Şəkili şairlər xan sarayında

554 Baxış

hüseyn xan müştaq Vaqif Aslan

Hüseyn xan Müştaq

(Əsərdən bir parça)

 IV səhnə

                             

 

(Şəkili Nəbi, Şair Süleyman, Şəkili Raci, Ağcayazılı Hacı Məhəmməd Çələbi Əfəndi Zari Hüseyn xan Müştaqın görüşünə gəlmişlər. Həyətdə var-gəl edərək xanın həyətə düşməsini gözləyirlər. Xan gülümsər bir sifətlə onların qabağına çıxır. Çox səmimi görüşürlər. Onlar sarayın qabağındakı çinarların kölgəsində salınmış xalça üzərindəki döşəklərdə əyləşib, mütəkkələrə dirsəklənirlər. Xan birbaşa mətləbə keçir.)

Hüseyn xan Müştaq: Hər deyəndə belə görüş olmur. Çox vaxt qəlb adamları qəlbsizlərin hərzəçənəliyindən əzab çəkirlər. Nə yaxşı ki, gəlmisiniz. Dünənlərin acısını bu gün bir qədər ovudarıq. Mən özüm bu gün səhər mehinə belə bir söz  demişdim:

Badi- səba, apar mənim peyğamım,

Başın üçün ol dildara xəbər ver.

Yalvar, yapış, ağla, sızla, yavınçı,

Ərzi-halım sitəmkara xəbər ver.

Çeşmim döndü neysan kimi yağına,

Rəhmin gəlsin sinəm üstə dağına.

Yetcəyin öp əlin, düş ayağına,

Dön başına, vara-vara xəbər ver.

Çərxi-fələk xub durubdur qəsdimə,

Ya ilahi, dəstin yetir dəstimə.

Qəm ləşkəri hücum etdi üstümə,

Alişana, o sərdara xəbər ver.

Dərdü qəm əlindən çəkirəm aman,

Yetiş imdadıma, ya Sahib-zaman!

İqbalım sərnigun, bəxtimdir yaman,

Məni mundaq, günü qara, xəbər ver.

Müştaqiyəm, ömrüm yetdi talana.

Qarqamışam məni dərdə salana.

İllər ayrısına, həsrət qalana,

Gözü yolda, intizara xəbər ver.

Şəkili Nəbi: Möhtərəm xan, bu səhər mənim adıma qardaşımız Kəlbirli Rafeidən bir məktub gəlmişdir. Çox şey tapşırdığımıza görə Qarabağda və Gülüstanda hələ bir xeyli vaxt qalmalı olacaqdır. O isə indidən darıxmağa başlamış və tıfqı sizin kimi üzünü badi-səbaya tutub belə yazmışdır: (Məktubu qoltuq cibindən çıxarıb oxumağa başlayır)

 

Sən necə həmdəmsən, ey badi-səba1.,

Nə müddətdir xəbərin yox halimdən.

Nuh kimi qərq oldum qəm girdabına,

Dərdməndəm, nolur tutsan əlimdən?

 

Məndə xəyal vüsalına yetməkdir.

Sənin meylin qeyri həmdəm tutmaqdır.

Mən bülbüləm, işim fəğan etməkdir,

Gəl yanıma, qaçma dərdi-dilimdən.

 

Yusifi Misirdə zindan öldürdü.

Züleyxanı dərdi-pünhan öldürdü.

Rafeini dərdi- hicran öldürdü.

Özün yetir, qurtargilən ölümdən. 

 

Hüseyn xan Müştaq: Adam bir gözəlin işığına davam gətirmir. Rafei isə Şəki və Qarabağ kimi İki gözəlin çarpaz düşən işıqlarının kəsişdiyi yerdə qalmışdır. Bunlar – keçiləsi gözəllər deyillər. Sinəmizi açıb özümüzü nə qədər küləyə versək də, ürəyimizin yanğısı sönmür ki, sönmür.

Şəkili Raci: (Sanki əlinə fürsət düşübmüş kimi) Ey möhtərəm xanımız, bu ürək yandıranlar adamda iynənin ucu qədər ürək soyudası yer qoymurlar. Mən–Şahpalıdlı Molla Yusif Raci ayda bir dəfə Şəkiyə gəlirəm, onda da gələsim gəlmir.

Hüseyn xan Müştaq: Raci, belə dərdi şeirlə deyərlər.

Şəkili Raci: (Kövrələ-kövrələ)

Gecə -gündüz intizarın çəkərəm2.,

Aman Allah, yar əyləndi, gəlmədi.

