“Rəssam bu gün üçün çəkmir. O bu günü gələcəyə ötürür”

219 Baxış

Без названия

Senet.az oxucularına “Ustad” jurnalının “Ustad rəssamlıq” rubrikasından Səma Fuadqızının memar Eldar Orucovla müsahibəsini təqdim edir.

– Eldar müəllim, virtual qalereyanız haqqında məlumat alaq.

– Moskva Memarlıq İnstitutunun memarlıq ixtisasını bitirmişəm. Bərpaçı memaram. 30 il Moskvada yaşamışam və burda 30-a qədər muzeyi bərpa etmişəm. Həm xaricdə, həm də Azərbaycanda bir neçə layihənin sərgisini təşkil etmişəm. Rəssam kimi də fəaliyyət göstərirəm, lakin özümü rəssam saymıram. Təxminən 2 il bundan əvvəl Moskvada Qlinka adına Musiqi Muzeyində olanda (həmin muzeydə, həmçinin bizim milli musiqi alətlərimiz saxlanılır: tar, kamança və s.) Azərbaycan rəssamları haqqında məlumat axtarmaq qərarına gəldim. Lakin internetdə Azərbaycan rəssamları barəsində heç bir məlumat görmədim və qərara gəldim ki, Facebookda “Art of Azerbaijan”  adlı səhifə yaradım. Bu səhifə təxminən yarım il fəaliyyət göstərdi. Rəssamlarımızın əsərlərindən və ya onların haqqında məlumat  tapanda  o səhifədə yerləşdirirdim. Düzdür, mənim səhifəmə qədər sosial şəbəkədə incəsənətlə bağlı digər səhifələr var idi. Lakin sırf Azərbaycan rəssamlarının həyat və yaradıcılığının əks olunduğu səhifə yox idi. Sosial şəbəkə vasitəsiylə 20-30 nəfərə yaxın xarici ölkələrdən olan rəssamlarla əlaqə yaratdım, onların təcrübələrini öyrəndim. Bu səhifə müsbət reaksiya ilə qarşılandı. Əvvəlcə bu səhifədə həm həvəskar, həm də peşəkar rəssamlarımızın əsərlərini yerləşdirmişdim. Bu sonra rəssamlar arasında mübahisəyə səbəb oldu. Onlar dedilər ki, həvəskar rəssamları bizdən ayırın. Buna görə də “SARICA – Azərbaycanın İncəsənət tarixi” adlı səhifə yaradıb peşəkar rəssamların əsərlərini ora topladım. Səhifədə 500-dən çox rəssamın rəsm əsərləri var. Burda elə rəssam var onun 150, eləsi var 300, hətta eləsi də var 2 əsəri yerləşdirilib. Demək olar ki, bir çox sosial şəbəkələrdə SARICA virtual qalereyasının hesabı var. Bu yaxınlarda Pinterest sosial şəbəkəsində də virtual qalereyanın albomunu yaratdım və təxminən 300-dən çox rəssamımızın albomlarını yerləşdirdim. Moskvadan bir dostum təklif etdi ki, “Azərbaycan İncəsənəti XX-XXI əsr” adlı virtual kataloq hazırlayaq. Səfəvilər dövründən başladıq və XXI əsrə qədər olan rəssamlarımızın əsərlərini, Türkiyə və Azərbaycanın ortaq mədəniyyətinə aid olan əsərləri burda topladıq. Daha sonra “SARICA Virtual Galery 2”  adı ilə Facebookda digər bir qrup yaratdım və orada Türkiyə, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Tatarıstan, Yakutiya və digər türk elatlarından olan rəssamların eləcə də Rusiya və ukraynalı rəssamların əsərlərindən ibarət albomlar yaratdım.

– Virtual qalereyanıza insanların marağı varmı?

– Ötən il oktyabrın 24-dən 27-nə qədər dünyanın 25 ölkəsində virtual qalereyanın vasitəsi ilə Azərbaycan incəsənəti haqqında xarici univeristetlərdə mühazirələr söylənilib. Azərbaycan incəsənəti dünyanın marağındadır. Yaponiya, Kanada, İngiltərə, Amerika, Fransa, İspaniya, Almaniya, İsveçrə və digər ölkələrin professorları bu virtual qalereyadakı məlumatlardan istifadə edərək, Azərbaycan incəsənəti haqqında mühazirələr söyləyirlər. İsveçrədə yaşayan bir azərbaycanlı bir dəfə mənə yazmışdı ki, çalışdığı kollektivdə olan erməni hər dəfə gəlib danışır ki, bizim filan musiqimiz, rəssamlarımız və s. var. O da bu virtual qalereyanın vasitəsiylə slayd şəklində erməniyə Azərbaycanın necə bir mədəniyyətə sahib olduğunu göstərmişdi və bu virtual qalereyanı yaratdığıma mənə görə təşəkkür etmişdi. Yəni bu virtual qalereya qürbətdə yaşayan soydaşlarımız üçün də informasiya bazasıdır. SARICA virtual qalereyasının formalaşmasında məndən başqa digər əməyi olan insanlar da var. Məsələn, bir neçə nəfər xanım var ki, onlar da araşdırma ilə məşğul olur, rəssamların əsərlərini virtual qalereyaya göndərirlər. Rəssamların özləri də əsərlərinin fotolarını göndərməklə qalereyanın zənginləşməsinə öz töhfələrini verirlər.

