Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları Zəfər tariximizi öz qanı ilə yazan, Vətənini canından daha çox sevən, Murovdağ zirvəsində şəhidlik zirvəsinə ucalan Yaqub Yaqubzadənin məzarını ziyarət ediblər.
Senet.az xəbər verir ki, kitabxana əməkdaşları şəhidin ailə üzvləri və yaxınları ilə birgə onun ruhuna dualar oxuyub, məzarı üzərinə çiçəklər düzüblər.
Qeyd edək ki, Yaqub Yaqubzadə 1999-cu il aprelin 22-də Bərdə rayonunun Alaçadırlı kəndində anadan olub. 2016-2020-ci illərdə Tbilisi şəhərində Gürcüstan-Avropa Universitetində “Kompüter mühəndisliyi” üzrə ali təhsil alıb. 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Yaqub Yaqubzadə oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Xəzər rayonunun Qala qəsəbəsində dəfn edilib.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Yaqub Yaqubzadə ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.