Həsrətindən əlif qəddim bükərəm,

Aman Allah, yar əyləndi, gəlmədi!

 

Gəlləm dedi, vədə eylədi, getdi.

Sözü xilaf oldu, vədə də ötdü.

Səbəb noldu, bizi munca unutdu,

Aman Allah, yar əyləndi, gəlmədi!

 

Badi-səba dost kuyindən gələndə,

Vergilən bir xəbər mən dərdiməndə.

Bizim ilə iqrar etdi, gedəndə

Aman Allah, yar əyləndi, gəlmədi!

 

Gələn varmı, görüm, yarı gördümü?

Varıb ərz eyləyim ona dərdimi.

Bilməm anda qeyrə könül verdimi?

Aman Allah, yar əyləndi, gəlmədi!

 

Aşkar oldu mənim dərdi-pünhanım,

Evc etdi fələkə ahü əfqanım.

Raciyəm, hicrində üzüldü canım,

Aman Allah, yar əyləndi, gəlmədi!

Ağcayazılı Hacı Məhəmməd Çələbi Əfəndi Zari: (Məclisə qoşulur)Mən səni qınamıram Şahpalıdlı Molla Yusif Raci, pərvanənin günahı oddan qaçmağındadır. Mən də özümü oda salmışam. Günahlarımı da yandırıram, özümü də. Yandıqca  da həzz alıram:

Şəki mahalında, Ağdaş elində3.

Sənin təki gözəl azdı, Bəxtəvər.

Geçə-gündüz peşəm oldu ağlamaq,

Sanasan bahardı, yazdı Bəxtəvər.

 

Ənbər qoqmuş qıvrım-qıvrım mulara,

Sinəsindən oxşatmışam qulara.

Səhər-səhər çimər soyuq sulara,

Elə bil ördəkdi, qazdı Bəxtəvər.

 

Kəklik kimi dal qayadan uçarlar,

Cənnət narı kimi püstan açarlar.

Tanrı qonağıyam, məndən qaçarlar,

Kimlər sizə halım yazdı, Bəxtəvər?

Hüseyn xan Müştaq: Əhsən, Osmanlı sultanları ilə Səfəvi padşahları bir yerə yığışsalar belə bu dərdi əfv edə bilməzlər. O ki, qaldı Şəki xanına,onun da əfvi Allaha qalıb. Çünki onun da bəxtəvəri  zülm etməkdə sənin bəxtəvərindən geri qalmır.

Ağcayazılı Hacı Məhəmməd Çələbi Əfəndi Zari: Allah eləsin, həmişə bəxtəvər etdiyimiz xoşbəxt zülümkarların əllərində olaq. Onlar bizə zülm etdikcə biz onları daha çox sevirik. Amma elə zalımlar da vardır ki, onları əsilsiz və nəsilsiz qudurğanlar adlandırmaq daha doğru olardı. Belələri kiməsə deyil, bütövlükdə öz xalqına, öz xanlığına zülm edirlər. Məqsədləri də kimisə hörmətdən salıb,onun yerini tutmaq olur. Elələri bu uca kürsüyə yaxınlaşdıqca bu uca kürsü xalqın gözündən düşür.

Hüseyn xan Müştaq: (Ciddiləşir) Əfəndi, sözlü adama oxşayırsan…

Ağcayazılı Hacı Məhəmməd Çələbi Əfəndi Zari: Hələ ki, yaz başıdır, payıza çox qalıb. Lakin indidən aləmə səs düşüb ki, vergilər bu ildən ikiqat artırılacaqdır.

Məhsulla ödənilən vergilərə gəldikdə isə sahələrin məhsuldarlığı nəzərə alınmadığı üçün kəndlilər narahatçılıq keçirirlər. Mənim saraya, sizin görüşünüzə gəlməyimdən xəbər tutan  Nemətabadlılar və Mürsəl kənd sakinləri Ağdaş elindən, daha bir Nemətabad sakinləri isə Ərəş mahalından sizə salamlar yetirməyimi xahiş etdilər. Oralardakı darğaların özbaşınalıqlarından sizi xəbərdar etməyimi istədilər. Onlar darğalardan mahal naiblərinə şikayət ediblər. Naiblər isə: -Xandan gələn əmrdir, bizlik iş yoxdur- deyiblər. Mən də onları xatircəm edib, elə onların öz yanında nəzmlə bir məktub inşa etdim. İcazə versəniz, oradan bir-iki sətir oxuyaram.

Hüseyn xan Müştaq: (Maraqla) İcazədir.

