Senet.az oxucularına görkəmli özbək şairi Rauf Pərfinin “Sənsiz” şeirini təqdim edir.
Rauf Pərfi Özbəkistan Xalq Şairi (1999), Məhmud Qaşqari adına Beynəlxalq Mükafatı (1989) və Türkiyə Dövlət Ədəbiyyat Mükafatı (1996) sahibi. 1943-cü il 27 sentyabrdə Daşkənd vilayətinin Yəniyol rayonundə anadan olub. “Karvan yolu” (1968), “Əks-səda” (1970), “Təsvir” (1973), “Yaddaşı” (1974), “Gözlər” (1976), “Dönüş” (1981), “Səbir Ağacı” ( 1986), “Sükut” (1991), “Tövbə” (2000) kimi bir qədər kitablari çap olub.
SƏNSİZ
Soyuq. Ətraf dəmir. Əlimi açdım,
Çiynimdən tökdülər isti qurğuşun…
Viranə bir yerdən göylərə qaçdım —
Ucuza aldılar Məcnunun başın.
Ey zalım izdiham, sənə nə gərək?
Anladım, cismimi, ruhumu bağlar.
Mənə bir vəhy gəldi, çırpındı ürək,
Əks-səda verdi müqəddəs dağlar.
Hüzurun zirvəsi. Dünya — xəbərsiz,
Axırı sən gəldin. Xəyala daldın.
Vadinin qoynunda səssiz-səmirsiz,
Asta addımlarla itdin, yox oldun.
Bilməm, hara getdin, harada qaldın,
Necə yaşayaram sənsiz — sevgisiz.
Sahildə tək özüm. Dəniz qaranlıq,
Yelkənsiz gəminin içində şübhəm.
Qorxu fısıltısı, boğazda zəhər.
Ağlım bir fəlakət hiss edir mübhəm.
İyrənc guruldayır solğun asiman,
Acı-acı ötür naməlum bir quş.
Yanımda bu qanlı bulağın səsi,
Qızılgüllər, sənin güllərin bihuş.
Firuzə və zümrüd güllər qırıldı,
Sən düşdün gəmidən. Karnay çaldılar.
Və gözəgörünməz əllər bu zaman,
Məni yerə yıxıb, qandalladılar.
Fəryad içindəyəm, atma gülünü,
Ayırma təklikdən — xoşbəxt qulunu.
Soldurma gülünü, İlahi, yansın,
Yer və göy baxsın göz yummadan bidar.
Zaman — böyük hakim. Ruhun oyansın,
Əsrlik ümidim — sən.Sən varsan.”Sən”— var.
Ravi nəyə lazım? Haqq və həqiqət!
Əsirlik zənciri parçalayıb at.
Vücudunu yaxsın ələmli fikrət,
Əyan həqiqətə, haqq yola başla.
Fürsət ötməkdədir. Zaman biaman,
Əmanət dünyada əmanət adam —
Vicdan şivəsi var, mehrabı iman —
Dəvət edir əsl insanı bu dəm.
Səmaya sancılıb qalan sözüm var,
Alovlar, çəmənlər içrə özüm var.
Tərcüman: Rəhmət Babacan