Səməd Vurğun: “Cəlalı öldürdüyümə görə peşmanam…”

323 Baxış

semedSenet.az ədəbiyyat və sənət dərgisində “Memuar notlar” layihəsi

 

 

 

 

Səməd uşaqlığında hazırcavab, nadinc və zarafatcıl imiş. Bir gün Səməd məktəbdə bir qızla dalaşır. Qız da məktəb müdiri, qoca müəllim Əhmədağa Mustafayevə şikayət edir. Müdir Səmədi danlayanda, o da qıza qoşulub ağlayır. Uşaqların ağladığını görən qoca müəllimin də ürəyi köv­rə­lir, gözləri yaşarır. Səməd gözucu baxır ki, uşaq­lar onlara baxırlar, özünü itirmir:

–Ayə, uşaqlar, biz ağlaşırıq, siz də gülüşün,-deyir.

 

 

***

Bir dəfə məktəbdə şəkil çəkdirirlər. Səmədi də boyu kiçik olduğu üçün qabaq cərgədə oturdurlar. Səmədin ayaqqabısı cırıq olduğu üçün müəllim deyir:

–Səməd, ayağını bir qədər geri çək.

Səməd o saat cavab verir:

–Müəllim, əgər cırıq ayaqqabı ilə şəkil çəkdirmək nöqsandırsa, təzəsini verin.

 

***

Səməd Qazaxda seminariyada oxuduğu vaxt Mustafayevlər familiyalı bir dövlətlinin binasının alt mərtəbəsində qardaşı Mehdixanla birlikdə qalırlarmış. O, binanın üst mərtəbəsində yaşayan ev sahibinin qızı ilə hərdən bir zarafat edirmiş. Bir gün qardaşı Mehdixan onu, aşağıda dayanıb üst mərtəbədəki qızla zarafat edərkən görür, danlayır:

–Səməd, sən nə edirsən, altdan yuxarı az bax, bu zarafatlarla onların bizə olan kömək əlini kəsməkmi istəyirsən.

Səməd qardaşının sözündən tutulur, bir an fikrə gedir, sonra isə dillənir:

–Ay Qara (Səməd, Mehdixana Qara deyərdi), bir vaxt olacaq ki, sənə çox yüksək mərhəmətli görünən bu adamlar da mənim möv­qe­yim qarşısında, mənimtək altdan yuxarı baxmalı olacaqlar. Cücəni payızda sayarlar…

 

***

Firidun bəy Köçərli Qazaxda, darülmüəllimində müdir olarkən Səməd onun ən çox sevdiyi tələbələrindən biri olmuşdur. O, bir dəfə Səməd Vurğunun Füzulini tezliklə mənimsəməsinə heyran qalmışdır:

–Ay Səməd, oğlum, sən bizim darül­müəl­liminin həm Füzulisisən, həm də gələcəkdə məş­hur bir ədib olacaqsan. Bu mənim yəqinimdir.

 

***

1923-cü ilin yayında, bir dəstə gənc fur­qonda Dilicandan Qazağa gəlirdi. Səməd lap qa­baqda oturub, atları qovurdu. Kərəm körpüsü de­yilən yerə çatanda, furqonu iki atlı saxlayır. Onlar­dan biri Səmədə diqqətlə baxandan sonra soruşdu:

–Sən Yusif ağanın oğlusan?

–Bəli.

–Kəndləri gəzib saz çala-çala, komsomolluq edən sənsən?

–Bəli.

–Yaxşı, onda bir hava çal görüm.

–Başqa heç nəyə razı olmazdım. Ancaq saza hörmət olaraq, nə istəsəniz çalaram.

Səməd sazını döşünə sıxıb xeyli çaldı. Atlılar heyran-heyran onu dinlədilər, gözləri yaşar­dı. Sonra işarə etdilər ki, gedin. Səməd atların cilovunu tərpətdi, atlar dördnala götürüldü.

Qazaxda öyrənirlər ki, həmin iki atlı qaçaq dəstəsindən imişlər. Sonralar Səməd zarafatla öz dostlarına deyərmiş:

–Siz mənim sazıma çox borclusunuz. Yoxsa qaçaqlar sizi birtəhər eləmişdilər.

 

***

1923-cü ildə Dilican qəza komsomol komitəsində işlədiyi vaxt Səməd Vurğun, Ağamməd adlı kasıb kəndliyə qonaq olur.

–Əmi, sən də hacısanmı?

–Yox, bacıoğlu, Həcc mənə qismət olmadı.