Ağcayazılı Hacı Məhəmməd Çələbi Əfəndi Zari:

 Tapdı zülm iki eldə zühur4.,

Xəlqdə var nə rahətü nə sürur.

Nemətabaddır, biri Mürsəl,

Nəql edim sənə halını mücməl.

İki daruğə hər birində yatar,

Zülm edib sanki xalqı oda atar.

Çox çəkiblər bikarü daruğə

Füqərada nə qaldı azuqə.

Hüseyn xan Müştaq: (Əlinin işarəsilə bir kənarda dayanan eşikağasıbaşı Nağı bəyi çağırır. Nağı bəy təzim edərək xana yaxınlaşır) Zarinin nəzmlə yazdığı bu məktubu ağanaib Novruz xana verərsən, məşğul olar və mənə lazım olan məlumatı verər.

Nağı bəy: Baş üstə, möhtərəm xan.(Kənara çəkilir. Şəkili Nəbi xana müraciətlə)

Şəkili Nəbi: Zarinin dediyi hadisələrə bənzər hadisələr ortalarında Bideyiz olmaq şərtilə bizim Küngüdlərdə də baş verməkdədir. Şəxsən mən özüm o kəndlərin darğalarından vergilərin nə səbəbə iki qat artırıldığını soruşdum, mənə də: -Xandan gələn əmrdir- dedilər. O tərəflərin cavabdehliyi Hacı Əbdülqadir xanın, bu tərəflərin cavabdehliyi isə Cəfər ağanın üstündədir. Onlar da ki, sizin əminizdirlər.

Hüseyn xan Müştaq: Ona divanxanada baxarıq. Bu isə şeir məclisidir. İcazə verin, bir anlığa xan olduğumu yadımdan çıxarım. Şair Nəbi, mənə qəlbindəki xandan danış. Mümkünsə, qəzəl olsun.

Şəkili Nəbi:

Bu nə qaş, bu nə göz, qibləm, bu nə şivə, nə iymadır?5.

Qapında məstü heyrandır, xəlqi-aləm xoşnümadır.

 

Bu nə xali-bəlacudur, bu nə qəddi-dilaradır,

Cahan içrə salıbsan bu nə fitnə, bu nə qovğadır?

 

Nəzər qılmazsan əhli-eşqə nazü qəmzən ilə sən,

Səni məğrur edibdir bu gözəllik, türfə dünyadır.

 

Dəhanın şərbəti ilə şəkərdən dəxi şirindir,

Yanağın bərgi-güldən dəxi əla, dəxi zibadır.

 

Gəzən kuyində üryan hər zaman, ey Leyliyi-aləm,

Nəbi biçarədir bu, yoxsa kim, Məcnuni-şeydadır?

Hamı birdən: Min yaşa! Nəfəsin uzun olsun!

Hüseyn xan Müştaq: Biz bir az gəzişək! (Əlinin işarəsilə Nağı bəyi çağırır.) Nağı bəy, tapşır, süfrəni salsınlar. (Nağı bəy təzim edərək çəkilir. Gələnlər ayağa qalxıb gəzişməyə başlayırlar.)

                                (Dördüncü səhnənin sonu)

 Qeydlər:1.Sən necə həmdəmsən, ey badi-səba…  Kəlbirli Rafeinin  bu qoşması F.Köçərlinin  “Azərbatcan ədəbiyyatı” kitabının  I cildinin  258-ci səhifəsindən götürülmüşdür.

2.Gecə -gündüz intizarın çəkərəm.  Şabalıdlı Molla Yusif Racinin bu şeiri S.Mümtazın 1935-ci ildə nəşr edilmiş “El şairləri” kitabının II cildinin  198-cisəhifəsindən götürülmüşdür.

3.Şəki mahalında, Ağdaş elində. Ağcayazılı Hacı Məhəmməd Çələbi Əfəndi Zarinin bu şeiri S.Mümtazın 1935-ci ildə nəşr edilmiş “El şairləri” kitabının II cildinin  409-cusəhifəsindən götürülmüşdür.

4.Tapdı zülm iki eldə zühur… Ağcayazılı (Ağdaşlı)Hacı Məhəmməd Çələbi Əfəndi Zarinin bu şeiri isə  H.Araslının “XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi” kitabının 239-240-cı səhifələrindən götürülmüşdür.

5.Bu nə qaş, bu nə göz, qibləm, bu nə şivə, nə iymadır? Şəkili Nəbinin bu qəzəli Cahangir Gəhrəmanovun tərtib etdiyi “Azərbaycan klassik  ədəbiyyatından seçmələr” antologiyasının III cildinin 433-cü səhifəsindən götürülmüşdür.