– Qalereyanızın maraqlı adı var SARICA. Niyə məhz SARICA?

– Facebookda əvvəlcə “Azərbaycan İncəsənət Tarixi” (Art of Azerbaijan) adlı səhifə yaratmışdım. Adını çəkmək istəmədiyim  bir nəfər  səhifəni Facebookda  şikayət etdi. Azərbaycanın adından istifadə edib səhifə yaratmağım həmin insanda narazılıq yaratmışdı və beləcə, Facebookdan da mənə məktub gəldi ki, yaratdığınız qalereyanın adını dəyişin. Səhifəyə yeni ad qoymaq barədə çox fikirləşdim. El-obada atama sarı İsmayıl deyirlər, çünki sarıyanız adamdır. Mən də bu qalereyanın adını SARICA qoydum.

– Virtual qalereyanızın saytı varmı?

– Qalereyanın  saytını yaratmışdım.  2 ay saytın pulunu ödədim. Sonra gördüm ki, reklamın getməyinə baxmayaraq, heç sayta baxan yoxdur. İnsanlar bu gün  daha çox Facebook, Twitter, Instagram və  digər sosial şəbəkələrdən istifadə edirlər. Ona görə demək olar ki, əksər sosial şəbəkələrdə virtual qalereyanın səhifəsi var.

– Bəs sənət əsərləri virtualda paylaşılanda düşünmürsünüz ki, virtuallıq canlı əsərin effektini itirir?

– Rəsm əsərinə telefonda və kompüter monitorunda baxmaq ayrı-ayrı effekt yaradır. Bəzən sərgiyə gedəndə rəssamın əsərinə diqqətlə baxmaq imkanın olmur. Amma böyük monitorda  o əsərə istədiyin qədər baxa bilirsən.

– Qalereyanız xarici ölkələrdə də tanınır. Virtual qalereyanızın vasitəsiylə xaricilər heç bizim rəssamlarımızın işlərini alırlarmı?

– Ümumiyyətlə rəsm almaq məsələsi dünyanın hər yerində çətin məsələdir. İnsanların gəlirləri əvvəlki kimi deyil. Avropanın özü böhran yaşayır. Rəssamlar və onların rəsmləri təbliğ edilməlidir. Rəsm əsərlərinin satışı üçün sosial şəbəkədə bir səhifə yaratmışam və orda təxminən 25-ə yaxın əsərin – Sahib Quliyev, Əmrulla İsrafilov, İsa Məmmədov, Türkiyədə yaşayan İlham Ənvəroğlunun və bir neçə rəssamımızın əsərlərini yerləşdirmişəm. Bu əsərlərin reklam olunması üçün 500 dollara qədər pul xərcləmişəm və bir gün ərzində 139000 min insan o əsərləri görüb. Digər rəssamlarımıza bu səhifəylə bağlı müraciət edəndə sağ olsunlar ki, bir neçəsi öz alıcılarını həmin səhifəyə yönəltdilər. Bəziləri isə buna laqeyd yanaşdı. Həm də rəsm əsərlərin alınıb satılması üçün bir məkan olmalıdır ki, o əsərlər ora toplansın və sifariş olanda alıcıya göndərilə bilsin. Bütün bunların formalaşması üçün bəlkə də zaman lazımdır. Bilmək olmaz, bəlkə yarım ildən sonra virtual qalereyanın fəaliyyəti öz bəhrəsini verdi. Hətta mənə rusiyalı rəssamlar da yazır ki, onların da əsərlərini həmin qalereyada yerləşdirim, paylaşım. Virtual qalereyada paylaşılanları gündə 10-15 min adam görür. 60-70-ə yaxın insan isə burda paylaşılanları öz səhifələrində dərc edirlər. Gündə ən azı 20 nəfər mənə dostluq göndərir. Pinterest sosial şəbəkəsində isə virtual qalereyanın albomlarına bir gündə təxminən 160 nəfər baxır. Mən belə hesab edirəm ki, bu sosial şəbəkədə (Pinterest) ən çox paylaşılan Azərbaycan rəssamlarıdır. Bu görülən işlər bu gün nəticə verməyə bilər. Amma gələcəkdə onlar öz bəhrəsini verəcək.

– Bəs, sizcə rəssamlarımızın fəaliyyəti mətbuatda, televiziyada kifayət qədər işıqlandırılırmı?

