədə təsiri olduğu haqda çox danışılır. Uşaqlarda hələ erkən yaşlarından insaniliyin ən ilk elementlərindən olan zərifliyi, gözəlliyi duyma hissi inkişaf etdirilməlidir… Onlarda həmçinin gözəl, möhtəşəm olan hər şeyin mənbəyi sayılan estetik hissi inkişaf etdirin, ona görə ki, estetik hisdən məhrum olan adam heyvanlıq dərəcəsində dayanır. Uşaqlar üçün kitablar yüksək bədiilik, estetik, əxlaqi tərbiyə qaynağı olmalıdır”.

Vladimir Jeleznikov harda olursa-olsun, uşaqları müşahidə və onların baş verən hadisələrə qarşı göstərdiyi reaksiyaları təhlil edirdi. Onlar üçün ömrünün son günlərinədək yazıb-yaratmağa davam etmişdi, lakin hər zaman “Müqəvva” povestini yaradıcılığının şah əsəri hesab edirdi. Vladimir Jeleznikov 2015-ci il dekabrın 3-ü, 90-illik yubileyindən 38 gün sonra vəfat etsə də, əsərləri ilə, onların əsasında çəkilmiş filmlərlə hələ də sevilir, yad edilir. Axı yazıçılar qələmə aldıqları sevilən obrazları sayəsində ölməzliyə qovuşurlar.

Bu yazını məşhur uşaq şairəsi Aqniya Bartonun fikirləri ilə tamamlamaq istəyirəm: “Uşaq yazıçısının güclü müasirlik hissinə malik olması vacibdir. Axı o, gələcəyin adamının xarakterini formalaşdırmaq üçün yazır. Yazıçılar uşaqlarla insanlar, onların arasındakı qarşılıqlı münasibətlər haqqında, mərdlik, dürüstlük tərbiyəsi haqqında poetik və sadə dildə danışdıqda, onların kitabları uşaqların qəlbində dərin iz buraxmış olur…”

 

 

Bölmə : Manşet