Səməd, kasıb kişinin yaxşı tanıdığı xəsis,  Hacı Mirzənin adını çəkir:

–Niyə Hacı Mirzə kişiyə qismət oldu, sə­nə yox?!

–Onlar vaxtında tərpəndilər, getdilər ziyarətə. İndi də tavarişlər gəldi. Həccin də yolu bağlandı, ziyarətin də.

Səməd gülə-gülə cavab verir:

– Hacı Mirzə kimi bərk hacı olmaqdansa, sənin kimi kasıb kəndli yaxşıdır.

 

***

1926-cı ildə Səməd Vurğun Şuşaya gəlir. O, burada, Qazax müəllimlər seminariyasında bir yerdə oxumuş dostu Vəli Axundovla rastlaşır. Onlar Cıdır düzünə, Vaqifin qəbri üstünə gəlirlər. Vaqifin ot-gicitkən basmış məqbərəsini görən Səməd çox mütəəssir olur və onu təmizləməyə başlayır:

– Mən onu dirildəcəyəm, – deyir.

Dostu Səmədin bu sözlərinin mənasını ta 1937-ci ilə qədər başa düşmür. Onlar həmin il Bakıda ikinci dəfə görüşdükdə, Səməd öz dostuna Vaqif haqqında dram yazdığını bildirir. Dostu gülür:

– Belə de, 1926-cı ildə dediyin “Mən onu diridəcəyəm” sözlərinin mənası bu imiş.

– Bəli, – Səməd onu təsdiq edir.

 

 

***

 

Səməd Vurğun, 1940-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ədəbiyyat dərnə­yinə rəhbərlik edirdi. Növbəti məşğələlərin bi­rin­də, dərnək üzvləri ilə şair arsında “Komsomol” po­eması haqqında geniş rəy mübadiləsi başladı. Səmədə poemanı nə vaxt qurtaracağı, Cəlal və Hu­mayın taleyi barədə çoxlu suallar verildi. Sə­məd Vurğun söhbətin sonunda dedi:

– Düzdür, Cəlalı da, Humayı da öldürmüşəm, amma peşman olmuşam. Onları dirilt­mək, həm də evləndirmək istəyirəm…

 

***

 

Səməd Vurğun aspiranturada oxuyan vaxt, bir dəfə sinifkom dərsə gecikən aspirantlar sıra­sında onun da adını çəkir. Səməd qəti etiraz edir:

– Gecikmək yarımçıq adamın işidir. Mən gecikmərəm. Mən ya gələrəm, ya da heç gəl­mərəm.

 

***

“Vaqif” dramının bir neçə tamaşasından sonra Səməd Vurğun dostlarından birinə demişdi:

– Öz aramızda qalsın, heç kəs bilməsin. Mən lap uşaqlıqdan özümü Vaqifə borclu bilirdim. Bir poema yazdım, tutmadı. Amma deyəsən, bu “Vaqif” tutdu!

 

***

“Koroğlu” opersının ilk baxışında iştirak edən Səməd Vurğun sevincindən ağlamış, Üzeyir Hacıbəylini öpərək demişdi:

– Xalqın böyük qüdrət və qüvvətini ifadə edən musiqinin həqiqisi yarandı.

 

***

Azərbaycan muğamlarını böyük sənət­kar­lıqla ifa edən məşhur xanəndə Xan Şuşinski ilə şair lap gənc yaşlarından dost imiş. Bir gün küçə ilə gedərkən Səməd ona rast gəlir:

– Xan, səni də tarixə yazdım.

Xan şairin nə dediyini başa düşmür. Belə olduqda, şair ona “Azəbaycan” şeirindən aşağıdakı bəndi söyləyir:

 

Könlüm keçir Qarabağdan,

Gah bu dağdan, gah o dağdan,

Axşamüstü qoy uzaqdan

Havalansın Xanın səsi,

Qarabağın şikəstəsi.

 

***

1939-cu ildə Gəncədə, “Vaqif” pyesinin məşq­lərində şair özü də iştirak edirmiş. Xalq artis­timiz Məmmədrza Şeyxzamanov, o zaman Eldar rolunda oynamağa hazırlaşırmış. Onun El­dar rolunda çıxışına baxan şair artistə yaxınlaşmış, yarı zarafat, yarı ciddi demişdir:

– Məmmədrza, Eldar sənin üçün Gəncə qo­çusu deyil ki, qılınca güc verəsən. O, bizim ellə­rin qəhrəman oğludur. Oturanda dağ kimi, duranda quş kimi. Bax, Eldarı bu ruhda oyna­ma­ğa çalış.

 

***

 

Senet.az