– Ümumiyyətlə incəsənət adamları danışmağı o qədər də sevmirlər. Bəzən görürsən jurnalist bir rəssam haqqında yazır və rəssamın çox danışmamasından şikayətlənir. Əslində isə gərək rəssamların yaradıcılıq prosesi ilə yaxından tanış olasan, onların emalatxanasına gedəsən. Məsələn, elə rəssam var ki, onun emalatxanasına 7 dəfə getmişəm, 6 saat onunla söhbət etmişəm və o başlayıb öz dünyagörüşü, incəsənət sahəsindəki problemlərdən danışmağa. Bəzi rəssamlarımız var ki, gözəl rəsm əsərləri var amma onlar istəmir ki, kimsə onları tanısın. Düşünürlər ki, onların əsərini kimsə görsə plagiat edəcək. Amma elə rəssamlarımız da var ki, məsələn 5 əsəri olsa belə qalereyalara öz əsərlərini verir, sərgilərdə, festivallarda iştirak edir. Bəziləri deyir ki, dünya səviyyəsinə çıxarılacaq rəssamımız yoxdur. Bunu demək doğru deyil. Sadəcə o rəssamlarımızın o formatda işlənmiş əsərləri yoxdur. Məsələn, Mircavad Mircavadovun bir əsəri mənim gözümün qabağında böyük məbləğə satılıb. 1988-1989-cu illər üçün 150-350 min dollar böyük pul idi. Mircavadın “Eşşəyin toyu” adlı əsəri bu qiymətə satılmışdı. Qeyd edim ki, o əsərin bir neçə variantı var.

– Özlərini tanıtmaq istəməyən rəssamlar gənclərdir, yoxsa yaşlılar?

– Həm gənclər, həm də yaşlılar arasında belələri var. Amma bəzi rəssamlar məndən inciyir ki, filankəsin işlərini 10 dəfə paylaşırsan, amma mənimkini 2 dəfə. Burda da müəyyən rəqabət yaranır. Amma o sözü deyənlər də mənə yeni əsərlərini göndərmirlər. Bəzi rəssamlar öz yaradıcılıqlarına laqeyddirlər. Amma bunu birmənalı qınamaq da olmur. Çünki onlar öz çörəyinin dalıyca qaçırlar. Sosial şəbəkədə əsərlərinin olub olmaması onlara maraqlı deyil.

 SARICA virtual qalereyasının məqsədi çox böyükdür. Azərbaycan incəsənətini irəli aparmaq lazımdır. Kimsə bu missiyanı öz üzərinə götürməlidir, yoxsa bu sahə irəliləməyəcək. Mən bu işi təmənnasız edirəm. Bir rəssamın məni görəndə təşəkkür etməsi mənim üçün ən böyük qiymətdir. O gün bir rəssam məni görüb deyir ki, “Eldar müəllim, etdiyiniz bu işlərə görə bilmirəm sizə necə minnətdar olum”. Hətta mənə təşəkkür əlaməti olaraq öz əsərlərini hədiyyə edən rəssamlarımız da var. Artıq məndə 5-6 rəssamın əsərləri var. Bu mənim üçün böyük xoşbəxtlikdir. Əsərin böyük və ya kiçik olmasının fərqi yoxdur. Əsas olan diqqətdir. İnternetdə hansısa bir  rəssamımızı axtaranda onun adı ilə yanaşı mənim yaratdığım virtual qalereyanın da adı çıxırsa deməli, Azərbaycan incəsənətinin dünyada tanınmasında müəyyən qədər mənim də rolum var. Bu sevindirici haldır. Bir dəfə Amerikada yaşayan bir cənubi azərbaycanlı mənə məktubunda yazmışdı ki, “Bilməzdim ki, Azərbaycanın belə gözəl rəssamları var”. Qazaxıstandan da məktub gəlmişdi və məni Qazaxıstana dəvət etmək istəyirdilər. Yuxarıda qeyd etdiyim kimi türkdilli dövlətlərin də rəssamlarının əsərlərini qalereyada paylaşıram və Qazaxıstandan bunu görmüşdülər və məni ora dəvət etmək istəyirdilər. İstərdim ki, qalereyada albomları olan rəssamların özləri sosial şəbəkədə öz səhifələrində əsərlərini paylaşsınlar. Hətta bunu də etmirlər. Hərdən o albomları özüm onların səhifələrində yerləşdirirəm. Yəni bu dərəcədə öz yaradıcılıqlarına laqeyd olanlar var. Bəzən belə laqeydlik göstərənlərin albomlarını qalereyadan çıxarıram. Bəzi dünyasını dəyişmiş rəssamların övladları da valideynlərinin yaradıcılıqlarına laqeyd olur. Onların çoxuna məktub yazıram ki, valideynlərinin kataloqlarını, rəsm əsərlərinin surətini mənə göndərsinlər. Ona da laqeylik göstərirlər. Hər yaradıcı insan müəyyən dərəcədə bu xalqın həyatında rol oynayır. Yaradıcı insanlar xalqın sabaha informasiya daşıyıcılarıdır. Onların yaratdığı informasiya paylaşılmalıdır. Xudu Məmmədov bununla bağlı belə bir fikir söyləmişdi: “Rəssam, heykəltəraş əsərini gizlədirsə, o bu xalqın düşmənidir”. Çünki rəssam bu gün üçün çəkmir. O bu günü gələcəyə ötürür.

Mənbə: “Ustad” jurnalının 12-ci sayı.