NİKBİNLİK
Yolmayın,
çobanyastığının günahsız ləçəklərini,
Yormayın, eyni suallarla onu:
– Sevir, sevmir…
Cavabını bildiyiniz sualları
başqasından soruşmayın.
Çiçəklər uşaqlar kimidir,
yalan danışa bilməzlər…
Göndərməyin parabüzənləri
sevdiyinizin arxasınca,
düşünün.
Bəlkə də,
barmağınızın ucundakı böcək
elə sizi aparmaq üçün gəlmiş…
METAMORFOZ
Dayanar yol kənarında
hər gün bir uşaq.
Hər gün bir uşaq
dayanar yol kənarında.
Çəkər yolların tozunu kirpiklərinə,
soruşar atasını hamıdan.
Bilməyənlər “görmədim” deyər,
Bilənlər başını tumarlayıb keçər…
Atasının ayaqqabısını
geyinib qaçan uşaq
maşınları da ötüb keçəcəyini düşünər…
Bağlaya bilmədiyi ayaqqabının ipləri
dolaşar ayaqlarına –
yıxılar üzü üstə,
yıxılar atasızlığa.
Hərif hər gün ataya məktub yazar
hərfsiz bir əlifbada.
Tanrıdan, bir də mələklərdən başqa
kimsə bilməz bu əlifbanı.
Tək qalınca,
çəkilib bir küncə
göndərər bütün parabüzənləri
atasının dalınca:
“Uç, uç, qarı nənə, mənə atamı gətir”.
Bir daşın üstünə çıxıb
əllərini yuxarıya uzadan uşaq
Allaha toxunacağını düşünər.
Qalxar hündürə, laaap hündürə –
barmaqlarının ucuna!
Amma yenə toxuna bilməz,
çatmaz əlləri Ona…
Bir gün hürkər,
görəndə çiynindən çıxan
ağappaq, ağappaq lələkləri…
“Ata! Ata!”, – qışqırar.
Qışqırar pərən salar çiynindəki mələkləri.
Atar özünü lələklərinin ucundakı həsrətdən,
nə ölüsünü görən olar, nə dirisini:
yer üzündə bir uşaq azalar,
göy üzündə bir mələk çoxalar…
AMERİKA
Hər qadın bədəni
kişi üçün yeni bir qitə…
kəşf edilir
aza-aza, keçə-keçə,
üzə-üzə, öpə-öpə.
Bütün kişilər Kolumbdu bəlkə?
Sevgi inanmaqdı
ömrün sonuna qədər.
Ömrün sonuna qədər,
Amerikanı Hindistan bilməkdi.
BİRCƏ HƏRF
Bu qədər sevgilərin içində
kiminsə sevgisi itkin düşüb, elə bil.
Bu qədər səsin içində
hansısa doğma bir səs yox,
Bu qədər adamın arasında kimsə çatmır.
Əslində,
bu qədər sevgilər, səslər, adamlar artıqdı.
İndi bizə lazım olan sevginin, səsin, adamın sonuncu parçasıdı.
Və xoşbəxtliyə bircə hərf çatmır – o…
UŞAQLAR
Uşaqlar,
bilməzsiniz olmadığınız evin səssizliyini…
Siz olmayan evlərin
sükutunun dərinliyindən
heç Məlikməmməd də çıxa bilməz.
Bilməzsiniz
sizə həsrət qalanların
evdə pişik saxlamasının ağrısını.
Qonşuda bir qadın var
dibçəkdəki güllərinə
qızım deyir, pişiyinə oğlum…
………………………………………..
Uşaqlar,
siz olmayan evlərdə
televizorda heç vaxt
cizgi filmi göstərmirlər.
O evlərin nağılında
kişi qadından utanır,
qadın da kişidən.
O evlərin nağılında
bir-birini sevmirlər,
bir-birlərinə öyrəşirlər.
O evlərin nağılında
nə işıq gələn tərəf var,
nə də it hürən…
O evlərin nağılında
ancaq kişi dodaqlarının işğalı altında
qalır bir qadının döşləri…
Gözlərindən süd axır,
bəlkə də, hər ağlayanda,
kim bilir…
Uşaqlar,
siz olmasanız,
kişilər ata olmaz,
qadınlar ana…